Allah dünyanı ritmlə dağıdacaq... - Xanəmir

Allah dünyanı ritmlə dağıdacaq... - Xanəmir
12 iyun 2024
# 15:56

Kulis.az mərhum şair Şaiq Vəli haqqında Xanəmirin "Ritmin mədəniyyət macərası" adlı yazısını təqdim edir.



Ey dadi bidad danəndə dəhan dərviş d…

Derlər,

Unudulmuş oxucu,

Onu uzaqdan görəndə, nədəsə bu misralar könlümün başında cilvələnib iç dilimdə yeri-göyü yalayıb keçir:

“Min atlı akınlarda cocuqlar kimi şəndik,
Min atlı o gün dev kimi bir orduyu yendik”


Ardınca da içimin çöllüklərində onunla bağlı fədakarlığını əsirgəməyən bir sevinc duymuşam həmişə. Yaxşı ki, bu əsrdə Azərbaycan poeziyasında bu imzada bir şairimiz var. Azərbaycan türkcəsində şeir yazan çox az şairimiz olub, indi də var. Çox az. Ancaq o, şeirini Azərbaycan türkcəsində yazan, bəlkə də, iki şairdən biridir.

Azərbaycan türkcəsi neçə əsrdən sonra onun misralarıyla öz poetik kimliyini gözə soxmadan, nəfsini öldürmüş bir halıyla büruzə verdi. Ona nəsib olan ikinci bir poetik şans şeirindəki dilinin doğmalığı, yəni ritmidir. Şaiqin şeirlərinin, sözlərinin, hətta hecalarının da təkrarsız, bənzərsiz ritmi şerin nəfsinə (sultanlığına) daş çıxardır. Onun şeirləri yazılmır. Onun şeirləri həm də deyilmir, oxunmur. Onun şeirləri yazının və oxunun, söylənilmənin kəbinini pozub, cazibəsini dağıdıb, yazmağın - oxumağın məhkumluğundan azad olmuş varidatdır. Şaiqin şeirləri yazı və söylənim məhkumluğuna iynəylə gor qazdıran olmağıyla nələr deyir? Bu şeirlər nəfəsə dəyən və nəfəsdən qopan həngamədir. Onun kimi bu şeir aləmində hecanın tifaqını dağıdıb, hecanın başqa bir doğma ərazidə ocağını çatan varmı? Poeziyanın heca ritminin tozunu dumana qatıb göyə sovuran bu gerillaçı ozan şairlikdən də imtina etmiş, şairliyi tərk etmiş sənətkardır.

O, ədəbiyyatımızda şeir adına çox qorxunc addımlar atdı, bunu bacardı. Bu addımlar, risklər ilkin olaraq sadə eksperimentlər şəklində görünsə də, az sonra bu avantürist milli poetik tavır və gedişatlar dev-dev abidəyə, poeziyamızın əxlaq arşınlarını itmiş ritm və intonasiyamızın nişangahına dönüşdürməklə özümüzün qapalı qalmış yönlərimizə tuş gətirdi bizi. Poeziya mənalar və poetik inkişafla deyil, yalnız ritm və intonasiya ilə nə qədər məsafə qət etdiyini ortaya qoyar. Məna istərsən, Nizami və Füzulidə, Nəsimi və Yunis İmrədə, Seyid Əzim və H. Caviddə. Bizə, bizəqədərki varlığı təlatümlər yaradan o poetik mənaların da yenidən vaxt qazanmaları baxımından yalnız ritm və intonasiya deyil, mənalara sızan, sözün po-etik anlamına dürr saçan, işləyən təzə, saf ritmlər gərəkir. O ritm, intonasiya ki, nə fikirlərimiz dolaşsın, nə də ruhsal yapımızda cövlan eləyən poetik ayinlərimiz pozulmasın. Ritmin başı dəlilik, tənhalıqsa, sonu ayindir, ritualdır. Biz mədəniyyətimizə təzə donoru məhz poetik təfəkkürün köynəyindən keçmiş ritmlərdən doğulan ayinlərlə təmin edə bilərik. Bəs bu ayinlərin yozumu nədir, varmı, hara işləyir, nələr oluşdurur? Bax bu, ölümlü sualdır!!!

