Ər arvadı döyən gün

Ər arvadı döyən gün
17 iyul 2012
# 16:41
Çox axmaq bir ifadə var: “Ərlə arvadın torpağı bir yerdən götürülüb”. Bu cümləni ilk dəfə işlədən adam yəqin ki, yaradıcı adam olub, ikinci dəfə işlədən adam isə səfehin biri olub, üstəlik də plagiatlıq edib. Çox axmaq bir cümlədir. Son vaxtlar yeri-gəldi, gəlmədi, bu cümləni işlədirlər. Arvad Adəmin altıncı qabırğasının məhsuludur, ona görə də kişi hara getdi, ona qabırğa olmasa, əl çəkməz.

Qonşuluğumuzda bir arvad mollası vardı, arada bizə gəlib anamla baş-başa verib “gap” edirdilər. O qədər qocalmışdı ki, qolundan tutanda deyirdin, indicə əli qopub düşəcək. Rəhmətlik həmişə cavan gəlinlərə, cüvənəzənlərə deyərdi ki, sözümü sırğa edin, asın qulağınızdan, ərin sözü Allah əmridir, arvad ki, kişinin sözündən çıxdı, elə zənn et ki, Allahın əmrindən çıxıb. Ərinə ağ olan arvaddan arvad olmaz. Ər də gərək arvadını yağ içində böyrək kimi saxlasın, ər gərək arvadı gözündən kənara qoymasın, yoxsa arvad ağlına nə yerləşsə, onu da edər, hara istəsə, gedər, o evdən də ev olmaz.

Anama deyirdim bu arvad görəsən, öz ərinin qulluğunda dediyi kimi dayanıb? Anam gülüb deyirdi ki, hardan? Yazıq kişi evə gəlib heç bu qancığı evdə tapırdı ki? Bütün günü ayağı dükan-bazardan çəkilmirdi.

Gözünə döndüyüm gəlinlər də yalandan başlarını tərpədib qarının sözünü təsdiqləyirdilər, amma axşam ərləri evə qayıdıb yerlərini rahatlamamış, alıcı quş kimi başlarının üstünü kəsdirib o qədər deyinirdilər ki, kişilər də çinədandakı dürlü söyüşləri ağızlarından açıb buraxırdılar: “Atabaatova lənət!” “Səni əkib-doğan belə-belə olsun!” “Ay tünbətünün qızı, qoyacaqsan bir tikə zəhrimarımızı yeyək ya yox?” Arvad da ki, at kimi üzə dirəndi, apar qaytar.

Bu dili qurumuşlar da dillərini dinc saxlamırdılar, ərlərinə cavab qaytarırdılar. Nəticədə də kişi cumurdu arvada, nə yemisən, turşulu aş, arvadı döşək kimi çırpıb tozunu və hovunu alırdı.

Kənddə biz göz açıb belə görmüşük. Məsələn, evə qonaq gələndə ər arvada deyir ki, nə key Balaxanım kimi ağzını ayırıb baxırsan? Süfrə aç, çay qoy. Gəlib evdə anama deyirdim ki, bunlar nə zırrama adamdırlar, qonaq yanında arvadlarını niyə belə alçaldırlar? Arvad bu təhqirlərə niyə dözür? Anam da mənə acıqlanırdı ki, ay bala, bəs neyləməlidir, bəlkə durub ərini döyməlidir? Əridir də. Deyirdim ki, əridir deyə arvadı təhqir eləməlidir? Anam deyirdi ki, ay bala, sən belə işlərə qarışma. Bura kənd yeridir, qızı ərə verəndə deyirlər, ər evindən bir də tabutun çıxmalıdır, nəbadə geri qayıtmaq xəyalına düşəsən!

Bizim kənddə arvad ölsə də ata evinə qayıda bilməzdi, bu, onun üçün ölümə bərabər idi. Kənd yerlərində elə indinin özündə də ailələrdə patriarxal qanunlar hökm sürməkdədir. Elə ailə var ki, mentalitet sözünün mənasını bilmir, arvadlar ərləri onları heç olmasa, həftədə bir dəfə eşşək sudan gəlincə çırpmasa, özlərini pis hiss edirlər. Ər arvadı döyən günü arvad ölmüş bunu öyünə-öyünə məhəllə arvadlarına danışmasa, gecə gözünə yuxu getməz.

Şəhərə köçəndə elə bilirdim daha belə kədərli hadisələrin şahidi olmaram. Sən demə, döyülmək istəyən arvad şəhərdə itətökdü. Evdə hərdən zarafata salıb deyirdim ki, arvadı başlı-başına buraxsan, sonra ipini yığmaq çətin olur. Xanımım deyirdi ki, bəs yazılarında nə basıb-bağlayırsan?

Bu yaxınların söhbətidir. Qonşuluğumuzda bir ailə yaşayır. Ər də, arvad da ziyalı adamdırlar, iki oğulları var, biri nişanlıdır, birini isə yenicə evləndiriblər. Kişi möhkəm yeyib-içəndir, haçan ki, evə içkili gəldi, evdə Əli qırğını düşür. Söyüş də ki, su qiymətinə. Bir-iki ay bundan qabaq bu kişi pal-paltarlarını yığışdırıb evdən getdi, gedəndə də arvadına nümayişkəranə şəkildə qayıtdı ki, səni boşayıram, neynirəm səni, bozbaş iyi verirsən? “Bozbaş iyi verən” arvad orta məktəblərdən birində dərs deyir. Nə başınızı ağrıdım, kişi köçünü çəkib getdi. O günə qədər ərindən icazəsiz bir addım atmayan arvadın ayağı açıldı. Bir gün bacısıgildə, bir gün oğlugildə, bir gün o qonşuda, bir gün bu qonşuda gün keçirən arvad bəzən heç gecə də evə gəlmirdi. Xanımıma deyirdim ki, sən ölənlərinin goru, bunu rədd elə, hər gün gəlib eyni söhbətləri gəvələyir, baş-beynimiz xarab olur.

Neçə gündür sakitlikdir. Bu yazını yazarkən çayımı təzələyən xanımımdan soruşuram ki, qonşu qadın görünmür, nə məsələdir? Deyir bəs xəbərin yoxdur? Əri qayıdıb.

Vaxtilə anamın yanına gəlib-gedən qarının dedikləri yadıma düşdü.

Kişilər, məni yanlış anlamayın. Elə bilməyin ki, mən sizə arvadı döyməyi tövsiyyə edirəm. Tövbə!
# 1402 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #