Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Vüqar Vanın “Bir dəfə Rustavidə” adlı yeni hekayəsini təqdim edir.
Tiflis çox bahalaşıb. Həm də sevmir Tiflisi. Ona elə gəlir Tiflisin hay-küyünün, qələbəliyinin içində heç nəyə baxa, heç nəyi eşidə, heç nədən ləzzət ala bilmir. Bundan ötrü hosteli Rustavidə bron edib. Aeroportdan çıxan kimi birbaşa hostelə taksi sifariş verir. Taksinin pulunu ödəyib hostelin qarşısında düşür. “Olivia hostel” lövhəsi asılmış darvazanı döyür. Az sonra damağında siqaret, əynində təkcə şort olan, keçəl bir kişi qapını açır. Onu az qala lüt qarşılamağı xoşuna gəlmir. Nə gürcü, nə də rus dilində bilir. Bir təhər qırıq-qırıq ingiliscəylə özünü təqdim edir və bura nə üçün gəldiyini deyir. Adı Zazadır hostel sahibinin. Zaza dilucu deyinə-deyinə darvazadan çıxır, qabağa düşüb beş-on addım irəlidəki qapıdan onu içəri salır. Başa düşür ki, hostelin giriş-çıxışı burdanmış. Həyətdəki balaca ofisə keçib, taxta stullarda otururlar. Zaza onun pasportunu alıb sənəd işlərini görməyə başlayır. Ofis tör-töküntü, dağınıqdır, içəridə çoxlu tank şəkilləri asılıb, divar kağızındakı gül naxışları solub, köhnəlib. Zaza fasiləsiz siqaret çəkir, siqaretin külünü ağzını tam açmış qurbağa formalı, eybəcər külqabıya tökür, içəridəki boğanaq havanı bir az da ağırlaşdırır. Sənədləşmə bitir, bir-iki kağız imzalayırlar, Zaza ona hostel qaydalarıyla bağlı bəzi şeyləri güc-bəla izah eləyir, vay-fayın şifrəsini verir. O da bir həftəlik ödənişi qabaqcadan edib açarını alır.
Evinin birinci mərtəbəsində Zaza özü qalır, ikinci mərtəbəsini isə turistlərə kirayə verir. İçəri girib əşyalarını yerbəyer edir, otağı ikiçarpayılı, hamam-tualeti və kondisioneri olan sadə bir otaqdır. Çimib uzanır və yolun yorğunluğundan yuxu onu aparır. Bir də axşamüstü oyanır. Otaqda siqaret çəkməyə icazə vermir Zaza. Əvəzində ikinci mərtəbənin balkonunda siqaret çəkmək, çay-kofe içmək üçün bir adamın güclə yerləşə biləcəyi balaca stol-stul qoyub. Siqaretini götürüb balkona çıxır. Yerini rahatlayıb siqaret yandırır. Balkondan Zazanın həyəti görünür, evin qabağında böyük olmayan hovuz tikilib, ətraf isə başdan-ayağa ağaclarla, gül-çiçəklə doludur.
Bir müddət ətrafa baxır, aya tamaşa edir. Çoxdandır israrla yayındığı bəzi fikirləri götür-qoy etmək üçün əlinə yaxşı fürsət düşüb. Ona elə gəlir ki, başqa ölkə, tanımadığı insanlar, dinc və səssiz gecə, insana canlılıq gətirən ay işığı neçə vaxtdır həyatında baş verən hadisələrə yol açan səbəbləri indi aydınlaşdırmağa kömək edə bilərlər. Elə bu vaxt aşağıdakı ofisdən atışma səsi gəlir. Deyəsən, Zaza həddindən artıq yüksək səslə hansısa döyüş filminə baxır. Nə qədər səsə əhəmiyyət verməməyə çalışsa da, fikri yayınır. Günün son siqaretini də çəkib, məcbur içəri – otağına qayıdır. Narazı-narazı, nəyə baxdığına çox da əhəmiyyət vermədən Netflixdə bir şey tapır, baxa-baxa ta səhərəyaxın yuxuya gedir.
Oyananda saat günorta ikini keçib. Yerinin içində telefonda bir az qurdalanır, oyanıb əsgər cəldliyi ilə günə başlamaqdan zəhləsi gedir. Yarım saatdan sonra durub geyinir. Əl-üzünü yuyub, hostelin mətbəxindəki balaca elektrik termosundan özünə çay süzür, çayını da götürüb balkona siqaret çəkməyə çıxır.
Gecə yaxşı seçə bilməyib, sən demə, Zazanın həyəti gördüyündən də böyükdür. Evin qabağındakı hovuzun yanında gün eynəkli, şlyapalı, bikinili bir qadın uzanıb özünü günə verir. Başa düşə bilmir yatıb, yoxsa oyaqdır. Qadın az sonra dikəlir, kölgəliyə keçib telefonunu götürür. Fürsətdən istifadə edib acgözlüklə onun bədəninə, budlarına, sinəsinə, döşlərinə baxır. Zazanın qızıdır. Ya da arvadı. Zazanın qızı olmağı daha çox inandırıcı görünür. Zaza da həyətdədir, damağına siqaret qoyub, maykada hasardibi ağacları sulayır. İstəyir Zazayla salamlaşsın, hal-əhval tutsun, nəsə danışsın, özünü qadına göstərsin, yadına düşür, danışacaq ortaq dilləri yoxdur.
Siqaretini çəkib qurtarır. Karton stəkanını zibil qutusuna atıb, otağına qayıdır. Əynini dəyişib şəhəri gəzməyə çıxır. Acqarına iki saata yaxın gəzir. Rustaviyə birinci gəlişi deyil, şəhəri tanıyır. Sürətlə marketə, işə, evə, restorana, görüşə gedən küçədəki insanlara, adamın yanından keçəndə gözünün içinə baxan küçə itlərinə və pişiklərinə, köhnəlmiş skamyalarda oturub zamanın, gəncliyin, həyatın gözlərinin qabağından ötüb-getdiyinə tamaşa edən qocalara, Kvaratsxelia, Mamardaşvili forması geyinib həyət-bacada futbol oynayan uşaqlara tamaşa edir.
Bir-birindən aralı evlərin pərdəli pəncərələrinin arxasında oturub övladlarının gələcəyiylə bağlı planlar quran gənc valideynlər, dəmir və polad zavodları, Amerika və Avropadan gətirilən maşınların satıldığı nəhəng maşın bazarı, həftə sonları maşın almaq üçün bu bazara axışan insan seli, qüdrətli səsiylə qədim gürcü nağıllarını pıçıldayan Gürcüstanın səsi Hamlet Qonaşvilinin “Rustavi xoru”, hər şeydən əvvəl burda olan və hər şey bitəndən sonra da burda olacaq qırmızı kərpicli kilsələr, əyri-üyrü küçələr Kür çayının sahilində yerləşən bu sənaye şəhərinin barmaq izidir sanki. O da bu barmaq izini yaxşı tanıyır.
Tərləyib. Yorulub. Acdır. Kölgələnmək üçün bir ağac tapır. Bu vaxt yanına kostyumlu, üzləri tər-təmiz qırxılmış, iyirmi-iyirmi bir yaşlarında iki oğlan yaxınlaşır. Oğlanlardan birinin çiynində çanta var, digəri isə əlində blanka oxşar şey tutub. Çox mədəni formada salamlaşıb gürcücə nəsə danışırlar. Onlara gürcü dilini başa düşmədiyini deyir. Onda oğlanlar rus dilinə keçirlər.
– Rusca da bilmirəm, – gülümsəyib, utana-utana bir təhər ingiliscə cavab verir.
– Hardan gəlmisiz? – Oğlanlar bu dəfə ingiliscə soruşurlar.
– Azərbaycandan.
Oğlanlar türkcə danışmağa başlayırlar və o heyrətlənir ki, gənclər necə olub bu qədər dil öyrəniblər. Əslində, indi heç kimlə danışmaq, heç kimə qulaq asmaq istəmir. Sakitcə siqaretini çəkmək, bir az nəfəs dərib nəsə yemək və hostelə qayıdıb yatmaq istəyir. Amma oğlanlar gedənə oxşamırlar.
– Allaha inanırsız? – Blank tutmuş oğlan soruşur.
Gözlənilməz suala nə cavab verəcəyini bilmir, kəkələyir:
– Hə, inanıram, bilmirəm, elə də çox maraqlanmıram, – əslində, inanmır Allaha. Amma indi bu yad ölkədə, bu yad insanlarla allah, din müzakirəsi edəcək halı yoxdur. Üstəlik, düşünür, inanmıram desə, söhbət uzanar.
– Biz Yeni Həyat cəmiyyətindənik, – blanklı oğlan deyir.
– Təriqət deyilik, – çantalı gülümsəyib əlavə edir.
– Əvvəllər biz də Allah haqqında sizin kimi düşünürdük, – blanklı davam edir.
– Narahat olmayın, sizin fikirlərinizi dəyişmək istəmirik. Bizim niyyətimiz hər inancdan olan insanlara ümid mesajı verməkdir.
– İsanın sevgi və xilas mesajını eşitmək istəyirsiz? – çantalı soruşur.
– Yox, çox sağ olun, – heç nə eşitmək istəmir, tək istəyi oğlanlardan canını qurtarmaqdır.
– İsanın zühuru hər zaman vəd edilib. Müqəddəs kitablarda bununla bağlı çoxlu işarələr var. İncilə görə heç kim dünyanın axırının haçan gələcəyini bilmir, amma bizim fikrimizcə bu çox yaxında baş verəcək. Onda hər şey başqa cür olacaq. Daha yaxşı, daha ədalətli, əzabsız və günahsız bir dünyada yaşayacağıq. Bu planetin bütün pislikləri tamamilə silinəcək, hər şey yenidən qurulacaq, – çantalı bayaqkı təbəssümüylə danışır.
– Tanrı bizə heç vaxt üz çevirməyib, əgər biz ona inanmaq istəsək, o da bizi xilas edəcək. O bizə yeni həyat vəd edir. Siz xilas olmaq istəyirsiz? Sadəcə hə, ya da yox deyin, – blanklı oğlan yenə soruşur.
Bir az narahat olmağa da başlayıb. Ağlına gəlir ki, birdən oğlanlar onu aldadıb pul istəyərlər.
– Yox, çox sağ olun, maraqlanmıram, – deyib onlardan uzaqlaşmaq istəyir ki, bayaqdan gülümsəyərək danışan oğlan çantasından bir neçə buklet çıxarıb ona uzadır.
– Vaxtınız olsa, baxarsız. Türk dilindədir. Bizim cəmiyyətindir. Bazar günü görüşümüz olacaq, sadəcə gəlib dinləyə bilərsiz. Heç bir məcburiyyət yoxdur. İstəməsəniz də problem deyil.
Bukletləri götürüb onlarla sağollaşır. Yolboyu bukletlərə bir az baxır, dünyanın axırını düşünür. Allaha inanmır, yalnız bu dünyaya inanır. Daha doğrusu, bu dünyadakı müvəqqəti və təsadüfi xoşbəxtliyə. Bukletləri atmır, qatlayıb şalvarının dal cibinə qoyur, fikirləşir, onsuz da bekarçılıqdır, hosteldə oxuyar.
Hava istidir, çöldə qalmaq olmur, normal bir restoran da tapa bilmədi. Yolüstü marketdən çörək, kolbasa, pomidor-xiyar, kola, dondurma alıb hostelə qayıdır. Dondurmanı yolda yeyir. Hostelə çatanda görür Zaza hovuzdadır. Ona baxmadan içəri keçib aldığı şeyləri ümumi mətbəxdə doğrayır, boşqaba qoyub otağına keçir.
***
Üç gündür Rustavidədir. Arada Bakıdan zəng vurub hal-əhval tutan dostlarını çıxsaq, demək olar, heç kimlə danışmır. Danışmaq, ünsiyyət qurmaq istəyir, amma bacarmır, dil bilmir. Lal kimi yaşayır.
Havalar çox isinib deyə gündüzlər çölə çıxmaq mümkün deyil. Axşamüstüyə qədər yatır, hava bir az qaralıb-sərinləyəndə çıxıb mərkəzi küçələrdə, parklarda gəzişir, voleybol oynayan gənclərə, uşaqlarını gəzməyə çıxarmış valideynlərə, siqaret çəkən topa-topa qoca kişilərə, yaşlı gürcü qadınlara baxır. Yorulana kimi yeriyib təzədən hostelə qayıdır. Gecələr Zaza yüksək səslə döyüş filmlərinə baxır deyə sərin yay axşamlarında hostelin balkonunda oturmaq niyyəti puç olub. Heç səsin əlindən otağında düz əməlli otura bilmir, o ki qaldı balkonda.
Üçüncü gün parkda gəzişəndə gənc missionerlərlə təzədən rastlaşır. Onlar da tanıyıb yanına gəlirlər. Bu dəfə onların doğmalığı xoşuna gəlir, kiminsə onu tanımağına sevinir. Oğlanlar çatan kimi soruşurlar ki, bukleti oxuyubmu? Təəssüflə cavab verir, yox, oxumayıb. Yadından çıxıb, şalvarının cibinə qalıb buklet.
Onlar yenə xristianlıqdan, kilsəyə dəvətdən, xilas yolundan, İsanın qayıdışından, İncilin sirlərindən danışırlar. Bu dəfə maraqla onlara qulaq asır, vaxtı var, fərqi yoxdur, nə olur, olsun, danışmağa adam axtarır. Xeyli söhbət edirlər. Oğlanlar da onun maraqlandığını görüb həvəslə izahlar verirlər.
Onlarla söhbətini bitirib yenidən hostelə qayıdır. Axşamüstüdür, Zazanın qızı yarıçılpaq formada hovuzun kənarında oturub ləzzətlə qarpız yeyir. Qucağında da balaca, süd rəngli bir it var. Fürsət düşmüşkən bir az balkonda oturub yenə qızın açıq yerlərinə baxır. Oğlanlarla söhbətini xatırlayıb bu dəfə bir az günahkarlıq duyğusuyla qızı süzür.
Dördüncü gün səhər nəhayət, Sənan zəng vurur. Günortaya görüş təyin edirlər. Neçə gündür, gündüzlər yatıb gecələr oyaq qaldığı üçün tez durmaq əziyyətli olur. Amma birtəhər oyanır, artıq vədələşiblər. Ünvanını Sənana mesaj atıb. Yuyunur, dünəndən qalmış xaçapuri yeyir.
Sənan danışdıqları vaxtda gəlib çıxır. Qucaqlaşıb görüşürlər. Ümumi hal-əhval hissəsi başa çatdıqdan sonra maşına minirlər. Fikirləşir gedib yemək yeyər, çaxır içərlər. Çoxdandır dadlı yemək yemir, ancaq mədəsini aldadır. İntəhası, Sənan parkda gəzişməyi təklif edir.
Yolboyu çox da danışmırlar. Maşını parkın qabağında saxlayıb düşürlər. Başdan-başa həmişəyaşıl ağaclarla əhatə olunmuş, həddindən artıq böyük park düz Kür çayının sahilində yerləşir.
– Gürcülərin başı xarabdı, bu boyda parkdı bir dənə çay içməyə yer yoxdu, başları çıxmır biznesdən. Verəsən buranı bizimkilərin əlinə bir həftəyə hər yeri restoran eləyərlər. Çayın qırağıdı, yaxşı işləyər, – Sənan deyir.
O da nəsə mızıldanır, di gəl heç özü də tam bilmir nə deyir.
– Yadındadı, biz də Mingəçevirdə Kürün qırağında oturub yedik içdik bir dəfə. Ana onda necə sevinirdi, deyirdi ilk dəfədi çöldə ailəvi yemək yeyirik.
– Yadımdadı.
– Ana necədi? Çoxdandı danışa bilmirəm.
– Xəstələnmişdi apardıq həkimə, damarları tutulub, deyirlər dərman-zad atsa, düzələr, əməliyyat lazım deyil.
Adamlar seyrəlib, irəlilədikcə qarşıda heç kim gözə dəymir. Parkın içərilərinə doğru addımlayırlar, danışmağa söz yoxdur. Şalvarının dal cibində buklet olduğunu xatırlayır, çıxarıb bir az ordan-burdan oxuyur, əzib çaya atır.
– Müalicə lazımdı, – Sənan çaydakı bukletə baxa-baxa deyir.
– Hə, görək də, yazıblar iynə-dərman, gah atır, gah yadından çıxır. Nə bilim, öyrəşə bilmir dərmana. Sənin üçün də darıxır.
İkisi də susur. Kür çayı da, missionerlərin bukleti də onlarla birgə ağır-ağır irəliləyirlər. Düşünür, yaxşı ki gəzişib hərəkət eləyirlər. Gəzəndə söz tapmasan da bir təhər yola vermək olur. Ən çətini ikilikdə, üzbəüz oturub susmaqdır. Adam xəcalətdən yerin dibinə girmək istəyir. Gəzə-gəzə birdən yadına düşür ki, bura gələndən şəkil çəkdirməyib. Telefonu Sənana verib Kürün sahilində onun şəklini çəkməyini xahiş eləyir. Sənan çəkir.
Parkın qurtaracağına gəlib çatırlar, burdan ancaq geriyə yol var.
Sənan deyir:
– Bezmişəm burdan. Yaşamaq olmur. Dillərini də öyrənə bilmədim, hərflərini də. İndi fikirləşirəm burda taksi sürməkdənsə, elə qalıb Bakıda sürərdim. Bunların elə bil bütün dünyadan zəhləsi gedir. Hamıdan zəhlələri gedir. Adamla adam kimi rəftar eləmirlər.
– Hə, çox kobuddurlar, – deyir, sevinir ki təzə mövzu açıldı. Başına gələn bir neçə kobudluq hadisəsini danışır.
– Sən neynirsən? Eşitdim. Boşanmısan, – Sənan soruşur.
– Hə... Alınmadı.
Yenə susurlar.
– Bir şeyim var, istəyirsən çəkək? – Sənan bic-bic gülümsəyir.
– Harda? – Təəccüblənir.
– Narahat olma, maşında. Burda qanunidi, amma ehtiyatlı olmaq lazımdı. Ehtiyat igidin yaraşığıdı.
– Olar, – əslində, istəmir, amma özünü sındırmır.
Maşına qayıdırlar, Sənan parkın yuxarısına, ins-cins olmayan bir yerə sürüb saxlayır. Nəşəni yandırır, əvvəlcə özü iki-üç qullab vurub, ona uzadır. Çoxdandır çəkməyib, bilmir ona necə təsir edəcək. Özü də eşidib ürəyə ziyandı, tərs kimi də son vaxtlar ürəyi sancır. Amma məcbur qalıb çəkir. Tüstünü çox sinəsinə dartmadan Sənana qaytarır.
– Yaxşı dart, tez buraxma, – Sənan nəşəni alıb deyir.
Çəkən kimi ürəyi sürətlə döyünür. Sənan barmağını tüpürcəklə isladıb, nəşənin ucunda gəzdirir, təzədən iki-üç qullab vurub qaytarır. Hərəkətlərindən, rahatlığından hiss olunur ki, çoxdan çəkir, öyrəşib. Şüşələri açıblar. Axşam da bir tərəfdən yavaş-yavaş düşür, hava sərinləyir. Alıb bu dəfə səsi eşidiləcək dərəcədə tüstünü sinəyə dartır. Heç biri danışmır. Əslində, suallar, danışmalı şeylər çoxdur, bayaqdan gözləyir ki, Sənan onu bura niyə çağırdığını danışsın. Amma Sənan yayınır, onun da danışmağa həvəsi yoxdur. Beləcə növbələşə-növbələşə çəkib qurtarırlar. Sənan arada telefonu götürüb kiməsə video-zəng vurur, amma qarşı tərəf cavab vermir.
Əhval bir az dəyişən kimi Sənan taksi işində başına gələnlərdən danışır. Amma daha gecdir, indi onun səsini suyun altında qışqıran adam səsi kimi eşidir. Sənan danışan vaxt bir maşın onlardan üç-beş metr aralıda, qarşılarında dayanır. Maşında otuz yaşlarında bir kişi və eyni yaşlarda qadın var. Kişiylə-qadın onların maşında olduqlarını görmürlər. Maşını saxlayırlar və öpüşməyə başlayırlar. Həm gülməli, həm naqolay vəziyyət yaranır.
– Bunlar belədi, fikir vermə, – Sənan deyir və gülür.
Kişiylə-qadın öpüşə-öpüşə soyunurlar. Kişi oturacağı tam arxaya verib uzanır. Arxası onlara tərəfdir deyə heç nə görmür, amma qadın birdən kişinin üstünə çıxanda onları görür. Əynində köynəyi qalıb, tam soyunmayıb. Sənan doğrudan fikir vermir, deyəsən, belə şeylərə öyrəşib. Telefonda dalbadal video-zənglər edir, cavab almır. Amma o təəccüb və maraqla qarşısında sevişənlərə baxır. Qadınla göz-gözə gəlirlər. Heç biri gözünü çəkmir. Başqa vaxt olsaydı, bəlkə də gözünü çəkərdi, amma indi baxmaq istəyir.
Sənan danışır, deyəsən, onu bura nə üçün çağırdığını izah edir. Amma o daha Sənanı eşitmir, Sənanın səsi uzaqdadır. Qadın gözünü çəkməyib, ona baxa-baxa, ehtirasla kişinin boynundan öpür, yavaş-yavaş irəli-geri hərəkət edir. O da oturacağını arxaya verib yarı uzanıqlı hala gətirir. Qadının gözünün içinə baxsa da, sanki onu görmür, ona fokuslana bilmir, saniyədə yüzlərlə şey ağlına gəlib-gedir. Çiyinləri düşüb, əzələləri boşalıb. Göz qapaqları ağır-ağır yumulub-açılır. Ürək döyüntülərini eşidir. Yaddaşı deşik-deşik olmuş kağız kimidir. Çox vacib bir şey xatırlayır, dərhal da unudur. Şüurunun tam qapanmadığı, yarıyuxulu bir vəziyyətə qərq olduğunu başa düşür. Görür, eşidir, hiss edir, amma həm də bütün duyğu üzvləri keyləşib. Gözlərinin içinə baxa-baxa qarşısında sevişən bu yad qadın ona indi tanış adam kimi görünür. Sanki onu nə vaxtsa, hardasa görüb, bədəninin hər bir nöqtəsinə bir az acgözlüklə, bir az da günahkarlıq duyğusuyla diqqətlə tamaşa edib.
Sənan danışır, qadın ona baxa-baxa sevişir. Bir müddət belə davam edir, nəhayət sevgililər işlərini bitirirlər. Sənan da sanki onları gözləyirmiş kimi sözünü qurtarır, üzünü ona çevirir, qolundan tutub silkələyir: “Hə nə deyirsən? İstəyirsən? Hə, ya yox? Cavab ver”.
O isə cavab vermək əvəzinə gözlərini hələ də qadından ayırmadan birdən-birə göyə qalxmaq, uçmaq üçün şiddətli arzu hiss edir.