Nə vaxt sevişməli?

Nə vaxt sevişməli?
17 may 2013
# 10:49

Zaman: XXI əsr.

Məkan: Azərbaycan.

Mövzu: Nə vaxt sevişməli, toydan əvvəl, ya sonra?

Əslində yazı burda bitməliydi, amma iki cümləni kim yazı deyib dərc edəcək? Gördüyünüz kimi ölkədə azadlıqdan məhrum olunan təkcə seks deyil. Ona görə də davam edək.

Yaxşı ki, bu ölkədə yazılan, deyilən nə varsa ölkədən kənara çıxmır. Yaxşı ki, bütün bunları özümüz oxuyub, özümüz müzakirə edirik.

Aya peykimizi də uçurduq, amma hələ də intim həyatımızı bir tərəfə çıxarda bilmədik.

Həyatımızı yaşamağa cəsarətimiz çatmadığı halda hamını ittiham etməkdə cəsarətliyik.

Bu mövzunu müzakirə etməyin özü belə əcaibdir. Sonunda sənə dünyanı yox, özünü idarə et deyirlər.

Bizim insan sevməyi öyrənəndə ən çox sevilmək istəyənlər ona rüşvət təklif edib. Körpəlikdən uşağın cibinə pul qoyulub, əlinə konfet verilib ki, səndən “kimi çox istəyirsən” soruşanda məni de. Uşaq da hələ özünü dərk etmədən, sevginin nə qədər gəlirli bir sahə olduğunu anlayıb.

Siz heç eşitdiniz ki, bir qız bəyənmədiyi oğlan haqda “Mən onunla sevişə bilmərəm” desin? Amma hamısı belə deyir: “Kasıbdı, maaşı azdır, məni necə saxlayacaq?”

Ərə gedəndə belə “sevgi”sinin əvəzi yaxşı ödənməlidir.

İndi bu insana azad seks artıq doza qəbulu sayılmazmı?

Seksin azad olduğu ölkələrdə belə minlərlə insan sevişmək üçün toyu gözləyir.

Seksin azad olmadığı ölkələrdə belə minlərlə insan sevişmək üçün toyu gözləmir.

Yəni dünya bu problemi çoxdan çözub. Sakitləşməli və ürəyinizdə bir-birinizə qarşı yığılan aqressiyanı bəkarət adı altında püskürməməli. Bu müzakirəyə buraxılmadan, hər kəsin öz-özünə qərar verəcəyi bir şeydir.

Amma bununla bağlı bir neçə sualım var. Onları burdan Azərbaycan Respublikası Dövlət Milli Mənəvi Dəyərlərin Müdafiəsi Komitəsinin səlahiyyətlilərinə ünvanlayıram:

21 ildir yüzlərlə qadını əsirlikdə olan bir xalqı təkcə qızlarının toya qədər sevişməməyi namuslu xalq edəcək?

Talelərindən xəbərimiz olmayan əsirlikdə təcavüzdən doğulan qızlar da bizim qeyrətimiz sayılırmı?

Anaların küçədə diləndiyi, ataların qızının yatağından boylandığı bir məmləkətdə qeyrətimiz qızların bəkarəti iləmi sığortalanır?

Bunları keçək, o qədər də önəmli deyil. Sizin Dövlət Komitəsinin əsasnaməsinə əsasən bakirəlik abır-həya deməkdirsə, bir qızın səsi çatan qədər “bakirəyəm” çığırması əsasnamənizin tələblərinə cavab verirmi?

P.S. Bizim insanla nəinki azad seks, azad heç nə etmək mümkün deyil. Sıfırdan başlamalı, yenidən uşaq doğmalı və onu azad böyütməli. Məsələn, ona əvəzsiz, qarşılıqsız sevməyi öyrətməli. O da zamanı gəlincə öz bədəni və hissləri ilə daha doğru davrana biləcək.

# 13494 dəfə oxunub

Müəllifin son yazıları

# # #