Doğru, bu əsər yazılmamalıydı... Yazılmışdısa da, üzə çıxmamalıydı... Üzə çıxmışdısa da indi yox, biz öləndən sonra olmalıydı bu...
Biz onsuz da həyatımızda sığınmağa bir həqiqət tapmırıq... Gözlərimiz önündə tarix yalana, cəfəngiyata çevrilir, səsimizi çıxarmırıq... Axı yalan yalandır... Orda erməninin olub-olmamağından asılı olmayaraq, yalan yalandır...
Biz yalana yox deməkdənsə, zurna-balabanla əsər dəfn edirik... Xalq yazıçısını diri-diri gömürük...
Bizim tək həqiqətimiz odur ki, həmişə istər məmurun, istər fəhlənin, istər polisin, istər məhbusun, istər varlının, istər kasıbın bir gözündən axan yaşın səbəbi erməni olub...
Qarşıdan Xocalı faciəsinin 21 illiyi gəlir... Təklif edirəm bu günü xalq yazıçısının bizə verdiyi ideya ilə qeyd edək... Erməni ucbatında ölən, öldürülən hər azərbaycanlı üçün bir şam yandıraq... və onun şəfəqini yazıçı təxəyyülü kimi yox, həqiqət kimi dünyaya yayaq...
Erməni əlindən doğmasını itirən hər insan bir şam yandırsın...
Cəmi bir şam...
Bu ki, İstanbula gedib “Hamımız xocalılıyıq” demək qədər bahalı deyil. Bu aksiyada hamı iştirak edə bilər. Əksəriyyət dekabrda qiyamətə hazırlaşarkən ömürlük şam ehtiyatın görüb, hərə bir şamla bütün Azərbaycanda “Hamımız TÜRKÜK” deyərək doğmasının ruhuna bir şam yandıra bilər...
Mən 21 dekabr üçün şam almamışdım, ümumiyyətlə qiyamət qorxum yox idi... Çünki mən yer üzündə görülməsi mümkün olan ən dəhşətli qiyaməti – MÜHARİBƏni görmüşəm...
Mən 26 fevralda öz atamın adına bir şam yandıraraq “Mən TÜRKƏM, atam da TÜRK idi” deyəcəm... və yanımda yüzlərlə erməni ucbatından atasız qalan qızlar, oğlanlar dayanacaq...
Anamla yanaşı yüzlərlə sevdiyi kişini itirən dul qadınlar dayanacaq...
Bibimlə, əmimlə yanaşı yüzlərlə erməni əlində bacısı-qardaşı ölən bacılar, qardaşlar dayanacaq...
Hər ruha bir şam yandıraq... Erməni ucbatından həyatı nisgilə çevrilmiş hər insan bir şam yandırsın... və onda görəcəksiz ki, o milyonların içində xalq yazıçısı Əkrəm Əylisli də dayanacaq...
P.S. Mən şəhid qızı deyiləm, amma atamın ölümü müharibədən çox əvvəl erməni əlindən olub.