Tanrının unutduğu söz

Tanrının unutduğu söz
28 sentyabr 2012
# 05:00
Yola çıxanda səhərdi. Günəş Xəzərin üstündən təzəcə çırtlayıb Bakını oyandırmağa başlayırdı. Hələ qaş-qabağını tökməmişdi Bakı, hələ küçələri izdihamsız, adamları gülərüzdü.

Bir neçə şairlə Muğana-Dünya Gənc Türk Yazarlar Birliyinin düzənlədiyi Salyan və Cəlilabad ədəbi mühitiylə görüşə yollanırdıq. Əslində adı olduqca rəsmi səslənən tədbirdən daha çox bir gəziydi bu. Paytaxtdan bölgəyə, mürəkkəbdən sadəliyə bir qaçışdı. Çoxdandı görüşmədiyimiz qələm dostlarımızla yol yoldaşı olmaq bəhanəsiydi. Və bütün gözəl görüşlər kimi xoş bir həyəcan qoxuyurdu.

Çox səsli-küylüydük gedərkən, söhbətlərimiz daha duzlu-məzəliydi. Burnumuz daha dikdi, sanki. Özümüzlə gücümüz çatan bir Bakı aparırdıq Muğana.

Geri qayıdanda artıq hava qaralmağa başlamışdı. Günəş son şüalarını yığırdı başımız üstündən. Bir az son baharın ilk gününün təsiri vardı üstümüzdə, bir az dinlədiyimiz müxtəlif ruhlu şeirlərin vahid bir havası vardı başımızda, bir az da Muğan təbiətinin sərxoşluğu. Və bütün ayrılıqlar kimi bu ayrılıq da qüssə qoxuyurdu bir az.

Daha susqunduq dönərkən. Özümüzlə gücümüz çatmayan bir Muğan gətirirdik Bakıya. ”Burnumuz ovulmuşdu”, sanki. Gözəl bir “dərs vermişdi” bizə Muğan. Baxışlarında özləm qarışıq məhəbbət gəzdirən əyalət adamları. Bəlkə daha fədakar, daha təmənnasız qələm dostlarımız.

... Qədim bir rəvayətə görə tanrı dünyanı yaradanda bir sözü unudur. Neçə əsrlərdir dünyanın hər tərəfində müxtəlif adamlar bu sözü axtarmaqla məşğuldur. Başqa-başqa talelərin, zamanın, məkanın ayırdığı bu adamları eyni missiya birləşdirir-Tanrının unutduğu o sözü tapmaq missiyası. Fərqi yoxdur, o sözü kim harada axtarır, paytaxt şəhərində, əyalətdə və ya kiçik bir aulda. Baxış bucağından asılı olmayaraq, həyat hər yerdən eyni cür görünür o insanlara. Və bu adamların bəzən məkan, zaman, tale qadağalarından çıxıb bir yerə toplaşmaq istəyi təbiidi.

Qayıdarkən gecənin ortasında çıraqban bir şəhər qarşılayırdı bizi. Muğanın başgicəlləndirən havasından sonra Bakının başgicəlləndirən işıqlarına uyğunlaşdırırdıq özümüzü. Düşünürdüm ki, həyat özü də bir yoldur. Görüşlərdən ayrılıqlara, ümidlərdən qüssələrə gedən bir yol. Və bizim görəvimiz təkcə bu yolu getmək deyil, həm də onu ifadə etmək, onun rəsmini cizməkdir. Bu rəsm fotoaparatımızdakı şəkillər kimi konkret olmaya da bilər. Amma həmin o dumanlı rəsmlərin hansındansa bir gün, çox güman ki, tanrının unutduğu o söz oxunacaq.
# 1348 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #