Rəşid Mahmudov Amerikanı niyə hədələyir?

Rəşid Mahmudov, həkim

Rəşid Mahmudov, həkim

10 fevral 2022
# 13:00

Kulis.az Vüqar Babazadənin "Məruzə" adlı yazısını təqdim edir.

İstəyirəm ki, son bir-iki həftə ərzində ölkəmizdə baş verən, mediada müzakirə olunan absurd və gülməli hadisələri məruzə edəm. Ancaq şikayətlənməli deyilik ki. Onsuz da, həyat çətindir. Gəlin, bir az əylənək.

Bu yaxınlarda müğənni Vəfa Şərifova Tik-Tok-da canlı yayım açaraq, xalqa müraciətlə dedi ki, “ərim hacı-macı deyil. Hər gün vurur”. Onu da qeyd etmək lazımdır ki, Vəfa Şərifovanın ərinin adı, dəyərli sənətçimiz, Azərbaycanımızın fəxri Şəbnəm Tovuzlu ilə bir yerdə hallanırdı. Hətta iki dəyərli sənətçimiz bu söhbətə görə biri-birini söymüşdülər. Təbii ki, bu da başadüşüləndir. Dahi insanlar hər kəsin uyduğu əxlaq qaydalarını vecinə almırlar. Yəni ki, qısası, Vəfa Şərifovanın əri həci-məci deyilmiş.

Vasif Məhərrəmli isə bildirdi ki, “mən üstün təbəqənin toylarında iştirak edirəm”. Dəyərli sənətçimiz niyə durduq yerə, ilin-günün bu vaxtı özünü təriflədi, bu hamıya naməlum qaldı. Hər halda, götürün bu bilgini, necə istifadə edirsiz edin. Şəxsən mən dünən istifadə elədim. Ayrıldığım sevgilimə dünən durduq yerə yazdım ki, “Vasif Məhərrəmli üstün təbəqənin toylarında iştirak edir”. O da dedi ki, “elə düz eləyib səndən ayrılmışam”.

Daha bir maraqlı hadisə isə Bakıda evlilik təklifi idi. Xəzəryanı ərazilərdə bir gənc öz çapında balaca bir plakatla-filan evlilik təklifi etdi. Gözlərim o qədər yaşardı, arzuladım ki, həmin an Stepan Razin yenə gəlib Xəzaryanı ərazilərimizə hücum etsin.
Niyəsə evlilik təklifi edən qaqaşı “mister tum” semiçkalarına oxşatdım. Bilmirəm nə üçün, amma oğlan özünü “mister tum” semiçkaları kimi aparırdı. Təbii ki, bu, inkişafımızın, evolusiyamızın, qərb mədəniyyətini şərq təfəkkürümüzlə ilə assosiasiya etməyin bariz göstəricisidir. Allah xoşbəxt eləsin.

Bu arada özümlə bağlı vacib bir qeyd etmək istəyirəm. Bu gündən özümü dahi elan edirəm. Bu vaxta qədər gecikməyim, təbii ki, təvazökarlığımdan irəli gəlirdi. Dəyərli ustadımız Ayxan Ayvaz nə qədər desə ki, tezdir, amma mən hiss edirəm ki, bişmişəm. Bu gündən dahi oluram. Xahiş edirəm, mənə müraciətinizdə “dahi” sözünü işlədəsiz, boş şeylərə görə narahat etməyəsiz, bir dediyim iki olmasın, nə desəm hörmət və ehtiramla dinləyib, özünüzə nəsə götürəsiz. Təzə roman yazıram, hamınızın boynunun borcudur ki, romanımı da hazır olandan sonra mütləq alasınız. Qərəz, bundan sonra dahiyəm. Bunu nəzərə alın.

Həftənin ən maraqlı anlarından biri isə dəyərli aparıcımız Xoşqədəm Hidayətqızının əri, ay pardon, həyat yoldaşı Doğuş bəylə əl-ələ verib efirə çıxması oldu.

Nəsə, beyin çönmüşdü, ya nə idisə, belə qərar vermişdilər ki, əl-ələ səhnəyə çıxsınlar, bundan sonra Doğuş da Xoşqədəm xanıma verilişi aparmaq da kömək etsin. Biz buna sadəcə sevinə bilərik.

Digəri kadr isə bütün Azərbaycan xalqını qəhərləndirdi, göz yaşına boğdu. Xəstə olan lakin ekrandan verilişə qoşulan Zaur Baxşəliyevi həyat yoldaşı Günay xanım ekrandan öpdü. Tüklərimiz biz-biz oldu. Allah hər kəsə belə sevgi qismət eləsin. Olduqca, təsirli anlar idi. Tezliklə Zaur bəy sağalsın, Xoşqədəmlə-Doğuş, Zaur-Günay cütlükləri xalqımızı maarifləndirməyə davam etsin.


Daha bir dəyərli sənətçimiz Elariz Məmmədoğlu isə bir müddət əvvəl yayılan intim görüntülərinə fikir bildirib dedi ki, “bunlar məni narahat emir. Bunu düşmənlərim edir”.

Hamımızın Yusif Mustafayevi isə qeyd etdi ki, “eşitsəm ki, müəllim nəvəmə şillə vurub. Gedib o müəllimin əlini öpərəm”. Yusif müəllimin bu cür elmi izahından sonra bullinq, uşaq zorakılığına fikirlərimiz tamamilə dəyişdi.

Dəyərli əjdahamız Nadir Qafarzadə isə gəlinindən danışıb dedi ki, “o deyir ki, fəxr edirəm sənin kimi cavan qaynatam var”. Daha sonra aparıcı Ulvira elə dəyişdi ki, onu görənlər tanımadı.

ABŞ-da dünya talışlarının ziyalılar birliyi yaradıldı. Bir talış olaraq hələlik dəvət gözləsəm də, niyəsə məni görməzdən gəlirlər, yoluma daş qoymaq istəyirlər.

Rəşid Mahmudov bir daha Amerikanı hədələdi. Aktrisa Aynur Naz isə bildirdi ki, “kişi gərək elə xəyanət etsin ki, qadının bundan xəbəri olmasın”.
O biri Zaurun verilişinə Manananın anası gəlib, qızını təbrik etdi. Afət Fərmanqızı ərə getdi, sonra əri, deyəsən, tutuldu. Heyf...

Rəqsanənin qardaşı nişanlandı. Hahahahaha. Bağışlayın, özümü saxlaya bilmədim.

Röya dedi ki, “Damla oxuyanda hıçqırır”. Anar Ağakişiyev 801-ci ayaqqabısını aldı.

Yəqin ki, hamınızın qarşısına çıxar. Balaca qızla-oğlan mahnı oxuyur. Xüsusən, qız şirin hərəkətlər edir. Nəysə, həmin uşaqlar da təzə mahnılar oxudular. Bu mövzuya girmək istəmirəm, linç edəcəklər məni. Amma mövqeyim ortadadır ki, o uşaqları məhv edəcəksiz. İyrənclikdir.

Və sonda Pərvin Abıyeva Kənan MM-ə səsləndi. Konkret nə dedi, yadımda deyil, amma səsləndi.

Türk qardaşlarımız demiş, işte budur ölkənin sənət və cəmiyyət nümunələri. Şərhi isə sizə buraxıram.

# 2744 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #