Baş redaktoru aldadan müxbir, siqaret fasiləsində qadın söhbəti, yanaşı oturan küsülülər  – “Kulis”dən reportaj  

Baş redaktoru aldadan müxbir, siqaret fasiləsində qadın söhbəti, yanaşı oturan küsülülər  – “Kulis”dən reportaj  
4 aprel 2021
# 09:00

Bu gün saytımızın 10 yaşı tamam olur. Bu münasibətlə Ulucay Akifin Kulis.az-dan reportajını təqdim edirik.

Yazıya başlamadan əvvəl etiraf edirəm ki, indiyə kimi yazdığım ən məsuliyyətli yazılardan birini yazıram. Ona görə də çox həyəcanlıyam.

10 yaşlı uşaq kimi həyəcanlı...

Bu gün Kulisin 10 yaşı tamam olur. İçimdə əsl bayram ab-havası var.

Artıq təxminən yarım ildir ki, mən də Kulisçiyəm. Düzdür, çox qısa bir müddətdir, amma mənim üçün Kulis lap əvvəldən doğmadır, sevdiyim məkandır.

Universitetə daxil olub yavaş-yavaş mətbuatda dərc olunmağa başladığım vaxtdan (2013-cü il) Kulis saytını izləmişəm. Elə o vaxtdan da burada yazılarım, şeirlərim dərc olunub.

Bir yazıçı, şair kimi ölkənin, demək olar, bütün sayt və qəzetlərində, jurnal və dərgilərinə çap olunmuşam, amma əlimi ürəyimin üstünə qoyub bütün səmimiyyətimlə etiraf edirəm ki, Kulis-də dərc olunmaq qədər heç birinə sevinməmişəm.

Düzdür, Kulisdən küsdüyüm, bəzən əsəbiləşdiyim və tənqid etdiyim vaxtlar da olub, amma indi başa düşürəm ki, bütün bunlar umduğun yerdən küsmək imiş sadəcə.

Bu umu-küsülərin səbəbi yazılarımın çox gec-gec yayımlanması, ya da yetərincə marağa səbəb olmaması idi.

Gəlin, çox uzatmadan sizə Kulis-in içindən, özündən danışım. Bilirəm, bir çoxunuzun gözündə Kulis böyük bir ordu təəssüratı yaradır, amma kollektivimiz o qədər də geniş deyil.

Redaksiyada 4 nəfərik: Şərif Ağayar, Sərdar Amin, Samirə Əşrəf və bəndəniz Ulucay Akif.

4 dost, 4 ürək, 4 yoldaşıq...

Bilirsiniz ki, mən təvazökarlıqdan uzaq adamam, ona görə özümüzü, kollektivimizi ağız dolusu tərifləyəcəm.

Kulisin gücünün əsas mənbəyi bu 4 yaradıcı, istedadlı adamdır. Gördüyünüz kimi özümü də ora aid edirəm. Xasiyyətim belədir.

Bu 4 adamın yerinə peşəkar, amma yaradıcı və istedadlı olmayan 40 başqa əməkdaş gətirsəniz, nəticə belə olmaz.

APA nəhəng kollektivdir: Apa.az, Lent.az, APA TV, Vesti.az, Apasport.az və s. Nə yalan deyim, bu nəhəng kollektivdə adını bilmədiyim, sadəcə üzdən tanıdığım iş yoldaşlarım da var.

Mətbəxdə olanda, ya dəhlizə çıxanda elə bilirəm, tanımadığım qohumlarımla bir yerdəyəm.

Bütün bu kollektivlər arasında Kulisin xüsusi yeri var.

Kulis bu ailənin cavan, ərköyün uşağıdır.

Səs-küyü ilə...

Deyib-gülməyi ilə...

Kaprizləri ilə...

Məsələn, bizim otağın qapısını qəfil açsanız məni Samirə ilə rəqs etdiyim anda yaxalaya bilərsiniz. Ya da Sərdarın otağın düz ortasında dayanıb bizə təzə aldığı rəngli corablarını nümayiş etdirdiyini...

Ya da Şərif Ağayarın hansısa bir maraqlı əhvalatı danışıb qəşş elədiyinə şahid ola bilərsiniz. Hərdən gülməli olmayan əhvalatlar da danışır, amma özü elə ürəkdən gülür ki, bizi də gülmək tutur. Özü də hünərin nədir, baş redaktorun zarafatına gülməyəsən?! O dəqiqə nəsə arzulamadığın bir iş tapşırıb acığını çıxacaq.

Belə baş redaktor deməyimə baxmayın, adamın üstə Allah var, bizimlə çiyin-çiyinə çalışır. Redaktorluq da edir, müxbirlik də. Xəbər axtarır, müsahibə alır, reportaj yazır.

Bilirəm, bu yazını oxuyanda, deyəcək, çiyin-çiyinə nədir, səndən çox işləyirəm. Ona görə özüm bu cümləni yazıram ki, zəhmət çəkib əlavə eləməsin. Amma razı deyiləm bu fikirlə. Yaş və təcrübə nisbətini götürsək, hamıdan çox mən işləyirəm.

Mənfi cəhəti odur ki, məndən həmişə şübhələnir. Elə bilir, işim-gücüm adamları aldatmaqdı. Mənə ad da qoyub: “Gənc maşennik”. Qısa da deyir: “Moşi” Elə də şirin deyir ki, adam istəyir doğrudan da “maşennik” ola. Amma insafən arada “sənətkar”, yaxud, “Ulucay müəllim” deyib sevindirməyi də var.

Hər şeydən narazıdır. Onun tənqid eynəyinin linzaları çox qalındır. Ona görə, bəlkə, lazım olmayan təfərrüatlara da diqqət edir. Tipik rəhbər modeli! Qaydasında getməyən, ya da xoşuna gəlməyən nəsə baş verəndə o qorxulu sualını verir:

“Nədir problem!?”

Gəl, cavab ver.

Bu yerdə bir əhvalat yadımda düşdü. Bəlkə də söhbətin bu yerinə o qədər də dəxli yoxdur, amma ad günümüzdür, xətrimə dəyməyin, icazə verin danışım.

Demək, Yeni il bayramı üçün Şaxta Babadan müsahibə almalıydıq. Karantin qaydalarına görə Şaxta Baba gələ bilmədi. İşdəkilər məni Şaxta Baba eləməyə qərar verdilər. Şaxta Baba kostyumunu geyindim, taxma saqqalımı taxdım. Günel Musa pomadası ilə yanaqlarımı, burnumu qızartdı və məndən müsahibə aldı.

Müsahibədə çəkilən şəkilləri görəndə redaktorumuzun reaksiyası nə olsa yaxşıdı?

- Ulucay, Şaxta Babaya oxşamırsan, nədir problem?!

Qorxdum, buna görə də danlanacam, sonra gördüm, gülür.

Gəlin, bu bayram günü bir etiraf da edim. Bir dəfə Şərif bəyi aldatmışam. Karantin idi. Evdən işləyirdik. Mənim də noutbookumu qardaşım aparmışdı. Qorxdum deməyə. “Problem nədir?” deyib yapışacaqdı yaxamdan. Dedim, heç bir problem-zad yoxdur, kompüterlə işləyirəm. Halbuki telefonla idim. Çoxbilmişdir. O yandan qayıdasan ki, “vörd”ü düz göndər. Tez bir dostuma atdım materialı. Dedim, “vörd” elə göndər, “pereslat” eləyim. Yadınızda qalsın, özünüzdən yaşlıları həmişə aldada bilərsiniz. Lazım olanda istifadə edin bu fənddən, amma çox dərinə getməyin. Görürsünüz, əslində, bir balaca “moşennikliyim” var. Amma bəxtimdən Şərif bəy bu xasiyyətimi böyüdülmüş güzgüdə görür.

Sizə yalan deməyəcəm, kollektivdə mübahisələrimiz də çox olur. Hamı yazıçı, hərənin öz kaprizi...

Gəldiyim ilk günlərdən birində Samirə Əşrəflə ciddi mübahisəmiz düşdü. Özü də nəyə görə...

Mətbəxdə özümə çay süzürdüm. Elə bu dəm Samirə mətbəxə girdi, heç fikir vermədim. Mən də tez-tez özüm üçün mahnı züm-zümə eləyirəm. Samirə mətbəxə girəndə də hansısa eşq nəğməsini oxuyurmuşam. Bir də gördüm axşam mənə mesaj gəldi:

- Sən məni görəndə niyə mahnı oxudun ki?!

Birinci elə bildim zarafat eləyir. Cavab yazdım:

- Gözəllik görəndə özümü saxlaya bilmirəm!

Növbəti mesaj gəldi:

- Bir də məni görəndə mahnı oxuma!

Söhbətin ciddi olduğunu anladım və əsəbiləşdim:

- Birincisi, sənə görə oxumamışam, ikincisi, oxumuşam əcəb eləmişəm! Minnətin olsun ki mənim kimi yaraşıqlı oğlan sənə mahnı oxuyur!

O da “Həddini bil!” yazıb söhbəti bağladı.

Bundan sonra bir neçə gün biri-birimizi dindirmədik. Allahın salamını da çox gördük. Sonra bir dəfə təsadüfən otağa girəndə məni mahnı oxuyan yerdə tutdu. Güldü. Dedi, sən elə doğrudan özünçün oxuyursanmış ki! Mən də zarafatla cavab verdim ki, bəs nə! Hələ gitaram da var!

İnandırmaq üçün bir gün qoltuğuma vurub işə gəldim, bir-iki mahnı oxudum, videoya da çəkdilər.

O vaxtdan mehribanlaşmışıq, indi bir yerdə oxuyuruq mahnıları.

İlk gəldiyim günlərdə Sərdarla daha çox ünsiyyətdə olurdum. Savadlı, istedadlı və ən əsası maraqlı adamdı. Məncə, ən böyük məziyyət elə maraqlı ola bilməkdi.

Sərdarla siqaret fasilələrinə çıxıb ağlınıza gələ biləcək ən fərqli mövzularda söhbətlər edirdik. Ən çox da qadınlardan danışırdıq. Niyə keçmiş zamanda danışıram? Çünki artıq siqaret fasilələrinə çıxmırıq, ikimiz də siqareti tərgitmişik.

Deyəsən, onun siqareti tərgitməsinə səbəbkar mən oldum. Həmişə onun siqaretindən çəkirdim, yəqin, axırda gördü, çatdıra bilmir, siqareti atdı. Mən də gördüm, Sərdar siqaretsiz gəlir, məcbur qalıb özüm də tərgitdim.

Hə, indi siqaret fasilələrində etdiyimiz söhbətləri elə otaqda edirik. İş vaxtı tüstüsüz fasilələr fayda verir. Nəsə kişilərə aid söhbət olanda, Samirəyə deyirik, sən qulaqlarını bağla. O da qulaqlarını yalandan bağlayıb bizə daha diqqətlə qulaq asır.
l
Otaqda zarafatlar ara vermir. Yeni rastıma çıxan xəbəri Samirəyə oxuyuram:

- Filankəs Filankəsovun kitabı çıxıb. Bunu xəbər eləyək.

Başı yazıya qarışmış Samirə soruşur:

- Kimin nəyi çıxdı?

Sərdar:

- Filankəsin zayı çıxdı!

Təbii, Kulis 4 nəfərdən ibarət deyil. Gücümüzə güc qatan, Kulislə əməkdaşlıq edən müəlliflərimiz çoxdur. Əksəri də əjdaha imzalar: Aqşin Yenisey, Sevda Sultanova, Qismət Rüstəmov, Etimad Başkeçid, Salam Sarvan, Cavanşir Yusifli, Səfər Alışarlı, Elçin Hüseynbəyli, Mehman Qaraxanoğlu, Ağalar Qut, Aydın Talıbzadə, Aliyə Dadaşova, Sevinc Elsevər və başqaları...

Müəlliflərimizin siyahısını gənclərlə davam etmək də olar: Fərid Hüseyn, Şəhriyar Del Gerani, Ayxan Ayvaz...

Lap gənclərdən Müşfiq Şükürlü, Rəvan Cavid, Orxan Həsəni...

Müsahibələri ilə yadda qalan Günel Musa, Şəfaqət Cavanşir...

İsti-isti ağlıma gələn və gəlməyən onlarla imza...

Kulisi “tərk edib” APA-ya gedən Mirmehdi Ağaoğlunun yeri isə lap başqadır. Mirmehdinin istedadını, peşəkarlığını qoyuram bir qırağa, çox pozitiv adamdı. Hərdən təəssüflənirəm ki, heyif Mirmehdi ilə birgə işləmirik.

Düzdü, yazıları yenə bizdə dərc olunur, hərdən onun xəbərlərindən də “oğurlayıram”, amma eyni otaqda deyilik.

Bayaq elə mətbəxdə rastlaşdıq. Dedim, Kulisin ad günündən yazacam, səni tərifləyim? Cavab verdi ki, əlinə fürsət düşüb, təriflə də...

Bəzən bizdən küsənlər, inciyənlər olur. Necə ki, mən də tələbəlik illərimdə Kulisdən tez-tez küsürdüm. Amma hamımız yaxşı bilirik ki, Kulisin qapıları yaşından və statusundan asılı olmayaraq istedadlı imzaların hamısı üçün açıqdır.

Bizi güclü edən də bu imzalardır!

Ən böyük gücümüz isə bu 10 il ərzində həmişə yanımızda olan oxucularımız, izləyicilərimizdir.

Ad günün mübarəkdir, Kulis!

Mən sevinirəm ki, sənin həm oxucun, həm də əməkdaşınam!

Ümid edirəm, hansısa həmvətənimizin Nobel, Oskar alması xəbərini də yayımlayacağıq.

Yüz yaşa, doğma ünvan!

Fotolar: Nicat Əlili

# 7069 dəfə oxunub

Müəllifin son yazıları

# # #