Zamana qalib gələn xalqın 87 yaşlı Zeynəbi

Zamana qalib gələn xalqın 87 yaşlı Zeynəbi
11 may 2024
# 14:00

Kulis.az Ulucay Akifin "Zamanı donduran xalq" adlı yeni yazısını təqdim edir.

Canımızla bağlıyıq
Bu torpağa, bu elə.
Sıralanıb dağ kimi
Gəlin verək əl-ələ…

Yazdı. Bakıdayam. Hava günəşlidir.

Şuşada, Cıdır düzündə "Xarıbülbül" festivalı keçirilir.

Zeynəb Xanlarova yumruğunu göyə qaldırıb "Yaşa, Azərbaycan!" mahnısını oxuyur.

Şuşada da hava günəşlidir.

Pəncərələri açıram ki, "Yaşa, Azərbaycan!" sözləri otağımdan səmaya ucalsın, quşlar da, ağaclar da eşitsin bu nəğməni.

Dənizə baxıram, göylərə baxıram, ağaclara baxıram, təzəcə gəlmiş qaranquşlara baxıram…

Məmləkətimin adamları Şuşada, Cıdır düzündə mahnı oxuyur, rəqs edir… Düşündükcə, içimdəki səmanın da böyüdüyünü hiss edirəm.

Gəl, bacım, gəl, qardaşım,
Bir olaq, yumruq olaq!
Sinəsi dağlanmasın,
Bölünməsin bu torpaq!

Heyrətlə Zeynəb Xanlarovanı izləyirəm. Üzündə böyük təbəssümlə oxuyur, rəqs edir…

Bu cür gümrah, bu cür enerjili, bu cür şən...

Zeynəb Xanlarovanın Şuşada "Yaşa, mənim xalqım!" mahnısını bu cür şövqlə oxuması ötəri məsələ deyil.

Düzdür, son illərdə o qədər gözəl, ağlasığmaz şeylər yaşadıq ki, ən böyük hadisələr də adiləşdi bizimçün.

Ağdamda namaz qıldıq, Şuşada şeir dedik, Zəngilana, Füzuliyə, Laçına köçdük, Xocalıya qayıtdıq, 30 il sonra Xankəndidə ilk azərbaycanlı dünyaya gəldi, orada universitet açdıq, futbol oynadıq...

Uzandıqca uzana biləcək bu möhtəşəm hadisələr siyahısı isti yaz günəşi kimi adamın içini fərəhləndirir.

87 yaşlı Zeynəb Xanlarovanın Azərbaycanın Şuşa səhnəsində, Şuşa məqamında şövqlə oxumağına baxıram.

Elə bil zamanı saxlayıb, 37 yaşında qalıb.

Və düşünürəm ki, bu 30 il ərzində xalq da Zeynəb Xanlarova kimi zamanı dondurmuşdu…
Zamanı dondurmuşduq ki, bu günləri, bu anları görək, özümüzə qayıdaq.

İndi biz yenidən doğulmuş, gənc, gümrah, fərəhli, başı dik, alnıaçıq xalqıq.
Biz hər şeyə qadirik.

Yaşa, yaşa, yaşa, mənim xalqım,
Yaşa, yaşa, yaşa, mənim xalqım,
Yaşa, yaşa, yaşa, mənim xalqım,
Yaşa, yaşa, yaşa, Azərbaycan!

# 3133 dəfə oxunub

Müəllifin son yazıları

# # #