Sənin dodaqların dualardan müqəddəs – Ulucay Akifdən YENİ ŞEİRLƏR

Sənin dodaqların dualardan müqəddəs – <span style="color:red;">Ulucay Akifdən YENİ ŞEİRLƏR
29 mart 2017
# 14:38

Kulis.Az gənc şair Ulucay Akifin şeirlərini təqdim edir.

Yorğun qadının nəğməsi

Ən böyük üsyandır
bir qadının sükutu.
Yorğun qadınlar
Susmağı seçir,
Susur, susur
və unudur.

Sənin dodaqların
oxuduğun dualardan
daha müqəddəsdir indi.
Barmaqlarının hər birisə
bir Cənnət müjdəçisi...

Bilirəm,
Bu şəhərdə
Xəyanət sevgidən,
Ayrılıqsa göz yaşlarından baha.

Eybi yox,
Sən güclü ol!
Barış saçlarınla.
Uzat saçlarını
qaranlıq gecələrə,
Gülüşünü gizlətmə daha.

Ən böyük üsyandır
bir qadının sükutu.
Yorğun qadınlar
Susmağı seçir,
Susur, susur
və unudur.

***

Tarlada işləyən oğluna
təndir çörəyi aparan nənədən
başlayır Vətən.

Zəhmətkeş adamlardır
bu ölkənin sərhədlərini
Əllərinin qırışında
qoruyan, gizlədən.

Bizim ölkənin himnidir
nənəsinin yanınca qaçışan
uşaqların gülüşü.

Torpaqda əkdiyimiz ağaclar da,
böyüyür, böyüyür,
axır-əvvəl
quşlar üçün bir Vətənə dönüşür.

***

Elə asan görünür ki,
Qalın kəndir, kiçik bir stul.
Hər şey sıfıra qayıdır, yenə artır!
- budur düstur.

Bir tətikin ucundaca
Boylanır üzünə həyat.
Sən əyrilərdən qaçdıqca,
Gülümsər düzünə həyat.

Çəkildiyin şəkillərdə
Təbəssüm üzdən sürüşür,
Ayaqların çox narahat,
Əllərin əsəbi düşür.

Güzgüdəki əksinlə də
gələ bilmirsən göz-gözə.
Deyəsən orucsan yenə,
dilin dəymir bircə sözə.

Elə asan görünür ki,
Qalın kəndir, kiçik bir stul.
Hər şey sıfıra qayıdır, yenə artır!
- budur düstur.

# 2864 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #