Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət
30 sentyabr 2024
# 12:00

Kulis.az Ulucay Akifin gənc yazıçılara 10 məsləhətini təqdim edir.

1. Oxuduğunuz mətnləri heç vaxt nəsə öyrənmək üçün oxumayın.

Digər müəlliflərin yazılarını həmişə sıravi oxucu kimi mütaliə edin. Çünki üslub və texnika baxmaqla öyrənilən şey deyil. Başqa bir müəllifin üslub və texnikasını mənimsəmək istəyəndə, öz yazdıqlarınız imitasiya və parodiyadan başqa şey olmayacaq.

Mətnləri oxucu kimi mütaliə etsəniz, müəllifin üslub və texnikası öz beyninizin, ruhunuzun süzgəclərindən keçib, mətninizə daha yaxşı nüfuz edəcək.

Fəlsəfə kitablarından isə mümkün qədər qaçın, o kitablar sizə heç nə verməyəcək.

2. Ürəyiniz nə istəsə onu yazın.

Özünüzü hansısa janr, ya da ədəbi cərəyanın əsirinə çevirməyin. Şeir yazmaq istəyəndə şeir, hekayə yazmaq istəyəndə hekayə, roman yazmaq istəyəndə isə roman yazın. Ədəbi cərəyanlara başınızı yormayın. Əsərinizin hansı cərəyana aid olduğunu tənqidçilər, ədəbiyyatşünaslar və digər yazıçılar müəyyənləşdirər.

3. Klassikləri özünüzə mütləq ustad bilməyinizə gərək yoxdur.

Onsuz da klassiklərin əsərləri, biz istəsək də, istəməsək də şüuraltımıza (tək biz yazıçıların yox, bəşəriyyətin) təsir edib. Yəni biz onların fikirlərini onsuz da genetik olaraq mənimsəmişik.

Bu səbəbdən Füzulini (ya da bir başqa klassiki) böyük şair kimi qəbul etməsən də olar. Füzulinin yazdıqlarını bəyənmirsənsə, bəyənmədiyini de. Üçüncü minillikdə yaşayan bir gənc yazıçının Füzulini özünə ustad bilməyinə, ya da əsərlərini bəyənməyinə gərək yoxdur. Unutma ki, bir zamanlar fayton da dəyərli bir minik sayılırdı. İndi heç kimin fayton almaq arzusu yoxdur.

4. Yazdıqlarınız haqqında deyilən və yazılan bütün fikirlərə (istər mənfi, istər müsbət) qulaq asın, amma heç birinə inanmayın.

5. Özünüzü heç vaxt yazmağa və oxumağa məcbur etməyin.

"Gündə azı 10 min işarə yazı yazmalısan", "Hər gün azı 20-30 səhifə nəsə oxumalısan" kimi fikirlərin heç bir əsası yoxdur. Ədəbiyyat riyazi düsturlarla yaranmır. Rəqəmlərə sevginiz varsa, riyaziyyat, ya da fizika ilə məşğul olun.

6. Çox qulaq asın.

Danışan adamın kimliyindən və nə danışmağından asılı olmayaraq dediklərinə qulaq asın. Çünki ən axmaq adam, ən axmaq fikir də gözləmədiyiniz məqamda mətninizdə sizə kömək edə bilər. Qulaq asarkən üz cizgilərinə və hərəkətlərinə, jestlərinə diqqətlə baxın.

7. Təbiəti müşahidə edin.

Təbiətdən yazmasanız belə bunu edin. Digər canlıların həyatı, təbiət prosesləri ilə insan həyatı bir-birindən heç vaxt qopmayacaq vahid bir sistem içindədir. Bu sistemi bütövlükdə görməyiniz mütləqdir. Digər canlıların həyatı ilə insan həyatının müqayisəsi və analogiyalar aparmaq bacarığı çox vacibdir.

8. Mətninizə qarşı şübhə sizi qorxutmasın.

Yazdığınız mətnin keyfiyyətinə şübhə etməyiniz normaldır. Bu, sizi yazmaq istəyinizdən çəkindirməsin. Mətninizə qiymət vermək sizin işiniz deyil.

9. Hər hadisəyə mətn kimi baxmayın.

Gördüyünüz bütün hadisələri mətn içində təsəvvür etməyə ehtiyac yoxdur. Amma o real hadisələrin müxtəlif variantlarını düşünün. Bu, təxəyyülünüzü məşq etdirmək üçün sizə kömək olacaq. Təxəyyülünüzün hüdudlarını keçməyə çalışın. Sizə müxtəlif variantlar verməyi bacarmayan beyin heç nəyinizə lazım deyil.

10. Bu məsləhətlərdən bəyənmədiyinizi qəbul etməyin.

# 3694 dəfə oxunub

Müəllifin son yazıları

# # #