Əlisa Nicat: "Dostoyevski heç kimdir" - Müsahibə

Əlisa Nicat, filosof-yazıçı

Əlisa Nicat, filosof-yazıçı

14 fevral 2022
# 09:00

Kulis.az filosof-yazıçı Əlisa Nicatla müsahibəni təqdim edir.

– Necəsiz, Əlisa müəllim? Necə yaşayırsız? Səhhətiniz necədir?

– Yaxşıyam. Maddi cəhətdən çətinliklərim var. Hamı bilir, 260 manat pensiya ilə yaşayıram. Hara müraciət eləsəm də, müsbət cavab gəlmir. Mədəniyyət Nazirliyindən, Akademiyadan məktub göndərib deyirlər ki, “biz sizə kömək edə bilmərik”. Bunun da səbəbini bilirəm.

– Nədir səbəbi?

– Odur ki, mən onlar üçün “bizim adam” deyiləm.

– “Bizim adam” deyəndə nəyi nəzərdə tutursuz?

– Yəni onların adamları.

– Bəs Yazıçılar Birliyinin sizə münasibəti necədir?

– O vaxt Anar yazmışdı ki, Yazıçılar Birliyi Əlisa Nicatın Prezident təqaüdü almağına etiraz etmir. Sonra məktubdan mənə də bir nüsxə göndərdi ki, “Əlisa, bax, biz buna qarşı deyilik”. Bəzi adamlar isə buna qarşı çıxdılar, imkan vermədilər ki, mənə yardım edilsin.

– AYB-nin üzvüsüz?

– 1960-cı ildən bəri. İndi də üzvəm. Amma bu məsələlər üstündə konflikt yaşadıq. Ondan sonra mən də Anarın atası Rəsul Rzanın mənim həyatımda necə bir mənfi rol oynadığını açıb-danışdım. Dönə-dönə danışmışam, burda danışmaq istəmirəm. Hər halda, bu hadisələrdən sonra Anarın mənə rəğbəti öldü.

– Siz Sabir Rüstəmxanlı, Anar, Elçin ilə təxminən eyni nəslin nümayəndələrisiniz. Nə üçün siz onlar kimi məşhurlaşmadınız, maddi cəhətdən özünüzü təmin edə bilmədiniz?

– Mən onlar kimi ola bilmərəm. Onlar bayaq dediyim kimi, “bizim adamlardır”. Mənim üçün həqiqət təkdir və onu heç nəyə dəyişmərəm. Sovet dönəmində Mircəfər Bağırov və Nəriman Nərimanovdan başqa heç kimi tərifləməmişəm. Bir də təbii ki, M.F.Axundov ilə Üzeyir bəydən başqa. Axundov haqqında saysız-hesabsız fəlsəfi əsərlər yazmışam. O, dünya dramaturgiyasında xüsusi yeri olmuş bir yazıçıdır. Mən onu yalnız Şekspirlə müqayisə edə bilərəm. Şillerdən filan, hamısından yüksəkdir.

– Kitablarınızdan pul qazana bilirsinizmi?

– Ancaq sərgilərdə, yarmarkalarda satılır. Belə satmaq olmur. Keçən yarmarkada təzə kitabım çıxmışdı, nəşriyyat özü məni dəvət edib, imza günü keçirdi. O kitabı 100 nəfərdən çox adam aldı. Təsəvvür elə ki, əzizim, 100 avtoqraf yazdım, hamısı da fərqli idi. Hər kəsə xüsusi olaraq avtoqraf yazırdım. Heç birini təkrar etmirdim.

– Tərcümələr edirsiniz bəs?

– Əlbəttə, çoxlu tərcümələrim çıxıb. İndi də məşğulam. Azərbaycanda məndən çox tərcümə edən yoxdur. Plutarxdan tutmuş, Kamyuya qədər hər kəsi tərcümə etmişəm.

– Siz, deyəsən, evinizi satıb kitab çıxarmışdınız. Bu söhbət necə olmuşdu?

– O vaxtlar Yazıçılar Birliyi mənə ev vermişdi. Ondan sonra mən evləndim. 1974-cü ildə. Daha sonra, 90-cı illərdə “Dünya filosofları” adlı bir kitab yazmışdım. Onun nəşrinə də, 4 min dollar pul istəmişdilər. Məndə də 4 min dollar hardadı? Ona görə də, Nərimanovda 5-ci mərtəbədə, metronun üstündə yerləşən evimi satdım, 3 min dollara. Bir təhər üstünü də düzəldib, həmin kitabı nəşr etdim.

– Əlisa bəy, hazırda Azərbaycan ədəbiyyatı hansı vəziyyətdədir?

– Sovet Azərbaycan ədəbiyyatında 20-ci ildən 90-cı ilə qədər, ümumi götürsək, 70 il heç nə yazılmayıb. Tək-tük istisnaları çıxsaq, daha dəqiq desəm, C.Cabbarlı, Ordubadi, bir sözlə, 10-15 cilddən başqa qalan nə əsər varsa, heç bir şey ədəbiyyat deyil. Həmin dönəmlərdə ədəbiyyat adına heç nə yazılmayıb. Çünki başdan-başa Leninin, Stalinin, Kommunist partiyasının təbliği olunub, sifarişlə kitablar yazılıb. Sizə bir maraqlı fakt deyim. Dünyada Sovet vaxtı Kommunist partiyasına ən çox əsər Azərbaycanda yazılıb. Dünyada ha. Ən çox əsər Azərbaycanlı şairlər tərəfindən yazılıb. Kommunist partiyasına ən böyük poemalardan birini Səməd Vurğun yazıb:

Birdən əllərini açaraq vəcdə gəlir və Səməd Vurğunun bu misralarını söyləməyə başlayır:

“Bəşərin vicdanı, eşqi, ürəyi,
Zehni düşüncəsi, fikri, diləyi,
Bütün yer üzünün xoş gələcəyi,
Hər zövqü-səfası partiyamızdır”.

Yəni ki, Leninə, Stalinə həsr olunmuş nəhəng-nəhəng poemalar ancaq Azərbaycanda yazılıb. Amma indi cavanlar yetişir. İndi adları yadımda qalmayıb, amma var, onları oxuyuram.

– 2000-lərdən sonrakı nəsil. Aqşin Yenisey, Seymur Baycan, Günel Mövlud, Əli Əkbər və s. Onların yaradıcılıqlarını necə qiymətləndirirsiniz?

– Heyf ki, onların heç birini oxumamışam. Hiss edirəm ki, Seymur Baycan nəsə maraqlı yazıçıya oxşayır. Amma, nə yalan deyim, ətraflı oxumamışam. Günel Mövlud isə... Mövlud özü gözəl yazıçıdır. Çox realist, səmimi yazır. Onun qızıdır da Günel. O da istedadlı olar.

Əlisa müəllim səhvən Günel Mövludu Mövlud Süleymanlının qızı olaraq qarışdırır. Müdaxilə etsəm də, yaxşı eşitmədiyi üçün, söhbətini kəsmirəm. Qoy Günel Mövludu xatirində yaxşı yazıçı olaraq saxlasın.

– Sizə filosof deyirlər. Özünüzü filosof hesab edirsinizmi?

– Özümü fəlsəfəyə həsr etmişəm. 20 və 25-ci cildlərimdə tam olaraq fəlsəfəyə dair ciddi suallar və mülahizələr yazmışam. Allah nədir? Həyat necə yaranıb? Kainat nədir? Niyə insan həyatında ədalətsizliklər var? İnsan nədir? Azadlıq nədir? Hakimiyyət nədir? Bu barədə, saysız-hesabsız suallara cavab axtarıb, yazmışam. Belə şeyləri dünya fəlsəfə tarixində heç kim yazmayıb, məndən başqa. 4 cild belə əsərim var.

– Onda siz öz yaradıcılığınızı ədəbi yox, fəlsəfi olaraq dəyərləndirirsiniz?

– Mənə elə gəlir ki, ikisi də əl-ələ veriblər, yanaşıdırlar. Amma, təvazökarlıqdan uzaq olsa da, mənə “dahi filosof” deyirlər (gülür). Özüm demirəm ki, bunu mənə başqaları deyir. Amma mən özümü yazıçı kimi görürəm. Yazıçı simasında görünmək istəyirəm.

– Necə oldu fəlsəfəylə məşğul olmağa başladınız?

– Ta uşaqlıqdan bu şeylər barədə fikirləşmişəm. O vaxt balaca eyvanımız vardı, axşamlar ora çıxıb, ulduzlara baxırdım. Fikirləşirdim ki, ay allah, görəsən, bunlar nədir? Necə belə olublar? Sonradan kitablar, elmi məqalələr oxudum, bəzi şeyləri anladım. Hərdən o qədər özümü unudurdum, bir də görürdüm ki, Süd yolunda, Kəhkəşandayam. Kainata gəzirəm. Qorxub, qışqırırdım. Anam özünü çatdırıb, məni sakitləşdirirdi. Bir kainat məni çox düşündürür, bir də ölüm. Niyə həyat yarananda, ölüm də yaranıb. Fəlsəfəyə gətirdiyim mövzulardan biri də budur. Ümumiyyətlə, ölüm haqqında çox düşünürəm.

İlk canlılar yarananda, neçəsə saniyə yaşayırmışlar. Bu haqda Freyd yaxşı bir əsər yazıb. Əsərin adı belədir: “Ləzzətin o tayında”. Orda Freyd deyir ki, həmin ilk hüceyrələr yarananda... Yeri gəlmişkən, bir şey deyim, hüceyrə haqqında roman yazıram. Hüceyrənin tarixindən, onun ta insana qədərki keçmişi haqqında yazıram. Xeyli yazmışam. Amma hələ ki, çap olunmayıb. Ümumiyyətlə, mənim 40 cildlik külliyyatım var, onun 28 cildi çıxıb. 29-cu cild hazırdır, amma hələ qalıb. Hekayələrdir, amma necə hekayələrdir? Bomba kimi hekayələrdir (gülür). Dünya ədəbiyyatında elə hekayələr yazılmayıb. Təsəvvür elə ki, Aristotelin son günləri haqqında povest var o kitabda. Aristotel son anlarında nə fikirləşə bilər, nə düşünə bilər onları yazmışam.

Freyd söhbətinin başını buraxıb, yeni sual verirəm.

– Allaha inanırsınız?

– Bu çox ziddiyyətli məsələdir. Mənim üçün, Allah zərurətdir. İki trilyon qalaktika var. Hər qalaktikada milyardlarla ulduz və s. Hər necə olsa, mən hesab edirəm ki, Allah var və ən ali səviyyədə düşünən bir varlıqdır. Hansı şəkildədir, bilmirəm. Amma fakt odur ki, o düşünür. Düşünürsə, demək ki, canlıdır. Bu canlı özü də iki trilyon qalaktikanı yaradıb. Nəyə lazımdır bu qədər qalaktika? Kainatın boşluğunu qalaktikalarla doldurub. Baş açmaq olmur. Qalaktika olar yüz dənə, iki yüz dənə. Neynirsən axı iki trilyon qalaktikanı? Fırlanırlar, yanırlar, partlayırlar. Hə, nə olsun? Nə çıxdı bundan? Özü də mən inanmıram ki, o qalaktikalarda həyat var. Həyat ancaq Yer kürəsindədir. Amma bu boyda kainatı, hələ kainatın qoyaq bir qırağa, adicə insan bədəni kimi mükəmməl bir mexanizmin idarəsi onu göstərir ki, hansısa bir qüvvə var və o nə iləsə məşğuldur.

Bilirsən, Vüqar, həyat tükdən asılıdır. Yəni bir dənə asteroid bəsdir ki, Yer Kürəsini yox eləsin. Bu, qaçılmaz təhlükədir. Özü də hamıya məlumdur ki, bu bir dəfə baş verib. 65 milyon il əvvəl, bir asteroid düşəndən sonra Yer üzündə 1 il Günəş sönüb. Bundan sonra da, bütün dinozavrların nəsli kəsilib, məhv olub gediblər. Ona görə də, hər an təhlükə gələ bilər və bizi bundan heç nə müdafiə eləmir. Yerin maqnit müdafiəsi var. Günəşdən dəhşətli dərəcədə maqnit şüaları gəlir, hamısını həmin maqnit müdafiəsini yox edir. Əgər yerin maqnit müdafiəsi olmasa, bir gündə yer üzündə nə qədər canlı var, hamısı məhv olub gedər. Üstəlik, bu təhlükələrin sayı-hesabı yoxdur. Gözlənilmədən hansısa asteroid yer üzündə həyatı bitirə bilər. Dünyada bu işlərlə məşğuldurlar. Oturub teleskopları ilə hardan nə gəlir baxırlar, qeyd edirlər.

Bir də ki, insanlar da vicdansızlaşıblar. Öz-özlərini məhv edirlər. Atmosferi korlayırlar, buzlar əriyir, dənizləri çirkləndirirlər. Təsəvvür elə ki, Sakit okeanda sellofan torbalardan böyük bir ada yaranıb. Bu dəhşətdir e, dəhşət. İnsanlar çox iyrəncləşib. Belə getsə, bu çox davam etməz. Amma yaponlar müəyyən ediblər ki, torpağın bundan sonra 1 milyon il daha məhsul vermək gücü qalıb. Ondan sonra torpaq daha heç bir şey verə bilməyəcək. Qüvvəsi tükənir. Bir milyon il, çox uzaq vaxt deyil. Yer Kürəsinin 4 milyard yaşı var. Belə baxanda, 1 milyon il heç nədir.

Kosmos söhbətləri, gələcəyə dair bədbin proqnozlar ürəyimi sıxır və mövzunu dəyişirəm.

– Sizcə, xalqımız nə istəyir?

– Xalqımız nə istədiyini bilmir. Camaat ancaq onu istəyir ki, əlinə hardansa pul gəlsin, yaxşı yesin, kababdan bassın, araqdan içsin, getsin fahişə yanına, heyvani hisslərini söndürsün. Təəssüf ki, Azərbaycan xalqı özünü millət hesab eləmir. Adicə sənə bir şey deyim. 1905-ci ildə hansı dava olub?

– Erməni-müsəlman davası.

– Ay sağ ol. Niyə müsəlman? Orda erməni millətdir, müsəlman isə deyil. Müsəlman milləti var? Yoxdur. Fars da, ərəb də müsəlmandır, nə qədər müsəlman ölkəsi var. Onda belə çıxır ki, ermənilər bütün müsəlmanlarla dava ediblər? Yox, bizimlə dava ediblər. Onda niyə onların adı millət kimi gedir, bizimki yox? Çünki biz özümüzü xalq, millət kimi tam dərk edə bilməmişik. Amma, bununla belə, bütün dünyanın paxıllıq edəcəyi böyük dahilər yalnız Azərbaycandan çıxıb. Bizim Üzeyir Hacıbəyov kimi dahi şəxsiyyətimiz var. “Arşın mal alanın” hər ariyası yerlə-göy qədər bir-birindən fərqlənir. Zərrə qədər də olsa oxşarlıq yoxdur. Bu çox möhtəşəm bir şeydir. Avropa operalarına qulaq asıram, heç biri “Arşın mal alan”la müqayisə oluna bilməz.

– Bəs indi niyə Üzeyir Hacıbəyovlar, Axundovlar yetişmir? Yoxsa bu təbii prosesdir? Çıxmamağı normaldır?

– Yox, əşi. Nə təbii proses? Sadəcə başqa məsələlər var. Nəysə, bu haqda danışmaq istəmirəm.

– İstərdim ki, yazı prosesinizdən danışasınız. Necə yazırsız, nə qədər oxuyursunuz?

– Əsərlərimin çoxunu gecələr yuxuda görürəm. Əslində, mən yuxularda heç bir məna görmürəm və axtarmıram. Hər gecə yuxu görürəm. Nitsşe deyir ki, yuxu insana çox böyük zərər vurur, incidir, yorur. İnsan orqanizminə çox zərərlidir. Adam axı yuxuda da yaşayır. Qorxur, həyəcanlanır, sevinir, ümidlənir, qəribə şeylər yaşayır. Üstəlik, yuxuda yaşadığın hisslər, real həyatda yaşadıqlarından qat-qat güclü və təsirli olur. Mən elə yuxular görürəm ki, oyanandan həyəcandan yarım saat özümə gələ bilmirəm. Bütün enerjim yuxularda itib-gedir. Amma, eyni zamanda, bütün kitablarımın süjetlərini yuxularımda görmüşəm.

Bayaq yarımçıq qalmış Freyd söhbətini yenidən xatırlayır, amma harada qaldığını bilmədiyi üçün tam ayrı bir yerdən söhbətə davam edir. Hiss edirəm ki, mənim də zehnim yorulub. Ona görə müdaxilə etmirəm.

Bax, insan da bir dəstədir. Soxulcanlar, itlər, pişiklər, ayılar və s. – hamısı bir dəstədir. Həmçinin insan da. Amma mənəviyyat dediyimiz şey, yalnız insanlarda olur. Bu özü də hər adamda olmur. Kimin mənəviyyatı yoxdursa, o heyvan kimi bir şeydir. Yox, nə heyvan, heç bir heyvan sürüsündə öz növünə qarşı bu cür hərəkət yoxdur. Ancaq insandır, bir-birini öldürür, müharibə edir, qan tökür. Ermənilər uşaqlarımızı trubanın içinə yığıb yandırmışdılar ha, ya evlərə girib balaca uşaqları süngüdən keçirmişdilər. Bunu hansı heyvan öz növünə qarşı edər? Heç bir heyvan. Heç bir. 99 % insanda mənəviyyat yoxdur. Heyvandan betər haldadırlar. Yerdə qalır 1%. Mənim Allahla davam ondadır ki, niyə bu 1%-i yaradıb? Nə üçün bu 1% əsl insan mövcuddur? Veyninqer kimi, Şubert kimi adamlar niyə yaranıb? Niyə Aristotelin beyni var? Nə üçün Üzeyir bəy kimi adam bu “danabaşlar” içində doğulub və möhtəşəm şeylər yaradıb. Səni inandırım ki, Azərbaycan xalqı “Leyli və Məcnun”a baxanda heç nə başa düşmür. Leyliyə yazıqları gəlir, Məcnun üçün ağlayırlar filan. Heç nə qanmırlar. Orda Məcnunun xəyalən Leylini gördüyü hissədə bir musiqi var. Sənə tam səmimi deyirəm, tamaşadan çıxan hansı adamdan soruşsan ki, orda nə başa düşdün, boş-boş alnının ortasına baxacaq.

Bu anda əlini açıb, həmin hissəni yüksək səslə oxumağa başlayır: “Na na nananay, na nan nannay...”

Dünyanın ən zövqsüz insanları azərbaycanlılardır. Zorla deyil ki, alınmır da. Öldürsən də, mümkün deyil. Bax, adicə get metroya, görürsən ki, ayaqlarını açıb, üç dənə yerdə tək oturublar, yox ee, nə oturmaq, uzanıblar. Deyirsən ki, bir az sıxlaşın mən də oturum, sifətlərini elə büzüşdürürlər ki, elə bil metro bunların dədələrinindir. Az qalır qapsın səni. Azərbaycanlılarda özlərinə təbii rəğbət yoxdur. Ancaq qoyasan, bir-birinə lağ eləsinlər, ələ salsınlar, şit zarafat eləsinlər, ətrafındakı insanlara baxsınlar, onların pis vəziyyətlərinə sevinsinlər.

– Bəs gənclərə nə məsləhət görürsünüz?

– Oxumaq. Leninin bir dənə düz sözü var: oxumaq. Ancaq oxusunlar. Həyatı seyr etsinlər, izləsinlər, hər xırda şeyə görə özlərini bədbəxt eləməsinlər, zövqlü şeylər axtarıb tapsınlar, tələsməsinlər. Bax, mənim həyətimdə lalə bitir. Həmişə olmur, amma bitəndə bitir. Saatlarla oturub onlara tamaşa edirəm. Ləzzət alıram bundan. Təbiətlə birgə yaşasınlar, təbiətə sarılsınlar. Həyat gözəlliklərinə fikir versinlər. Özlərinə, ətrafa faydalı işlərlə məşğul olsunlar. Özlərini ağıllı hesab etməsinlər. Öyrənsinlər. Bacarıqlı, vicdanlı olsunlar. Nə iş görürlərsə, haqqını versinlər. Öz pal-paltarlarına, geyimlərinə, orqanizmlərinə diqqət göstərsinlər. Hərdən avtobusda filan görürəm, baş yekə, qarın eşşək boyda. Elə qarın olar, ay heyvan?! Heç ölüb yerə girmirsən? Ümumiyyətlə, özünə baxmayan, fikir verməyən insanlardan zəhləm gedir.

– Bizə kitab, musiqi, film məsləhətləri görün.

– “Müdrikliyin məbədi” kitabını məsləhət görürəm. Mənim kitabımdır. Məndən başqa yazıçı yoxdur (gülür). Bundan başqa, məsələn, Martin İden. Cek Londonun bütün əsərləri yaxşıdır. Şekspir, Homerin də. Rus ədəbiyyatını tullayın getsin. Bir dənə Tolstoyun “Hacı Murad”ı yaxşıdır. “Anna Karenina” filan hamısı mənasız şeylərdir. Anna kimdir? Hansısa fahişə. Özü də “Madam Bovari”dən oğurlanma əsərdir. Dostoyevski heç kimdir. Mən onu qətiyyən bəyənmirəm. Yazıçı kimi də elə güclü yazıçı deyil. Bircə “Bəyaz gecələr” əsərini oxuyub bəyənmişdim. Qoqol maraqlıdır amma. Azərbaycan ədəbiyyatından isə Cəfər Cabbarlı, Axundov, Mirzə Cəlil. İndi hər kəs yadıma düşmür, ağlımda olanlar bunlardır.

– Bəs film?

– Ooooy, mən milyon dənə şeyin içindən nə deyim sənə? Amerikan vesternləri, İtalyan vesternləri ən gözəlləridir. Kino ensiklopediyası siyahım var idi, nəsə it-bat oldu. İndi daha həvəsim yoxdur nəyəsə oturum baxım.

Musiqi olaraq da, birini deyə bilərəm. “Arşın mal alan”da Gülçöhrənin elegiyası var. Mənim üçün dünyanın ən yaxşı musiqisi odur.

– Son olaraq, bir sualım var. Arzularınızı, xəyallarınızı reallaşdıra bilmisiniz?

– Bəli, inanmıram dünyada məndən daha xoşbəxt insan olsun. Nə istəmişəmsə, hamısını reallaşdırmışam.

Foto: Sabir Məmmədov

# 39844 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #