Həyatı xilas olan qız, uşağını axtaran ana, deyingən xala - Türkiyəli yazıçının imza günündən reportaj

Həyatı xilas olan qız, uşağını axtaran ana, deyingən xala - Türkiyəli yazıçının imza günündən reportaj
8 may 2023
# 14:15

Kulis. az Ülvi Bahadırın Türkiyə yazıçısı Aslı Arslanın imza günündən hazırladığı reportajı təqdim edir.


Havanın davamlı dəyişdiyi günlərin birində İçərişəhərdə müsahibədən çıxıb tez özümü metroya çatdırıram. Hər zamankı kimi doludur. Birtəhər içəri girib Elmlər Akademiyasındakı LİBRAFF-a doğru yol alıram.

Adamların toplaşmağından bilirəm ki, qırğın reportaj olacaq. “Adamların” deyəndə ki, qızların. İçəri girirəm. Mağaza işçilərindən savayı oğlan gözümə dəymir. Təəcübümü qatlayıb cibimə qoyub ətrafa göz gəzdirməyə başlayıram.

LİBRAFF-ın əməkdaşı Sərxan Rüstəmovu tapıram. Səbəbkarla müsahibə üçün şəkillər lazımdır. Mağazanın oxu guşəsində oturub müəllifi gözləyirəm. Südlü amerikanomu qurtumlaya-qurtumlaya gənclərə baxıram.

Ekranda bir klip gedir və gənclər Yirmi7 qrupunun “Adım yok” mahnısını xorla oxumağa başlayırlar. Sonra Sərxan Rüstəmov məlumat verir ki, sən demə, bu mahnı müəllifin kitabında keçir, ona görə imza günündə xüsusi yer veriblər bu mahnıya.

Açığı, nə vaxt hansısa mahnını belə xora qoşulub ürəkdən oxuduğum yadıma gəlmir. Bəlkə də son zəngdə... Ömrün son duyğulu, qayğısız günündə...

Müəllif nəhayət ki, təşrif buyurur. İnsanlar ətrafıma yığışmağa başlayır ki, Sərxan Rüstəmov araya girib müəllifə şəkil məsələsini xatırladır.

Müəllif bir neçə şəkil çəkdirdikdən sonra gənclərin qarşısına çıxır. Təbii ki, səs-küy, coşğu... Səd əfsus ki, yerli müəlliflərin 99 %-i bu münasibətin bir qramını da görmür.

Elə bu düşüncələrlə mağazanın bir qırağında durub gəncləri müşahidə eləməyə başlayıram. Bu duyğu, bu həyəcan əslində çox gözəldir. Kimin üçün olmasından asılı olmayaraq. Nədən ki, bu durğun və aqressiv məmləkətdə nəyinsə işığına toplaşıb bunca sevinməyin, deyib-gülməyin özü də bir bəxtəvərlikdir.

Zal 2 yerə bölünüb. İmza üçün gələnlər əlində sıra nömrəsi ilə birinci hissədən gəlib, kitabını imzaladıb ikici hissədən çıxırlar. Di gəl ki, yurdumun sərvi sonaları qabaqdangəlmişlik eləyərək çıxışdan girmək istəyirlər. Bəziləri təcrübəlidir. Asta-asta, bildirmədən irəliyə doğru uğurla addımlayır, amma son addımda izlərini bəlli edirlər.

Bir xala təlaşla kimisə axtarır:

– Burda bir qız görməmisiz? Balacaboy, qıvrımsaç. Qırmızı paltarda. Əlində yaşıl çanta.

– Xeyr, xanım görməmişəm.

Yadıma “Bizim Cəbiş müəllim” filmində Tanyanı axtaran Nəsibə Zeynalova düşdü.

Stol və stulların oturmaq üçün olmadığını, tədbirin ayaqüstü formatında olduğunu dəfələrlə xatırlatmalarına baxmayaraq, adamlar yenə də hər ikisində rahatca oturub heç nə olmamış kimi ətraflarına baxırlar.

Uzaqlarda nəhayət ki, bir oğlan görüb xeyli sevinirəm, ancaq sevincimin müddəti çox qısa olur, çünki adam başqa bir qıza görə buradadır. Əlindən də bərk-bərk yapışıb.

Ümumiyyətlə, bizdə istədiyi qızın əlindən tutmaq idman növüdür. Deyim ki, sevən adam sevdiyinə o zülmü verməz. Bu adamlar “sevdiyinin əlini geç vaxt buraxmamaq”, “həmişə sevdiyinin yanında olmaq” kimi ifadələri fiziki mənada qavrayırlar. Ona görə də 5 addım uzağa gedən kimi narahat olmağa, şübhələnməyə başlayırlar. Bunlar mənəvi məsələləri bildirmək üçündür. Bir adamın əlini heç vaxt buraxmamaq mənəvi olaraq həmişə onu dəstəkləmək, fikirlərinin, arzularının arxasında durmaqdır. Yoxsa qızın əlini kartof püresinə döndərmək deyil.

Burdakı qardaş “bı qədərnə tirnajora gedmişəm, hardasa gösdərməliyəm” deyərcəsinə qızın əlini var gücü ilə sıxıb. Yazıq qızın sifəti ağappaq olub. 5 dəqiqə əvvəl xorla mahnı oxuyan qız indi tam reaksiyasız qeyri-müəyyən yerə baxır. Baxışlarından hiss eləyirəm ki, bədəni müqavimət göstərir. Xilas olmaq istəyir, amma gücü çatmır. Aramla hadisə yerinə yaxınlaşıram. Qəfildən gülər üzlə qardaşa sarı gəlib əl uzadıb görüşürəm. Xoş-beşdən sonra bəhanə axtarıram. Tapdım. Tapdığım da bir şey olsa:

– Metro ha tərəfədidir?

Məzələndiyimi düşünməməyi üçün əlavə eləyirəm:

– Rayondan gəlirəm, buraları yaxşı tanımıram.

Üzündəki təəccüb yox olur, metronun yerini başa salır.


Mənimsə gözüm qızdadır. Əlini o biri əli ilə ovxalayır. Yavaş-yavaş rəngi özünə gəlir. Gülümsəyir. Artıq həyatından xeyli məmnundur. Adamın sıxdığı əlinə kitab götürür ki, tuta bilməsin.

Zəng gəldi bəhanəsi ilə ordan uzaqlaşıram.

Orta yaşlı bir qadın uşaq arabası ilə gənclərin arasında dayanıb. Uşaq yazıq da özünə əl qatıb ki, mənim burda nə işim var? Hələ kitabı da uşağın yanına qoyub. Məndən soruşur ki, bizim qız neçəncidir? İşçi olmadığımı xatırladıram:

– İşçi olmayanda nə olar? Zirək oğlansan. Get, soruş, gör bizim qız neçəncidir?

Dedim, özüm ölüm, bir az da dirəşsəm, qadın məni qatlayıb qoyacaq dizinin altına. Hansı qız olduğunu filan da demir ha. Eləcə “bızım qız” deyir. Elə bil ki, uşaqlığımız bir yerdə keçib. Qadın elə sərbəst deyir ki, az qalıram deyim ki, hə, gördüm, bufetdə kappuçino içib kitab oxuyurdu. Birinci dəfə idi ki, kimisə tanımadığıma görə belə utanırdım.

– Ə, bı de hana, bı de, bı de. Orda o silotkaya oxşayan qızın qabağında diyanıftı ha. Gördün?

Ağzım nədi görməyəm. Gözümü oyub tökər yerə qadasını aldığım. Qadın məni elə atmosferə saldı ki, dönüb oldum 6 qarın doğan Mahizər xala:

– Bıy, həə. O qırmızı geyimli qızın yanındakı, eləmi?

– Hə... həəə, bax o. Qadanı alaram elə.

Sonra qırmızı geyimli qıza baxıb köks ötürür:

– Millətdə bir tikə qiryət qalmıb da. Bir atası, bir qardaşı yoxdumu, desin ki, a qız, bı nə geyimdi, ged əynüvə narmalni şey geyginən.

– Demə ta. Hara gedürüy belə?

Qəfildən hiss elədim ki, qadının təsir dairəsində fır-fır fırlanıram. Körpənin çığırtısı xilas elədi məni.

Bəlkə dünyaya gəlməzdik,

Analar aldatdı bizi...

Mağazanın girişindəki kitablara göz gəzdirirəm. Ala bilmədiyim, böyük ehtimalla ala bilməyəcəyim kitabları alıb vərəqləyirəm.

Bir şey tez-tez təkaralanırsa, zamanla təsirini itirir, bir müddət sonra mənasızlaşır, hətta narahat eləməyə başlayır.

Burda da belə oldu. Yuxarıda adını yazdığım mahnını o qədər verdilər ki, adamlar dəng oldu. Hətta neçəsi qulağına qulaqlıq taxıb dayanmışdı növbədə.

“Növbə” demişkən, adamlara deyirlər ki, sizin növbə 5 saat sonradır. Gedin oturun parkda, ya da başqa nə işiniz varsa, görün, sonra gəlin. Adamlar 3 saat asılıb-qaldılar orda. Hələ narazılıq da eləyirlər ki, bir az tez olun. Sənin vaxtın 6-7 saat sonradı. Nə qədər tez olsaq da, azı 5 saat çəkəcək. Ancaq yoox, qalanları tez olmalıdır. Biz gedək, siz rahat oturun müəlliflə.

– A bala, burda bir qız görməmisən? Balacaboy, qıvrımsa...

– Yox, xala.

– Qırmızı paltar geyinib. Əlində də yaşıl çanta.

– Görməmişəm.

– Bəs hardadı bu qız?

Mahnının nəqəratının müşayiəti ilə hadisə yerini tərk eləyirəm:

Haykırsam, duyulmaz sesim,
Kimse görmez ki beni, kimsesizim.
Bir yuva ister yaralı kırık kalbim,
Adım yok, terk edilmişim...


# 4975 dəfə oxunub

Müəllifin son yazıları

# # #