Onun çalışdığı bankla üzbəüzdəki parkın arasından bir yol keçirdi. Ona görə də Niyazi evə getməzdən öncə yolunu parkdan salmaq, may ayının təmiz və sərin havasında oturaraq bir az qəzet oxumaq qərarına gəldi və sağına-soluna baxaraq yolu keçdi.
Ayın bu vaxtları günün altında isti, kölgədə isə çox sərin olur, adam bilmir, pencəyini əlində tutsun, yoxsa əyninə geyinsin. Niyazi pencəyini çıxarıb qolunu üstünə aldı, yenicə yarpaqlayan ağacların qotur kölgə saldığı skamyada oturdu və pencəyinin qoltuq cibinə qoyduğu qəzeti çıxardı. Əslində o bu qəzetdəki xəbərləri hələ səhər-səhər oxumuşdu, indi də köşələri, reportajları oxuyacaqdı.
Park demək olar ki, boş idi. 30-40 metr o tərəfdəki skamyada iki qadın oturub söhbət edirdilər, qarşılarındakı meydançada isə 5-6 yaşlı iki uşaq guya ki, futbol oynayırdılar, topu vurur, dalınca qaçır, çatır, yenə vurur, yenə topu qovub tutmaq istəyirdilər.
Niyazi nəzər yetirdiyi məqalənin birini bitirib ikinciyə keçəndə uşaqlardan birinin vurduğu rezin top dığırlana-dığırlana ona tərəf gəldi və onun oturduğu skamyanın yanından adlayaraq çəmənliyə getdi. Uşaqlar çığırışa-çığırışa, bir-birini itələyə-itələyə topa tərəf qaçdılar, skamyanın yanından ötdülər, ancaq səsləri qəfildən xırp kəsdi.
Niyazi gözünün ucuyla onsuz da qaçan uşaqları izləyir, onların hansınınsa bu saat yıxılacağını gözləyirdi, ona görə də istər-istəməz skamyanı ötüb çəmənlikdəki topu götürmək istəyən uşaqlara baxdı.
Uşaqların topu çəmənlikdə, ağacın dibində ölü kimi uzanmış bir adamın ayağının altındaydı. Uşaqlar bu adamdan qorxmuşdular və hələ də qorxur, yaxınlaşıb topu götürməyə cürət etmirdilər.
Adam 55-60 yaşlarında, arıq, sümüklü, saçları dağınıq, saqqallı bir kişiydi, əzilmiş pencəyi ilə uzanmışdı, mürgüləyirdi.
- Bu kimdir? – deyə uşaqlardan biri Niyaziyə baxa-baxa, ondan kömək gözləyərək soruşdu.
Niyazi onu cürətləndirdi:
- Qorxmayın, bomjdur, yatıb, yavaşca topu götürün, qaçın.
Uşaqlardan biri, güman ki, ən cürətlisi ehtiyatla topu kişinin ayağı altından götürdü, bir gözüylə ona baxa-baxa çəmənlikdən çıxdı. Uşaqlar bir-birinə qoşularaq analarına sarı götürüldülər.
Niyazi qəzetdə oxuduğu məqaləyə qaldığı yerdən davam etdi.
- Mən bomj deyiləm, - arxadan, ağac dibində mürgüləyən kişinin uzandığı səmtdən səs gəldi və Niyazi istər-istəməz geri qanrıldı.
Ağac dibində uzanmış və üz-gözündən, bütün görünüşündən səfillik yağan kişinin gözləri hələ də yumuluydu.
- Mən heç səfil də deyiləm, - o dilləndi, - deyəsən, üstümü unlu gördün, hesab elədin ki, pekarnıda-zadda işləyirəm.
Niyazi naqolay vəziyyətə düşdü, nə deyəcəyini bilmədi, amma hər halda nəsə deməliydi və dedi:
- Bilirsiz, mən dedim ki, yəni uşaqlar sizə mane olmasınlar, oyatmasınlar. Mən o mənada demədim.
Kişi gözünü açdı, qəddini dikəltdi, kürəyini ağaca söykədi, amma ayağa qalxmadı, nüfuzedici nəzərlərini Niyaziyə dikərək, onun ağ köynəyinə, qalstukuna, tünd rəngli kostyumuna, təmiz təraş edilmiş sifətinə, qısa vurulmuş saçına nəzər yetirərək zabitəli səslə dedi:
- Özün də savadlı oğlana oxşayırsan, yəqin bomj sözünün mənasını bilirsən.
Niyazi onsuz da pərt olmuşdu, ona görə də səfilə oxşayan bu adamla söz güləşdirmək, söhbət xırdalamaq fikrinə düşmədi və “bomj” sözünün mənasını açmağa da girişmədi.
Kişi bu zəhməti öz üzərinə götürdü:
- Bomj rus abbreviaturasıdır, - o, bu sözü xüsusilə aydın tələffüz etdi, - “bez opredelyonnoqo mesto jitelstva” sözlərinin baş hərflərindən düzəlib, bizim dilə tərcüməsi belə çıxır: “Müəyyən yaşayış yeri olmayan”. Qısa desək, MYYO.
Kişi öz tapıntısına özü də güldü. Onun ağzında bir neçə dişi çatışmırdı, mırıq idi.
- Əcəb də alınır ha. Mıyyo. Hələ “y” hərfinin birini də ixtisar eləsək, olar myo. Onsuz da sərsəri pişiklərlə bomjların arasında elə bir fərq yoxdur.
Niyazi onun zahiri görünüşü ilə danışığı arasındakı ziddiyyətin fərqinə varmaqdaykən kişi yenidən təkrar etdi:
- Amma mən bomj deyiləm, səfil də deyiləm. Müəyyən yaşayış yerim də var. İşim də.
O ayağa qalxdı, şalvarının və pencəyinin üstündəki ot və çör-çöp qırıntılarını çırpdı, gəlib skamyada, Niyazidən bir-iki metr kənarda oturdu. Niyazi aradakı gərginliyi yumşaltmaq üçün dedi:
-
Hə, mən səhv saldım. Görürəm, siz intellektual adamsınız, – o qısa pauza verdi və kişinin nədən açıq havada, ağac dibində yatmasını başa düşdüyünü bildirmək qəsdi ilə əlavə etdi. - Yuxudur də, bir də görürsən, adamı durduğu yerdə aparır, gərək dərhal gözünü yumub beş dəqiqə olsa da mürgüləyəsən.
Kişi onun sonrakı sözlərinə əhəmiyyət vermədi.
- İntellektual deyəndə, iki universitet qurtarmışam mən, - deyə o, öyünürmüş kimi bir ədayla, bir az da istehzalı görkəmdə qeyd etdi. – Birini cavan vaxtı, pedaqoji, birini də içəridə. Həyat universiteti.
Əslində, Niyazi ilk gördüyündə onun keçmiş məhkum olduğunu yəqin etmişdi, amma artıq adam özü də təsdiqləyirdi və aydın idi ki, o, həbsxanada uzun müddət yatıb.
“Beləsi ilə ehtiyatlı olmaq lazımdır”, - deyə düşünən Niyazi yaranmış ilk fürsətdə sağollaşıb getməyə qərar verdi. Hələlik qorxulu bir durum yox idi.
- Cavan vaxtı mən müəllim olmuşam, on ildən çox müəllim işləmişəm, - kişi söhbətə başladı. - Sonra həyat başqa cür alındı.
Niyazi ona sual vermək istəmirdi, bilirdi ki, hər sual söhbətin uzanması deməkdir, amma nəsə demək də lazım idi. Yoxsa kişi yanlış başa düşərdi və “bomj” adlandırılmasına görə də yenidən əsəbiləşərdi.
- Ruslarda bir söz var, - Niyazi dedi, - deyirlər, ot sumı i ot tyurmı ne zarekaysya. Yəni türmədən və dilənçilikdən heç kəs sığortalanmayıb.
- Ay sağ ol, - kişi məmnun-məmnun gülümsədi. – Xoşum gəldi səndən. Panyatkalı oğlansan. Sənin kimilər indi azdır. Universitet qurtarırlar, baxırsan ki, heç nə bilmirlər.
O bir az susdu və davam etdi:
- Məsələn, mən indi səndən soruşsam ki, Antanarivu hansı ölkənin paytaxtıdır, Surinam harada yerləşir, bəlkə də biləcəksən. Amma çıxaq yüz ali təhsilli adamdan soruşaq, doxsan beşi bilməyəcək, bilsələr, bıçağı çıxarıb qulağımı kəsərəm.
O, bu sözləri deyərkən, əlini pencəyini sağ yan cibinin üstünə vurdu. Güman ki, bıçağı o cibində idi.
Niyazinin işinin xüsusiyyəti eləydi ki, demək olar, dünyanın əksər ölkələri ilə əlaqələri vardı, ona görə də yüzlərlə şəhərin hansı ölkədə olduğunu bilirdi, ancaq o, indiki halda öz coğrafi biliyini səfil olduğunu inkar edən kişiyə göstərsəydi, mübahisəyə girişmiş, söz güləşdirirmiş kimi görünəcəkdi. Niyazi belə adamların psixologiyasını az-çox bilirdi, anlayırdı ki, kişi onun bisavadlığından xoşhal olacaq. Ona görə də o, Antanarivunun hansı ölkənin paytaxtı olduğunu bilmədiyini dedi, eyni zamanda Surinamın harda yerləşdiyini soruşdu.
- Surinam Mərkəzi Amerikada yerləşir, - kişi üstün savadını nümayiş etdirməkdən zövq ala-ala dedi. – Futbolçu Ruud Qullit eşitmisən? Bax, o oralıdır. Vaxtıyla Hollandiyanın müstəmləkəsi olub. Yəqin Hollandiyanı tanıyarsan. Elə dögül, ala?
Bu, Niyazinin sevmədiyi, hətta zəhləsi getdiyi müraciət forması idi. Yenə yeniyetmələr və gənclər bu kəlmədən istifadə edəndə birtəhər dözmək olurdu, ancaq yaşlı adamların dilində səslənən “alə” ifadəsi onda ikrah doğururdu. Bununla belə, o, indiki halda həmin xitaba görə kişiyə hər hansı bir irad tutmağı lazım bilmədi.
Hər halda, görünürdü ki, o, elə-belə adam deyil, üstəlik, zabitəli olsa da, aqressiv təsir bağışlamırdı. Niyazi hesab etdi ki, onunla söhbəti bir qədər dərinləşdirmək olar. İnsandır, bəlkə bir köməyə ehtiyacı var, bəlkə bir zənglə hansısa işini düzəltmək mümkündür.
Onlar bir az ordan-burdan söhbət elədilər. Niyazi ona küçənin o tayındakı bankda işlədiyini dedi, haralı olduğunu, hazırda harada qaldığını soruşdu.
- Keşlədə oluram. Köhnə türmə xlebnikimlə. İndi də həm də smenşikik. Şirkətdə gözətçilik edirik. Birtəhər başımızı girləyirik.
Aydın oldu, adamın ailəsi-uşağı yoxdur. Ola bilsin, türmədən əvvəl olub, amma sonra dağılıb. Hələ bilmək olmaz ki, onun başına nə iş gəlib. Bəlkə ümumiyyətlə, türməyə arvadını öldürdüyü üçün düşüb. Bəlkə arvadı uzun müddət gözləyib, sonra boşanıb? O, bunları birbaşa soruşa bilməzdi, kişini cırnada bilərdi. Ancaq həm də maraqlıydı.
- Bilirəm, - kişi dilləndi, - bu saat fikirləşirsən ki, görəsən, bu adam hansı cinayətə görə türməyə düşüb. Elədimi? – o, sualına cavab gözləmədən soruşdu: - Davay, uqadat elə, görüm, səncə, mən türməyə nəyə görə düşmüşəm.
Niyazinin beyni sürətlə çalışmağa başladı, düz olsa da, olmasa da, elə bir cinayət seçib deməliydi ki, böyük ehtimalla sağ cibində yaylı bıçaq gəzdirən bu adamın xətrinə dəyməsin. Durub “zorlama üstündə”, “oğurluğa görə”, “quldurluq üstündə” deyə bilməzdi. Nəhayət, tapdı:
- Məncə, sizin kimi intellektual bir adam ya nəsə bir tələyə düşüb, ya da kimsə toyda-nişanda ilişib, sataşıb, vurmusunuz, ölüb.
Kişi başını buladı:
- Karoçi, yaxınlaşdın, amma tapa bilmədin. Nəysə.
Sonra o cəmi üç cümlə ilə həyat hekayəsini danışdı. Öz maşınıyla həyat yoldaşı ilə birgə rayondan gəlirmiş. Yol polisi postunda onu saxlayırlar, deyirlər, bu kapitanı da şəhərə apar, bu da götürür, yolda kapitan artıq-əskik danışır, qaş-göz süzdürür, bu da onu maşından endirir, sifətinə bir kəllə qoyur və adam ölür.
- Bir kəlləyə görə on dörd il iş verdilər, getdim.
Niyazi onun bu hekayətinə inanmadı. Çünki o, eynilə buna bənzər bir əhvalatın iki-üç ay öncə baş verdiyini qəzetlərdən oxumuşdu. Ancaq o, özünü bu hekayətə inanmış kimi göstərdi və onun məhbəsdən çıxdıqdan sonrakı həyatı ilə maraqlandı. Həbsxanadan çıxandan sonra evinə gəlməyibmi, öz köhnə işinə qayıtmayıbmı?
Kişi ona çəpəki baxdı.
- Mənim adım Sədidir. Bu adı mənə atam verib. Ədəbiyyat müəllimiydi atam. Sədi Şirazinin şərəfinə qoyub. Sədi Şirazi barədə eşitmisən? Şair olub. Qəzəllərini radioda hərdən oxutdururlar. Hə, nə deyirdim? – Kişi bir anlıq tutuldu, alnını ovuşdurdu və əlavə etdi: - O Sədi Şirazinin bir misrası var, deyir, “Sədi, sənə layiq deyil yardan giley, ey bivəfa”...
Kişi susdu, boşluğa baxdı, gözləri yol çəkdi, sonra davam etdi:
- İndi onun sözü olmasın, bu Sədiyə də layiq deyil bəzi şeylərdən danışmaq. Karoçi... Ağzında on dörd il deyirsən. Sağlam, içməyən, çəkməyən adam girir türməyə, ordan alkaş, nəşəxor kimi çıxır. Gəlib görürsən, bütün həyatın puç olub gedib. Gərək gedib bir tərəfdə pasledni çasını gözləyəsən...
Niyazi yenə nə deyəcəyini bilmədi. Bəlkə də həyatı korlanmış bu adamı daha yaxşı işə düzəltmək, daha şəraitli qalacaq yer təşkil etmək mümkün idi, amma onun itirilmiş illərini heç kəs ona verə bilməzdi. Altmış yaşının astanasında o, yenidən ailə qurası deyildi, üstəlik, xəstəhal və həyatdan əlini üzmüş durumdaydı.
Qısa pauzadan sonra Sədi kişi uzun çəkən məhbəs həyatından maraqlı hesab etdiyi hadisələri danışdı, dustaqların bir-birinə, rəislərə münasibətindən bəhs etdi. Niyazi bu kimi hadisələri çox eşitmiş, oxumuşdu, bilirdi. Ancaq Sədi kişinin söhbətində bir ifadə onun xoşuna gəldi. Sabiq məhkum dedi ki, yalan sözdür, türmə heç kəsi islah etmir, əksinə, məhv edir.
Bir az da yanaşı oturdular. Susdular. Mənasız mövzularda danışdılar.
- İçkiylə aran necədir? – Niyazi ona içki pulu vermək qəsdiylə soruşdu.
- Çox pis. Türmədə napitok içə-içə qaraciyərimizi də becərdik. İndi heç düz-əməlli pivə də içə bilmirəm. Amma arada uşaqlar gətirir, nəşə-zad çəkirəm. Yoxsa tablaşmaq olmaz. – O susdu və rişxəndlə əlavə etdi. – Yəqin ki, bir şey qalmayıb. Bir gün top oynayan uşaqlar gəlib burda məni tapacaqlar və qışqıracaqlar ki, mama, burda bir bomj ölüb. “Umer kakoy-to bomj” deyəcəklər.
Niyazinin ovqatı tamam pozuldu, hiss etdi ki, qalxıb getməsə, tamam pis olacaq. Amma birdən-birə durub Sədi kişini tərk etmək də arına gəldi. Bir müddət tərəddüd edəndən sonra o, əlini köynəyinin döş cibinə atdı, cari xərclər üçün ayırdığı pulların içindən bir on manatlıq əskinas seçib Sədi kişiyə uzatdı:
- Ağsaqqal, bunu götür, saç-saqqalını qaydasına sal, - üzünə təbəssümlü ifadə verərək əlavə etdi: - Uşaqlar da səni görüb myo hesab eləməsin.
Deyəsən, bu zarafat Sədi kişinin xoşuna gəldi, amma o, əlini pula uzatmadı, dedi.
- Sən panyatkalı oğlansan, bankir qədeş, sağ ol.
Niyazi israr etdi, pulu az qala zorla onun cibinə basdı.
- Götür, götür. Bayaq dediyim kimi, heç kəsin aqibətini bilmək olmaz.
Kişi pencəyinin döş cibinə basılmış pulu oradan çıxarmadı. Niyazi pencəyini əyninə geydi, qəzeti götürüb cibinə qoydu və Sədi kişiylə sağollaşıb ondan aralandı. O, təxminən altı-yeddi addım atmışdı ki, arxadan Sədi kişinin səsi eşidildi:
- Bankir, mən sənə düz demədim, mən türməyə başqa şeyə görə düşmüşəm. İstəyirsən danışım?
Niyazi ayaq saxladı, geri qanrıldı:
- Bilirəm, Sədi kişi, amma sənə layiq deyil giley-güzar. Əslində mən də sənə düz demədim, mən Antanarivunun hansı ölkənin paytaxtı olduğunu bilirəm. Madaqaskarın, - və dönüb getdi.
Arxadan yenə səs gəldi:
- Allah canıvı sağ eləsin, qədeş.