Məmurların intim videosu niyə yayılır?

Məmurların intim videosu niyə yayılır?
9 sentyabr 2021
# 12:09

Yenə hansısa məmurun intim videosu yayılıb və ölkə gündəmini zəbt edib.

Əvvəla onu deyim ki, “intim” sözü təkcə sekslə, yataqla bağlı deyil. İntim “şəxsi” deməkdir. Ailədaxili məsələlərimiz, ictimailəşməsini istəmədiyimiz şəxsi problemlərimiz də intim sayılır.

Və əxlaqsızlıq insanın intim hərəkətləri deyil, onun ictimailəşdirilməsidir. Bu, yayılan səsin, fotonun, videonun kimə aid olmasından asılı olmayaraq belədir.

Video da video ola!

Baxsan, görərsən, heç nə yoxdur.

İnsanlarsa elə şərhlər yazırlar, elə reaksiyalar verirlər, elə bil heç özlərinin intim həyatı yoxdur. Onlar nə tualetə gedib, nə öpüşüb, nə sevişib, nə də masturbasiya ilə məşğul olublar. Utanmasalar deyəcəklər, bizim ümumiyyətlə cinsi orqanımız yoxdur. Yemək də yemirik. Allahın mələliyik, durmuşuq yerimizdə.

İnsan sevişər də!

İnsan öpüşər də!

İnsan kiminləsə intim söhbətlər də edər!

Lap virtual sekslə də məşğul olar.

Bunlar hamısı insanlıq halıdır.

Həyat gerçəyidir.

Burada qəribə heç nə yoxdur.

Əgər bunu əxlaqsızlıq sayırsınızsa, onda hamınız keçin rahibliyə, rahibəliyə.

Mənim qətiyyən həmin məmurun əməlini müdafiə etmək fikrim yoxdur. Bu cür vəziyyətlərdə həmin şəxslərin söyülməsinin əsas səbəbi də vəzifələrini doğru-dürüst yerinə yetirməməkləri olur. Yəni insanların belə məmurlara qarşı qəzəbi lap əvvəldən var və sözlərini deməyə məqam axtarırlar.

Yadıma düşür, iki il əvvəl İstanbul bələdiyyəsinə qızğın seçim kampaniyası başlamışdı. Əsas namizədlərdən biri sayılan Əkrəm İmamoğlu iqtidar partiyasından olmasa da, xalqın böyük qismi onu dəstəkləyirdi və seçilməsini istəyirdi. Seçki kampaniyası qızışdıqca, nəticələrin nə olacağını hamı maraqla gözləyirdi.

Əkrəm İmamoğlunun tərəfdarları arasında narahatlıq vardı. İnsanların ağlına hər şey gəlirdi. Hətta bir qisim Əkrəm İmamoğlunun intim videosunun yayılma ehtimalını belə düşünüb narahat olurdu.

Elə bu ərəfədə tanınmış müğənni Neslihan Demirtaşın sosial şəbəkədəki bir paylaşımı bu cür narahatlıq içində olanların ürəyinə su səpdi, hətta hər kəsi güldürdü.

Neslihan Demirtaş Əkrəm İmamoğluna dəstəyini bildirmək üçün bunları yazmışdı:

“Əkrəm İmamoğlu, seks kasetiniz çıxsa belə, geri addım atmayın, onsuz da hamımız sevişirik”.

Artıq belə bir video yayılsa da, heç kimin vecinə olmayacaqdı.

Belə də olmalıdır.

Nəinki bir məmurun, heç müğənninin, müəllimin, taksi sürücüsünün intim videosunun yayılmasının da heç bir əhəmiyyəti olmamalıdır. Çünki bu cür hallar heç kimin şəxsiyyətini müəyyənləşdirmir.

Allahın (ya da ateistlərin təbirincə desək, "təbiətin") bizə verdiyi instinktdən niyə utanmalıyıq ki?

Məmur intim videosunun yox, rüşvət videosunun yayılmasından utanmalıdır, etdiyi yeyintilərə görə həbs olunmaqdan ehtiyatlanmalıdır. Ancaq görünür, bizdə vəziyyət tamam başqadır.

İşini vicdanla yerinə yetirməməkdən utanmır, amma sevişdiyinə görə utanır. Bu nə məntiqdir axı? Sən işini vicdanla yerinə yetir, qalan məsələlər haqqında kim nə deyirsə, vecinə alma.

Axı, müəllimin şagirdə savad verməməyi, həkimin xəstəyə doğru resept yazmamağı, satıcının müştərini aldatmağı intim videonun yayılmasından daha çox zərərlidir. Və təbii, ən böyük əxlaqsızlıqdır.

Adamı bütün bunlardan daha çox məyus edən isə insanlarımızın, hətta bəzən üç-dörd kitab oxuyan, beş-altı filmə baxan dünyagörüşlü insanlarımızın, qələm adamlarımızın hələ də burnunu başqalarının yatağına soxmaq həvəsidir.

Videoları əxlaqsızcasına yayanlara sosial sifarişi verən də bu şeytani maraqdır.

Təəssüf!

Həm də böyük bir təəssüf...

# 7564 dəfə oxunub

Müəllifin son yazıları

# # #