Ağzının sözünü bilməyən taksi sürücülərimiz

Ağzının sözünü bilməyən taksi sürücülərimiz
12 yanvar 2021
# 10:10

Ölkələrlə tanışqlıq həm də taksi sürücülərindən başlayır.

Təsadüfi deyil ki, Avroviziya mahnı yarışması keçiriləndə dövlətimiz həm də xüsusi taksilər və sürücülər hazırladı.

Bunun üçün təkcə ingilis dilində ən vacib şeyləri bilmək deyil, həm də davranış mədəniyyətini mənimsəmək lazım idi.

Bizim taksi sürücülərinin əksəriyyəti müştərilərlə nə danışmalı, necə danışmalı olduğunu bilmir.

Oturursan maşına, elə maşın 5-10 metr getməmiş, sükan arxasındakı ortayaşlı dayı sual verir:

- Bajoğlu, haralısan?

Bu sualı eşidəndə, adam istəyir elə yer desin ki, dayının ordan nə yaxşı bir dostu olsun, nə də əsgərliyini orda çəkmiş olsun.

Ya da təxminən 50-100 metr gedəndən sonra sürücü çox dəxlsiz yerdə belə bir cümlə işlədir:

- Bu camaatın da başına oyun açırlar e!

Bunu eşidən kimi, bilirsən ki, dayı bu dəqiqə hansısa qurumu ağ yuyub qara sərəcək.

Bilirsən ki, bu söhbət başlasa, Amerikanın gizli siyasətinə, dərin dövlət sirlərinə kimi gedib çıxacaq.

Sonra hansısa döngədə bu siyasi söhbətləri saxlayıb qəfil belə bir sual verəcək:

- Müsəlmansan da, hə, bajoğlu?

Və beləcə keçid edəcəksiniz din və Allah söhbətlərinə.

Azərbaycan taksi sürücüsünün müsəlman olması və öz ağlınca siyasətdən baş çıxarması iki ən vacib xüsusiyyətdir.

Son illər ucuz taksi şirkətləri fəaliyyətə başlayandan sonra sürücülərin menyusuna daha bir ciddi mövzu da əlavə olunub. Bilmirsən necə olur, bir də görürsən sürücü təxminən belə bir şey deyir:

- Bu taksi şirkətləri çıxandan biz də qəpik-quruşa işləyirik. O gün “Azneft”dən "Nərimanov" metrosuna adam aparmışam, 3 manat 55 qəpiyə. Əvvəl o yolu 10 manatdan aşağı getmirdim.

Ta sən də deyə bilmirsən ki, ay dayı, indi ucuz aparmırsan e, o vaxt çox baha aparırdın, ona görə indi elə bilirsən ki, çox ucuz aparırsan.

Hələ istəyirsən deyəsən ki, ay dayı, o vaxt “Azneft”dən "Nərimanov" metrosuna 10 manata adam aparanda utanmırdın?

İstəyirsən deyəsən ki, yəqin o vaxt müsəlman olmamısan.

Ümumiyyətlə, taksi sürücülərinin taksi şirkətləri ilə bağlı gileylərinə inanmayın. Taksi şirkətləri fəaliyyətə başlayandan sürücülər əvvəlki kimi saatlarla müştərisiz qalmır. Bir müştərini düşürən kimi, digərini götürürlər.

Aşağıdakı hadisə isə heç yadımdan çıxmır: komendant saatı vaxtı evinə tələsən orta yaşlı bir xanıma məhəllədəki “xalis müsəlman” taksi sürücüsü gözümün qabağındaca üç qat qiymət oxudu. Maşının lyukundan isə üçrəngli bayraq ucalmışdı.

Bu dəfə özümü saxlaya bilmədim, dedim, dayı, ya o bayrağı çıxart, ya da müştəriyə adam kimi qiymət de.

# 2608 dəfə oxunub

Müəllifin son yazıları

# # #