Kulis.az Tural Turanın “Xalça oğrusu” hekayəsi haqqında Ulucay Akifin "Qandalsız sözlər" yazısını təqdim edir.
Tural Turanın “Xalça oğrusu” hekayəsini oxudum. Hekayəni bəyəndiyim üçün qərar verdim ki, bu mətn haqqında qısaca da olsa, fikirlərimi yazım.
Ümumiyyətlə, bundan sonra çalışacam ki, yaxşı olduğunu düşündüyüm mətnlər haqqında yazım.
Çünki hazırda ədəbiyyatşünaslarımızın, tənqidçilərimizin fəaliyyətsizliyi məni narahat edir. Heç bir mətn haqqında fikir bildirmirlər.
O gün bir tənqidçimiz yenə Füzuli haqqında məqalə yazmışdı...
Ay qardaş, ay tənqidçi müəllim, Füzulini, Nizamini bildik e… Bir az bu tərəfə gəl görək.
Sənin orta əsrdə nə işin var axı?
Nizaminin mətni haqqında fikirlərin kimin nəyinə lazımdı axı?
Gəl bir az biz tərəfə, görək indiki mətnlər haqqında nə düşünürsən?
Yoxsa müasir mətnlər haqqında fikir bildirməyə savadın, cəsarətin çatmır?
Nəysə…
Tənqidçilər haqqında sonra ayrıca bir paraqraf açaram.
Qayıdaq Tural Turanın “Xalça oğrusu” hekayəsinə.
Hekayənin təhkiyəsi çox gözəl və təbii idi:
“Qarayallı camaatına da bir hay bəsdi. Hamı hoqqa-mərəkə armağıdı. Nəsə olsa, camaat işini-gücünü atır, tamaşaya durur, kişilər çayçıda, arvadlar yolda-yolaqda, bulaq üstə bir həftə həmin hadisədən gap edir... Ta təzə hoqqa-mərəkə, tamaşa qurulana kimi...”
Tural Turan dilimizi ən gözəl bilən gənc müəlliflərdən biridir. Mətnlərində dialekt və unudulmuş, arxaik sözlərə həmişə yer verir. Və bu, onda qeyri-təbii alınmır, qondarma görünmür, adamı narahat etmir. Çünki Turalın şifahi nitqi də belədir. O, həmin sözləri hardansa eşələyib, tapıb mətninə salmır, o sözlər onun öz dilinin ucunda gəzdirdiyi sözlərdir.
Amma əksər digər müəlliflərimizdə bircə dənə “qanrılmaq”, ya da “yağır etmək” sözləri belə adamın qulağını (və gözünü!) deşə bilir. Çünki həmin sözlər mətnə müəllif tərəfindən qolları qandallanıb gətirilir. Həmin sözlərin başından basıb zorla mətnin içinə soxurlar.
“Xalça oğrusu” hekayəsinin təhkiyəsi bu səbəbdən xoşuma gəldi.
Ümumiyyətlə, mən Tural Turanın qələminin poeziyadan çox nəsrdə daha uğurlu görürəm. Çox əla nəsr nümunələri yarada biləcəyi açıq-aşkar hiss olunur.
Keçək hekayənin mövzu və süjetinə…
Mövzu maraqlıdır, amma müəllif bir yerdə lazımsız “gediş” edib. Baş obrazın şəhidin həyat yoldaşı olmağına ehtiyac yox idi. Bu, mənə çox pafoslu göründü. Düzdür, müəllifin “vəziyyəti daha da dramatikləşdirmə” cəhdidir, amma uğursuz cəhddir.
Bir qadının uşaqları üçün məsciddən xalça oğurlaması onsuz da yetərincə dramatik hadisədir, şəhid arvadı olmasa da olar.
Və şəhidin həyat yoldaşını belə bir əmələ görə polisə aparmazlar. Belə situasiyalarda müəllif qələmini mümkün qədər adekvat saxlamağa çalışmalıdır.
Dialoqlar təbiidir, ancaq burda da yüngülvari kosmetik toxunuşlara ehtiyac hiss olunur:
“- Bəs qorxmadınmı Allahın qəzəbinə tuş gələrsən?”
Heç bir polis xalça oğurlayan vətəndaşa bu cür sual verməz. Həm də kənd yerində.
Düşünürəm ki, mövzu tez-bazar işlənib. Düzdür, cümlələrdən tələskənlik hiss olunmur, hər şey çox rəvan gedir, amma ümumilikdə müəllifin gücünü ortaya qoya biləcəyi məqamların üstündən tez qaçdığı duyulur.
Hekayədə ən xoşuma gələn detal - qadının məsciddəki xalçadan lazım olan qədər kəsib evinə aparmağı isə o məşhur rəvayəti yadıma saldı niyəsə:
Məhəmməd Peyğəmbərin Muəzza adında çox sevdiyi bir pişiyi var imiş. Peyğəmbər ordusuyla birlikdə Uhud döyüşünə gedərkən yolda balalarına süd verən qara bir pişik görür. Pişiyi narahat etməsin deyə, ordunun yolunu dəyişir və bir əsgərini pişiyi qorumaq üçün orada saxlayır. Döyüşdən geri döndüyü zaman bu pişiyi sahiblənir. Adını da Muəzza qoyur. Çox məşhur əba hadisəsindəki pişik də məhz Muəzzadır.
Məhəmməd Peyğəmbər görür ki, Muəzza əbasının üstündə yatıb, onu narahat etməmək üçün əbasını kəsir və sonra qalxır.