Məşhur Gerasimovun tələbəsi, ədəbiyyata bağlılığı olan azərbaycanlı rəssam - Günün tablosu

Məşhur Gerasimovun tələbəsi, ədəbiyyata bağlılığı olan azərbaycanlı rəssam - Günün tablosu
21 avqust 2025
# 13:50

21 avqust Xalq rəssamı Mikayıl Abdullayevin anım günüdür.

Kulis.az bu münasibətlə görkəmli sənətkarın həyatı, yaradıclığı ilə bağlı diqqətçəkən faktları və rəssamın məşhur "Naxçıvan" tablosunu təqdim edir.

Azərbaycan təsviri sənətinin nəhəng simalarından biri olan Mikayıl Abdullayev əsərləri ilə bir dövrü yaşadıb, yaddaşlarda silinməz iz buraxıb.

1921-ci ilin soyuq dekabr günündə Bakıda dünyaya göz açıb.

1939-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1949-cu ildə isə Moskvadakı Surikov adına Rəssamlıq Akademiyasını uğurla bitirib.

Sənətin sirlərini məşhur rəssam Sergey Gerasimovun emalatxanasında öyrənib.

1947-ci ildə "Axşam" əsəri ilə Moskvada böyük diqqət çəkib. Ardınca "Mingəçevir işıqları" ilə sənət aləmini heyrətləndirib, Budapeşt və Moskva sərgilərində ölkəsini təmsil edib.

"Çəltik becərənlər", "Qarabağlı qızlar", "Xaçmaz qızları", "Masallı qızları" kimi tablolarında Azərbaycan qadınının zəhmətini, gözəlliyini, gücünü tərənnüm edib.

Qadın obrazlarını sadəcə təsvir etməyib, onları bir dövrün ruhu kimi təqdim edib. Tabloları təkcə göz oxşamayıb, həm də düşünməyə vadar edib.

Mikayıl Abdullayevin fırçası həm sevinc, həm kədər, həm də mübarizə boyası ilə danışıb. 1941–1945-ci illər müharibəsinin ağrılarını "Qırx birin iyunu" triptixində yaşadıb.

20 Yanvar faciəsinin canlı şahidi kimi "Nakamların dəfni" əsərində qəhrəmanlıqla yanaşı, hüznü də əks etdirib.

O, milli ənənələri müasirliklə vəhdətdə təqdim edib, kənd həyatını, sadə insanların fədakarlığını poetik koloritlərlə canlandırıb. Heç vaxt süni mövzulardan, saxta effektlərdən istifadə etməyib. Həyatı necə görmüşsə, elə də təsvir edib.

Portret janrında da dərin iz qoyub. Səməd Vurğun, Nəsimi, Babayev, Füzuli kimi şəxsiyyətlərin ruhunu tablolara hopdurub.

Ədəbiyyata bağlılığı onun kitab illüstrasiyalarında da görünür.

"Kitabi-Dədə Qorqud", "Leyli və Məcnun", "Danabaş kəndinin məktəbi" kimi əsərlərə çəkdiyi rəsmlərlə Azərbaycan kitab qrafikasını zənginləşdirib.

SSRİ xalq rəssamı fəxri adı ilə təltif olunub, müxtəlif nüfuzlu ordenlərə layiq görülüb. Deputat seçilib, xalqın sözünü tribunadan çatdırıb.

80 illik ömrü ərzində sənətini sadəcə yaşatmayıb, onu yaşayıb. Fırçası ilə tarix yazıb, xalqın ruhunu boya ilə ifadə edib.

Mikayıl Abdullayev 2002-ci ilin avqustunda dünyasını dəyişib.

Görkəmli boyakarın sənəti zamanın hüdudlarını aşıb.

# 719 dəfə oxunub

Oxşar xəbərlər

Xocalı faciəsinə görə Azərbaycana qayıdan "Tərtər əfsanəsi"

Xocalı faciəsinə görə Azərbaycana qayıdan "Tərtər əfsanəsi"

13:00 26 fevral 2026
Prezident Xocalı Soyqırımı Memorialının  açılışını etdi

Prezident Xocalı Soyqırımı Memorialının açılışını etdi

12:20 26 fevral 2026
Dejavü və altıncı hiss yalandır? - Den Braunun romanının arxasındakı sirr

Dejavü və altıncı hiss yalandır? - Den Braunun romanının arxasındakı sirr

12:00 26 fevral 2026
"Əlil arabası sürürəm, anam da arabada..." - Şəhriyar del Gerani

"Əlil arabası sürürəm, anam da arabada..." - Şəhriyar del Gerani

11:40 26 fevral 2026
“Birinci Türkoloji Qurultay - 100”  adlı elektron məlumat bazası istifadəyə verildi

“Birinci Türkoloji Qurultay - 100” adlı elektron məlumat bazası istifadəyə verildi

11:20 26 fevral 2026
“Xocalı soyqırımı təsviri sənətdə”  adlı mühazirə dinlənildi

“Xocalı soyqırımı təsviri sənətdə” adlı mühazirə dinlənildi

11:20 26 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər