1971-ci ilin "21 dekabr"ı

1971-ci ilin "21 dekabr"ı
24 dekabr 2012
# 12:30

Açığı, çox qorxurduq. Gözümüz böyüyürdü. Udqunurduq. Qiyamətdən, dünyanı su basacağından bəhs edən böyüklər heç nə olmamış kimi danışırdılar, “hə, elədir, hər şeyin bir axırı var dəəə, əvvəl-axır olmalıdır” deyə müdrik-müdrik rəy bildirirdilər, amma biz – 10-12 yaşlı uşaqlar çox qorxurduq. Arada gedib anamızdan, nənəmizdən soruşurduq ki, doğrudan da dünyanı su basacaq, hamı qırılacaqmı. Onlar da adətən deyirdilər, əfsanə söhbətdir, elə bir şey heç vaxt olmayacaq, olsa da min ildən sonra olacaq.

Həmin o “min il” söhbəti də bizi qorxudurdu. Prinsipcə, qorxuluydu, əgər bu andır “dünyanın sonu” min ildən sonra olacaqsa, demək, on ildən sonra da ola bilər. Dünyanın, həyatın sonu, sel, labüd ölüm kimi “gözəl” mövzular üzərində başlayan söhbət dizinin dibini kəsdirdiyimiz nənəmizə verdiyimiz belə bir sualla qurtarardı: “Biz də böyüyəndə öləcəyik, nənə?” O da gülümsəyər, başımızı sığallayıb deyərdi, yox, siz ölməyəcəksiniz, siz böyüyən vaxta qədər həkimlər elə dərman tapacaqlar ki, insanlar daha ölməyəcək. “Bəs birdən hər yanı sel bassa?”- bu sual heç ağlımızdan çıxmazdı. “Elə şey olmaz, qorxmayın”, - nənəmiz bizə təsəlli verərdi.

Sizə 35 il öncədən danışıram. O vaxt da eynilə indiki kimi dünyanın sonu, planetlərin düzülüşü, Yer üzünü su basacağı barədə söhbətlər yayılardı. Bu söhbətlər haradan çıxırdı, necə yayılırdı, bunu kim edirdi – bu gün də bilmirəm. Amma ölkədə çıxan heç bir qəzetdə, jurnalda bu mövzularda sətir də yazılmazdı, kəlmə də kəsilməzdi. İnsanları təlaşlandıran, kütləvi şəkildə həyəcanlandıran mövzularda yazmaq yasaq idi. Görünür, məhz ona görə 30-35 il öncə dünyanın sonu ilə bağlı indiki kimi kütləvi həyəcan yaranmırdı.

Yaza-yaza bu səhərin söhbətiymiş kimi xatırlayıram, bir gün evimizin arxasından keçən arxın üstündəki körpüdə ayağımızı suya sallayıb oturduğumuz yerdə əminəvəsi olduğumuz tay-tuşlarımızdan biri əndişəli halda gəlib dedi ki, bir az əvvəl böyüklərin söhbətinə qulaq asıb və dəhşətli sözlər eşidib. Əminəvəsi danışdı ki, böyüklər dünyanın sonunun hansısa kitabda yazılan əlamətlərini sayıblar və onlar beləymiş: birincisi, hakimiyyətə seyidlər gələcək, sonra qadınlar kütləvi şəkildə şalvar geyəcəklər, ondan sonra hakimiyyət qadınların əlinə keçəcək, ardınca da Yer üzünü su basacaq.

O zaman biz bu söhbətdən çox da narahat olmadıq. Çünki dünyanın sonunun əlamətlərindən heç biri ortada yox idi: hakimiyyətdə bir nəfər də olsun seyid yox idi, qadınlar şalvar geymirdi, hakimiyyətdə isə Hindistanın baş naziri İndira Qandidən başqa qadın xeylağı yox idi. O söhbətdən təxminən altı ay sonra İranda Xomeyni hakimiyyətə gəldi və həmin söhbəti yadında saxlayanlar bir az narahat oldu. Çünki Xomeyninin seyid olduğunu deyirdilər və bu, bizə o qədər də xoş olmadı. Əgər həmin vaxt başqa ölkədə daha bir seyid hakimiyyətə gəlsəydi lap qorxardıq. Azərbaycanda isə Nazirlər Sovetinin Seyidov soyadlı bir sədri vardı, ancaq ona görə narahat deyildik. O vaxt o, aparıcı adam deyildi, real hakimiyyət başqalarının əlindəydi.

Ən ürəkaçan fakt o idi ki, qadınlar şalvar geymirdi.

Bir az böyüdük, astronomiya dərsi keçdik, başqa kitablar oxuduq, kainat, təbiət elmlərinə vaqif olduqca, dünyanın sonu haqqında söhbət öz qorxulu məqamlarını itirdi. Başqalarını bilmirəm, mən artıq zərrə qədər də xurafat, mövhumat saçan heç bir şeyə inanmırdım və qorxmurdum.

1980-ci ildə planetlərin düzülüşü barədə söhbət çox aktuallaşmışdı. Bu barədə hansısa xarici qəzetdə yazmışdılar, necəsə gəlib bizim ölkəmizə, kəndimizə də çıxmışdı və bu, hər kəsin dilində gəzirdi. Məktəbdə müəllim bəzi cüvəllağı uşaqlardan dərs soruşanda deyirdilər, ay müəllim, daha niyə oxuyaq ey, onsuz da dünyanın axırıdır.

Ötən əsrin 80-ci ilindən təxminən bir qərinə (düz 32 il) vaxt keçib, dünyanın axırı hələ də çatmayıb. Yer üzündə dövlətlər artıb, müharibələr, konfliktlər çoxalıb, gərilib, 3-4 milyard insan artıb, amma planet öz yerindədir, milyon il əvvəlki kimi öz oxu ətrafında, öz günəşinin başına dolana-dolana fırlanır.

O vaxtlar biz ən çox nüvə müharibəsinin başlanmasından qorxurduq. Dünyanın sonunu məhz nüvə müharibəsinin gətirə biləcəyini düşünürdük. Əsasımız da vardı. O vaxtlar dünyada hamı – naxırçı İmandan tutmuş prezidentlərə qədər hər kəs bundan danışırdı. İldə 12 dəfə dünyanın müxtəlif şəhərlərində sülh konfransları keçirilirdi, onlara bütün sənət adamları qatılırdı. Elə konfransların birində bir bolqar rəssamı öz karikaturasını təqdim etmiş və beynəlxalq mükafat almışdı. Onun çəkdiyi karikatura bu gün də yadımdadır. Rəssam adi kibrit çöpü çəkmişdi, sadəcə çöpün başındakı kükürdlü hissədə Yer planetinin təsvirini vermişdi. Karikatura planetimizin hər an kibrit çöpü kimi alışıb yana biləcəyini dürüst anlatdığından mükafat almışdı.

Bu gün nüvə müharibəsi təhlükəsi yoxdur. Söhbəti də getmir. Amma insanlar əndişəli, narahatdır. Hətta srağagün “dünyanın sonu”nu ürəyinə salıb hey bu barədə danışan bir şəxs 21-i gecəsi yatıb və yuxudaykən ölüb. Həyəcana ürəyi tab gətirməyib adamın. Həmin gün onun üçün doğrudan da dünyanın sonuymuş, demək.

Dünyanın sonu barədə əlamətlərə qalsa, hazırda onlar 33 il əvvəl ayağımızı arxın üstündəki körpüdən suya salladığımız vaxt eşitdiyimizdən daha çoxdur. Hakimiyyətdəki seyidlər artıb – bir, qadınlar kütləvi şəkildə şalvar geyir – iki, dövlət başına keçən qadınların sayı durmadan artır – bu da üç (buna misal olaraq Finlandiya, Almaniya, Braziliya və başqa ölkələri göstərmək olar ki, qadınlar tərəfindən idarə olunurlar. Cənubi Koreyada isə iki-üç gün öncə ilk qadın baş nazir seçildi).

Ancaq bütün bunlar hələ dünyanın axırının çatmasından xəbər vermir.

Ona görə də indi biz böyüklər qorxudan gözləri böyümüş 10-12 yaşlı uşaqlara, “elə şey heç vaxt olmayacaq, qorxmayın” deməliyik ki, onlar da 35-40 ildən sonra öz balalarına elə desinlər.

Bir də “həkimlər elə bir dərman tapacaqlar ki” demək lazımdır, mütləq lazımdır...

# 3074 dəfə oxunub

Müəllifin son yazıları

# # #