Qız uşağı işləməz, ayıbdır!

Qız uşağı işləməz, ayıbdır!
21 sentyabr 2012
# 12:02
Qadın ağlayaraq deyirdi: “Bundan əvvəl də döymüşdü. Qızım bizə gəlmişdi. Gəlib apardı, barışdılar. Yenə döydü. İndi də içib, bıçaqlayıb” və ağlamağa davam edirdi. Belə başa düşdüm ki, qızının həyat yoldaşı sərxoş olub və qızını bıçaqlayaraq öldürüb.

Qadın da indi öz günahına görə ağlayır. Belə güman etmək olar ki, ağlayaraq vicdanını təmizləməyə çalışır. Qızının ailə problemlərindən, döyüldüyündən xəbəri ola-ola heç bir müdaxilə etməyib. Evini dağıtma, ərindir, döyər də, sevər də deyib. Yəqin gözləyib ki, kürəkəni adam olar, bir gün düzələr və qızını döyməz. Boşanmağa da icazə verməyib ki, qonum-qonşu pis baxar. Axı, qadın boşanmaz. Qadın döyülər də, söyülər də, bıçaqlanıb ölər də, amma boşanmaz. “Ağ gəlinliklə gedib, kəfənlə çıxar” cümləsini elə oxuduqları, pardon, eşitdikləri kimi də qəbul ediblər.

Bəli, qadın ər evinə gedər, səsini də çıxarmaz. Doğar, söyüş söyən övladlar böyüdər, evi yığışdırar, uşaqlarına, qayınanasına, ərinə yüksək səviyyədə qulluq göstərər, özünü fəda edər, əri sərxoş evə gələndə bir söz deməz. Bıçaqlanar, söyülər, döyülər, amma səsini çıxarmaz, boşanmaz. Axı, ayıbdır. Yaxşı arvad olardı, boşanmazdı. Yəqin yaxşı arvad olmayıb ki, əri onu boşayıb. Əxlaqsız!

Canı çıxar dözər… Sonra da anası çıxıb ağlayar, deyər ki, “bəs əri bir neçə dəfə döymüşdü, indi də bıçaqlayıb öldürüb. Ərini tapıb həbs etsinlər”. Eh, dərdinə bax. Əri öldürüb də, yad adam öldürməyib ki!

***

Təhsilli, bacarıqlı bir qız var. Ailəsi işləməyə qoymur. “Qız uşağı işləməz!” deyirlər. Qız da evin təmizləyəndə, diplomunun da tozunu təmizləməyi unutmur. Ailənin paltaryuyanı, tozsoranı, qabyuyanı, aşpazı, bazarlıq edənidir. Yeri gələndə qonşuya da kömək edir.

Qız uşağı işləməz, ayıbdır! Diplom almısan, ona da şükür. Ev işlərini bilirsən, bəsdir. Bu gün-sabah qismətin açılar, ərə gedərsən, bu işləri də ər evində davam etdirərsən. Diplomdur da, qalıb. Nə olsun bacarıqlısan? İş elə evdə də var! “Zato” qohum-qonşuya kömək edəndə “Allah səni xoşbəxt eləsin! Sənin toyunda bir oynayacam, özü də ayaqyalın! Uşaqlarının xeyir işinə gələk!” kimi alqışlar toplayırsan. “Zato” səni kiməsə tərifləyəcəklər, işləmək nəyinə lazımdır? Kədərlisən? Eşqə düşmüsən. Dəqiq! Gənclər ancaq eşqə düşəndə kədərli olur, axı. Başqa nə olmalıdır ki?

Sən adam deyilsən, sənin heç bir istəyin, psixoloji durumun, həyatın, maraqlandığın şeylər haqqında heç kim düşünmür. Sən qabyuyan, paltaryuyan, tozsoransan, qohum-qonşunun sağ əlisən. Sənin qismətin işlədilmək, söyülmək, döyülmək, axırda da ərinin təpikləri altında və yaxud bıçaq zərbəsi ilə ölməkdir. Səsini çıxarma, ayıbdır. Etiraz etmək, insan olduğunu demək? Qəti! Qızın səsi bərk çıxmaz. Öləndə də səssiz ölər. Qadında balıq yaddaşı olmalıdır. Əzildiyini 3 saniyə içində unutmalıdır. Öldüyünü də! Yoxsa, camaat nə deyər!
# 1308 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #