"Dörd kitab oxuyan beşincini özü yazmaq istəyir, amma..." - Ulucay Akif

"Dörd kitab oxuyan beşincini özü yazmaq istəyir, amma..." - Ulucay Akif
3 noyabr 2025
# 17:50

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Primitiv məsələlər var ki, onları izah etməyə məcbur qalmaq adamı narahat edir. Məsələn, görürəm, yazıçılar çox vaxt biri-biri ilə mütaliə davası edir.

Kim daha çox kitab oxuyub, kim daha çox filmə baxıb... Bu şeylərin mübahisəsi gedir.

Bunu biryolluq başa düşmək lazımdır: çox kitab oxumaqla yazıçı olunmur.

Əgər belə şey mümkün olsaydı, bütün yaxşı oxucular yazıçı olardı. Ya da çox film izləyənlərin hamısı əla rejissor olardı. Belə şey mümkündürmü? Təbii ki, yox.

Düzdür, Azərbaycanda çox vaxt dörd kitab oxuyan adam beşincini özü yazmaq istəyir. Amma yaza bilmir. Məsələ budur.

Mən o qədər adam tanıyıram ki, yüzlərlə kitab oxuyub, amma heç birini başa düşməyib. Oxuyur, amma oxuduğu hara gedir, bilmirsən.

Fincan və dəniz məsələsidir. Bir fincanla dənizdən ancaq bir fincan su götürə bilərsən. Daha çox su götürə bilmirsənsə, buna görə dəryaları günahlandırmamalısan.

Sözümün başına ip keçirib başqa tərəfə yozmaq lazım deyil. Mən demirəm, mütaliə vacib deyil. Şübhəsiz, vacibdir. Bu, sənə həm yazıçı kimi lazımdır, həm də insan kimi.

Sözümün canı odur ki, birinci kitab oxuyub sonra yazıçı olmursan. Birinci yazıçı olursan, bu istedad sənin daxilində yaradılışdan olur, sonra isə mütaliə ilə o istedadı cilalayırsan.

Məsələn, futbol şərhçiləri var da. Futbolun tarixini, qayda-qanunlarını, məşqçilərin taktik gedişlərini, oyunçuların fiziki göstəricilərini filan, bir sözlə, futbola aid hər şeyi bilirlər. Di gəl, qabaqlarına topu atsan, o idman şərhçilərinin hansı Messi, Ronaldo kimi oynaya biləcək?

Yəni o şey ki mahiyyətində istedad tələbi var, istedad zəruridir, istedad olmadan o şeyi başqa nəyləsə doldurmaq mümkün deyil.

# 519 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər