Xiyar məsələsi

Xiyar məsələsi
6 iyul 2011
# 14:00
Xiyar mətbəximizin ən populyar tərəvəzlərindən biri olduğu kimi, “xiyar” ismi də məişətimizin ən öndəgedən ayama və xitablarından biridir, yəni məişət jarqonlarımızın ən məhşurudur. Vaxtilə Amerikada hinduların aşağılamaq mənasında ağdərililərə dediyi “Fey” sözü kimi bir şeydi.

Uzunçuluq eləməyək, keçək konkret misallara. Məsələn, hərdən hansısa rayona adamın yolu düşür, sözsüz ki, bütün ölkələr aeroport və vağzallarından başladığı kimi, bütün kiçik şəhərlər də ilk taksi dayanacağından başlayır. Minirsən ilk taksiyə və maraqlanırsan ki, rayonun icra nümayəndəsi necə adamdı, xalqı başa düşürmü?

İcra nümayəndəsinin yaxşı və pis olmasından asılı olmayaraq, mütləq belə bir cavab eşidirsən: “Əşi, nə bilim, deyirlər, xiyarın biridir”.

Yaxud əsgərlik yaşın çatır, Biləcəri qəsəbəsində hamını isti vaqonlara doldurub hərbi hissələrə aparırlar. Gələnlər gedənlərdən soruşur: “Cənab polkovnik necə adamdı?” Cavab çox sadədir: “Ehtiyatlı olun, xiyarın biridir”. Allah göstərməsin, hərdən ölü yerinə getməli olursan, “Yasin”dən, “Fatihə”dən sonra mərhumun hansısa qohumuna dil-ağız eləmək lazımdır. Soruşursan ki, rəhmətlik necə adam idi? Əgər çənənin altına düşən qohum özündən dühadırsa, o dəqiqə başlayacaq mərhumu, müğənni Ruhəngiz Allahverdiyeva kimi, yalandan tərifləməyə: “ondan bir də olmayacaq”, yox, itoynadandırsa, qısa bir cavab eşidəcəksən: “Allah rəhmət eləsin, xiyarın biriydi”.

Uşağı birinci sinfə yola salırsan; günortanın istisində bütün qohum-əqraba oturub ayran içə-içə yol gözləyir ki, indicə balamız məktəbdən gəlib hamımızı sevindirəcək. Balamız da elə ilk gün bütün sinif yoldaşları ilə süpürləşib təzə əynini Qoqolun “Şinel”inə çevirərək evə qayıdır. Soruşuruq: “Müğdət bala, müəlliminiz, yaxud müəlliməniz necə idi?” Cavabı yazmağa daha ehtiyac görmürəm. Yenə uşaq yuxarıda haqqında bəhs etdiyimiz tərəvəzin adını çəkəcək.

Qardaş türk xalqında bu tərəvəzin adı necə pis assosasiya doğurursa, fikirləşib ona uzun bir ad tapıblar “salatalık”.

Hətta biz şair, yazıçı tayfası da öz aramızda – yazıda müdrik-müdrik danışmağımıza baxmayın - ən istedadlı olanlarımız haqqında belə deyirik: “Əclaf xiyarın yekəsidir!” Hətta o gün bir dostumuzla Puşkindən danışırdıq. Dostum Puşkinin “Şair” şerini əzbər dedi, gözləri doldu və salfetka ilə gözünün müzüyünü siləndən sonra qayıtdı ki “Xiyar yazıb da...”

Adını burda çəkmək istəmədiyim bir gənc şairimiz var, qaçdıqovdu həyatında Dovlatov kimi çox pinti yemək yemək vərdişlərinə yiyələnib; əgər o qarşında oturub pomidora diş vurursa, - Allah heç kimə göstərməsin - gərək mütləq başını masanın altına soxasan, yoxsa pomidorun toxumlarını cızğırıdıb ağ köynəyinə əntiqə bir “Zorro” yazacaq. Bir neçə dəfə mənim özümü də bu cür “al-qana” qərq edəndən sonra üst-başımı təmizləyə-təmizləyə dözməyib soruşdum: “Sən uşaqlıqdan pomidoru belə məharətlə cızğırdırsan?” Dərindən köks ötürüb bilirsiniz nə dedi: “Nə danışırsan, mən uşaq olanda hətta xiyarı da cızğırdırdım, indi yaş o yaş deyil”.

Bu yaxınlarda kanalların birində Şoloxovun “Sakit Don” əsəri əsasında rusların çəkdiyi coxseriyalı filmi göstərirdilər. İş günündən sonra mütləq evə cumurdum ki, oturub kazakların həyatına, onların qadınlarının təmənnasız sədaqətinə, xoxol kişilərinin qısa və konkret münasibətinə, ömrümdə heç vaxt görmədiyim Don çayının sakit mənzərəsinə və ən nəhayət, bu xalqın yüz-yüz vurmasına tamaşa eləyim.

Əsəri oxumağın bir, görməyin ayrı həzzi var. Və kazakların ağlara qırmızılara bölünüb bir-birilərini qırmasına baxmayaraq, süfrələri oxşar idi. Onlar arağı bizim kimi arvada şillə-təpik gücünə bişirtdikləri küftə-bozbaşla içmirdlər: xiyar turşusu, vəssalam. Türkün məsəli, Şoloxovun “xiyarına” elə vurulmuşdum ki, özümü onun qəhrəmanlarından biri olmadığıma görə bədbəxt hiss edirdim; eybi yoxdu, qoy lap güllələsinlər.
# 1081 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #