Bir ovuc kül - Vüqar Vanın yeni hekayəsi

Vüqar Van, gənc yazar

Vüqar Van, gənc yazar

3 oktyabr 2023
# 09:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Vüqar Vanın “Bir ovuc kül” adlı yeni hekayəsini təqdim edir.

Şəlalə "Vəfalı qızlar" kafesində xadimə olmasına baxmayaraq, özünü həddindən artıq sərbəst aparırdı. Kənardan baxan, vəziyyətdən xəbəri olmayan adam elə düşünərdi ki, kafenin sahibi Şəlalədir. O masaların arasında gəzişərək müştərilərlə zarafatlaşır, ofisiantlara tapşırıqlar verirdi. Orta boylu, uzun saçlı, qalın dodaqlı, qarayanız Şəlalənin təxminən iyirmi səkkiz-otuz yaşı olardı. Müştərilər "Vəfalı qızlar" kafesinə həm də onun xoş davranışına, şirin dilinə görə gəlirdilər.

Şəlalə "Vəfalı qızlar" kafesinin sahibi Kərəmin ürəyini çoxdan oğurlamışdı. Atalar düz deyiblər. Qulluqçusuyla yatan qabını özü yuyar. Məhz ürəyi oğurlandığına görə Kərəm Şəlalənin sərbəst davranışlarına dözməyə məcbur olurdu.

Kərəm dörd il əvvəl ailə həyatı qurmuşdu. Evdə özünü sadiq, ailəcanlı, qayğıkeş kişi kimi aparırdı. Ərinin ona hansısa yoldan ötən bir xadimə ilə xəyanət etməsi arvadı Mətanətin ağlına belə gəlməzdi... Mətanət ərini sadiq kişi kimi tanıyırdı. Ərinin xadiməylə sevişdiyini bilsəydi Mətanətin ürəyi partlayıb, ölərdi.

Avqust ayının sonları idi. Sərin meh əsirdi. Uzun bürkülərdən sonra sərin meh insanlara xoş əhval-ruhiyyə gətirmişdi. "Vəfalı qızlar"ın həyətində tüstülənən böyük samovar yaxınlıqdan keçən insanları bir növ kafeyə dəvət edirdi.

Kərəm kafenin mətbəxinə keçən zaman Şəlalə ilə toqquşdu. Şəlalənin kefi yerində deyildi və Kərəm bunu hiss etdi. Həyəcanla Şəlalədən niyə qəmgin olduğunun səbəbini soruşdu.

– Həyatım, niyə qəmginsən, sənə nə olub?

– Yaxşı ki, qəmgin olduğumu hiss etdin. Bizim münasibətimiz məni darıxdırır. Başa düş, mən də başqa qadınlar kimi sevgilimlə əl ələ tutub bulvarda gəzmək istəyirəm.

Kərəm Şəlalənin könlünü almağa çalışdı.

– İndi müştərilərimiz çoxdur. Axşam tərəfi ürəyin hara istəsə, gəzməyə gedərik. Narahat olma.

Doğrudan da, hava qaralandan sonra Kərəmlə Şəlalə kafeni tərk etdilər. Ağ rəngli “Toyota” markalı maşına oturub şəhərə tərəf üz tutdular.

Onlar Dəniz Vağzalının yaxınlığında yerləşən "Axırıncı dayanacaq" restoranında, açıq hava altında düzülmüş ağ örtüklü masalardan birində əyləşdilər. Ofisiant sifariş qəbul etmək üçün yaxınlaşdı. Kərəm üzün Şəlaləyə tutub soruşdu.

– Həyatım, ürəyin nə istəyir?

Şəlalə gülümsədi və çiyinlərin çəkdi.

– Sən nə sifariş versən, mən yeməyə hazıram.

Kərəm bu dəfə üzün ofisianta tutdu.

– Sən bizə çoban salatı, göyərti, motal pendiri, limonad, quzu sacı gətir.
Ofisiant sifarişləri qəbul edib masadan uzaqlaşdı.

Ofisiant uzaqlaşan kimi Kərəm Şəlalənin əlini əlinə alıb düz gözlərinin içinə baxaraq sığallamağa başladı. Kərəmin sığalları Şəlaləni yandırırdı. Sahildə isə qağayılar uçuşur insanları sülhə, asayişə, sevgiyə, doğub törəməyə, nəsil artırmağa çağırırdı...

Ofisiant quzu sacını masanın ortasına qoydu. Sanki Bakı küləyi pusquda dayanmışdı. Sac masaya qoyulan kimi dəniz tərəfdən qəfildən möhkəm külək qalxdı. Sacın altındakı közlərdən biri uçub Şəlalənin saçlarına düşdü. Şəlalə bir göz qırpımında yanıb bir ovuc külə çevrildi.

# 2193 dəfə oxunub

Müəllifin son yazıları

# # #