Naməlum qadından gələn 6 mesaj

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

27 oktyabr 2021
# 11:01

Dünən işdən çıxıb yorğun-arğın evə qayıdırdım. Hava da məlum. Yol keçəndə diqqətsizlik eləyib suya girmişdim. Ayaqqabımın içi yaş, corablarım yaş, kostyumumun şalvarı palçıq, qanım qara.

Yolumun üstündə dayanan qara pişik məni görüb minnətli səslə “miyou” elədi. Qulaqcığımın bir qulağı xarab olub, addım atdıqca səs gedib-gəlirdi deyə lap əsəbiləşirdim.

Hiss edirdim ki, maykam da şalvarımın içindən çıxıb, külək düz böyrümə vurur. Bu məqamda telefonum səs elədi:

"Dinkkkkk.."

Feysbukdan gələn mesajın səsi idi.

Yenə təkrarlandı:

"Dinkk, dinkkk..."

Avtobusa minəndə açıb baxaram deyə düşündüm. Açığı, telefonu cibimdən çıxarıb baxmağa da ərinirdim. Yenə mesaj səsi gəldi:

"Dinkk, dinkkk, dinkkkkk..."

Hesabladım, 6 mesaj idi. Böyük ehtimal bir adamdan gəlib, yəqin vacib məsələdir, ona görə dalbadal yazır.

Bakı küləyindən yaxamı alıb bir küncə qısıldım. Paltomu qaldırıb şalvarımın cibindən telefonu çıxardım. Sehrli barmağım telefona dəyən kimi ekran açıldı.

Ekranın sağ küncündə tanımadığım gözəl bir xanımın balaca, yumru şəklini və üzərində qırmızı rənglə yazılmış "6" rəqəmini gördüm.

Tanımadığım gözəl bir xanımdan 6 mesaj gəlib.

Əhvalım bir az düzəldi. Artıq corabımın yaş olduğunu unutmuşdum. Telefonu cibimdən çıxaranda, fürsətdən istifadə edib maykamı da təzədən şalvarımın içinə salmışdım.

Sağ baş barmağımı ehmalca xanımın kiçik, gözəl və yumru şəklinin üstünə toxundurdum. Mesajlaşma pəncərəsi açıldı.

Onsuz da xırda olan gözlərimi küləyin təsirindən bir az da qıyıb mesajları oxumağa başladım.

Birinci mesaj:

"Salam Ulucay bəy"

İkinci mesaj:

"Necəsiniz"

Üçüncü və dördüncü mesajda müəllifi olduğum iki kitabın şəklini göndərmişdi.

Beşinci mesaj:

"Bu kitabları..."

Altıncı mesaj:

"Özünüz yazmısız?"

Donub qaldım. Yoldan sürətlə şütüyən maşınlardan biri üstümə su sıçratdı. Telefonumun ekranı da, ekrandakı balaca, gözəl, yumru xanım şəkli də üst-başım kimi palçığa batdı.

# 12323 dəfə oxunub

Müəllifin son yazıları

# # #