Bədxahlarıma arzu edirəm ki... – Varisdən onu tənqid edənlərə cavab

Bədxahlarıma arzu edirəm ki... – Varisdən onu tənqid edənlərə cavab
19 iyun 2020
# 15:03

Kulis.az yazıçı Varisin onunla bağlı tənqidi məqaləyə cavab kimi yazdığı “Ayxan Ayvaz və digərləri, yaxud Kapusinok bulvarı” məqaləsini təqdim edir.

Genetikada atavizm deyilən bir proses var: orqanizmdə uzaq əcdadlara aid bəzi genlər genomda qalmaq şərti ilə digər genlər tərəfindən bloklanır, amma uzun müddət susandan sonra onlar bir gün fəallaşıb orqanizmin qurulmasında rol oynamağa başlayırlar. İbtidai dövrə xas bu genlərin yenidən fəallaşması, adətən, reqressiyaya xidmət etmiş olur.

Təqribən bir il əvvəl Kulis.az portalının yazarı Ayxan Ayvaz sosial şəbəkə vasitəsilə mənə bildirmişdi ki, bəs, keçən dəfə sizin əleyhinizə yazı yazmışdım, indi səhv etdiyimi, sizin düz yolda olduğunuzu anlamışam, bu dəfə sizin xeyrinizə yazı yazmışam. “İstər əleyhimə yaz, istər xeyrimə, mənə bir istisi-soyuğu yoxdur” anlamında buna reaksiya verməmişdim.

On gün öncə Kulis.az portalından Ayxan Ayvazın əleyhimə yazı yazdığı bildirilərək ona cavab verib-verməyəcəyim soruşulanda, insafən, yenə də reaksiya vermədim. Amma sonradan həmin o yazının portalda hansı ad altında təqdim olunması, ardınca portalın mövzunu necə müzakirəyə qoyması bəzi hiddətlənmiş ədəbiyyat adamı və oxucu tərəfindən diqqətimə çatdırılanda qərara gəldim ki, bir gün səni pisləyən, sonra tərifləyən, sonra yenidən pisləyən Ayxanın əhval-ruhiyyəsi ilə formalaşan bir “ədəbi mühitə” bu dəfə hökmən cavab verməliyəm.

1.

Əvvəla, ən bəsitindən başlayaq, ondan ki, bir şəxsin öz həmkarlarını təftiş və tənqid etməsi qüsurlu, qeyri-etik münasibətdir. Dünyanı kifayət qədər gəzən, əcnəbi yaradıcı qurumlarda kifayət qədər təmsil olunan şəxs kimi “Biləcəridən o tərəfdəki” yaradıcı və insani münasibətlər barədə tam məlumatlıyam. Avrasiya Materiki Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, nüfuzlu PEN İnternational (London) və Beynəlxalq Yazıçılar Gildiyası (IGOW- Berlin) təsisatlarının, Rusiya Yazıçılar İttifaqı və Beynəlmiləl Yazıçılar İttifaqının (IWU) üzvü, Nyu-York Dünya Yazıçıları Konqresinin iştirakçısı, bir neçə beynəlxalq festivalın münsifi, beynəlxalq antologiyaların redaksiya heyəti üzvü kimi deyirəm, bütün bu qurumlarda - ümumiyyətlə, dünyanın bütün yaradıcı təsisatlarında sivil insanlar üçün bir peşə etikası deyilən məcburi riayət kodeksi var, yazıçıların öz həmkarları ilə həmrəy olması tələbi var. Yazıçının yazıçını tənqid etməsi nə deməkdir axı? Əgər o, əxlaqsızlığı, narkomaniyanı təbliğ etmirsə, ümumbəşəri ideyaları tapdamırsa, qlobal anlamda insanlığın, lokal anlamda öz xalqının əleyhinə çıxmırsa və yazdıqları plagiat deyilsə sən hansı əsasla öz həmkarını tənqid etməlisən? Tənqid tənqidçilərin işidir, ədəbiyyatşünasların işidir, ən yaxşı halda nüfuzlu, korifey yazıçıların təcrübəsiz, gənc yazarlara yönəli tövsiyəsidir. Əgər sıravi yazıçı tənqidə əl atırsa, özü də, ən müxtəlif parametrlərə görə ondan daha populyar olan yazıçılara hücum edirsə, demək haqsızlığa əl atır, demək o, heç də xoşməramlı deyil. İnanın bu, çox təəssüfedici məqamdır.

Ola bilsin ki, Ayxan Ayvaz bunları bilmir, sırf səmimi hisslərlə ədəbiyyatın keşiyində durmaq, onu “mənfur ünsürlərdən” təmizləmək istəyir. Məsələyə bu prizmadan yanaşanda isə onun özünü digərlərinə etalon kimi göstərmək istəyinin tam yanlışlığı aydın sezilir.

Diqqət edək: Ayxan yazısında bizə qarşı “bu tip yazıçıların cümlələri təəssürat oyatmır, bədii mətn deyil” iddiasını irəli sürür. Elə şeylər var, onların xırdalanmasına vaxt ayırmağa belə dəyməz, görünən dağa nə bələdçi. Amma mən məcbur qalıb, hər halda, bunu edirəm, “cümlələrimin bədii mətn olmaması” barədə Ayxanın iddiasının müqabilində tərəzinin digər gözünə qoyularsa qat-qat ağır gələcəyi şübhə doğurmayan onlarca əks iddia gətirə bilmək seçimimdən ikicəsini gətirməklə faydalanıram.

Biri keçmişimə aiddir: 1990-cı ildə tələbəliyimdə ilk dəfə “Ulduz” jurnalında hekayələrim dərc olunarkən Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlı haqqımda yazmışdı:

“Varisin yazılarını oxuyanda yazıçılıq üçün əsas şərtlərdən olan üç əsas cəhət diqqətimi cəlb etdi: Onun biri dilin səlistliyi, bədiiliyi, aydın və yığcamlığıdır. Çoxdan məlum olan bir həqiqət var ki, ədəbiyyat söz sənətidir və yazıçının əsas silahı sözdür. Əgər əlinə qələm alan gənc sözün canlı, cazibədar, bəzən qılınc kimi kəsərli, bəzən də oxşamalar qədər canayatımlı olmasına elə ilk andan əhəmiyyət verməsə, onun gələcək qələbəsinə inam azalar. Bunu ona görə deyirəm ki, çox vaxt elə hallar olur, gəncləri dil üzərində işlətmək əvəzinə “məzmun yaxşıdır, dilini də düzəldərik”,- deyə yanlış yola salırlar. Varisinsə hər şeydən əvvəl dili mənim xoşuma gəldi.

İkinci yaxşı cəhət onun hadisələrin zahiri təsvirinə yox, psixoloji, fəlsəfi təsvirinə meyl etməsidir.

Üçüncü cəhət isə təfəkkürün obrazlılığı, yazıçının düşüncə tərzindəki axarlıq və şeiriyyətdir.”

Biri də indimə aiddir: Beynəlxalq müstəvidə ədəbi mükafatların nominantlarını adətən hesabat ilində dərc edilmiş uğurlu kitablarına görə seçirlər. Bir dəfə məndə İstisna olub: “yüksək bədii dəyərinə görə” bircə abzasımla (“İnsan ömrü adi günlərin xoşbəxt və bədbəxt günlərə nisbətindən ibarətdir. Bir bədbəxt gün iki xoşbəxt günü aparır”) Tolstoyun və Dostoyevskinin vətənində Rusiya ədəbi mükafatının nominantı seçilmişəm. Hətta ötən il Tümen şəhərində keçirilən Ümumrusiya ədəbiyyat festivalında gənc rus yazarlarına “müasir dövr bestsellerlərində bədiilik” mövzusunda ustad dərsləri də keçmişəm. Artıq şərhə, məncə, ehtiyac yoxdur, deyilmi?

2.

Yazısında daha sonra Ayxan axıradək Rövşən Abdullaoğlunun təhkiyəsini tənqid edərək redaktəyə məruz qoyur. Mən Rövşən bəyin dostu deyiləm. Açığı, bir oxucu kimi mütaliə hədəflərim də başqa olduğundan nə onu, nə Elatlını, nə də Qaraqanı oxuyuram. Amma obyektivlik baxımından deyim ki, azacıq insafı olan istənilən şəxs görər ki, Ayxan bu tənqidində qərəzlidir. Diqqət edin, Rövşən bəydən bu cümlə sitat gətirilir:

“Keçmişdə yaxşı tanıdığım bir nəfər mən bir şeyə görə ağlayan zaman deyərdi: " Hər xırda şeyə görə ağlamamağı öyrən! Çünki insan acizliyindən ağlayır. Çalış, möhkəm ol, hamı da səni bu cür tanısın". Mən isə ona deyərdim: "Nəyə görə olmadığım kimi görünüm?" O susar , heç nə deməzdi. Bir gün onun özünü ağlayan gördüm. Nəyə görə mənə dediyinə özünün əməl etmədiyini soruşdum. O, gözünün yaşını silərək: "Əməl etmək məsləhət verməkdən çox çətindir" , - dedi."

Ayxan Rövşən bəyin mətnini bu cür düzəldib:

“Köhnə tanışım mən ağlayanda deyərdi ki, hər xırda şeyə görə gözünün yaşını axıtma, insan acizliyindən ağlayır. Çalış, möhkəm ol, hamı da səni bu cür tanısın.

Mən də hər dəfə soruşardım: "Nəyə görə olmadığım kimi görünüm?"

O, susar, dinməzcə mənə baxardı.

Günün birində onun ağladığını gördüm. Dedim, bəs mənə dediyinə özün niyə əməl eləmirsən? O, qoluyla gözünün yaşını sildi və sakitcə dedi: "Əməl eləmək məsləhət verməkdən çətindir".

Əcaba, siz deyin, Ayxan bu ustad dərsində haqlıdırmı? “O, gözünün yaşını sildi” cümləsini “O, qoluyla gözünün yaşını sildi” şəklinə salıb (gözün yaşı, deməzsənmiş, yalnız qolla silinirmiş, məsələn, daha sivil qaydada, cib yaylığı ilə silinə bilməzmiş), “dedi”ni “sakitcə dedi”yə dəyişib (başqa cür “demək” yəni doğrudan qeyri-mümkündür?!), bir də bir-iki sözün yerini dəyişib, vəssalam, dəyərmi buna görə polemika açmaq, o boyda yazı yazmaq? Niyə sənə elə gəlməlidir ki, sən öz subyektiv mülahizənə görə obyektivsən? Rövşən bəyin təhkiyəsi bir ayrı, səninki bir ayrı. Niyə axı o da sənin kimi yazmalıdır?

Tutalım, bir yazar başqa bir yazarın “Adam yolla gedir” cümləsinin bədii olmadığını, “Yolla adam gedir” şəklində daha uğurlu alınacağını iddia edirsə, sadəcə, cığallıq etmir yəni? Axı bir başqa özükimisi də ortaya çıxar, deyər, “Yolla adam gedir” cümləsi də bədiilikdən uzaqdır, “Gedir yolla adam” şəklində olmalıdır. Söz sənətində istənilən sözə mız qoymaq olar, amma niyə axı mız qoyasan?

Etiraf edim ki, bu yazıya kimi Ayxanın heç bir bədii mətnini oxumamışdım, işlədiyi portalın onun ətrafında yaratdığı “istedadlı gənc yazar” imicini qəbul edirdim, bu təkəbbürünü, başqalarına meyar olmaq mərəzini görüb internetdə axtarış verəsi oldum və qarşıma “Evdəki sükut” adlanan bir hekayəsi çıxdı. Bir abzas oxudum:

“Bu uşaq işdəncəlikdə, şətəlxorluqda kənddə ad çıxarmışdı. Gününü süleysinliklə keçirdiyindən evə gec gəlirdi. Arvad kimi özündən böyüklərlə icəşdiyindən hamının Vüsaldan zindeyi-zəhləsi gedirdi.”

Başqa bir abzas oxudum:

“Zəminənin tapaşdamaqdan təpəri qalmamışdı, amma Vüsal döyülməklə düzəlmirdi, əksinə daha da sırtalırdı.

Zəminə də sağolsun, Allahın ver günü əlində oxlov Vüsalın arxasınca yüyürür, onu bir yerdə qısdıyıb möhkəmcə tapaşdıyır, uşağın geyişiyini yatırdırdı.”

Sonra yenə də eyniliklər gəlirdi:

“Düzdü, Zəminənin atası Vüsalın əl-qolunun tikana batıb qanaq-qanaq olacağını da demişdi, ancaq günü bu gün də şətəlxor oğlunun heç yanı qanamamışdı.”

“Ağlına oğlu gəldi. Yəqin indi Vüsal hardasa veyillənir, ya da kiminsə evində süleysinlənirdi.”

“Şətəlxor olduğundan yəqin ki, indi də itin başına ip salıb oynadar...”

Demək, Ayxanın təbirincə “təəssürat oyadan, bədii mətn olan”, digər yazarları tənqid etməyə haqq verən məhz bu tip təhkiyədir?

Ayxandan və qeyrilərindən fərqli olaraq öz rəyimi Quran ayəsi kimi diktə etmək niyyətindən çox uzağam, sadəcə, bir oxucu kimi öz subyektiv fikrimi bildirirəm ki, şəxsən mən “İcəşən, süleysinləyən işdəncənin, şətəlxorun qısdanıb tapaşdırılmasından və geyişiyinin yatırdılmasından” ibarət təhkiyədən heç bir bədii zövq ala bilmədim.

Bəs onda Ayxanın “tənqid” adı altında hücumu nəyə hesablanır?

Bəlkə də cavab çox sadədir: işlədiyi portalda işəmuzd əməkhaqqı alması səbəbindən vaxtaşırı yazı xatirinə yazı yazmaq məcburiyyətində qalır.

Amma ola da bilər ki, başqa səbəblər var.

Gəlin diqqət edək: hədəfə tuş gələn motivasiya və psixoloji nəsr yazan Rövşən Abdullaoğlunu, detektiv yazan Elxan Elatlını, dram yazan məni və tineycer ədəbiyyatı yazan Qaraqanı yeganə birləşdirə biləcək cəhət odur ki, biz ən çox kitabları satılan və ən böyük oxucu auditoriyasına malik olan yazıçılardanıq. Bəlkə səbəb bundan dolayı qısqanclıqdır?

Ya da, özünü yazıda səmimiliklə Rövşən bəyə təklif etdiyi ampluada - “Bəlkə də Rövşən Abdullaoğlu əsərini redaktora təqdim etmir. Ola bilsin, onu səliqəyə salan biri yoxdur deyə belə alınır. Bəlkə dili, mətni yaxşı bilən birinə təqdim etsə, daha yaxşı olar. Məsələn, mənə versə, onun əsərlərini konfet eləyərəm” - görmək istəyir?

Hər-halda, bu yazının Kulis-dəki müzakirəsi zamanı gənc yazar Emin Pirinın açıqlamasını da diqqətdən kənarda qoymayaq:

“Kim kimləsə dost olmaq, əlaqələr qurmaq, onun resurslarından istifadə etmək istəyirsə, öncə o adamı vurur. Ayxanın da onlarla dost olmayacağı, sabah qol-qola şəkillər paylaşmayacağı məlum deyil.”

Bu qədər bəsit.

3.

Məsələnin birinci tərəfi ilə qurtardıq. İndi də gəlin keçək məsələnin ikinci tərəfinə, məni bu dəfə “şeytanın qıçını sındırıb” cavab yazmağa təhrik edən məqama. Ayxanın “Rövşən Abdullaoğlu və digərləri” adlanan yazısı tam dəxilsiz olaraq, yazıdakı bircə ştrixə, bircə cümləyə belə istinad edilmədən “Bulvar yazıçıları: Rövşən Abdullaoğlu, Elxan Elatlı, Varis və Qaraqan” manşet başlığı ilə və dördümüzün şəkilləriylə təqdim edilib (Polis idarələrinin qarşısında görməyə alışdığımız ənənəvi “onları polis axtarır” elanlarındakı kimi – V.) sonra da müzakirəyə qoyulub.

Bəri başdan deyim, tam qərəzli, tam hüquqi müstəvidə “şərəf və ləyaqəti alçaltmaq” statusuna uyğun şəkildə. Bunlarda nə qədər qəzəb, kin, nifrət varmış belə?

Nədir bulvar ədəbiyyatı? Bulvar romanı bədii və mədəni dəyəri olmayan, ictimai anlam kəsb etməyən, kütləvi oxucu zövqünə hesablanmış ədəbiyyat janrıdır. Bulvar romanı yazmaq, əslində, Azərbaycandankənar düşüncə tərzinə görə ləkəgətirici bir şey də deyil, bu dəqiqə dünyada ən çox oxunan məhz bu sayaq ədəbiyyatdır. Detektiv, kriminal, macəra, fentezi, fantastika, ekşn, melodram - az-çox oxunan nə varsa əksəriyyəti indi klassik qəlibdən çıxaraq xeyli dəyişmiş bu kateqoriyaya aid edilir. Forbesin dünyanın ən varlı insanları reytinqinə düşən yeganə yazıçı da məhz bu cür ədəbiyyat yaradan britaniyalı Coan Roulinqdir.

Siz eşitmisinizmi, Azərbaycandan başqa digər hansısa ölkədə bulvar ədəbiyyatı yazanları müttəhimlər kürsüsündə oturtsunlar? Eşitməmisiniz, eşitməyəcəksiniz də. Nəsr bütün növləri ilə nəsrdir, bu gün “mən bilmirəm roman yazım, yoxsa əsər yazım” söyləyən cızmaqaraçı nadanların ertəsi gün mükəmməl detektiv, yaxud melodram yazan yazıçını “bulvarçılığına” görə sərt tənqidə tuşlaması yalnız bizim ədəbi mətbəxin məhsuludur.

Biz düşüncə tərzimizdə niyə bu qədər geridəyik? İndi bütün meyarlar İKT-nin sonsuz inkişafı ilə xarakterizə olunan yeni - 3-cü minilliyə hesablanıb, burada ədəbiyyat da yeniləşir, ənənəvi kitabçılıq storytelling - internetdə hekayə danışmaq formatına keçid alır, hətta bundan da o yana - digital storytelling-ə hazırlaşır. İnternetin və mobil telefonun hökmranlığı şəraitində insanları əvvəlki meyarlarla ədəbiyyata bağlamaq get-gedə daha da çətinləşir, son məlumatlara görə dünyada ənənəvi oxucular arxaikləşmək üzrədir, mütaliə edənlərin 75-80 faizi yalnız başlıqlara, ilk abzaslara, seçmələrə göz qoymaqla, arada nəsə cəlb edəndə hissə-hissə oxumaqla skimming (kross-oxuma) tərzində oxuyurlar, klassik gül-bülbül bədiiliyi ləngidici, fikiryayıcı anlam kəsb etməklə mətnlərdən uzaqlaşdırılır, dilin sadəliyinə, fikrin aydınlığına önəm verilir, oxucunun informasiya almaq, fakt tapmaq tələbatına diqqət ayrılır, barı bunlarısa bilmək lazımdır. Adicə qısa çıxış mətninin günümüzdə TED kimi qızıl standartları olduğu halda (TED abreviaturası hər il Kaliforniyada keçirilən, məşhur adamların gəlib cəmi 18 dəqiqə ərzində vacib şeylərdən danışdığı Technology Entertainment Design konfransının adından götürülüb, 18 dəqiqəyə azı 1800 dəqiqəlik mətləblərdən xəbər verməli, azı 18 000 dəqiqəlik təəssürat oyatmalısan), görün indi uzun yazı mətninin qəlibə salınması günümüzdə necə aktuallaşıb. Bu bir.

İkincisi, hətta mənasını dərk etməyə-etməyə “bulvar ədəbiyyatı” deyib vay-şivən qoparıldığı halda ona da məhəl qoyulmur ki, heç bulvarların da təyinatı həmişə əyləncə, istirahət məkanı olmur, məsələn, Parisin Kapusinok bulvarı dünya mədəniyyətinin mərkəzidir, dünyaca məşhur Gaumont Opera, Vodevil Teatrı, Olimpiya konsert zalı burda yerləşir, hətta 1895-ci ildə Lümyer qardaşlarının ilk kino nümayişi də burada - ev 14-də baş tutub.

4.

İndi keçək məğzə. İş ondadır ki, hədəfə qoyulan 4 yazıçıdan 3-ü (detektivi ilə Elxan Elatlını çıxmaq şərti ilə) bulvar romanı da yazmır axı. İntellektual ədəbiyyat yaratmağa cəhd edən Rövşən Abdullaoğlunun bulvar ədəbiyyatına nə dəxli? Yaxud, tineycer ədəbiyyatının “A” romanı kimi diqqətçəkən nümunəsini yaradan Qaraqanın? Bəs, hazırda Qərbdə çox populyar olan non-fikşn ədəbiyyatına xas sənədliliklə dram bədiiliyinin sintezini yaratmağa çalışan mənə bunun nə dəxli?

Biz xatırlatdıq ki, “bulvar romanı bədii və mədəni dəyəri olmayan, ictimai anlam kəsb etməyən, kütləvi oxucu zövqünə hesablanmış qeyri-ciddi ədəbiyyat janrıdır, bu cür ədəbiyyat tarixdə qalmır, dəyər ala bilmir, heç vaxt təltif olunmur, ictimai rəy doğurmur”, düzdürmü? Siz indi bir müəllifin qərəzinin miqyasına baxın: Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası çərçivəsində çap olunub xarici dillərə çevrilən, dövlətimizin beynəlxalq miqyasda Xocalı təbliğatında önəm verdiyi “Qırmızı ləçəklər” romanımlamı bulvar yazıçısıyam?

Məncə, elə buradaca məramların aydınlaşması səbəbindən söhbətə nöqtə qoymaq olardı, amma mən davam edəcəyəm: Bəlkə Avrasiya materikinin nüfuzlu “Qızıl LiFFt” seriyasından nəşr olunan, Beynəlxalq London mükafatının şort-listinə düşən, Amerikada belə çap edilən, Moskvanın Qızıl meydanında təqdimatı keçirilən, bütün bunlarla yanaşı, Azərbaycan ədəbiyyatında ədəbi zövqün zirvələrindən biri kimi qəbul edilən xalq yazıçısı Elçinin zəng vurub düz 45 dəqiqə təriflədiyi fəlsəfi-psixoloji “Metamorfoz” romanımdır bulvar romanı? Yoxsa Dünya Yazıçılarının Nyu-York Konqresində pitçinq-i keçirilən, böyük nəşriyyatlara tövsiyə edilən, Türkiyənin Yozqat-Bozok Dövlət Universitetində əlavə dərs vəsaiti kimi təsdiqlənən, 1937-ci il repressiyası mövzulu “Yetmiş yeddinci gün” romanımdır?

Növbəti sadalamalarımın da bir görün, təltif coğrafiyası, təltifedilmə nüfuzu nələr deyir: YUNESKO-nun və Polşada keçirilən Slavyan Ədəbiyyatı Festivalının Adam Mitskeviç medalını qazanmış, ədəbi tənqidimizin gözəl nümayəndəsi Vaqif Yusiflini heyrətləndirən “Zalımlar, babam və əncir ağacı” hekayəsi; Böyük Britaniyanın Yazıçılar İttifaqının (APPİA) versiyasında mənə “İlin yazıçısı” adını qazandırmış “Göydən yıxılan mələk” kinossenarisi; Azərbaycanın “Qızıl kəlmə” hökumət mükafatına layiq görülən, Azərbaycan Prezidentinin Dövlət Teleradio Şurasına ayırdığı maliyyə vəsaiti ilə ssenarisi əsasında çoxseriyalı televiziya filmi çəkilən “Bir ovuc torpaq” romanı; Rusiyanın Moskva Ədəbiyyat mükafatına layiq görülmüş, onlarca xarici ölkədə yayılan, Nyu-Yorkda - Bruklində təqdimatı keçirilən “Yanvarın 13 günü” romanı; İsraildə Ümumdünya Yəhudi Forumunun rəsmi portalında “Məsləhət görülən ədəbiyyat” bölümündə təbliğ olunan “Xrizantema dəstəsi” hekayəsi; Fransada “Antuan de sent Ekzüperi” diplomunu qazanmış “İyirmi bir” hekayəsi; Türkiyənin Avrasiya Yazarlar Qurumunun Mahmud Kaşğari hekayə müsabiqəsinin mükafatçısı olmuş “Mariya Selesta ekipajının məhvi” hekayəsi; Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzeti”nin Əlibəy Hüseynzadə mükafatına layiq görülən, Rusiyanın populyar “Rossiyskiy kolokol” jurnalının versiyasında mənə “İlin yazıçısı” adını qazandıran, ədəbiyyatın mahir bilicisi, akademik Nizami Cəfərovdan tam müsbət resenziya qazanmış “Sonuncu mogikan”“İyirmi ikinci mənzildə” hekayələri...

Bir görün, mənə bulvar yazıçısı demək nə qədər mötəbər qurumun, nə qədər mötəbər insanın seçiminə hörmətsizlik etməkdir və nə qədər oxucunun heysiyyatına toxunmaqdır. Təklif edirəm ki, bu yola əl atmaqdansa elə birdəfəlik qarğışa keçməyiniz, opponentinizə fiziki ölüm arzulamağınız daha məqbul olar.

Maykı Mixalkonun “Gizli ekspert” kitabında belə bir cümlə var: “Bizim bütün həyatımızı düşünmə şablonları idarə edir. Yaradıcı düşünmək - alternativi görmək anlamındadır. Hətta çıxış yolu görünməyən vəziyyətdə belə alternativ tapmaq mümkündür”.

Çox təəssüf ki, bəzən insanlar mənəm-mənəmlik kimi düşüncə tərzinə alternativ tapa bilmirlər, başqalarını aşağılamaqla belə üzdə olmağa, gözə girməyə çalışırlar.

5.

Mövzu ilə bağlı çox vacib bir məqama da toxunacağam. 2008-ci ildə çıxmış ilk kitabım kütləvi oxucu zövqünə hesablanmış, daha öncəki illərdə yazdığım “Sonuncu ölən ümidlərdir” sentimental trilleri olub, dəfələrlə özüm də vurğulamışam ki, bu cür debüt etməyimin səbəbi var: Kitab oxunmayan, kitab mağazaları qəssab və baqqal dükanına çevrilən bir reallıqda ambisiyalarını ortaya qoymaq üçün yeni başlayan yazıçı yalnız kütləvi ədəbiyyat nümunəsi yaratmaqla hədəfini vura bilərdi. “Kitab oxumağın vaxtı yetişdi” şüarı ilə çox yüksək - 10 000 tirajla debüt etmək, əslində böyük risk tələb edən bir aksiya idi, bu da özünü doğrultdu. “Sonuncu ölən ümidlərdir” romanının ədəbi şedevr sayılmasına əsla iddia etməsəm belə, o, heç bulvar romanı da deyil, bədiilik baxımından qənaətbəxşdir, özündə kifayət qədər ictimai, sosial mesajlar daşıyır, didaktik məqamları da yetərincədir (126 000 tirajla çıxdığı Özbəkistanda “Darakçi” qəzeti hətta romanın konkret olaraq bir insanı intihar cəhdindən əl götürməyə vadar etməsindən bəhs etmişdi), həm bədii ədəbiyyatla publisistikanın miksindən ibarət, yeni təfəkkür tərzinə hesablanmış, yeni formatlı bir təhkiyədir. Təsadüfi deyil ki, məşhur M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda roman hətta “Publisistika ilə bədii ədəbiyyatın vəhdəti” adında bir monoqrafiya mövzusu da olub. Sonradan 6 dəfə təkrar nəşr edilib, Bakı Kitab Klubu onu ən çox satılan kitab elan edib, günü bu gün də pirat nüsxələri təkrar çap olunur, yayılır. Əksəriyyəti gənclər olan minlərlə insan mütaliəyə məhz bu romanla başlayıb, kitabçılıq - mütaliəçilik qanunlarına uyğun ibtidaidən aliyə doğru irəliləməklə sonradan Azərbaycan və dünya ədəbiyyatının incilərini oxumağa başlayıb.

Məgər bu pisdir ki? Bütün dövrlərdə ədəbiyyat qatarını irəli çəkən bir lokomotiv funksiyasını daşıyan kütləvi ədəbiyyat yaratmaq niyə cinayət hesab olunsun axı?

Yaxşı, o dövrdə mənə hücum çəkməyinizi, hətta teleefirdə məhkəmə qurmağınızı, deyək ki, birtəhər anlamağa çalışarıq. Bəs romanı yazmağımın üstündən 23, çap olunmasından isə 12 il keçir, niyə illərdir ki, bircə əsərimi belə oxumayan bədxahlar məni elə hey bu ilk romanımın şinelinə büküb balletrist, bəziləri isə ümumiyyətlə mətləbə dəxli olmadan detektiv yazar adlandırır?

Yuxarıda qeyd etdim ki, sözügedən yazıda hədəfə tuş gələn yazarların yeganə oxşar cəhəti kitablarının çox satılması və böyük oxucu auditoriyasına malik olmalarıdır. Onda gün kimi aydındır ki, söhbət kitab bazarının bölüşdürülməsindən, yəni rəqabətdən gedir. Biz nəşriyyat hesabına kitab çıxarırıq, hər kitabdan qonorar əldə edirik, ədəbiyyat bizə həm də pul qazandırır. Böyük oxucu auditoriyamız var, kitab təqdimatlarını özümüz yox, nəşriyyatlar və kitab mağazaları təşkil edir. Təqdimatlarda yüzlərlə oxucumuz izdiham yaradır. Bizim öz vəsaitimizlə kitab çıxarmağa, dost-tanışı yığıb təqdimat təşkil edərək əllərimizi boğazımıza çəkib “kitab çıxarıb filan qədər borca düşmüşəm, gör neynəyirsən” deməyə ehtiyacımız qalmır. Üstəlik, sadaladığım beynəlxalq uğurlar...

Bax buna görə də bizə hücum olunur, kitabdan qazanc əldə etməyimizə qısqanclıqla yanaşılır.

İnanın, dünyanın heç bir yerində kitabı satılmayan yazıçılar kitabı satılanları və onları oxumadıqları üçün oxucuları hədəfə tuş eləmir. Mən başqa heç yerdə “kitab qazanc mənbəyi olmamalıdır”, “yaxşı kitabın oxucusu olmaz” kimi zərərli ibarələrə rast gəlməmişəm. Tam absurddur: Bu adamlar həm kitabın bazar üçün olmadığını iddia edirlər, həm də öz kitablarının arxasına qiymət qoyub bazara çıxarırlar. Həm deyirlər, yaxşı kitabın oxucusu olmaz (?!), həm də özləri oxucu ovuna çıxır, populyar yazıçıları gözdən salıb oxucularını qazanmaq kimi cəfəng iddiaya əl atırlar. Qısası, özləri özlərini təkzib edirlər.

İldə bir-iki dəfə haqqımda yazılan cızmaqaraları bir kənara qoyuram, bəs beynəlxalq miqyasda qazandığım uğur ünvanlarına məndən şikayətlər yollayanlara nə deyim? (Burda “bulvar ədəbiyyatı” deyib aşağıladıqları əsərlərimin əcnəbilərə də məşhur yazarlardan plagiat olduğunu söyləyirlər. Böyük rəzillikdir bu).

Heç unutmaram, 2016-cı ildə Türkiyənin 1000kitap.com portalının 75 000 türk və dünya, klassik və çağdaş bədii ədəbiyyat nümunəsindən formalaşan “Populyar kitablar” listəsində “Son məktub” romanımın İstanbul nəşri böyük sıçrayış edərək 52-ci mövqeyə yüksəlmişdi, portal ön səhifəsində mənim haqqımda müsbət fikirlərə yer ayırmışdı, Türkiyənin əksər bölgələrindən, eləcə də Şimali Kipr, Almaniya, Bolqarıstan, Bosniya, Makedoniya və s. ölkələrdən olan yüzlərlə izləyici altından xoş sözlər yazmışdı, tək bircə mənfi fikir (əslində buna heç fikir də demək olmazdı, söyüşə bərabər bir şey idi) vardı, o da azərbaycanlıdan idi. Portal rəhbərliyi heyrətlənmişdi ki, bu sayaq antivətənpərvərlikmi olar?

2017-ci ilin mayında Rusiyada nəşr edilən “Yaş əsgər çəkmələri” hekayəmə on minlərlə erməninin şikayəti ilə qadağa qoyuldu. Düşmən millətin mənə olan bu hücumu, əlbəttə, anlaşılandır. Amma özümüzünkülərin rəftarına sadəcə təəssüflənmək qalır.

6.

Mövzu mövzunu gətirər. Azərbaycan ədəbiyyatında illərdir ki, qrupbazlıq, yerlibazlıq, dostbazlıq yer almaqdadır. Çox dözülməz haldır, bəzi dırnaqarası yazarlar gündəmdə görünmək üçün hətta “farsca yazdığına görə” böyük Nizamiyə, “qəliz yazdığına görə” böyük Füzuliyə, “xalqı tənqid etdiyinə görə” böyük Sabirə, “bölgəni tənqid etdiyinə görə” böyük Mirzə Cəlillə “kommunist əqidəsinə görə” böyük Vurğuna belə çamur atırlar. Bir şüşə vitrinə daş at, qandallayıb aparacaqlar, amma xalqın mənəvi sərvətini hücumlara məruz qoyanlara “gözün üstə qaşın var” deyən tapılmır, hüquqi müstəvi bir yana, ictimai qınaq belə göstərilmir. Ən tanınmış müasirlərimiz olan Anar, Elçin daim hədəf olaraq götürülür, ittihamçılara cavab vermək zorunda qalır. (Anarı hətta həcv yazmaq dərəcəsinədək gətirdikləri xatirinizdə olar yəqin).

Mənim sevimli müəllimim, Xalq yazıçımız Kamal Abdulla “Yarımçıq əlyazma” ilə beynəlxalq arenada parlamağa başlayanda tünd sirkələr nə qədər öz qablarını partlatdılar, xatirinizdədirmi? Çingiz Abdullayevi absurd bir ittihamla - “detektiv yazdığına görə əsl yazıçı olmaması ilə” müzakirəyə qoydular, ədəbiyyatımızın nəbzini obyektivcəsinə tutmaqda olan “Ədəbiyyat qəzeti” və onun baş redaktoru Azər Turan, “Ulduz” jurnalı və Qulu Ağsəs antiədəbiyyatçılıqda, istedadlı gənclərə daim diqqət və qayğı göstərən Rəşad Məcid və Azərbaycan Yazıçılar Birliyi gənclərə qarşı düşmənçilikdə ittiham olundu. Təsəvvür edin, Türkiyənin İLESAM təşkilatının rəhbəri, hörmətli Mehmet Nuri Parmaksızla AYB-nin mətbuat katibi Xəyal Rza gənc yazarlarımızın yazılarını öz vəsaitləri hesabına Türkiyə türkcəsinə çevirib antologiyada çap edir, bu qayğıya “sağ ol” demək əvəzinə “ədəbi cameəçilər” tərcümə və redaktə səhvləri axtarışına girişib görülən bu nəcib işə kölgə salırlar.

İkiüzlülük, dalca danışmaq, arxadan zərbə vurmaq dəb düşüb, mənsəb yiyələrinə yaltaqlanmaq kimi hallar tüğyan edir. Hamı da göz yumur, “məndən ötdü, qardaşıma dəydi” deyib susur. Bu ölkədə məmur, polis, hərbçi, müəllim, həkim, jurnalist, müğənni, idmançı, alverçi, sürücü, hətta qədim peşə sahibləri həmrəyliyi var, tək yazıçı həmrəyliyi yoxdur. Niyə özünüzə sual etmirsiniz, hansı səbəbdən 1937-ci ildə Azərbaycanda repressiyaya ən çox ədəbiyyat xadimləri məruz qalıblar? Çünki günümüzdə aktuallaşan Ayxan Ayvazın “Dörd bulvar yazıçısı ovu” və Pərviz Cəbrayılın “Onların heç birindən bir kəlmə oxumasam da, Ayxanla razıyam” şəklində bu ova “patron ötürməsi” o zaman da mövcud idi, özü də daha aktual və daha təhlükəli “xalq düşməni ovu” şəklində. Kimin kimlə ədavəti vardısa, kim kimə uğurlarına görə paxıllıq və qibtə edirdisə ona qarşı “xalq düşməni” ittihamı irəli sürürdü, “patronötürənlərin” köməyi ilə də onun fiziki məhvinə nail olurdu.

Zaman-zaman bəlalarımızın haradan gəldiyini araşdırmaq əvəzinə yeni bəlalara doğru səmt götürürük. Bəlkə dayanaq, yolumuzu dəyişək, bundan sonrasa obyektiv olaq?

Kimin necə yazdığını qoy bütün dünyada olduğu kimi bizdə də ədəbi tənqid, ədəbi rezonans, qazanılan mükafatlar, mövcud tiraj, oxucu auditoriyası desin, yazıçı isə “vallah, mən ondan yaxşı yazıram, onu yox, məni oxuyun” deyib özünü və ədəbiyyatı gözdən salmasın.

Psixologiyada sübut olunub ki, insan müəyyən bir hərəkəti 21 gün ərzində təkrarlayırsa, bu onda vərdişə çevrilir, bundan sonra daha bu hərəkəti eləmək məcburi yox, könüllü olur. 21 gün obyektiv olmağı məşq eləməyə dəyər, məncə. 21 gün elə də uzun müddət deyil axı!

7.

Mənim iradəmdən kənar çox uzun alınan yazımın sonuna bir nida da qoymaq istəyirəm: 2018-ci il mayın 27-də Rusiya Federasiyasının Soçi şəhərinin Mərkəzi Konsert salonunda 2500 nəfər nüfuzlu qonağın iştirakı ilə BMT-nin patronajlığı altında keçirilən Avrasiya Materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalının mükafatlandırılma mərasimi oldu, “Rossiya” telekanalının canlı yayınladığı mərasimdə qızıl medala 170 materik yazıçısı arasında məhz mən layiq görülərək estafeti öncəki illərdə bu ali mükafatı qazanmış dünya şöhrətli qazax yazıçısı Oljas Süleymenovdan və Nobel nominantı, çağdaş rus poeziyasının görkəmli nümayəndəsi Konstantin Kedrov- Çelışevdən qəbul etdim, üçrəngli bayrağımızı dalğalandırdım. Bu qürurverici anları həyatım boyu unutmayacağam.

Qaydalara uyğun olaraq növbəti - 2019-cu ildə 4-cü festival qalibin vətənində - Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə Bakıda keçirildi, Azərbaycan ədəbiyyatının bütün görkəmli simalarının (Xalq yazıçıları Anar, Elçin, Kamal Abdulla, Çingiz Abdullayev, Natiq Rəsulzadə, xalq şairləri Ramiz Rövşən, Sabir Rüstəmxanlı, akademiklər Nizami Cəfərov, İsa Həbibbəyli və digərləri) qatıldığı festivala dünyanın 52 ölkəsindən top yazarlar təşrif buyurmuşdu. Yəqin ki, ölkəmizə gələn məşhur yazarlar xatirinizdədir: Fernando Rendon, Kolumbiya (Əfsanə-insan. Dünyanın ən kütləvi və nüfuzlu Medelyin beynəlxalq poetik festivalının rəhbəri); Riçard Berengarten, Böyük Britaniya (Kembric Universitetinin məşhur ədəbiyyat professoru, Poeziyaya görə Uinqeyt ədəbi mükafatı laureatı); Paolo Ruffilli, İtaliya (İtalyan Nobel (Montale) mükafatı laureatı); Turqut Tanyol, Türkiyə (Çağdaş Türkiyə poeziyasının ən ünlü simalarından biri, “Premio Euopain veri”nin laureatı); Oljas Süleymenov, Qazaxıstan (Xalq yazıçısı, 20 yanvar faciəsində Bakıya gəlib Sovet İmperiyasını kəskin tənqid edən böyük türk oğlu); Marike Langelaar, Hollandiya (Avropanı məşhur “Spark” kitabı ilə heyran edən əhəmiyyətli Hollandiya şairi); Toşiko Hirata, Yaponiya (Ən məşhur müasir yapon şairlərindən biri); Yevgeni Popov, Rusiya (Müasir rus nəsrinin ən parlaq imzalarından biri, “Aksenov” kitabına görə “Böyük kitab” mükafatı laureatı); Erling Kitelsen, Norveç (“Ən yaxşı Norveç şairi” adının daşıyıcısı); Radomir Andriç, Serbiya (Məşhur Balkan şairi, Serbiya Yazıçılar Birliyinin sədri); Aleksandr Navrotski, Polşa (YUNESKO-nun himayəsi altında Ümumdünya poeziya günlərinin təşkilatçısı); Marin Kadiyev, Bolqarıstan (2003-cü ildən Bolqarıstan Müstəqil Yazıçılar Birliyinin sədri); Coukis Kristos, Yunanıstan (Beynəlxalq poeziya Festivalının rəhbəri); Geldman Mordehai, İsrail (Poeziya üzrə Homskinin mükafatı, Yəhudi yazıçıları üçün baş nazirin mükafatı laureatı); Silviye Mari, Belçika (Şərqi Flandriya ədəbiyyat mükafatını qazanmış flamand şairi). Və daha kimlər, daha kimlər...

Onların Azərbaycana gəlişi bütövlükdə ölkəmiz üçün böyük hadisə oldu, bu hadisə günü bu gün də beynəlxalq sferada Azərbaycan həqiqətlərinin tam obyektiv halda yayılmasında (həm xalqımız, mədəniyyətimiz və məişətimiz, təbiət gözəlliklərimiz barədə xoş sözlər deyilir, həm də Qarabağ mövzusunda bizə dəstək nümayiş olunur), ədəbiyyatımızın dünya ədəbiyyatına inteqrasiyasında (yazarlarımız beynəlxalq festivallara dəvət alırlar, dərgilərdə, antologiyalarda çap edilirlər) əhəmiyyətli rol oynamaqdadır.

Ədəbiyyat idman deyil, burada qalibiyyət yaşamaq şansı istisna hallarda verilir. Xoşbəxtəm ki, mən bu şansı qazanmışam.

8.

Paxıl da deyiləm, ən böyük uğuru bir Facebook statusunda təriflənmək, yaxud süfrədə dost tostu olan bədxahlarıma da bənzərini arzulayıram.

# 4506 dəfə oxunub

Müəllifin son yazıları

# # #