Azərbaycan yazarı niyə Nobel ala bilməyəcək? – Xanəmir yazır

Azərbaycan yazarı niyə Nobel ala bilməyəcək? – <span style="color:red;">Xanəmir yazır
31 oktyabr 2017
# 14:15

Kulis.az Xanəmir Telmanoğlunun “Mənim vətənim bilgisayardır” yazısını təqdim edir.

Azərbaycanı düşüncələrimizlə satırıq

ey dili qafil fil faili məchul fani f...

şah elə bilir ki, şahdır... (şurpdadır)

demirəm dünyanı, elə bizim Azərbaycanı kimlər üçünsə bilgisayarın əvəz etdiyini məndən yaxşı bilirsiniz.

artıq Azərbaycanın deyil, bilgisayarın ərazisi içərisində yaşayıb, özünə oranın vətəndaşlıq pasportunu alanlar az olmz.

yəqin s.vurğun bu günlərə qədər yaşasaydı, yaxud gələcək zamanların şairlik taleyi qismətinə yazılmış olsaydı, məşhur AZƏRBAYCAN şeirinin yerinə məşhur bilgisayar şeyrini yazacaqdı. fərq etməz, onun şair taleyinə nəsib olmayan şans bir başqa şairin taleyinə qismət olar. yəqin s.vurğun bilgisayarın bütün gözəlliklərini vəsf eyləyib qələmə alacaqdı. məsələn, ən azından–ayrılarmı könül candan bilgisayar, bilgisayar.

sonda da bu dünyanın bilgisayar xalq şairi adını alıb arın-arxayın bu dünyadan çıxıb gedəcəkdi. onun mütləqə bilgisayar şeirini fadayev fədakarlığını əsirgəmədən ruscaya, dəli pyotrun sarışın, bu gün ədəbi-elmi politik, sabah isə erotik dilinə çevirəcəkdi. bunlar olacaqdı. ancaq bu söylədiklərim həm də baş verir.

söhbətin mahiyyəti nədən ibarət olsun?

məsələnin mahiyyəti dəyişib. bir sıraya ayrılmış insanlar azərbaycanda da bufer bilgisayar dövlət qurublar özlərinə. bu möhtəşəm ölkənin öz qanunları, öz anayasası öz adət-ənənələri var. bu fantastik dərəcədə gözəl müqəvva ölkəyə vizə almaq heç də çətin deyil. bürokratik əngəllərlə qarşılaşmayacaqsınız. ancaq bu ölkənin başçısını heç vaxt siz seçə bilməzsiniz.

qədim zamanlarda insanlar hər hansı sevdikləri bir şeyi ona görə vəsf edirdilər, onunla bir yerdə olalar, sevdikləri onları tərk etməsin. bir az öncə s.vurğunun şeirini bilgisayara həsrini xatırlatdım. görəsən bilgisayarı öyməyə ehtiyac varmı? bizim elektron zehniyyətli qafacıqlar iddia edir bəs bunsuz mümkünatı yoxdu. bir şey baş veribsə, bu gün onun başqa bir şəkildə təkrarı baş verməlidir. versiya əsasən bundan ibarətdir. əgər sən bu elektron aləmin qovğası içinə girdinsə, orda nə sevgidən, nə nifrətdən söhbət gedə bilməz.

həqiqət nə sevgi, nə nifrətdir. yəni nə məcnun ol, nə də qatil. üçüncü yola nöqtə həmişə bulunub.

insan oğlu insan bilgisayarın özünü deyil, mahiyyətinə yönəlik fikirlərini, həyatını ölçüb-biçmədiyi müddətcə sevgiylə nifrətə parçalanıb bölünəcək. görən də deyəcək bu şeytanın tərkibi sevgiylə nifrət kalsiumundan ibarətmiş.

şərqin bu gözəl-göyçək qaraqaş, qaragöz, qaragün insanı düşüncələrini necə şəxsiyyət üzərində qurub, şəxsiyyət ardınca həqiqət axtarışına çıxıb, şəxsiyyət üzərindən, şəxsiyyəti dayaq nöqtəsi seçərək, hətta o dünyaya vizə alır, getməyə allı-güllü ümidlər bəsləyir, eyni prinsiplərlə də bilgisayarla, elektron dünyayla təmasını quraraq, elektronik şəxsiyyət azadlığı, fərdiyyətçiliyi, kasıb, düşüncə sərbəstliyi, elektron ideologiya umur.

ancaq bir yol var yollar içində: yol onun, varlıq onun, gerisi həp ankarya (n.f. qısakürək).

siz bu gün bilgisayarın düymələrini təsbeh dənələri kimi istifadə etsəniz də, bilgisayar namazınızı qıla bilmiyəcəksənizsə, demək Allahın istədiyi nizamdan, nizamsızlıqdan kənardayıq. sosializm təfəkkürü münbit rus-yevrey mühitində ona görə dağıldı, çün bu sistemin qanun-qaydaları təbiətin qanunlarıyla uyğun gəlmirdi. bilgisayarın bir sistem olduğu şəksizdir. ancaq bu sistemin də deyəsən namaz qıla bilməmək kimi belə qeyri-qanunilikləri saysızdır.

sözümün mustafası, çağdaş insanın həyat, sənət, dünya fəlsəfəsi bu gün elektronik sistemə uyğun formalaşır. bu da doğrudan doğruya insanları sonda elektron bir cəmiyyət qurmağa aparacaq, sürükləyəcək. bədənsəl, ağıl ehtiyacları ödənərsə, bəs ruhani ehtiyaclarınızı nəylə, hansı cəmiyyət sistemi içərisində qarşılayacaqsınız, sayın bilgisayarın müvəqqəti vətəndaşları? hələ bizi qarşıda böyük köç, deyəsən, bütün varlığıyla gözləyir. Biz ərazilərimizi bir dü­şün­cə sistemimizdən bir düşüncə sisteminə keçid ya­parkən iti­ririk. vətən sərhədləri inanclarımız, fikir­lə­rimiz uc­ba­tın­dan kiçilə-kiçilə gedir. Azərbaycanlı­ların ən güclü, əbədi düş­məni düşüncələridir. düşüncələrimiz də düşmənimizlə dos­tdur, qafil. sən demə, əlbir olub erməniylə düşün­cəl­ə­ri­miz. axxx, casus fikirlərim, sən nədən bizə işləmirsən? səni da­şı­dı­ğım, yaşatdığım üçün mənə namərdlik edirsən? Bu­dur­mu yazarların mükafatı? Azərbaycan yazarları nobel mü­kafatını həm də ona görə almayacaq ki, onun daşıdığı düşün­cə, yaşadığı təfəkkür casusdur, satqın­dır. beləliklə, Azərbaycanın yazarları da, ziyalıları da beyində yaddır.

burdan azalıb başqa bir yerdən böyüyən yurdun sakinləri artıq bu gün azərbaycanlılar olaraq növbəti bir deportasiyaya, həm də KÖÇƏ hazırlaşırlar, özü də gəncləriylə. nə zamansa içinizdən çıxacaq o solçu şairin, bəylər, bu vətənə nasıl qıydınız?-kükrəyişinə tənə edib, istehzayla baxıb, qarşısına heysiyyat faizi çıxarmayın.

Moriko Dukbo deyir ya, bilgisayardan istifadə etmək gözəldir, ama düşüncə sistemimizi bilgisayar üzərində uyğunlaşdırmamız, formalaşdırmamız yer üzünə növbəti fəlakətlərdən birini vəd edir.

bu sistem nədir ey axııı? məsələn, mən deyirəm, azərbaycan yazarının qocalıb ağılsız olması, dünyanı, o cümlədən ayb-ni özüylə aparma istəyi, iki qızın küçənin tən ortasında bir saat öpüşməyi, bir şairbalanın yaşlı anasının dalına posmodernizm əxlaqı adına təpik vuraram deməsi (ama nə səbəbdən biləmədim), yaxında tualeti qoyub da bir ziyalının şəhərin mərkəzində var-yox bir-iki ağacın dibinə etməsi, sənət ehtirasının coşqunluğundan kimisinin Allahı ləkəli yatağına çağırması, arazın o tayında 35 milyonun harayına burdan bu əsrdə kimsənin hay verməməsi elektronik, bilgisayar sisteminin formalaşdırdığı əbədi-əzəli tör-töküntü təfəkkür tərzidir. vəs-salam. mən getdim.

bilgisayarin tapılmış təzə qafiyəsi

bilgisayar kosmopolit cümhuriyyəti

Ey qurşağına Zəngəzurun çal eşşəklərinin örkəni dolanmayan bığsız–saqqalsız saqi, bir qulaq bəri dur, mən danışa bilim.

Bilgisayarları qoyublar şeytan yolunda qabaqlarına, cərcənəyini ayırıb cəmdəyini sökürlər.

Koroğlu nə təhər deyib: bilgisayar çıxdı, qələm getdi, yazar öldü, ay haray. Yox, bu da söz deyilmiş. Dostlar, yazar bilgisayarda oğru var. bilgisayar mədəniyyəti lap Nizaminin utopik sosial nəzəriyyəsinə oxşayır. Orda məscidin qapısı açıqdır. kim istəsə-it də, pişik də, siçan da azadəlik instinktiylə içəri girə bilər. Ancaq o sərbəstliklə içəri girib də oğurluq sərgüzəştləriylə dışarı çıxmaq sənə əsla “qanuni oğru” statusu verməz. uzaqbaşı Axundovdakı xırsız kəliməsi ilə şərəflənib, yarqılanarsan. Çün bu xırsızlığa görə Azərbaycan Bilgisayar Respublikasının indiyə kimi heç bir cinayətkar elektronik məsuliyyətinə cəlb olunmayıb.

Mışka əlimin altında sərçə həssaslığı ilə döyükür. Ekranda dimdiyini faillərin üzərinə doyumsuzluqla ataraq çinədanını doyuzdurmağa çalışır. Mışkanın dimdiyi açıldıqca saytlar həzmi-rabedən keçir, ey sağın–solun fərqində olan saqi, bir dəm camları boş qoymayan, yeri gəldiyində ağzına kimi meydən helləyib camı daşıran saqi, mən yenə sonda bu doymuş dəmircik quşu rahat buraxıb danışmağa başlayıram.

Bir gün, deyəsən, bu qələm əsri, kitab əsri kimi bilgisayar erası da arxada qalacaq. Mənasız bir qutudan başqa heç nəyə-baltaya sap olmayanda sağlar utanacaq, ölülər söyüləcək. Oğurluq olan yerdə bərəkət olmur, saqi. Bu bilgisayarların cəmiyyət–sosial sistemi elə oğurluğa uyğun bir sistemdir. Burda halallıqdan söhbət gedə bilməz. Hər kəs bir-birinin ırzına keçir. Mən bilgisayarlarda günah görmürəm, ya saqi. Onu suçlamıram. Günahın öləndə olduğunu süzdüyün meyin köməyi ilə anlamadımmı? Axı, bıçaq o almanı soymaq məqsədi ilə verildi. İnsan başı kəsilməsi üçün istənilmədi, ay saqi.

Doğrudur, bilgisayar şəxsiyyəti tənhalıq sevməz, kollektivçilik, qələbəliklər əsiri olaraq kəndini kanıtlar. Ama bu ərazidə, bu meydanda, bu elektronik səhrada sənin sözün onun adından, onunku sənin adından səslənər, duyular. Kimsə sözünün məsuliyyətini daşımaz. Səhralar məsuliyyətsizlik məkanıdır. Dinlər də məhz məsuliyyətsiz məkanları təmizləmək, qudsallaşdırmaq xatirinə gəlir.

Bilgisayar səhrasında rabitən olmasa, özünü “rabitə”yə yetişdirməmisənsə, ağzının sözünü rüzgarlar bir başqasının ağzına yazacaq-məsuliyyətsizliyin ucbatından yaxılacaq bir can yerinə iki can, üç can, bəlkə yüz can yaxılacaq. məkan bəlli olmalıdır, ya saqi. çıxan səs, deyilən sözün məkanı, ünvanı bəlli olsa gərək, ay saqi. məkan təyinsiz surətini göstərərkən zaman üzqaralığıyla qeybə çəkiləndə, de görüm, ay saqi, sənmi gəlib də əlində mey dolu camlar zamanı sağımıza-solumuza soxacaqsan? istəyirəm sən də biləsən, bax, bu bilgisayar səhrasının nə məkanı, nə zamanı bəlli deyil. oldu, ay saqi. sən də baməzəliklə ağzına şərab alıb durubsan. deyəsən, bu gün məndən başqa kimsənin camına mey helləmirsən. bu günlük bəsdir, kəm-kəm buxur, həmişə buxur.

2. saqi, evin tikilsin, xəbərin varmı, məsələn, bu günün əsl milliyyyətçisi, nadanı öz ölkəsində kommunist olanıdır, solçu kəsdir. bu günün baş kəsib, ev yıxanı bazarda xiyar satandır. niyə ünvanlar səhv salınıb, münasibətlər azdırılır. qaranlıq meşələrə torbalara salınıb aparılan pişiklər kimi bax, belə gəzdirilir. bəs söz, bəs ədəbiyyat? guya bilmirdilər ki, bu 1000 sənədən uzun bir dövrü əhatə edən şərqin insanlıq tarixində ritmi, sözü, mövzuları şairlər, kahinlər təsəvvüfçülər faniliyin sonsuz metafizik səhralarından əsən rüzgarlarından niyə tuturdular? yalnız bir məsələyə görə, yazılıb oxunduğu sürəcə, insanı bu dünyadan qoparan bu simvolik, metafizik, yaxud təsəvvüfçü şeir müəyyən nəsil dönəmində mədəniyyətə çevrilməyi, mədəniyyətdən də dövlət təfəkkürünə köklənməyi bacarırdı. yəni sözün çevrildiyi mədəniyyətin intibahı elə idi ki, mədəniyyət yaranışı, formalaşması ilə dövlətçiliyi də əvəz edirdi. yəni şərq şeirinin fanilik qoxuyan ovqatı sonuc olaraq belə bir şəkil alma qanunauyğunluğunu yaşayırdı.

bu gün dünyəvilik dozası çoxalmış, həddən ziyadəyə yüksəlmiş, fanilik enerjisini itirmiş şeir, söz, ədəbiyyat əslində elə bir qanunauyğunluq yaradır ki, bu türlü materiyabazlıq həvəskarı şeir bir neçə nəsil ötüşməmiş var olan mədəniyyəti dağıtmaqla insanların ideolojisində fanilik səmum yelini əsdirir. yəni, demək istəyirəm ki, klassik ruhlu deyil, çağdaş ruhlu, dünya qoxuyan şeir insan oğlunun birbaşa düşməni kimi çıxış edir.

təsəvvür edin, bilgisayar mühiti yazarlığa, yazıya məkansızlıq, zamansızlıq məntiqi aşılayır. oysa dünya müqəddəsdir. bu türlü zamansızlıqdan, məkansızlıqdan yetim qalmış bir sənət sistemi insanlıq mədəniyyətinə əvvəl-axır sonsuzluq deyil, solsuzluq, fanilik, yoxluq təlqin etmirmi? oysa erik hoffer deyirdi ki, şüşəni qırıb atmaq lazım deyil, xoşlamadığı halda onun materialından bacarıqlı oğul başqa–sevdiyi bir nəsnə düzəldə bilər. vaxtımızı təyin, məkanımızı bəlli etmədikcə sözümüzün “neytrallığı” xarakterimizi yumşaldıb yazdıqlarımızı ana xislətli-yumşaq bir enerjiyə çevirəcək. məsələn, əhməd olacaq fatma, ama fatma əhməd ola bilməyəcək. çünki, ədəbiyyatın prosesi bu şəkildə, bilgisayar məkansızlığında, zamansızlığında aparması bütün gücləri qadınlıq enerjisinə döndərmə qaydasına tabe tutulur. materialist şeir sonucda mədəniyyətdə yoxluq, fanilik qorxusu yaradır. Belə qorxu kimə gərəkdirsə bir şeir yazsın.

Qeyd: Müəllifin üslubuna toxunulmayıb.

# 2349 dəfə oxunub

Müəllifin son yazıları

# # #