[b]Mədəniyyət kanalı və ya 7 ilin qocamanı[/b] – Varis yazır

[b]Mədəniyyət kanalı və ya 7 ilin qocamanı[/b] – Varis yazır
14 fevral 2018
# 11:27

62 il bundan əvvəl «Göstərir Bakı» sözləri ilə Azərbaycan Televiziyası yayıma başladı. Həmin gün – 1956-cı ilin 14 fevralı Azərbaycan tarixinə böyük hərflərlə yazıldı. Düz 55 ildən sonra – 2011-ci ilin 14 fevralında isə Azərbaycan Televiziyasının bazasında «Mədəniyyət» telekanalı fəaliyyətə başladı.

Bu gün cəmi 7 yaşını qeyd edən bu televiziya özünün növbəti ildönümünə də böyük töhfə ilə gəlir. Belə ki, bugündən etibarən, tamaşaçılar öz sevimli telekanallarını artıq 24 saat ərzində HD formatında izləyə biləcəklər.

Əslində, 7 yaş bir kanalın fəaliyyəti haqqında danışmaq üçün çox az bir müddətdir. Axı bir kanalın formalaşması üçün 7 il nədir ki? Xüsusən də belə bir zamanda. Tamaşaçının bir anlıq zövqunu oxşamasan o, mütləq kanalı dəyişəcək. Bu gün hər bir tamaşaçı 100-ə yaxın kanalı bir düyməyə toxunmaqla izləyə bilir. Və mövcud vəziyyət rəqabəti daha da artırır. Bütün bunlara baxmayaraq, 7 ildə «Mədəniyyət» telekanalı teleməkanda layiqli yerini tuta bildi. Və özünə böyük tamaşaçı auditoriyası toplamağı bacardı. Bəs bu necə baş verdi?

Gəlin bir az əvvələ qayıdaq:

Azərbaycan Televiziyasının sürətlə yenidən qurulması, texniki bazanın tamamən yenilənməsi, kollektivə istedadlı gənclərin cəlb olunması efirin həm formaca, həm məzmunca, həm də mövzu əlvanlığı ilə büsbütün dəyişməsi ilə nəticələndi. Başlanan bu işin miqyası o qədər böyük idi ki, artıq bir kanala sığmaq qeyri-mümkün idi. Buna görə də Azərbaycan Televiziyasının tərkibində yeni kanalların yaradılması labüd idi. Ən əvvəl «İdman-Azərbaycan» kanalı tamaşaçılara təqdim edildi. Heç bir ödəniş etmədən ölkədə və dünyada baş verən idman hadisələrini operativ şəkildə izləmək, ana dilində şərhlərə qulaq asmaq, idmanla bağlı bütün məlumatlara sahib olmaq hansı tamaşaçını sevindirməz ki?! «İdman-Azərbaycan» bu sevinci öz auditoriyasına çox qısa zamanda bəxş edə bildi.

«İdman-Azərbaycan» kanalının yaranması idmana böyük diqqət ayıran Azərbaycan Televiziyasının efir yükünü nisbətən azaltdı. Buna baxmayaraq, ağır və gərgin iş qrafiki dəyişmədi. Çünki sıra artıq mədəniyyət sahəsinə gəlmişdi. Uzun zamandan bəri yüksək tamaşaçı zövqünü formalaşdırmağa çalışan Azərbaycan Televiziyası bu işi də daha geniş miqyasda elmi-nəzəri, bədii-estetik konsepsiyada həyata keçirmək niyyətində idi. Dövlətin mədəniyyət sahəsində gördüyü çoxşaxəli işlərin, ölkə prezidenti İlham Əliyevin bu istiqamətdə bir-birindən dəyərli sərəncamlarının, və bunlardan doğan vəzifələrin, keçirilən beynəlxalq musiqi festivallarının geniş şəkildə tamaşaçılara çatdırılması üçün məxsusi «Mədəniyyət» kanalının açılmasına böyük ehtiyac duyulurdu.

Və bu kanalın istənilən nəticəni verməsi üçün məhz Azərbaycan Televiziyasının nəzdində yaradılması labüd idi. Çünki maddi-texniki baza, müasir texnologiya və uzun illər yığılıb-qorunan mədəniyyətə, sənət adamlarına aid dəyərli lent yazıları yalnız AzTV-nin arxivində idi.

«Mədəniyyət» kanalının məhz Azərbaycan Televiziyasının nəzdində yaradılmasının digər səbəbləri də var idi. Ən əvvəl ona görə ki, ölkə teleməkanında kifayət qədər televiziya kanalı fəaliyyət göstərdiyi halda, bunlardan yalnız Azərbaycan Televiziyasının missiyası mədəniyyətimizi yüksək səviyyədə təbliğ etmək idi. Keçirilən müsabiqələr, musiqi festivalları, bir-birindən maraqlı maarifləndirici süjetlər, konsert proqramları və çox zəngin arxiv yeni yaradılacaq kanal üçün ideal əyani vasitə ola bilərdi.

Azərbaycan Televiziyasının maddi-texniki bazasının dünya standartlarına tam cavab verməsi, teleyayımının bütün dünyaya ötürülməsi yayılması imkanının olması da «Mədəniyyət» kanalının məhz Azərbaycan Televiziyasının bazasında yaradılmasına əsas verirdi. Beləcə, yaradılacaq «Mədəniyyət» kanalı bütün dünyada seyr edilmək imkanı qazanacaqdı. Sevinclə deyə bilərik ki, bu qətiyyətli addım çox uğurlu nəticələndi. Bu isə özlüyündə mədəniyyətimizin dünya miqyasında daha geniş, möhtəşəmliklə təbliği deməkdir.

Qeyd etdiyimiz kimi, ölkənin ilk ixtisaslaşmış telekanalı - «İdman- Azərbaycan» kanalının Azərbaycan Televiziyasının nəzdində yaradılması və bütün ölkədə yayımlanması ana televiziyamızın ixtisaslaşmış televiziya sahəsində qazandığı uğuru idi. Bu təcrübə «Mədəniyyət» kanalının da inkişafına, şübhəsiz, sirayət etdi.

Arxada qoyduğumuz illər «Mədəniyyət»in həyatında bir çox uğurlarla yadda qaldı. Əgər yeni yarananda «Mədəniyyət» kanalında 10-dan çox proqram fəaliyyət göstərirdisə, bu gün bu rəqəm 30-dan artıqdır. Bu günədək cəmi 14 saat efir vaxtı olan bir kanal üçün bu rəqəm çox yüksək nəticədir.

Özlüyündə böyük tamaşaçı auditoriyası toplamış proqramlar çoxdur. Onların bir neçəsinin adlarını sadalamaq yerinə düşərdi: «Musiqi xəzinəsi», «Pillə», «Bu axşam», «Sevilənlər», «Yaradanlar, yaşadanlar», «Palitra», «Səmimi söhbət», «Məclisi-üns»...

Məlumat üçün bildirək ki, «Mədəniyyət» telekanalında təqvimə uyğun olaraq ayrı-ayrı şəxsiyyətlərlə bağlı sənədli film və portret proqramlar da nümayiş etdirilir.

Bu gün XX əsrin sənət inciləri sayılan milli filmlərin və dünya xalqlarının filmlərinin nümayişinə teleməkanımızda çox az rast gəlinir. O filmlərin ki, adları, sözün həqiqi mənasında, tarixə düşüb. «Mədəniyyət» telekanalı bu kimi filmlərin də sistemli nümayişini təşkil edir. Üstəgəl, bu filmlərin çoxu restavrasiya olunmuş formada tamaşaçılara təqdim olunur.

«Mədəniyyət» telekanalı ölkədə təşkil olunan mədəniyyətlə bağlı bütün əhəmiyyətli layihələrin də eksklüziv yayım hüququna malikdir.

«Mədəniyyət» telekanalının həyata keçirdiyi olduqca əhəmiyyətli bir layihə də Azərbaycan sənətinin ən görkəmli simaları ilə bağlı silsilə yaradıcılıq gecələri və konsertlərin təşkilidir.

Ötən il Heydər Əliyev sarayında keçirilən Tofiq Quliyevin, Ramiz Mirişlinin mahnılarından ibarət konsertlər, «Muğam və mənəviyyat» ədəbi-bədii kompozisiyası, «Ötən illərin nəğmələri» retro-konserti, Dədə Şəmşirin, Əliağa Vahidin xatirə gecələri, Emin Sabitoğlunun xatirəsinə həsr olunmuş konsert, Dövlət Filarmoniyasında keçirilən Hacı Xanməmmədovun yaradıcılığına həsr olunmuş musiqili gecə, Üzeyir Hacıbəyovun, Maestro Niyazinin xatirələrinə həsr olunmuş konsertlər, Kamera və Orqan Zalında keçirilən Fikrət Əmirovun yaradıcılığına həsr olunan konsert mədəniyyətimizə əsl töhfə hesab oluna bilər.

7-ci ildönümü ərəfəsində «Mədəniyyət» telekanalının direktoru Ramil Qasımov telekanalın dünəni, bu günü və sabahı barədə əməkdaşımıza bunları söylədi:

- Müasir, qüdrətli Azərbaycanımızın mədəni həyatı bu gün dövlət başçısı tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunub. Bunun nəticəsində də Azərbaycan mədəniyyəti peşəkar musiqiçilərin, incəsənət nümayəndələrinin iştirakı ilə dünyada yetərincə təbliğ olunur. Azərbaycan mədəniyyəti həm də Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin hüdudlarından kənarda keçirilən geniş həcmli tədbirlərdə də ayrı-ayrı xalqlara çatdırılır. Bu təbliğatda Azərbaycan Televiziyasının «Mədəniyyət» telekanalının da öz payı var. Çox sevindirici haldır ki, qüdrətli Azərbaycanın «Mədəniyyət» kanalı mövcuddur. Çünki bu kanal vasitəsilə biz keçmiş ənənələrimizi, Azərbaycan musiqisində, mədəniyyətində, incəsənətində əbədiyaşarlıq qazanmış insanları təbliğ edirik. Müasir nəsil bizim mədəni irsimizlə tanış olur. Eyni zamanda, gənc, istedadlı musiqiçiləri, incəsənət xadimlərini milyonlarla tamaşaçıya təqdim edirik. Altmış iki illik müddətdə Azərbaycan mədəniyyətinin qoruycusu məhz Azərbaycan Televiziyası və Radiosu, onun arxivində olan milyonlarla lent yazıları olub. Məhz həmin lent yazılarını da biz «Mədəniyyət» kanalı vasitəsilə tamaşaçıya çatdırırıq. Qeyd edim ki, «Mədəniyyət» kanalı nəinki bu görüntüləri işıqlandırır, eyni zamanda ölkəmizin mədəni həyatında baş verən irimiqyaslı tədbirləri, şair-bəstəkarların, əbədiyaşarların yubiley və xatirə gecələrini də yayımlayır. Bundan başqa, demək olar ki, bütün sənət ocaqları ilə birgə layihələr həyata keçiririk. Ötən il neçə-neçə gənc istedad məhz «Mədəniyyət» kanalının Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Heydər Əliyev Sarayı, Kamera və Orqan Zalı, eyni zamanda regionlarımızdakı mədəniyyət ocaqları ilə əməkdaşlığının nəticəsində tamaşaçıya tanıdılıb. Elə 2017-ci ildə bəstəkarlar arasında romans müsabiqəsinin elan olunması, bu il Azərbaycan Yazıçılar Birliyi ilə birgə təşkil etdiyimiz şairlər arasında hərbi-vətənpərvərlik müsabiqəsi, eyni zamanda müasir Azərbaycan, Bakı mövzusunda keçirilən şeir müsabiqələri dediklərimizə əyani sübutdur. Qarşıda silsilə layihələrimiz var. “Müasir Azərbaycan rəssamların gözü ilə”, “Müasir Azərbaycan fotoqrafların gözü ilə” və “Müasir Azərbaycan heykəltəraşların gözü ilə” adlı sərgiləri keçirməyi planlaşdırırıq. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun, şəxsən ölkəmizin 1-ci Vitse prezidenti Mehriban xanım Əliyevanın milli musiqimizə daimi diqqət və qayğısı əvəzsizdir. Bunun üçün biz bütün incəsənət xadimləri adından ona təşəkkür edirik. Çünki, bu gün Azərbaycan musiqisi, Azərbaycan incəsənəti, mədəniyyəti dünyanın inkişaf etmiş ölkələrində təbliğ olunur. Bizə dünyanın müxtəlif ölkələrindən məktublar ünvanlanır, ayrı-ayrı verilişlərimiz haqqında xoş sözlər yazılır. Bu da bizdə qürur hissi yaradır. Mən fəxr edirəm ki, bu televiziyada çalışıram və dövlətimizə, xalqımıza sədaqətlə xidmət edirəm. 7 yaşımızda tamaşaçılarımıza olan 24 saatlıq efir və HD formatında yayım kimi sürprizlər mədəniyyətsevərlərimzə böyük bir töhfədir. Bu, eyni zamanda bir daha ölkə rəhbərliyinin mədəniyyətimizə böyük qayğısından, etimadından xəbər verir. Biz də bu etimadı doğrultmağa çalışırıq.

Sonda bir şeyi də qeyd edək ki, ölkəmizin ən tanınmış simaları telekanal barədə müntəzəm olaraq xoş sözlər söyləyir, dəyərli fikirlər səsləndirirlər. Məsələn, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, akademik Ziyad Səmədzadə deyir:

- «Mədəniyyət» kanalının həyata keçirdiyi layihələr çox diqqətəlayiqdir. Mən orada tez-tez görkəmli sənət adamlarını görürəm, onların yaradıcılığı ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirirəm. Bütövlükdə, «Mədəniyyət» telekanalının açılmasını müstəqilliyimizin bir nailiyyəti kimi qiymətləndirmək olar.

Millət vəkili Aydın Mirzəzadə söyləyir:

- Müasir dünya teleməkanla çox sıx bağlıdır. Operativ və görüntülü informasiya məhz televiziyalar vasitəsi ilə mümkün olur. O, həyatımıza daxil olaraq, bizlərin dostu və sirdaşı rolunu oynamağa başlamışdır. Həyatımızı onsuz təsəvvür etmək mümkün deyildir. Tək informasiya deyil, maarifləndirmə və əyləncə funksiyalarını da mavi ekranlar müvəffəqiyyətlə yerinə yetirməyə başlamışlar. Çox sevindiricidir ki, dünya və Azərbaycan televiziyaları inkişafda eyni sürətdədirlər. Elə bir texnologiya yoxdur ki, Azərbaycan teleməkanına xas olmasın. İndi xarici telekanallar tez-tez Azərbaycan TV-lərinə istinad edir, onları bərabər partnyor kimi qəbul edirlər. Mən “Mədəniyyət” telekanalının yaranmasını çox böyük hadisə hesab edirəm. Bu telekanal cəmiyyətin bütün təbəqələrinin maraqlarını nəzərə ala bilir. Təcrübəli, peşəkar kollektivi hər gün çoxmilyonlu auditoriyanı maraqlı verilişlərlə sevindirə bilir.Azərbaycan tamaşaçısı bu tematik telekanalda öz zövqünə uyğun veriliş tapır, bu, artıq tamaşaçıya verilən ən böyük qiymətdir.

Keçmiş SSRİ-nin xalq artisti, akademik Arif Məlikov «Mədəniyyət» telekanalına bu cür qiymət verir.

- Əlbəttə, biz hər zaman yaxşı verilişlərə tamaşa etmək, qulaq asmaq istəyirik. Bu baxımdan şəxsən mənim verilişlərini daha çox izlədiyim televiziya «Mədəniyyət» kanalıdır. Bu kanal mədəniyyətimizin, incəsənətimizin bütün sahələrinə işıq salır. O cümlədən də milli musiqimizə, bəşəri mahiyyət daşıyan dünya musiqisinə geniş yer verir. Çox sevdiyim simfoniya və balet janrlarına aid həm özünün hazırladığı, həm də müxtəlif ölkələrdə çəkilmiş dəyərli verilişlərlə zövqümüzü oxşayır. Əminəm ki, «Mədəniyyət» kanalının uğurları gələcəkdə daha geniş miqyasda davam edəcək.

Məşhur xanəndəmiz, Azərbaycan respublikasının xalq artisti Əlibaba Məmmədov isə Azərbaycan Televiziyasının və onun övladı «Mədəniyyət» telekanalının fəaliyyətini belə qiymətləndirir:

- Azərbaycan Televiziyası səsimizi xalqa çatdıran ilk televiziya olub. Çox vaxt yaşlı insanlarla söhbət edəndə onların hafizəsində bizim bilmədiyimiz çox hadisənin «yatıb qaldığı» ortaya çıxır. Azərbaycan Televiziyasının da arxivi özündə zəngin televiziya tarixi ənənəsini, təcrübəsini qoruyub-saxlayır. Elə buna görə də gənc televiziyaların AzTV-dən öyrənəcəyi çox şeylər var. Sənətə və sənətkara verdiyi qiymətə görə AzTV-yə xalqın bir sənətkarı kimi çox minnətdaram. Həmişə diqqət yetirirəm, verilişlərdə Azərbaycan tarixi, folkloru, musiqisi, qədim adət-ənənələrimiz kökünə qədər araşdırılır. Hazırkı dövrdə bizə məxsus olan dəyərlərin gənclər tərəfindən öyrənilməsi çox vacibdir. Çünki istənilən xalq əvvəl tarixi, sonra mədəniyyəti, adət-ənənəsi ilə öz varlığını, bütövlüyünü qoruyub-saxlaya bilir. Mən hər zaman demişəm, Azərbaycan Televiziyası ilk fəaliyyətə başladığı vaxtdan bu məsələyə diqqət yetirir, indi də o dəst-xətti qoruyub-saxlayır. «Mədəniyyət» kimi bir telekanalın yaranması Azərbaycan Televiziyasının müstəsna fəaliyyətidir. Yüksək səviyyədə hazırlanan verilişləri çoxdur bu telekanalın. Şou, qeyri-peşəkar ifa insanları yalnız bir müddət əyləndirə, diqqətini çəkə bilər. Tamaşaçı bunlardan doyduqda yenə də gözü ekranda qalır, yeni verilişlər axtarır. Bunu televiziya təcrübəsi olan insanlar daha yaxşı bilir. Mən Azərbaycan Televiziyasına, «Mədəniyyət» kanalına müvəffəqiyyət arzu edirəm. Təmənnam isə budur ki, hər zaman xalqımızın mənəvi dəyərlərinə güzgü tutmaqla fəaliyyətlərinə davam etsinlər.

Biz də özlüyümüzdə 7 yaşlı telekanala bundan sonra da böyük uğurlar və nailiyyətlər arzulayır, ona 10, 50, 100 illik yubileylərini alnıaçıq, üzüağ qeyd etməyi diləyirik.

Yolun açıq olsun, doğma telekanalımız!

# 3112 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #