Uşağına səməni satdıran sərxoş ata

Uşağına səməni satdıran sərxoş ata
28 fevral 2017
# 12:57

Kulis.az Təranə Fazilqızının “Novruz kədəri” yazısını təqdim edir.

Novruz bayramına saylı günlər qaldığından dükan-bazar adamların səs-küyündən qaynaşırdı. Ağız deyəni qulaq eşitmirdi.

Çərəz ərzaqlarına tələbat çox olduğundan əksər insanlar qiymətlərlə maraqlanır, qane etməyəndə bahaçılıqdan dad edərək piştaxtadan gileyli halda uzaqlaşırdılar. Mən də hamı kimi bazarlığa çıxmışdım. Əlimdə az pul olsa da, çox şey almaq istəyirdim. Al-əlvan koftalar, sumka və ayaqqabılar ağlımı başımdan elə almışdı ki, bilmirdim nəyi seçim, nəyi alım.

Onu da deyim ki, qadınların əksəriyyəti nə qədər pal-paltar alsalar da, azdı deyə şikayət edərlər. Mən də bu tip qadınlardan olduğum üçün az qala bayram ərzaqları alınacaq pulu tar-mar edəcəkdim. Lakin, 12-13 yaşlı oğlanın cır səslə: “Səməni alın, razı qalın, biri bir manat!” - deməsi məni xəyallardan ayırıb olduğum məkana qaytardı. Bir az qəzəb, ikrah hissiylə oğlana baxmağa başladım.

O, heç nə olmamış kimi taxta yeşiyin üstünə düzdüyü səməniləri səliqəyə salır, müştəri çağırırdı. Oğlanın yanında təxminən 10 yaşlı çəlimsiz bir qız canfəşanlıqla səməninin lentlərini düzəldir, sonra soyuqdan donmasın deyə, yerindəcə hoppanıb-düşür, barmaqlarını ovuşdururdu. Hava qaralmağa doğru gedir, şaxta da bir yandan adamın iliyini kəsirdi. Satılan səmənilərin pulunu balaca qız sevincək alır, oğlan da manatları üst-üstə qoyub cibinə dürtüşdürürdü.

Qürub çağında uşaqların tək-tənha səməni satması təəccüblü idi. Onlara yaxınlaşıb səməni almaqla bərabər sorğu-suala tutdum. Uşaqlar təlaşla ətrafa baxır, sanki indi kiminsə onlara yaxınlaşacağını gözləyirdilər. Elə də oldu. Uzun qayışbaldır bir qadın üstümə cumaraq məni hədələdi. Onun boz rəngli nimdaş paltosu, çuxura düşmüş gözləri vardı. Damarları çıxmış əyri barmaqlarını az qala gözümə soxaraq nəsə deyirdi. Dili topuq çaldığından dediyini düz-əməlli anlamadım. Qadının çığırtısına ətrafdan adamlar gəlib doluşdular. Düzü, pərt olsam da, özümü o yerə qoymayıb uşaqları yalnız maraqdan doğan bir hisslə sorğu-suala tutduğumu dedim. Bu azmış kimi yerində səndirləyən, ayaq üstə güclə dayanan üst-başı çirkli kişi qadına yaxınlaşıb sinəsindən zərblə vuraraq “rədd ol evə” deməsi hər kəsin heyrətinə səbəb oldu. Qadın zarıyaraq bir söz demədən arxaya çəkilib gözdən itdi. Kişinin nəfəsindən gələn turşumuş qoxu ürəyimi bulandırsa da heç yana getməyib maraq və həyəcanla gözlədim.

Xəstə, əsəbi qadın, üst-başı üfunət iyi verən kişi doğurdanmı bu uşaqların valideynləri idi? Onlar həyatın acısını dadmış, yoxsulluğun məngənəsində sabahkı günün aqibətini düşünən böyüklərə bənzəyirdilər. Üzlərində uşaqlıq, gözlərində kədər vardı. Bəlkə də çox uşaqlar kimi havanın sazağında isti evdə oturub cizgi filminə baxmaq keçirdi könüllərindən. Nə bilmək olar. Ürkək baxışlarla ətrafdan kömək diləyən, erkən böyümüş bu uşaqlar ovqatımı təlx etmiş, köksümə çökən ağırlığı artırmışdı. Uşaqları sərxoş atanın əlindən alıb qaçmaq, bir neçə saatlıq da olsa onları qayğılardan uzaq əyləncə mərkəzində deyib-gülən, müxtəlif oyunlar oynayan halda təsəvvür etmək necə də xoş idi...

Sərxoş ata oğlundan pulların ona verilməsini tələb etdi. O, tələsik bir xışma manatı sayıb cibinə qoydu. Ayaq üstə ləngər vuran ata, “Bu günlük bəsdi, bacını da götür, gedək evə”, - deyə qışqırdı. “Dəli anan da yəqin evdədi” - deyib, qırıq-qırıq səslə gülməyə başladı. Kimisi gördüyü hadisədən başını yelləyib gedir, bəzisi də uşaqların halına acıyırdı.

Oğlan ətrafa baxmadan taxta yeşiyi yerdən götürüb, satılmayan səməniləri kulyoka yığmağa başladı.

Belə olub, olacaqmış kimi taleyə boyun əyən bu üçlük bir-birinin arxasınca axşamın qaranlığında yox oldular...

# 874 dəfə oxunub

Müəllifin son yazıları

# # #