Poeziyanın əvvəli və axırı onun ortasında birləşir. Poeziyanın ortası ritmdir. Hər şairin bu şeir aləmində ritmini görə bilmədim. Demək, hər şairin şeirinin nə ortası var, nə əvvəli, nə axırı!!! Demək, mədəniyyətimizin gələcək zamanlara uzantısında qatqısı olan hər özünə şair deyən, dedirdən, bu mübarək “iməcilikdə” iştirak etmir və etməyəcək. Poeziyanın əsl rtimlərinin gizli axarı mədəniyyətin şikarına çevrilmək məharətindən, orda can vermək səadətindən əsla məhrum olmur, olmaz da. Bu mənəvi energetik balansa can qoyan hər dövrün uzaq başı 1, ya 2 şairi olurmuş. Bəlkə də haqsızlıq etmiş oldum. Amma bu belədir. Bax, Şaiq Vəli o ozandır ki , şairlik daşını ataraq, sibirləri, tayqaları, altı türk, üstü slavyanları nəfəsindən keçirib şeirə gəlmişdi.

Derlər,

Unudulmuş oxucu,

Şeirinin digər özəlliyi, şeiri şeirlə tamamlaması məsələsində məzmun, məna, mövzu baxımından deyil, həm də bir şeir(in) digər şeirini ritmlə tamamlamasıdır. Bir şeirin(in) digər şeirlə uzantı və bağlantı özəlliyini xas yatırımlarda kullanan bu estetik özəllik, bəzən tamamlamadan qoruyuculuğa kimi irəliləyir. Bu ritmdəki paşalıq poeziyanın ağzıyla, diliylə, məzmun və formasıyla, ən əsası isə təfəkkür mexanizmiylə imperiya istəyir. Mən buna varam. Bir şeirin növbəti, ya başqa şeiri tam-laması, tamamlamasının ritm əmsalı, intonasiya hövsələsi ilə bizə bir çox vədlərdə bulunur.

Allah da insanı ritmlə yaradıb.



Şaiq Vəli

Allah insana ritm vəd edib. Allah dünyanı ritmlə dağıdıb, ritmlə də insanlığı bitirəcək. Biz indiyə kimi şeytanlaşmış, daşlaşmış ritmlər havasına çox fikirlər qanadlandırdıq. Ancaq heç biri gedib poetik aləmin dərgahında üzümüzü vətəndaş cəmiyyəti adı altındakı bir formasiyada fərdin vicdan özgürlüyünə qovuşdurmadı, bizi bizdə saxlamadı. Bizi bizdə əzdi, kölə elədi. Şaiqin şeirlərindəki ritmlərin bir-birini tamamlama özəlliyində belə gizlinlər hələ çox yazılara işıq tutacaq. Bu ritm üzərində ona görə çox dururam ki, artıq poeziya, söz üçün vazkeçilməz bir epoxa olmuş ritm, bizim yazarların ən az önəmsəyib duyduqları bir dünya dərkindən sənət dərkinə gedən yoldur.

Derlər,

Unudulmuş oxucu,

Antik dövrdə katarsis fatumun, yəni həyatın dönməz axarının bərpasının ifadəsi bu gün yenidən bir şairin, türk ozanının içsəl salnaməsində qarşımıza çıxır. Onun şeirlərində bu katarsis fatumunu - yəni sanki bu həyatı mətnlə, ritm qarışmayan deyil, ritmin qarışmadığı, ariliyini qoruduğu mətnlə bərpa etmək, yerini doldurmağın mümkünlüyünə bir ismarıcdır- prinsipini işə düşür. Bir bax, necə də hər şey öz axarından çıxır, daşqın və faciə dolu anlayışlar birdən öz yerinə qayıdır. Adama elə gəlir ki, bu “yenidən”- lik bərpadır. Xeyr, sən deməyəsən, bu bərpaçılıq adı altındakı aparılan oyun, öz yerindən çıxıb fəlakətlər yaradan “nəsnə” öz yerinə, sadəcə, bərpa-çılıq instiktiylə deyil, sadəcə, yerinə gəlmə, qayıtma israrını mənimsədir.

Məcrasından çıxan, məhvərindən qopan poetik qabarmalar, fəlakət göstəriciləri, sözün energetik insiyativindəki sərgüzəşti “öz yerinə qayıdış” - la həll edir. Qorxur ki, boşluğa birdən ayrı bir özəllik zatı daşıyan mahiyyət pərçimlənmiş olar. Sözün bu çəkingənliyindəki həssaslıq öz yerini bir mətn daşıyıcılığıyla hansısa Yaradılış qutsallığına vermə cəhdi və özünü qoruma səmərəsidir. Bu gizlinlər də Şaiq Vəlinin şeirlərində zaman-zaman şikarını əldən buraxmır.

Onun müəlliflik intensiyası çarpıcıdır. Yəni mətnlərindəki fikir istiqaməti sakitcə diksindirməyə meyillidir. Bəli, fikrin, mənanın, sözlərin istiqaməti, üz tutacağı yön ifadənin üzərinə ağırlıq yıxmır. Birbaşa hər hansı obyektin və yaxud məna sahəsinin fonunda forma və şəkil alır. Üstəlik, metafora inersiyası elə həddə çatır ki, müəlliflikdən imtina edir, ya da müəllifi gizləyir. Belədə müəllif xalq karmasına daxil olmuş bir missiyanın təmsilçiliyini yürüdür sanki. Bu yerdə deyirlər ki, mən Azərbaycan ədəbiyyatında yaşayan bir xalq ozanı tanıyıram, o da Şaiq Vəliymiş.

Ozanının açıq- açığına sözlərin ətrafında, çevrəsində və içində fiqurantlıq etməsi, gətirib interferensiya nəzəriyyəsi ilə oxucunu üz-üzə deyil, baş-başa qoyur. Belə poetik əxlaq sənə ancaq dostluq təklifi edir. Çünki mətnlərdəki müstəsnalıq qazanmış ritmsəllik sənin üçün maqnit sahəsini-çəkiciliyini əsirgəmir. Bu batini zərafətə necə “yox” demək mümkün? Həm də interferensiyal mətn tutumuna yiyələnmək, yəni mətnin oxusu zamanı səslə işıq dalğasının bir-birinin üzərinə düşməsi (bir – birinə təsir etməsi), sözlə insanın yenidən kosmosa çəkməyin ( xatırlatmağın) bir forması, bir üsulu da sayılmalı.

Bu nə deməkdir? Bu inandığın, anladığın və bic-bic dərk elədiyin deyil, məhz inandığın insanı fərqli bir yerə, ilkin yerinə sürükləyib, orda içindəkiləri Yaradılış şərəfi olaraq dilini açmaq cəhdidir. (Bu, həm də insanın ritmlə dilinin bütün potensialının açılması uğrunda cəhdlər, çabalardır). İnsanın öz yaradanı qarşısında fərqli bir məkana səsləyib orda ağzını aramaq, içini yoxlama təlaşıdır. Şaiq Vəli insanın məğlub olmasını, içindəki mən-in ləkələnməsini istəmir. Belədə bu ağır suçu söz mənalandırma, söz səsləndirmə sürəcində kim qaldırar, kim qaldıracaq?

Söz deyənin necə də qəddarlıqla, xeyirxahlıq eləməyində əməlli-başlı bir sehr dışa vurur. Ta əski çağlardakı ritual və ayinlərin fəlsəfəsində gizlənmiş şeir, poeziya min illər sonra da öz sirayətediciliyini Şaiqin Vəlinin şeirlərində təvazökarlıqla göstərir. Səs və işıq dalğalarının bir-birinin üzərində ya qoruyuculuq, ya da yön vermə missiyası istənilən mətn boyunca “abırsızlıq” etməkdən çəkinmir. Bəlkə də, hazırlıqlı şeir anlayışı olan kəsə, başqa bir anlayış və yaddaş genişliyindən nələrsə əldə eləməsinə imkan vermir. Sadəcə, səs və işıq dalğalarının mətndən ayrılan payı, görünür insanın təfəkkürüylə (kosmik bağlantıları istiqamətində) hazırlıqlı haqq-hesabını çəkmək (prinsipini gizlətmək ) istəmir.

Derlər,

Unudulmuş oxucu,

Onun şeirinin dilindən öncə, şeirinin ritminin dili “etnos” dilidir. O, milli dildə deyil, etnos dilində hayqırır, səsini dünyaya, bu göy qübbəsinin altındakı boşluğa yayır. Onun təklif elədiyi ritmin dili mətnin geri qayıdışında, yəni mətnin oxunuşundan sonra oyandırdığı yanğı, birmənalı şəkildə içsəl hərəkət sərgiləyir. Bu hərəkətin keçid nöqtələri çoxdan tək və yalquzaq qəhrəman tərəfindən ədəbi nəzarətə götürülməklə, əsər kimi tamlıq haqqına vəsiqə alıb. Mətndəki ritmin sunduğu dilin hərəkətliliyi bir az da dərinə getdiyində, bayaq nişan verdiyim devi oyatmağa gedir: etnos anlayışına rəməl atır. Bu məsələnin fərqində olanlar yaxşıca -yaxşıca xatırlaya bildiklərinə sığınmaqda özgürdürlər.

Derlər,

Unudulmuş oxucu,

Onun mətnlərində əşya yoxdur. Demək istəmirəm ki, əşya onun şeirlərində, sözlərinin mahiyyətində çatışmır. Sadəcə, əşya bu şeirlərə mən-in halı gərəyincə dəvət olunmayıb. Şair bu şeirlərdə nə eqosunu, nə nəfsini əşyanın üzərinə atmır, yükləmir. Sanki ritmsəl yolla metaforik yükünü təkbaşına çəkməyi qarşısına məqsəd qoyub. Söyləntilərin əksinə demirəm ki, əşya predmete çevrilməyibsə, mifoloji yükümlülük, mistik savab hegemonluğu ələ alıb, yaxud almalıdır.

Əsas olan odur ki, bu mətnlərdəki poetik təfəkkürün gedib süsləndiyi əşya, predmet, obyekt müəllif halının diktəsinə yenilir. Poetik əşya tərəfkeşliyini itirərərək, mətndə “təki sağ qalam” imkanlarından istifadə edərək, simvolizmin dəyirmanında (bir arada) “məhsula” çevrilir. Bu mətnlərdə əşya bəzən yerini itirir. Niyə? Çünki əşya materiyaya xəyanət edib şair təfəkküründə yeni erudusiya, yeni seçənək qazanır. Şair şeir mətnlərinin gizli fəlsəfəsiylə bizi Azadlığa hazırlayır. Buna yalnız və yalnız Şaiq Vəlinin ümumədəbiyyatımız içindəki özəlliyini görmək istəyəndə, sevinmək mümkün. Mən sevindim. Haydı, növbə sizdə…..

Şaiq Vəlidən bir şeir:

Könüldə eşq gül –gül

Könüldə eşq gül –gül

Bitər, bitər, bitər.

Cananda can bül-bül

Ötər, ötər, ötər.

Yazını yazan yazar

Yazar…yazar, yazar,

Gül solar, bül-bül susar-

Qədər, qədər, qədər.

Mey süz, saqi, bir içim

Sirlər qapısını aç, sim-sim…

Can cananın… mən kim?!-

Kədər, kədər, kədər.

Dünya bir yığınaqdır

Yəmindir-bir sınaqdır….

Şaiq Vəli bir qonaqdır

Gedər, gedər, gedər.

P.S. Bu yazını 2011-ci ildə, Şaiq Vəli dünyasını dəyişməmişdən əvvəl yazmışdım...

# 1985 dəfə oxunub

Müəllifin son yazıları

# # #