Baba Vəziroğlu: “O Xalq yazıçısı mənim ölüm fərmanımı imzaladı” – Müsahibə

Baba Vəziroğlu, şair

Baba Vəziroğlu, şair

10 yanvar 2022
# 21:00

Bu gün Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun doğum günüdür. Kulis.az bu münasibətlə şairi təbrik edir və onunla olan müsahibəni oxucuların diqqətinə çatdırır.

- Baba müəllim, deyəsən, koronavirusa yoluxmuşdunuz.

- Hə, Şuşadakı “Xarıbülbül” festivalına da ona görə gedə bilmədim. Düzdü, sonra “Vaqif poeziya günləri”ndə Şuşaya getdim, amma ən dəhşətlisi o oldu ki, Musa Yaqubun dəfninə gedə bilmədim.

- Şuşa səfəri, “Vaqif poeziya günləri” xoşunuza gəldi?

- Həmin təəssüratı sözlə ifadə etmək çətindir. Mənim üçün daha özəl idi bu duyğular, çünki 1982-ci ildə, yanvarın 14-də ilk “Vaqif poeziya günləri”nin açılışında da iştirak etmişdim. Bu dəfə isə 39 il sonra yenidən Şuşada, “Vaqif poeziya günləri”ndə oldum, ona görə də bu səfər haqqında nəsə demək mənim üçün çox çətindir.

- 39 il əvvəlki tədbirlə indiki tədbirin fərqini nədə gördünüz?

- 39 il qabaq çox gənc idim, tamam fərqli ab-havada idim. Mənim üçün çox böyük şey idi həmin heyətin içində, Ulu Öndərlə Şuşaya getmək. İndi həmin səfəri sehrli bir yuxu kimi xatırlayıram. Onda Yazıçılar İttifaqı gənclərə xüsusi diqqət ayırırdı, bəlkə də yuxarıdan tapşırılmışdı. 60-cılar deyilən ədəbi nəslinin gənclərinə xüsusi diqqət ayrılırdı.

- Siz amma 80-cilər ədəbi nəslinə aidsiniz.

- Bəli. Düzdü, ilk hekayələrim 1976-cı ildə “Ulduz” jurnalında çap olunmuşdu, amma 80-cilərdən sayılıram. 80-cilər, ümumiyyətlə, o vaxtın qızıl epoxası sayılırdı.

- 80-cilər ədəbi nəslini həm də “itirilmiş nəsil” adlandırırlar...

- Bilirsiniz, itirilmiş nəslə bütün o onilliklərdən müəlliflər şamil etmək olar. Elə bilirsiniz 60-cılarda tək Anar, Elçin, Əkrəm Əylisli var idi? O qədər gözəl imzalar olub ki, itib-batıb. Həmçinin digər onilliklərdə də. Bəlkə də beş Ramiz Rövşən olub, sadəcə biri ortaya çıxıb, parıldayıb. Göydə də milyonlarla ulduz var, hamısı parlamır, hamısını görmürük ki. Ədəbi səmada da çox ulduzlar doğulur, amma hamısı parlaya bilmir.

- Onda sizin bəxtiniz gətirib bu mənada...

- Özüm də bunu demişəm həmişə. Məndən qat-qat daha istedadlı, bacarıqlı, ağıllı, müdrik imzalar olub ki, sadəcə Allah onlara hər şey verib, amma bir balaca şans verməyib.

- Həmin bəxtsiz imzalardan misal çəkə biləcəyiniz kimlər var?

- Rəhmətlik Şahmar Hüseynov var idi. Çox gözəl yazıçı idi. O vaxt ha çalışdıq, ha istədik onu populyarlaşdıraq, alınmadı. Hətta ona aid filmdə çəkdim gənc yaşlarımda. Bilirsən, gərək şöhrət, bəxt özü gəlib adamı tapsın. Sonra rəhmətlik Vidadi Məmmədov var idi, çox istedadlı idi o da. Təsəvvür elə ki, Əbülfəz Elçibəy onu özünə müəllim sayırdı. O cür istedadlı idi, amma çox passiv, tənbəl və bəxtsiz idi. Cəmi 3 hekayə yazmışdı, o hekayələr Azərbaycan nəsrində hadisəyə çevrilmişdi. Avtomobil qəzasında həlak oldu.

- Siz də nəsrlə başlamısınız. Özü də sizin hekayələr də yetərincə bəyənilirdi, amma sonradan poeziyaya keçdiniz. Deyirlər, kimsə Baba Vəziroğluna ağıl verib ki, nəsrdə heç nə yoxdu, keç poeziyaya.

- Hə, elə deyirlər (gülür). Düzdü, mənə ağıl verənlər var idi və bu məsləhətlər mənim də fikrimlə üst-üstə düşdü. Başa düşdüm ki, mənim oxucularım artıq ölüb. Nəinki mənim, 80-ci illərin sonunda artıq ciddi ədəbiyyatın oxucuları, biliciləri, dəyər verənləri öldü. Mənim də 30 il yeni oxucuları gözləməyə səbrim yox idi. 30 il keçib, o gözlədiyimiz oxucu hələ də yetişməyib, hələ reanimasiyadadır. Mən də it hürən yox, işıq gələn tərəfə getdim. Amma ədəbiyyata elə şeirlə başlamışdım, ilk dəfə də şeirlərimi Musa Yaqub rayon qəzetində dərc etmişdi. Sonra xüsusən Moskva mühiti mənə dünya ədəbiyyatını, nəsri tanıtdı.

- Poeziyaya keçməkdə tək səbəbiniz oxucu idi?

- Yox. Nəsrdən mənim başım çox çəkdi. İlk nəsr kitabım çap olanda bir akademikimiz, bir də Xalq yazıçımız həmin kitab haqqında dəhşətli bir “antisovet” rəy yazıb göndərdilər KQB-yə. Həmin akademik, o Xalq yazıçısı mənim ölüm fərmanımı imzaladı.

- Kimlər idi onlar?

- Adlarını çəkmək istəmirəm. Həmin akademik rəhmətə gedib, Xalq yazıçısı isə hələ də sağdı, çox yaşlı yazıçıdır. Allah onun canını sağ eləsin (gülür). Bax, belə şeylərə görə başım çox ağrıdı. O vaxt Mərkəzi Komitədə mədəniyyət şöbəsinin müdiri Vəfa Quluzadə idi. O mənə dəstək oldu. Həmin məsələdə Bəxtiyar Vahabzadə də mənə çox böyük dəstək oldu. Kitaba aid böyük bir məqalə yazıb məni müdafiə elədi.

- Baba müəllim, 1500-dən çox mahnı sözü yazmısınız. Rəqəm düzdü? Bəlkə bir sıfır artıqdı?

- Yox, düzdü. Onları ancaq mahnı üçün yazmışam, sifarişlə.

- Həmin mahnı sözləri üçün aldığınız ən yüksək qonorar nə qədər olub? Səmimi deyin.

- Ən yüksək 100 min manat olub.

- Onda belə çıxır ki, çox varlısınız.

- Hanı, hardadı pul? (gülür) Bu evi də cənab Prezident verib.

- Bəs, həmin o mahnı sözlərindən aldığınız qonorarları, yüz minləri hara xərcləmisiniz?

- İsmayıllının, demək olar, yarısı mənim qohum-əqrəbamdı, hamısı da mənim himayəmdədir. Sonra özüm gəzib-dolaşmağı, yeyib-içməyi sevirəm.

- Uzun sözün qısası, pulun başına daş salmısınız da.

- Hə, əlbəttə ki (gülür). Rəhmətlik Adil İsgəndərovun bir sözü var idi, deyirdi, hökumət sənə pul verirsə, onu sabaha saxlama, al xərclə. Mən də aldığımı elə bu gün xərcləyirəm.

- Neçə eviniz var? Elə tək eviniz budu?

- Yox, evim çoxdu, maşallah. Birini Sovet hökuməti vermişdi, onu kiçik qızıma hədiyyə etmişəm. Sizin sədriniz Anarla qapıbir qonşuluqdadı.

- Sizin sədriniz deyil ki? Siz də Yazıçılar Birliyinin üzvüsünüz axı. Bəlkə çıxmısınız, bizim xəbərimiz olmayıb?

- Yoo, niyə çıxıram ki? Mən də üzvəm. Yaxşı, bizim sədrimiz Anar deyim. Yazıçılar Birliyi mənim üçün müqəddəs bir ocaqdı, ora təkcə bir-iki şəxsdən ibarət deyil ki.

- Qayıdaq evlərinizə...

- Həə. Sonra bir ev SSRİ Yazıçılar İttifaqı verdi, düz Hökumət Evinin arxasındakı binada. Sonra özüm-özümə bir yaradıcılıq evi aldım, Səməd Vurğunun heykəlinin yanında. Sonra Prezident mənə bu evi hədiyyə elədi. Mən, yoldaşım və 11 yaşlı oğlum Kamalla burada yaşayırıq. Maşallah, ev elə böyükdü ki, heç bir-birimizi tapa bilmirik evdə (gülür).

- Bəs, bağ eviniz yoxdu?

- Var. İsmayıllının Buynuz kəndində ikimərtəbəli, böyük, geniş həyətli bir evim var.

- Bakıda yoxdu bağ eviniz?

- Bilirsən, Bakı mənim təbiətimə uyğun deyil. Düzdü, Bakıda çoxlu torpaq sahələrim var, amma Bakı bağlarını sevmirəm. İstirahətimi Buynuz kəndində eləyirəm. Amma Şuşanı görəndən sonra İsmayıllı da adama Kürdəmir kimi görünür (gülür).

- Baba müəllim, sizi çox imkanlı şair kimi tanıyırlar deyə belə suallar verirəm, ümid edirəm, incimirsiniz.

- Qətiyyən, Ulucay. İstədiyin sualı verə bilərsən.

- Maşınınızın markası nədi?

- “Prado” sürürəm.

- Neçənci ilindi?

- 2008-ci ilin.

- Köhnəymiş ki...

- Təzələyərik (gülür). O maşın da hədiyyədi. Mən torpaq ünsürüyəm deyə, torpağa, evə, maşına çox bağlıyam.

- Bir çox insanda belə bir fikir var ki, yazıçı yaxşı yazmaq üçün kasıb, imkansız olmalıdır. Yazıçı üçün belə obraz yaradılıb. İmkanlı adamların yaxşı yaza biləcəyinə şübhə edənlər də var. Siz bu haqda nə düşünürsünüz?

- Mən tamam əksini düşünürəm. Ola bilər ki, gənclik illərində belə bir şey mümkündür, çünki həmin illərdə gələcək gözünə bir ilğım, oazis kimi görünür, həmin o oazisə çatmaq üçün çalışırsan, amma müəyyən stabil mərhələyə çatandan sonra o istədiyini əldə etməyəndə bütün bunlar səni məhv eləyir. Ən başda da maddi sıxıntılar. Məsələn, Əli Kərim bir mərhələyə kimi bu sıxıntılara dözdü, yaşadı, sonra dözə bilməyib öldü. Reallıq budur. Sədrimiz Anar da zəngin, ziyalı ailədəndi, heç evə çörək almaqdan, ev pulu, qaz pulu, su pulu verməkdən xəbəri olmayıb, amma böyük yazıçıdır. Əkrəm Əylisli cırıq şalvarda gəzirdi, amma yenə də böyük yazıçı oldu. Yəni imkanın bu məsələyə ciddi təsiri yoxdu. İmkanlı olmaq isə, əksinə, yazıçı üçün daha yaxşıdı.

- Yazıçı Anardan danışdınız, bir müsahibəniz yadıma düşdü. Orada demişdiniz ki, Anarı bir inqilab dalğası ilə sədrliyə gətirdiniz, sonra özünüz qıraqda, belə deyək, kölgədə qaldınız.

- Təxminən elə demişəm, hə, amma bu Anardan asılı bir şey deyildi.

- Qıraqda qalmaq deyəndə vəzifədən qıraqda qalmağı nəzərdə tutursunuz?

- Yox, mən onsuz da vəzifə həvəsində də deyildim. Sadəcə dövr o dövr idi. Yenilənməyə gedirdik. Ən yaxşı namizəd kimi də Anarı görürdük. “Banda”mızın böyüyü Əkrəm Əylisli idi. Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Kamil Vəli, mən...

- Nəyə görə ən münasib Anar idi?

- Liderliyi onda gördük. Həmin vəzifəyə onu yaraşdırırdıq. Liberal baxışlı idi, amansız, radikal deyildi.

- Keçmiş zamanda danışırsınız. Sonra əksini gördünüz?

- Sonra mən onunla işləmədim axı.

- İndi münasibətiniz necədi?

- Normal. Mənim ürəyim Yazıçılar İttifaqından ən çox “20 yanvar” hadisələrindən sonra qırıldı. Bir qrup yazıçı qərar vermişdik ki, SSR Yazıçılar İttifaqının vəsiqəsindən imtina edək, protest ünvanlayaq. Məndən başqa heç kim bu vədinə əməl eləmədi, ondan sonra mən də İttifaqdan aralandım. Buna görə də heç kimi qınamıram.

- Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətinə münasibətiniz necədi?

- Yazıçılar Birliyinə də münasibətim normaldı. Ora mənim üçün fərdlərdən ibarət deyil. Ermənilər Qarabağda evlərimizi zəbt etmişdi deyə o evlər bizim üçün doğmalığını itirdi? Əlbəttə ki, yox.

- Fəxri adlara münasibətiniz bəs?

- Çox yaxşı. Hər sahədə ən yaxşıları fərqləndirmək, qiymətləndirmək üçün belə adların olmağı yaxşıdır. Musa Yaqub və Ramiz Rövşən bu ada layiq idilər axı.

- İnsanların sizi daha çox nəğməkar şair kimi tanımaları sizi narahat etmir ki?

- Qətiyyən. Nəğməkar şair deyəndə, ağlıma ilk Mikayıl Müşfiq gəlir. Müşfiqin neçə şeirinə nəğmələr bəstələnib. Bəstələnməmiş şeirləri də elə nəğmə kimidir. Nəbi Xəzri, Fikrət Qoca, Vaqif Səmədoğlu, Ramiz Rövşən də nəğməkar şairdi də. Rus poeziyasında Yesenin, Rojdestvenski, Voznesenski... Amma açığı, bir ara diksindim, o da məlum və məşum keçid dövründə baş verdi. Bir az yumşaq deyim, ailə tərbiyəsi görməmiş şəxslər bir gecənin içində guya mahnı sözləri yazırdı, bəstələyirdi, hətta ifa da edib özünü nəğməkar şair adlandırırdı. Onda diksinmişdim bu addan.

- Sosial şəbəkələrlə aranız necədir?

- Məni insanların sosial şəbəkələrdəki davranışları çox məyus edir. Keçən dəfə dostum Flora Kərimovanın səhifəsinə “Şərəf” ordeninə layiq görülməsi ilə bağlı təbrikimi yazdım. Hər kəs onu qınayırdı, mənfi şərhlər yazırdılar. Təbrik yazandan sonra düşdülər üstümə, başladılar məni təhqir etməyə ki, sən də yaltaqsan. İçim darmadağın oldu, yenə də heç bir reaksiya vermədim. Flora Kərimovanın sənəti də, şəxsiyyəti də göz qarşısındadır. İnsanların bu qədər murdar, xəbis olmağını qəbul edə bilmirəm, onların hamısının bir mərkəzdən idarə olduğunu düşünürəm. Trollardı, hansısa bir ideoloji mərkəzdən idarə olunurlar.

- İdeoloji demişkən... Sizin yaradıcılığınızda ideoloji şeirlərə rastlamamışam, daha çox lirik şeirlər yazırsınız. Sizcə, bu nə dərəcədə səmimidir?

- Mən təbiətlə, yerlə, göylə müxalifətdəyəm, hansısa jek müdiriylə, məmurla, adamla müxalifətdə olası deyiləm. Vaqif Səmədoğlu demiş, mən Allahla müxalifətdəyəm.

- Bir müsahibənizdə demişdiniz ki, yazıçı hər şeyi yazmalı deyil və ümumiyyətlə, hər şeyi yazmaq yazıçının cəsarətinə dəlalət eləmir. Heç olmayıb ki, yazmadığınız, yaza bilmədiyiniz şeylər sizi narahat eləsin?

- Bu ideoloji məsələlərlə bağlı deyil. Daha çox daxili senzorla bağlıdır. Gənclikdə insan hər şeyə qarşı, bütün hadisələrə qarşı müxalif olur. Məni narahat edən mövzular elə şeylərdi ki, məsələn, onları yazmaq milliyyətimə, etiqad elədiyim dinimə yaraşmaz. Özümə, ailəmə, yaxınlarıma rəva bilmirəm. Məni daha çox belə mənəvi qadağalar narahat edir, hətta açıq deyim ki, o mövzulara toxunmağa qorxuram, çəkinirəm.

- Qadın göz yaşlarını timsah göz yaşlarına bənzətmisiniz. Yəni qadınların göz yaşının səmimiyyətinə inanmırsınız?

- Allah belə yaradıb da onları. Bu, qadının günahı deyil, bir növ özünü qorumaq mexanizmidir. Ümumiyyətlə, qadın göz yaşlarını ciddiyə almaq lazım deyil. Gəl, qadın mövzusunda daha da dərinə getməyək (gülür).

- Yaxşı (mən də gülürəm). Baba müəllim, maraqlı və səmimi cavablarınız üçün təşəkkür edirəm!

- Mən təşəkkür edirəm! Çox xoş oldu mənə də.

# 40761 dəfə oxunub

Müəllifin son yazıları

# # #