Kulis “Gizli ədəbiyyat” layihəsindən Ülfət Kürçaylının “Şirinlik” yazısını təqdim edir.
Yazıçı Əlfi Qasımov 70-ci illərin ortalarında Mətbuat Komitəsində baş redaktor vəzifəsində çalışırdı.
Bir gün kabinetində iki həmkarıyla oturub iş gününün son dəqiqələrini müvəffəqiyyətlə yola salırmış. Məqsəd yaxınlıqda yenicə açılmış xəngəlxananı ziyarət etməkdi. Dost-tanış bu məkanın məziyyətlərindən ağız dolusu danışırdı. Üçü də səbirsizliklə vüsal anının çatmasını gözləyirdi...
Nəhayət, saat altını göstərir. Elə sevincək ayağa qalxırlar ki, qapı açılır, kürən, göygöz bir kişi başını içəri salıb tövşüyə-tövşüyə “Dedim çatdırmaram... qaça-qaça gəlmişəm... Çox yox, beş dəqiqə vaxtınızı alacağam, Əlfi müəllim” - deyə yalvarış dolu baxışlarını yazıçıya zilləyir. Üçü də mat-mat bir-birinə baxır. Əlfi Qasımov əvvəlcə istəyir kişini qovsun ki, bəs iş qurtarıb, sabahda-birigündə gələrsən. Amma iş yoldaşları nə fikirləşirlərsə, “Eybi yox, Əlfi müəllim, biz aşağıda gözləyərik” - deyib otaqdan çıxırlar. Adətən müəlliflərlə nəzakətli olan yazıçı hövsələsiz halda gözünü kişiyə bərəldib “Keç görək, nə istəyirsən, amma beş dəqiqə, vacib tədbirimiz var” deyib yerində əyləşir.
Deyir, kişi dərhal qoltuğunda qalın bir qovluq özünü atdı içəri, gəlib oturdu masanın böyründə. Məlum oldu ki, kişi elmlər namizədidir, özü də şəkili, gətirdiyi əlyazma da arıçılıq barəsindədir. Elə oturan kimi nəfəsini dərməmiş başladı arıdan danışmağa. Gah arının insan həyatında əhəmiyyətindən söz açdı, gah cəmiyyətlə arının qarşılıqlı təsirindən misallar gətirdi, sonra isə Qafqaz arısının dünyanın bütün başqa arılarından üstünlüyündən və xırda canında ağlagəlməz hikmətlərin olduğundan sicilləmə danışdı. Başım yavaş-yavaş ağrımağa başladı, gözüm isə saatda idi. İki dəqiqəsi qalmışdı. Kişi dil boğaza qoymurdu. Elə bil dünyanın axırıydı və arı məsələsiylə bağlı bəşəriyyətin taleyi həll olunurdu. Demək olar, qulaq asmırdım, başım hərlənirdi. Fikrim yeni açılmış xəngəlxanada, gözlərim isə kişinin attanıb-düşən qıvraq dodaqlarında və saatda idi. Beş dəqiqənin bitməsinə son saniyələr qalırdı. Qulağımın hərdən aldığı mum, beçə, işçi arı, ana arı, anac arı, nazlı arı, qılça, qılcıq və bu qəbil kəlmələrdən beynim dumanlanırdı. Elə beş dəqiqənin tamamında əlimi qaldırdım ki, kişi, bəsdi, mən lap yoruldum... Rəhmətliyin oğlu beş dəqiqəyə bu yekəliyində məsələni yerləşdirmək olar?! Sən indi get, mən vacib yerə tələsirəm... Oxutdurub xəbər verərəm sənə...
- Yox elə demə, Əlfi müəllim, arı nemətdi, bərəkətdi, şərafətdi, səadətdi... - deyə kişi təzədən nitqinə başlamaq istəyirdi ki, ayağa qalxıb canımın dərdindən arıçılıq barədə bu gərəkli kitabı mütləq tematik plana salacağıma söz verdim. Amma onu da dedim ki, bu zorbalıqda olmasa da, yığcam bir şey təşkil edərik. Sonra tələsik kişi ilə otaqdan çıxıb qapını kilidlədim. Kişi işi belə görüb əlimi sıxdı, “əl məndə, ətək səndə, əl-əli yuyar, əl də qayıdıb üzü” və sair bu kimi məsəllər çəkib gülümsəyərək göz vurdu. Sonra sağollaşıb çevrildi və iti addımlarla gedib gözdən itdi. Ürəyimdə “bu nəydi, İlahi?!” deyib özümü çatdırdım həmkarlarımın yanına. Kişi arı, böcək, qurd-quş söhbətiylə az qala iştahamı küsdürmüşdü. Heç hənanın yeriydi? Qərəz düzəldik yolumuza. O günümüz də belə keçdi.
Arı məsələsinə qalanda, xeyli əziyyət və çənə-boğazdan sonra kitab plana salındı, bir ildən sonra isə kiçik həcmdə işıq üzü gördü. Amma kişidən xəbər-ətər yox idi.
***
Günlərin birində həmin o iki həmkarımla kabinetimdə oturub oyandan-buyandan söhbət edirdik. Havalar sərinləmişdi. İşin axırı idi. Söhbət sonda yenə öz-özünə gəldi həmin mətləbin üstünə - biri qutab həvəsinə düşmüşdü, o birinin könlündən piti keçirdi, mənsə cız-bıza meyllənmişdim. Elə bu məsələ ətrafında baş sındırdığımız bir vaxtda qapı yüngülcə döyüldü, sonra açıldı, şəkili arı mütəxəssisi qarşımızda peyda oldu. Əlində dördkünc kağız bükülü, çöhrəsində təbəssüm şəstlə içəri keçib hamımızla görüşdü, hal-əhval tutdu. Sonra mənə yaxınlaşıb kitab üçün minnətdarlığını bildirdi, bükülünü masamın küncünə qoyub “Əlfi müəllim, kitabın şirnisidi – Şəki halvası. Azdı çox bilin, çoxdu az. Amma evdə yeyərsiz, uşaqlarla... Əhmədiyyənin sexindəndi...” - dedi.
Arı mütəxəssisi bunun ardınca tələsik sağollaşıb otağı tərk etdi. Yerimizdə quruyub qalmışdıq. Kişini elə bil dəyişmişdilər, elə bil bir il əvvəl nəfəs dərmədən sözü sözə calayan bu deyildi. Pərt halda bir qədər də ardınca bağlayıb getdiyi qapıya baxa-baxa qaldım. Sonra özümə gəlib qeyzlə “Əşşi, özüm bilərəm harda yeyerəm! Əhmədiyyəninmiş! Yox bir Məmmədiyyənin! Qanacaqsız!!!” deyib bizdən bir az cavan həmkarıma üzümü tutdum:
- Sən Allah incimə... düş bir “Göygöl”dən, “Gəncə”dən al gətir, amma görən olmasın... Bununku konyakdı, neyləyək, elə burda xətm edərik. Kişi lap kefimi pozdu...
Cavan həmkarım getdi tapşırıq dalınca. On-on beş dəqiqəyə qayıdıb dinməz-söyləməz plaşının qoltuq cibindən qara bir şüşə çıxarıb masaya qoydu. Sonra plaşını soyunub haradansa qədəh, bıçaq gətirdi. Sakitcə yığışıb oturduq masanın ətrafında. “Qanacaqsız” deyə bir də təkrar edib əlimi atdım bükülüyə. Elə kağızı cırmaq istəyirdim ki, telefon zəng çaldı. Əl saxlayıb dəstəyi götürdüm, qulağıma tutdum. Sədrimiz idi. Məni yanına çağırırdı. “Oldu, bu saat gəlirəm...” deyib halvanı da, qara şüşəni də tələsik götürüb şkafa qoydum.
- Ə, beş-on dəqiqə gözləyin, indi gəlirəm... Arıçıdan xeyir gələr?! Qanacaqsız... - deyib otaqdan çıxdım.
Sədr adətən bu vaxta elə bir iş saxlamaz, bütün tapşırıqlarını çağırıb səhər verərdi. Əlbəttə, ortaya qəfil, ciddi məsələ çıxmazsa. Bu dəfə isə işin qurtarhaqurtarında bir saatdan çox sədrin otağında yubanmalı oldum. Kişi heç cür məni buraxmaq istəmirdi. Bilmirəm darıxdığından, ya başqa səbəbdən. Xülasə hövsələmi basıb hər sözünə “bəli”, “elədir” deyə-deyə dözdüm. Axırda elə bil narahatlığımı hiss etdi və nüfuzedici baxışıyla üzümə baxıb “Əlfi, tələsirsənsə gedə bilərsən, elə də ciddi iş deyil” söyləyib susdu. Bir bəhanə uydurub onunla sağollaşıb çıxdım. Ürəyimdə “rəhmətliyin oğlu, ciddi deyilsə daha nə qır-saqqız olmusan” deyə-deyə tələsik gəlib kabinetimin qapısını açdım. Gördüm oba köçüb, yurdu qalıb. Sadiq həmkarlarım çıxıb gediblər. Carəsiz şkafdan zalım oğlunun paxlavasını da götürüb yollandım evə. Paxlava qutusu bir qarış boyuyla yolda əməlli-başlı yük oldu mənə. Əcəb ağır şeymiş. Evə girər-girməz plaşımı soyuna-soyuna arvadı səslədim:
- Nə xəbərdi, ay Əlfi, axşamın xeyir – deyə arvad mətbəxdən çıxıb soruşdu.
- Heç nə... Yaxşı bir çay dəmlə, yorğunam. Götür bu zəhrimarı da aç, doğra, gətir... Şəki halvasıdı... – deyib qutunu uzatdım. Arvad paxlavanı alıb yenə girdi mətbəxə. Ordan səsi gəldi: “Nə ağır şeydi, ay Əlfi”. Dodaqaltı “görüm andıra qalsın” deyib yayıldım divana. “Belə də zülm olar, bu nə gün idi?!” fikriylə çayımı gözləməyə başladım. Birdən lap yaxından arvadın çox sakit, titrək səsini eşitdim: “Bu nədi, ay Əlfi?” – heyrətdən yazığın gözü hədəqəsindən çıxmışdı. – “Bir bu paxlavanın altındakına bax...”
Paxlavanın altında səliqəylə bükülmüş sapsarı – beçə balı rəngində sellofan var idi, içində bənövşəyi, şax iyirmi beşliklər - düz iyirmi ədəd.
- Yaxşı, get işinlə məşğul ol – deyib tələsik arvadı otaqdan çıxarıb qapını bağladım. Fikrə getdim: “Deyirəm axı, şəkilidən mərifət əskik olmaz, özü də gözünə döndüyüm arı kimi müqəddəs məxluqun bilicisi ola - gör yetim-yesirə neçə qonaqlığın puludu...”
Sonra sədrimizə dua elədim. Kişi bir az gec zəng etsəydi, şəkilinin bu hoqqabazlığı məni rüsvay edəcəkdi.