Pandalar niyə cütləşmir? - Aliyə

Pandalar niyə cütləşmir? - Aliyə
8 iyul 2024
# 15:00

Kulis.az Aliyənin Azərbaycan Dövlət Yuğ Teatrında səhnələşdirilmiş "Pandalar" tamaşası haqqında yazdığı resenziyanı təqdim edir.

Bilmirəm niyə, bu aralar kino haqda, teatr haqda nəsə yazanda yazıya sənətin niyə vacib olması haqda pafoslu girişlə başlamaq istəyirəm. Demək istəyirəm ki, sənət heç bir vasitənin - dinin, elmin, texnologiyanın edə bilmədiyini edir: həyatın elə dərin qatları var ki, o qatları yalnız sənət dərk etdirə, duydura bilir.

Demək istəyirəm ki, bu, xüsusən indi vacibdir, kütləvi mədəniyyətin, marketinqin, istehlakçı dünyanın döndüyü bir vaxtda. Kapitalist cəmiyyətin istehlakçı yetişdirmək üçün günbəgün artan sürətlə modellər, qəliblər təklif etdiyi bir vaxtda. Sosial şəbəkə səhifələrində anlıq təəccübü, heyrəti min yolla “düzəldən” blogerlərin, psixoloq səhifələrinin, yaşam kouçlarının mənəvi istinadgahı itirmiş izləyicilərə “düzgün davranış”, “düzgün münasibət modelləri” sırıdığı, guya “davranışınız bu qəlibə uyğundursa, sizin münasibətiniz düzgün münasibətdir, belə deyilsə, tulla getsin” dediyi bir zəmanədə. Demək istəyirəm ki, yalnız sənət sizi qəlbin, ruhun dərinliyinə, hikmətinə apara bilər. Amma o saat da bura yazılanlar lazımsız zəvzəklik kimi görünür mənə. Çünki, əsl sənət olan yerdə belə girişə-filana ehtiyac yoxdur. O, səni həmin o dərin qatlara aparır və sən varlığın mahiyyətini duyar kimi sehrlənmiş halda qalırsan. Olur belə. Bu yaxınlarda Yuğ teatrının “Pandalar” tamaşasında (rejissor Mikayıl Mikayılov) beləsi baş verdi: Səhnədə bir-birini tanımayan, amma bir yataqda oyanan Kişi və Qadın peyda oldu. Məhz peyda oldu, çünki hardan gəldiklərini, harada olduqlarını kəsdirənə kimi az qala Adəmlə Həvvanı xatırladıq.

Aktyor Oqtay Mehdiyev - Kişi və aktrisa Günəş Təgin - Qadın ilk dəqiqələrdən mübahisə etməyə başlayır. Sanki, qadın hardan gəldiklərini, bir yatağa necə düşdüklərini bilir, amma kişi xatırlamır. Qadın getməyə çalışır, Kişi həm olanları xatırlamağa, həm də onu necəsə bir az da artıq saxlamağa, bu qənimət dəqiqələri uzatmağa can atır. Nəhayət, qadın doqquz gecə onunla qalmağa razılaşır. Kişinin dediyinə görə, bu doqquz gecə ona qadını tanımağa kifayət edəcək. İkinci gecədə belə bir dialoq baş verir:

Qadın: - “A” de.

Kişi: - A.

Qadın: - Yumşaq de: A

Kişi: - A.

Qadın: - Pıçıltıyla de: A.

Kişi: - A.

Qadın: - İncə bir “A” istəyirəm.

Kişi: - A.

Qadın: - İndi ucadan, amma incə yox: A

Kişi: - A.

Qadın: - İndi elə de ki elə bil mənə sevgi etiraf edirsən.

Kişi: - A.

Qadın: - İndi elə “A” de ki, bilim ki, məni heç vaxt unutmayacaqsan.

.....

Qadın: - İndi isə mən sənə bir sual verəcəm. Çox vacib bir sual... Sən də mənə ürəyində cavab ver. Hazırsan?

Kişi: - ...

Qadın: - “A”?

Kişi: - ...

Qadın: - ...

Kişi: - ...

İxtisarla yazdığım bu dialoqla onların dilə gəlməyən hissləri öyrəndiyi, yaşadığı bəlli olur. Min cür duyğulardan hörülən ünsiyyət yaranır.

“Pandalar” sevgiyə çatmaq haqqındadı. Sevgiyə qədər böyümək, onun yüngüllüyündə, azadlığında ərimək haqqındadır.

Amma “Pandalar” həm də Qadına və Kişiyə mane olanlar, onları ayıranlar haqqındadır. Qadın və Kişi sadəcə qadın və kişi ola bilmir. Onları daim başqaları izləyir, axtarır, mane olur. Bu qapı zəngi də ola bilər, telefon zəngi də. Onlar bütün qəlbilə bu maneələrə qarşıdır, onu iqnor edir, ona etiraz edirlər, hətta bir yerdə yorğanı başına çəkmiş halda oturanda Qadın qışqırır: “Biz evdə yoxuq, axmaqlar. Biz, ümumiyyətlə, heç yerdə yoxuq”. Rejissor Rene Maqritin məşhur “Aşiqlər” əsərini xatırladan epizodla əsərə daha başqa bir yozum verir: onun örtüyü başına salıb öpüşən sevgililəri sevginin korluğunu yox, dünyadan qaçıb qurtulmaq, ikilikdə qalmaq arzusunu ifadə edir - örtüyü başına çəkirsiz və “biz, ümumiyyətlə, heç yerdə yoxuq”. Amma bu dünyada qaçıb qurtulmaq deyə bir şey mümkün deyil.

Deməli, “Pandalar” həm də sevgiyə, bir-birinə qovuşmağa, bir-birində əriyib yox olmağa çata bilməmək haqqındadır.

Dramaturq Matey Vişnek pandaları əsərə niyə daxil edib? Pandalar nəyin metaforasıdı?

Milyon illik tarixi olan bu canlıların nəslinin kəsilmək təhlükəsinə səbəb onların çox nadir hallarda cütləşməsi hesab olunur. Buna səbəb nədir? Xeyli versiya var. Amma biz, əlbəttə, bunu axtarmırıq. Biz tamaşanın əvvəlindən yataqda “tutduğumuz”, amma heç cürə qovuşa bilməyən Qadın və Kişiyə fokuslanmışıq.

Tamaşa irəlilədikcə, anlayırıq ki, onlara qovuşmağa mane olan nə telefon zəngləri, nə də qapı döyülməsidir. Onlar qovuşmağa hazır deyillər. Və söhbət fiziki qovuşmaqdan getmir. Bu qovuşma, bir-birində ərimə üçün onlar bəzi hissləri dərinliyinə və incəliyinə kimi dadmalıdırlar.

Məsələn, növbəti görüşdə qadın üstü örtülü qəfəs gətirir.

“Qadın: - Sənə bir şey gətirmişəm.

Kişi: - Nə?

Qadın: - Canlı varlıq.

Kişi: - Nə?

Qadın: - Varlıq.

Kişi: - Quşdur?

Qadın: - Düzünü desəm, forması hələ bəlli deyil.

Kişi: - Başa düşmədim.

Qadın: - Onun forması, daha doğrusu, bədəni... yəni, bədəni var.

Kişi: - O, gözəgörünməzdir?

Qadın: - Gözəgörünməz deyil, amma gözə görünmür.

Kişi: - Bəs onda hardan bilirsən ki, o qəfəsddədir?

Qadın: - Qəfəsə üzlük salanda o tərpənir.

Kişi: - Ciddi?

Qadın: - Hə. O yalnız qaranlıqda tərpənir.”

İçində gözəgörünməz varlıqlar olan bu qəfəsi Kişiyə buraxıb gedərkən Qadın bir qeydi də unutmur: onlar durmadan çoxalırlar. Balaca qəfəslər lazım olacaq. Həm də, deyəsən, işıqdan mayalanıb törəyirlər.

Bu, bir ayrılıq proqnozudur. Əlbəttə, biz bunu sonra anlayırıq. Çoxalanın Kişinin artdıqca artan yalnızlığı olmasını da. Avtocavabda qadının səsini çarəsizcə təkrar-təkrar dinləyən, həsrətin əzabıyla qovrulan Kişinin evini dolduran qəfəs-qəfəs tənhalıqdır. “Onlar özləri başıpozuqca törəyirlər. Onlar mənim qoxumla, mənim kölgəmlə, mənim ürəyimin döyüntüsü ilə yatırlar. Mən danışanda onlar mənim sözlərimlə sevişirlər... Güzgüyə baxanda mənim əskimlə yatırlar... Heç vaxt bunun qədər həyat yanğısı görməmişəm. Mən nə edim?..” Bu tənhalıq əzabı deyilsə, bəs nədir?

“Pandalar” tənhalıq haqqındadır.

Tamaşanın əvvəlində primitiv, hətta ibtidai-primat “A”-sı ilə bizi güldürən Kişinin - Oqtayın səsi indi yalnızlığın, qorxunun, ümidsizliyin özüdür....

Səhnənin arxa fonu (səhnə rəssamı Umay Həsənova) ara-sıra təsvirlər təqdim edir. Budur, onlar sayrışan işıqların fonunda əl-ələ tutublar. Budur, onlar vals oynayırlar. Budur, gözəl Günəş Təgin - Qadın Kişiyə - gözləri dil açıb danışan Oqtay Mehdiyevə bir qəfəs tənhalıq verir. Budur, göydən almalar tökülür. Bu, tamaşa bitib deməkdir, həm də Qadın Kişi varsa, alma məsələsi də olmalıdır. Üstəlik, alma məsələsi Kişinin uşaqlığı haqda danışdığı əhvalatla məzmuna bağlanır. Alma bir daha məlum cənnətdən qovulma əhvalatını xatırladır. Amma bir az başqa kontekstdə. Alma Oqtay Mehdiyevin qəhrəmanının Ana-Cənnətidir. Qadının - Günəş Mehdiyevanın əllərilə yenidən yarpaqlayıb.

Sevgililər qovuşub, nəinki qovuşub, hətta bədənlərindən imtina ediblər. Yataqda başlayan əhvalat naməlum çəkisizlikdə, trasendent atmosferdə bitir. Ruhən qovuşmuş aşiqlər bədənindən imtina anındadır. Bədənlərdən bədən seçən Kişi özünə Panda bədənini seçir.

Sonda Arxa fonda Frankfurt zooparkından Pandaları göstərirlər. Bəlkə pandalar artıq sevgiyə qovuşmuş varlıqlardır və onların cütləşməyə, artmağa ehtiyac duymaması elə bu səbəbdəndir? Yoxsa, bu qədər mehribanlıq yırtıcı dişləri olan canlının nəyinə yaraşır?

“Saksafon üçün Rapsodiya” janrında təqdim olunan “Pandalar” aktyordan xüsusi peşəkarlıq tələb edən oyundur. Aktyorlar öz individuallığını itirməli, az qala “noumen” kimi Kişi və Qadın təqdim etməlidirlər. Üstəlik, metaforik səhnələrlə bol olan tamaşanı irəli aparmalıdırlar. İpin üstündə gəzən kəndirbaz bacarığı gərəkdir. Kiçicik bir büdrəmə-yumor tamaşanı başqa səmtə sala bilər. Gərəyindən bir azca artıq soyuq ton isə tamaşaçını oyundan birdəfəlik qıra bilər. Hələ səhnənin fiziki mənada darısqallığı var. Deməli, Yuğçu peşəkarlığı xüsusi məziyyətdir; Yuğ teatrının şəraitini və şərtlərini nəzərdə tutur. Bura pyesdəki nöqtələri dəqiq təyin edib, vurğulayan, ona fərqli-fərqli intonasiyalar verən (bəlkə, ona görə tamaşaya rapsodiya kimi janr təyini verilib) rejissor məharəti də aiddir. Hətta bəlkə, Yuğ teatrının əzəli tamaşaçıları da...

# 2101 dəfə oxunub

Oxşar xəbərlər

Opera və Balet Teatrında ilk dəfə "Nəsimi" operası

Opera və Balet Teatrında ilk dəfə "Nəsimi" operası

09:26 21 noyabr 2024
Gənc Tamaşaçılar Teatrında "CırtdaNino" adlı yeni tamaşa

Gənc Tamaşaçılar Teatrında "CırtdaNino" adlı yeni tamaşa

17:20 20 noyabr 2024
Musiqili Teatr beynəlxalq festivaldan uğurla qayıtdı

Musiqili Teatr beynəlxalq festivaldan uğurla qayıtdı

10:38 15 noyabr 2024
"Cəhənnəm sakinləri"  tamaşası Şəkidə nümayiş olundu

"Cəhənnəm sakinləri" tamaşası Şəkidə nümayiş olundu

17:40 12 noyabr 2024
Kim deyir ki, Simurq quşu var imiş? - Zəhra Həşimova

Kim deyir ki, Simurq quşu var imiş? - Zəhra Həşimova

17:00 12 noyabr 2024
Azərbaycan Qazaxıstanda keçirilən IX Beynəlxalq Teatr Festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda keçirilən IX Beynəlxalq Teatr Festivalında təmsil olunur

13:26 9 noyabr 2024
# # #