[b]Nəsiminin “Leyli və Məcnun” yazmamağının səbəbi[/b]

[b]Nəsiminin “Leyli və Məcnun” yazmamağının səbəbi[/b]
11 dekabr 2017
# 17:30

Kulis.az Xanəmir Telmanoğlunun “Poetik mif qazanan əhvalat, yaxud əfsanə” yazısını təqdim edir.

(Ədəbiyyatımıza pərçimlənmiş Leyli və Məcnun mövzusu üzərinə)

Ey dili qafil fil faili məchul fani f....

Orta əsrlərdə bütün şərq şairlərinin, özəlliklə müsəlman dünyasının qələm gəzdirənləri, qələmi ən isti, həssas yerlərində bəsləyənləri “Leyli və Məcnun” mövzusunda poema-iri dastan yazıblar. Bu mövzu qədim ərəb əfsanəsi hesab olunur. Adi bir məhəbbət mövzusu bu gün də Türkiyə və digər çağdaş müsəlman dünyasında öz aktuallığına yenidən qayıdır. Görəsən, bu qədər kütləviləşmiş bir duruma gələn belə bir mövzu, məhz “Leyli və Məcnun” mövzusu nədən hələ də gündəmdən düşmür, zaman keçdikcə təzələnir, yenidən ədəbiyyat malzəməsinə çevrilir? Digər bir sual, nəyə görə, şərq şairləri kütləvi şəkildə “Leyli və Məcnun” əfsanəsinə bu qədər həssaslıqla yanaşırlar. Ola bilməz ki, bu əfsanəyə belə sıcaqlıqla yanaşmaqda başqa bir səbəb, sirr olmasın. Təssüf ki, bu sualların cavabları indiyə kimi adamı rahatladacaq dərəcədə cavablarla şərəfləndirilməyib.

Onu da xatırladım ki, Azərbaycan ədəbiyyatı da bu mövzudan, bu əfsanədən yan ötüşməyib, sakit şəkildə keçməyib. Kifayət qədər nəsibini almağı bacarıb. Bəs yaxşı, burda kim, nə qazanıb? Mövzumu, yazarlarmı, ədəbiyyatmı, milli ədəbiyyatlarmı, yoxsa ...başqa bir bucaqda gizli qalmış hansısa bir anlayış, məsələ, yanaşma, fürsətimi?

Azərbaycan poeziyasında haqqında danışdığımız mövzu Füzulinin yaradıcılığında öz zirvə nöqtəsinə ulaşması barədə gen-bol fikirlər söylənilib, əsərlər, yazılar qələmə alınıb. Nizami Gəncəvinin də bir bədii əsər nümunəsi kimi yazdığı “Leyli və Məcnun”nu bədii həlli baxımından heç də kimsədən o qədər də geri qalmır. Bütün bunlar öz yerində. Bütün bu fikirlər və bu kimi sıradan olan yanaşmalar artıq keçmişə məxsusdu, keçmiş zamanın varidatıdır deyə bilərəm. Bəs bu günün ədəbi baxışları, bədii düşüncəsi, nəzəri estetikası, yanaşması necədir bu əsərə, bu mövzuya?

Ortalıqda hədsiz həyəcan yaradacaq bir məhəbbət hadisəsi mövcuddur. Olmayan bir hadisə heç vaxt dilə gəlməz, danışılmaz, əsrləri adlayıb zamanın qarşısında şaxlıqla dayanmaz. İki gəncin uğursuz, nakam sevgi əhvalatı başqa sevgi əhvalatlarından nə ilə fərqlənir, məncə məsələnin kökünü elə bu sualdaca yaxalamaq gərəkir. Məhəbbət, sevgi əfsanələri, əhvalatları qoca şərqin ədəbiyyat aləmində saysız-hesabsızdır. Bu əhvalatın, bu dərəcədə ədəbiyyat malına dönüşməsi, poetikləşməsində ola bilməz ki, müstəsna nüanslar, gizli qalmış ehtişamlar rol oynamasın.

Dünyada, elə qərb ədəbiyyatında, batı dünyasında da nakam qalmış sevgi əhvalatları və əfsanələri, rəvayətləri dolaşıb durmaqdadır. Leyli və Məcnun nakam qalmış sevgi əfsanəsi isə İslam dini yer üzünə gələndən sonra başqa bir status qazanmağa başlayır. Məsələnin digər boyutlarında gizli qalan sirr həm də burda çözüləcək. Adi bir sevgi əfsanəsi dinin ecazıyla poetik mif qazanır.

Qədim yunan ədəbiyyatındakı miflərin, əfsanələrin də alt qatındakı gerçəklərdən xəbər verən bədii informasiyalar da zamanı az divara dirəməyib. Bu miflərin alt yapısındakı gerçəklər, sözsüz ki, onu danışanın bəlağətindən, heyrətindən, xarakter və inancından fərqli məna mərtəbələri yaratma imkanı əldə edir. Elə bu imkan bəhs edir ki, söz də, cümlə də, misra da bu əhvalatlar qığılcımından İlahi dəyər, metafizik istehkam yaratsın. Özünün qalasını, bürclərini, hasarlarını çəkib müəyyən etsin. Qədim ədəbiyyat həm də bu yolla özünü cəmiyyətə, mədəniyyətə, zamanı realizə yoluyla transfer etmə manipulyasiyasına yiyələnir. Həm də bu üsulla özü özünə təcrübə öyrədir, yatırım yapır. Elə bu bədii-poetik yatırımların hesabına dünyadan, bu planetdən kənara çıxmayan ədəbiyyat hələ ki, həm özünü, həm də şüurları, yanaşmaları, anlayışları qoruya - qoruya bir yeni atılımlara, gələcək zamanların, dövrlərin, epoxaların söz səngərinə, söz kürsüsünə də “balansındakı ehtiyat enerjiləri” sunmaqda şübhə göstərmədən əl uzadır, uzantılarını stimulyasiya edir.

Qayıdaq yenidən öz mövzumuza. Burda “Leyli və Məcnun” əfsanəsinə dayanılan, onun üzərində pərvəriş tapan bədii zamanlama həm də fərqli bir yanaşma tələb edir. Leyli və Məcnun –iki gəncin sevgisi bir-birinə qarşı nə qədər yüksək səviyyədə əks olunsa da, sonucda onlar bir-birinə qovuşa bilmirlər. Təbii ki, qələm elə bir səriştəyə sahib ki, istəsəydi, Leylini Məcnuna dəfələrlə qovuşdurardı.

Leyli gecə, şər, qaranlıq, əks cinsin nümayəndəsidir, təmsilçisidir. Məcnun dəlilik, çılğınlığın, hərəkətvericiliyin, kişilik kultunun təmsilçisidir. Erkəklik kultudur. Şərqin metafizik yanaşmaları, ümumiyyətlə metafizik əxlaq kosmik prosedurdur, dönümdür, əmsaldır. Burda kosmik ipuclarının dışındakı hər hansı bir elementin iştirakı, niyyəti məsələnin kökünə, mahiyyətinə təsir edib onu “yoldan” çıxara bilər. Erkək və dişi yaklaşımı gecə-gündüz sindromu olaraq Allahın yaradılış və təzahür elementlərini şüursal axınla, yolla canlıda kodlaşdırır. Gecə və gündüz nakam şəkildə sürəclərini, zaman, tale, yazı qavramlarını pozmadan davam etdirməlidirlər. Onlar qovuşduğu anda Allah özünü şüursal yollu canlıya tərəf saldığı rəhmanlıq, balans, nizam koduna xəyanət edib səhnədən çıxar, öz sorumlu olduğu Məqamını dünyalarda, aləmlərdə, yaratdıqlarında şəkilləndirib, dışa çıxara bilməz. Bu qarşılaşma və nakamlıq, birləşməmə katastrofu yalnız Allahın kainatda onsuz da var olan mahiyyətini hikmətə dönüşdürmə sürəci olaraq, şüursallığa əxlaq artımı əlavə etmək üçün və sonucda batini, gizlin olanlarını zahirə, dışa çıxarma, dışı Onsuz buraxmama gözəlliyidir demək mümkündür.

Təsəvvür edin ki, “Leyli və Məcnun” əsərlərinin hamısında sonuc etibarı ilə birləşmə gerçəkləşir və nələr baş verir? Hər şey bitir. Zaman bitir. Dövr qapanmır, bitir, gözəllik yoxa çıxır. Gözəlliyin davamiyyəti, dövriliyi, ilahiliyi çəkilir, əksilir, insanın kainatın bağrından və özünün varlığından məna aramaq, mahiyyət gəzmək, hikmətlər gəzmək sevdası qayba çəkilir. Elə bu yerdə qoca şərq ədəbiyyatı İslamın yönləndirməsinə, diktəsinə təzim göstərib ədəbiyyatını da itirmək istəmir. Ədəbiyyatı gerçək bir ölümsüzlük, kainatın içərisində həqiqi “rol”, “missiya” kimi qavramlara yer verəcək inamlara, EŞQ-ə qucaq açır. Dövriyyəyə eşq daxil olur. Özü də səssiz qədəmlərlə, xəfif ürpərişlərlə, nəvazişli eyhamlarla, nilufər axar-baxarlıqla, qızılgüllü rahiyələrin ağuşunda və sonucda sonsuz ürpərişlərlə, titrəşimlərlə, bədiyyat nöqtələri arasında güclü energetik dalğaların kontaktı, birləşimi və yenidən sonsuzluqlarda cəlayi-vətənçilik edən tənhalıqlarla, yalquzaqlıqlarla... bitməz bu sevda, tükənməz bu EŞQ deyə biləcəyin qədər.

Mənə elə gəlir ki, məhz Leyli və Məcnun adlı mövzuya əksər şərq şairlərinin müraciətində digər bir səbəb yəqin ki, mövzunun, hadisənin, dərdin adıdır. Ad məsələsi kəsinliklə vazkeçilməz ədəbi faktordur. Təbii ki, biz ədəbiyyatla bağlı söhbət edirik. Mövzunun adlanması deyil, dərdin, məsələnin, ədəbi problemi həll edəcək məsələnin adı olmalıydı və bu zənnimcə nəhayət “Leyli və Məcnun” adıyla bərqərar oldu. Demək istədiyim odur, əgər mövzunun bu şəkildə yayğınlıq qazanmasında nakamlıq, bir-birinə qovuşmama isə, ikinci səbəbi mövzunun adıdır. Hə, bu ad altında mövzunun məğzini verib, sonucunu da dəyişmək mümkün olduğunu ağlınızın ucundan keçirirsiniz, deyilmi? Əsla, bu baş verə bilməzdi. Bu adı vərəqinin başına yazan yazar, elə o andan etibarən tam bir bədii magiyanın əhatəsində özünü hiss edəcəkdi. Lelyi yazdığında Leyla zühur edəcək, xəyallarında Leylanı dünyanın keçilməz yerlərindən keçirəcəkdi. Məcnun yazdımı, iş bitdi, sən mövzuya tabe olacaqdın. Məcnun sözün əsl mənasında adı onu çağıraraq şam dibində əyləşmiş şairin hüzuruna gətirəcəkdi. Eləcə bir-birlərini o qərib şam işığının titrəyən kölgəsində baxışlarını tam rabitəyə gətirmiş şairin vücuduna doğru hərəkət edən iki növcavanın sonsuz yolçuluqları başlayacaqdı. Artıq burdan beləsini onlar bilməyəcəkdi. Burdan beləsi şairə qalırdı, qoca şərqin şam işıqlı şairlərinə hər dəfə də onların taleyi yenidən yazılacaqdı. Bir dəfə dünyaya gəlmiş, bir dəfə taleyi yazılmış bu iki əks cinsin nümayəndələrinin taleyi, həyatı, alın yazısı və nəhayətdə kitabı yenidən, özü də dəfələrlə, özü də müxtəlif zamanlarda, müxtəlif əsrlərdə, müxtəlif məkan və dillərdə qələmə alınıb yazılacaqdı. Onlar bu qədər ölüb-diriləcəklərini heç xəyallarına gətirməzdilər. Bir kərəm doğulan bir kərəm də ölümlə şərəfləndirilib anlayışı onlar üçün, gerçəkdən keçərli olmayacaqdı. Bu yerdə qoca şərqin üç dildə yazan bic-bicəngə şairləri, kurnaz istedadlarını işə salıb, hər dəfə yenidən o iki nakamı Allahın hüzuruna doğru qoşduranda, bu yolun başında ikən, onlar hər dəfə də bilməyəcəklər ki, yenidən qovuşma mümkün deyildir. Ancaq dəfələrlə eyni xətt üzrə eyni minval və üsulla, sözlə, misra və poetik tutumla mühasirəyə salınıb, əsir alınıb bir qul kimi şərqin kağız meydanı üzərində “sınaqdan” çıxarıldıqlarında, bəlkə də (Leyli və Məcnun yəni) qovuşacaqlarına ümid eləsələr də, yenə də qovuşa bilməyəcəklərinin fərqində də olmamış deyildilər. Nəyə görə, şərqin bu kurnaz istedadlı şairləri bu əfsanənin fonunda bu iki gəncə hər dəfə Sizif əfsanəsinin yaşantılarını yaşadaraq, onları gedər-gəlməzə yollamaqla, yenidən gətirib-aparırdılar. Onlardakı bu mazaxizmlik nədəndir, hardandır? Onlar bu əzabdan, bu dəhşət saçan ah-nalədən insafa gəlib, könülləri yumşalıb bu iki gəncin başını buraxmır, onları həmişə səfil sərgərdan qul bazarındakı kimi bir tavrla zamana, dövrə satışa çıxarmaqla söz aludəçiliyinə tutulurdular. Onlardan bir top kimi istifadə eləməkləri bir yana, o topu vurarkən bütün yönləri, istiqamətləri buraxıb o topu yalnız divara vururdular ki, yenidən geri qayıtsın. Buydu şərqin hiyləgər şairlərinin sözlə, anlayışla, ritmlə, poetikayla, mənayla insan taleyi fonunda top-top oyunları. Divara zərbəylə vurulan toplar.... məhz beləydi.( Yazıda mətləbi bu qədər uzatmağım indi anlaşıldımı, unudulmaz oxucu?)

Hər dəfə lələklərini mürəkkəbə batırıb vərəqlərin canına düşən o şairlər “Leyli və Məcnun” yazarkən, tam da ALLAH-lıq iddiasına düşərək, o iki gəncin, nakam bikəslərin taleyini yazma kafirliyini, zülmünü kimsəyə bağışlamırdılar. Onlar, o tale yazanlar bunu hələ bir az da ballandıra-ballandıra, poetik, bədii boyalarla, üstəlik misilsiz ritmlərlə təkrarlayırdılar. Onlar bu yolla öz azarlarını çıxarırdılar canlarından. Onlar bu yolla, Allahın baxışlarını, nəzərini bu nakamlığın üzərinə çəkərək, fürsətdən istifadə edib, öz talelərini yenidən yazmaq səriştəsinə qapılırdılar. Onlar bu istedadlarını sınaqdan çıxarır, onlar tale yazmaq istedadlarını ancaq iki nakam gəncin taleyində sınaqdan çıxarmaqla, talebazlığa qurşanırdılar. Əsər tamamlandığında, tamameyi-süxəndən sonra, mən Allaham, Allah məndədir demək mümkün idi artıq. Bütün qoca şərq şairlərinin kaprizini, insiyativini, səriştəsini, talebazlıq istedadlarını Böyük Nəsimi oğurlayıb üzə çıxardı. Nəsimi həm də ona görə “Leyli və Məcnun” adlı əsər yazmadı ki, o bu yolun, bu bazlığın, bu bədii talebazlığın mazaxistliyini paylaşmaq istəmirdi, o təkbaşına onun hüzuruna çıxmaq niyyətindəydi. Əslində Nəsimi bütün şərq şairlərinin (o dönəmə qədər) ironiyasıydı. Nəsimi onlara ironiya edərək, bəsdirin, deyirdi. Bu qədər də başqalarının taleyi üzərindən Allahlıq, həqqlik iddiasına düşmək düzgün deyil. indi öz taleyinizin üzərindən heç bir vasitə kullanmadan, birbaşa olaraq Yaradanın işinə göz dikin! Kişi kimi, davranın! Haqqa uyğun yəni..

Eləcə bu Leyli və Məcnun adındakı konsantrasiyon, ekstaz yaradıcı ilahi konfortluq əsla şərq şairlərinin kürəyini yerə vurmur, onların işi davam etməsinə şirnikləndirici tərəfindən də bir parça verməyini gözdən qoymur, ihmal etmirdi.

Allahın ilk və son kitabı İnsandır. İlk Quran, Tövrat, Zəbur, İncil də insandır. İnsan Allahın bütün ayətlərini, surələrini özündə ehtiva edir. Bu gələn kitabların hamısı isə Allahın ilk kitabı olan insan, canlı kitabının təfsiridir. İnsan kitabının təfsiri-bəyanı, şərhi bu dörd kitabdır. Bu şərhlərin, təfsirlərin ən mükəmməli Qurandır. Beləliklə, Allahın canlı kitabı olan insanda gördüyünüz nə varsa, elə simasında belə, hamısı bir işarə, bir simvol, bir hərf, oxunuşdur. Ona görə də bizdə hələ də hürufilik anlaşılmaz qalır ki, məsələnin kökünü Qurana yox, İnsana dayatmaq, canlı ilahi kitaba bağlamaq gərəkir. Burdan yola çıxaraq “Leyli və Məcnun” mövzusunun adından söhbət düşmüşkən, bu adların hər ikisini oluşduran hərflərin ayrı-ayrılıqda da məsələnin ümumi ahənginə, mahiyyətinə bir işıq tutması, şərqin poeziya tipli ədəbiyyatında məqsədli, hesablanmış bir ədəbi qaydasına xidmətindən danışa biərik. (Bu həm də uzun və başqa mövzu olduğundan, yazımıza davam edəlim.)

Başqa bir unudulmaz dümsükləmə isə, metafizik şərq ədəbiyyatının özəlliyinə daxildir. Ümumiyyətlə, Allaha təslimolma, sonucdan düstur olaraq “ ONU tək çıxarma” anlayışı əsas götürülərək, yeri gələndə yazılan yazılarda imzalar da itə bilirdi. ( Təsəvvüf ədəbiyyatında bu qəbilədən olan yazarlar çoxdur.) Müəllif bunu bilərəkdən edirdi. Ya da özünü bir yazara oxşadıb onu təqlid edərək 100-lərlə əsərlər yaradılırdı. Bu o zamanlar idi ki, sənət, yazı fərdə deyil, eqoya deyil, Qayba, kosmosa, Allaha, əxlaqa söykənir və onları sürəkli olaraq doğurur, var qılır, onları insan bətninə, ruhuna, şüuruna yem edirdi. Eləcə də, Leyli və Məcnun adıyla və mövzusuyla əsər yaradanların ədəbiyyatın yazılmamış qanunlarından birinin əsasına görə, insan, şəxs, fərd itdiyi kimi, qəbir də yox olduğu kimi, bu yazılan əsərlər də zahirini itirəcək, zahirində saxladıqları batinini bir gün üzə çıxarıb, daşa vuranda, artıq o batini çəkiyə əlavə ağırlıq, kölgə gərək deyil. Çünki bu yazılanların, qoşulanların, gözəlləşdirilənlərin zahiri itdikcə, çəkildikcə, batini Yaradıcı Gücə aid olur. Ona isə şərik çıxmaq ilahi yaradılış yasalarını alt-üst edər, bütün zərrəciklərə kimi nə varsa xaosa, günaha, qarqaşaya sürüklər. Bu prosesin baş verməsini anlayan şərqin mistik şairləri dirənişlərindən əl çəkməyərək, bu yerdə mövzuyla təkrar-təkrar haşr-nəşr olmaları baxımından özləri əsl Sizifə çevrilmiş, bu “yaradıcılıq prinsiplərini, qaydalarını” hardasa onları Yaradana bir töhfə kimi idrak etmiş, şəkilləndirmişlər.

# 2412 dəfə oxunub

Müəllifin son yazıları

# # #