Kulis.az Varisin “Qəfəsdə ac qalmaq” adlı yazısını təqdim edir.
Böyük xidmətlər yalnız
aclıq, yorğunluq, aldığın zərbə
və təhqirlər, nəhayət, böyük
rəzilliklərlə mükafatlandırılır.
Leonardo da Vinçi
Bütün yaxşılıqlara ölüm!
Maqsud İbrahimbəyov
«Ədəbiyyatı gözdən salırlar, gözüyumulu gəzək ki, düşməsin!» Öncə belə düşünürdüm. Amma sonra anladım ki, gözüyumulu yaşamaqla ədəbiyyat yaratmaq mümkün deyil. Bu dəfə bir optik eynək alıb gözümə taxdım ki, heç olmasa bu yolla ədəbiyyatın gözdən düşməsinə mane olum.
İndi dünyaya eynək şüşələri arxasından baxmaqdayam.
***
Yazarlar Allaha bir köynək yaxın olan insanlardır. Allah onların qulaqlarına bir çox ibrətamiz, nəsihətverici hekayətlər pıçıldayır ki, onlar da bu pıçıldananları yüz minlərlə insanlarla bölüşməkçün vərəqlərə köçürürlər.
Klassik nəsrin sonuncu mogikanı Qabriel Markes son pıçıltıları bəyan edib dünyadan köçəndən sonra bir neçə yarımmogikan qalmışdı: Umberto Eko, Joze Saramoqa, Milan Kundera, Haruka Murakami... Sonra bu yarımmogikanlardan da biri – Eko dünyadan köçdü. Allah o birilərə ömür versin. Sözüm ondadır ki, indi dünya kitab industriyası bir ucdan yeni-yeni adlar, «zirvələr», «fenomenlər», «nömrə birlər» yaratmaqdadır. «Psixoloji dram ustaları» Con Maksvell Kutzee, Bernard Veber.., «sevgi romanının ünlü ismləri» Mark Levi, Frederik Bekbeder.., «sentimentalizm zirvələri» - Sidni Şeldon, Codco Moyes.., «postmodern öncülü» - Pol Oster, «mistik psixologizm ustası» - Paolo Koelyo, «ədəbi fenomen» Anna Qavalda, «Kafkayla Borxesin yeni calağı» Cededayya Berri, «müsəlman dünyasının nömrə birləri» Orxan Pamuk, Xalid Hüseyni, ən müxtəlif janr «ataları» (macəra – Piter Ceyms, döyüş – Tom Klensi, detektiv – Den Braun, fantezi – Maks Fray, dəhşət – Enn Rays və s.), üstəlik, «dünya bestsellerləri seriyası liderləri», üstəlik, «Nyu-York Tayms bestselleri birinciləri» və s. və i. Özünü kitab dənizinin qoynuna atsan, inan ki, bata bilərsən. Ancaq bu ultrabolluğa baxmayaraq dünya oxuyur, eynən əvvəlki kimi. Çox vaxt kağız kitabları planşetlər əvəz etsə də statistik avropalı da, amerikalı da, asiyalı da mütaliəni qidalanma qədər vacib həyat atributu sayır.
Bizsə oxumuruq, gün-gündən geriləyirik, tək-tük kitab mağazalarının rəflərini toz basır. 90-cı illərdə Sovetdən qalan kitab mağazaları kütləvi şəkildə baqqal dükanlarına çevriləndə mənəviyyat zorlanmağa başlanmışdı, indi bu zorlanma öz məntiqi nəticəsini yaşatmaqdadır.
Bakı məktəblisinin ürək ağrısıyla yazdığı SMS-ə baxın: «Marketdən alış-veriş edərkən aldığım bir kitaba görə atam tərəfindən cəzalandırıldım, «bu pula «bir kletka» yumurta düşürdü» danlağını eşitdim».
Əfsus ki, bu gerçəklikdir, yalnız birini seçə bilmək ehtiyacı duyulan bu günümüzdə biz yumurtasız yaşaya bilmirik, amma kitabsız çox rahat yaşayırıq. Yumurtalılıq kitabsızlıq gətirir.
Fizikada bir cütadlı Boyl-Mariot qanunu var. Məğzində işimiz yoxdur, amma bu gün, sanki bizim mənəviyyatımıza basqı eləyən əksliklərin bir-birini itələməsindən ibarət bir cütadlı Yumurta-Kitab qanunu meydan sulamaqdadır.
***
Həmin gün «Forbes» 2015-ci ildə ən çox qazanan yazıçıların siyahısını dərc etmişdi. 19 dəfə «Nyu-York Times-ın ən çox satılan» yazıçısı olan Ceyms Pattersonun (triller yazır) illik 89 milyon dollar qazancla birinci yeri tutmasından xəbər tutduğum gün dörd binəva yazarımızın atışaraq bir şüşə arağın pulunu düzəldə bilməməsi (yazarın içdiyi araq yüz manat-zad olmaz ki, qudurar olar 10 manat) barədə faciəli bir köşə yazısını da oxumuşdum.
Vallah, biz heç də pis yazmırıq. Gətirin, dünyanın ən məşhur yazarlarının «şedevrlərini» də, bizim yazarların «cızma-qaralarını» da yanaşı qoyun. Nəyləri əskikdir bizimkilərin xaricilərdən? Amma bir nəfərə 89 milyon dollar və dörd nəfərə bir şüşə arağın pulunun yarımçıqlığı!
Bu gün Azərbaycan yazarının bir bədbəxtliyi odur ki, ingilisdilli, rusdilli deyil, dünya bazarına çıxa bilmir. İkinci bədbəxtliyi odur ki, keyfiyyətli tərcümə üçün maliyyə qaynağı yoxdur, ədəbiyyat himayəsizdir. Üçüncü bədbəxtliyi də odur ki, öz ölkəsinə, öz oxucusuna tapınmağa məcbur qaldığı halda, özününkülər də oxumurlar.
Düşündürən başın əyləndirən başdan qat-qat dəyərsiz olduğu bu cəmiyyətimiz bununla nəyi isbat etməyə çalışır?
Axtarsan, bir elə çox yazarımız da yoxdur, 10 milyonluq xalqın 100 peşəkar yazarı ancaq olar. Bu, haradasa, Afrika standartı səviyyəsidir ən yaxşı halda.
***
Sən gövdəsi hamar çiçəkləri deyil, tikanlıları seçdin və ömrünü o çiçəklərin gövdəsini tikanlardan təmizləməyə həsr etdin...
Nəyinə lazım idi axı bu?
***
Diqqət edirsinizmi, ayrılıqlardan yazmağa məhkum olmuş küskün qiyafəsindədir bizim ən istedadlı şairlərimiz.
Hamısı dərd antologiyası yaratmaqdadır.
Uşaqlıqdan, gənclikdən,
qocalıqdan başqa,
bir də onsuzluq dövrü olur
insan ömrünün.
Yalandı, Zen, yalandı.
İnsanı qocalıq yox,
onsuzluq dövrü öldürür.
Aqşin Evrən
Qoşulub durna köçünə,
gedəsən uzaqlara,
uzaq, özgə, yad olasan,
hardasa sərhədin o tayında
düşmən kimi doğulasan yenidən,
təzə bədən yaradasan özünə,
təzə ruh üfürəsən,
təzə vətən tapasan,
ona şeir yazasan,
qaçasan bu vətəndən,
qaçasan bu qürbətdən.
Sonra ya qəfil bir güllədən öləsən
ya da vətən adlı həsrətdən...
Cəlil Cavanşir
İnsanlara ümid paylayan, həyat eşqi bəxş edən əlsiz-ayaqsız Nik Vuyçiç deyir ki, əgər döydüyünüz bir qapını açmırlarsa, eyni vaxtda bir neçə qapını döyün.
Onu necə başa salasan ki, bizdə qapıların səsi yoxdur, lap minini döysən belə eşidən olmayacaq?
***
Dininə və xalqına söykənməməsinə görə qınasam da Orxan Pamuk yaradıcılığını çox bəyənirəm. İnsanın görmə bucağı hüdudunu onun düşüncə hüdudsuzluğu ilə genişləndirməyi, bunların hər birini dərindən, bütün cizgiləri ilə qabartmağı bacaran Orxan Pamuk «Beynimdəki qəribəlik» romanında yazır: «Həm Kültəpədə, həm də Tuttəpədə yaşayanlar yuxularında müəyyən fasilələrlə və heyrətamiz oxşarlıqlarla eyni adamları görürdülər:
oğlanlar ibtidai məktəbdəki müəlliməni,
qızlar Atatürkü;
yetkin cavanlar Həzrəti Məhəmmədi;
yetkin qızlar uzunboy qərb kinoulduzunu;
yaşlı kişilər süd içən mələyi;
yaşlı qadınlar yaxşı xəbər gətirən gənc poçtalyonu».
Ədəbiyyat həm də xalqın bax bu cür ümumiləşməsini aparır. Çox təəssüf ki, bir əsr keçsə belə biz yeni ümumiləşməyə – yeni təsnifata sığışmadan hələ də böyük Mirzə Cəlilin, Mirzə Ələkbər Sabirin ümumiləşməsindəki xalq olaraq qalmaqdayıq.
Yeri gəlmişkən, bir ara xəbər yayılmışdı ki, bir rəisimiz Tbilisi kazinosunda 5 milyon dollar (hə, düz 5 milyon) uduzub. Zarafat bir yana, ancaq çox maraqlıdır: həmin rəis yuxularında nə görür?
Zarafat bir yana, amma bu da maraqlıdır: həmin rəis axırıncı kitabı neçə il öncə oxuyub?
***
Teatr ilk yarananda və sonralar da insanları teatra cəlb etməkçün nələr etməzdilər. XVIII əsrin axırlarında La-Skala təzə fəaliyyətə başlayanda tamaşaçılar buğlanan spaqetti və qızardılmış dana ətini marçıltıyla yeyərək tamaşaya baxırdılar. Bu, şəraiti teatr rəhbərliyi «opera məişətə müdaxilə etməz, sizi rahatçılığınızdan ayırmaz» anlamında yaradırdılar.
Orta Əsrlərdə köhnə Hersoq teatrında isə indiki ifadəylə desək, VİP lojada varlı şəxslər çarpayıda uzanıb dincələ-dincələ, yeyib-içərək tamaşalara baxardılar. Hətta istəyənlər kart da oynayardı.
Bəlkə indi - 3-cü minillikdə biz də nəsə bir kreativ ideyalar tətbiq edib camaata başa salaq ki, vallah kitab oxumaq sizə heç bir ziyan verməyəcək? «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xəbərdarlıq edir: kitab oxumağın sizin səhhətinizə heç bir ziyanı yoxdur!» formasında olmasa da, hər halda hansısa yolla ən azından o «bir kletka yumurtadan» məhrum olan dayını başa salaq ki, yumurtanın gətirdiyi doyum bir neçə saata bəs etdiyi halda kitabın gətirdiyi doyum bir neçə illəri əhatə eləyir?!
Vallah, billah, ədəbiyyatdan ziyan tapmazsınız.
Öz praktikamdan bir epizod danışım. «Sonuncu ölən ümidlərdir» romanım Özbəkistanda çıxdı, çox populyar idi, onların 140000 tirajla çıxan «Darakçı» adlı nəşrləri var, hər şənbə romanı hissə-hissə dərc edirdi. Demək, Səmərqənddə 14 yaşlı yeniyetmə bir qız ögey atasının şiddətlərinə dözməyərək yaşadığı binanın damına çıxaraq intihar etmək istəyib. Mələfədən düzəltdiyi halqanı boynuna keçirib ayağının altındakı yeşiyi aşırmağa hazırlaşırmış ki, gözü yerdəki qəzet parçasına sataşıb. «Ümidlər intixora buladi» sözləri, qəhrəmanların pəjmürdə şəkilləri onu çox maraqlandırıb. Halqanı boynundan çıxarıb düşüb qəzeti oxumağa başlayıb. «Əvvəli filan sayımızda» kəlməsi onu çardaqdan düz kitabxanaya yollayıb, «davamı növbəti sayımızda» kəlməsi isə onu növbəti həftələri gözləməyə vadar edib.
Nəhayət qız romanı tam bitirdikdən sonra «Darakçı»nın redaksiyasına gedərək orda başına gələnləri danışıb, intihar etmək əvəzinə eynən əsərin qəhrəmanı Nailə kimi güclü olub öz uğurlu karyerası ilə düşmənlərindən intiqam alacağını bəyan edib.
Qəzet həmin müsahibəyə «Bir əsər bir insanı necə xilas etdi» başlığını qoymuşdu.
Bax budur ədəbiyyatın gücü!
***
Bir dəfə bir sərgi salonunda mənə qüssənin, kədərin və dərdin rəsmini çəkən bir rəssam göstərdilər. Buludsuz səma – insanın qayğısız halıymış. Ağ buludlar qüssəymiş, qara buludlar kədər. Leysan yağışısa dərd imiş.
Və həmin rəssam rəsmini şərh edirdi ki, ağ və qara buludlar səmanın leysan yağışının müəllifləri, ağ qüssəylə qara kədər isə dərdin yaradıcılarıdır.
Sonuncu mogikan – Markes vəfat edəndə son olaraq bilirsinizmi nə deyib? Deyib, ey insanlar, sizlərdən çox şey öyrəndim, amma bu öyrəndiklərim heç nəyə yaramayacaq, çünki hamısını bir çantada kilidlədim, bədbəxt bir şəkildə artıq ölə bilərəm.
Bu sözlərdən agah olanda mənə elə gəldi ki, böyük yazıçı həm valideyni, həm övladı olan ədəbiyyatdan çox-çox nigaran gedir.
Mən bu cür nigarançılığı bir də böyük rus filosofu Vasiliy Rozanovda görmüşəm. Səfalət içində, aclıqdan və soyuqdan əziyyət çəkə-çəkə o, hücrəsinə qonaq gəlmiş Əzrayılın hüzurunda ikən son olaraq yaxınlarına əlyazmalarından muğayat olmağı tapşırmışdı.
Ədəbiyyat, əslində Markesin kilidlədiyi çantadır, Rozanovun donmuş əlyazmalarıdır, amma «indi heç kəs heç kəsin kitabını oxumur» tipli müasir atalar sözümüzün ədəbiyyata heç bir aidiyyatı olmadığına da özümü inandırmağa çalışıram.
***
Frans Kafkanın «Acqalma məharəti» adlı bir hekayəsi var. Qəfəsdə ac qalmaqla insanlara tamaşa göstərən aktyora getdikcə maraq azalır, o, get-gedə dəbdən düşür, tam diqqətdən kənarda qalır. Nəhayət, qəfəsdəcə acından ölür.
Atraksionun sahibi aktyorun meyitini qəfəsdən götürdüb yerinə ət parçalayıb yeməklə tamaşaçılarda böyük maraq oyadan aslanı yerləşdirir.
Vəssalam!
P.S. Əyiləndə eynəyin gözdən düşmək təhlükəsinin olması acı reallıqdır, hər halda.
P.P.S. Bayaq yazarlarımızın sayını 100 demişdim. İndicə Taleh Həmidin vəfat etməsi xəbərini aldım. Qaldı 99 nəfər.
Noyabr, 2016