Yuli Qusman: "Heydər Əliyev məni geri çağırdı, 12 günümüz qalmışdı..." - TARİXİ ŞƏXSİYYƏT

Yuli Qusman:  "Heydər Əliyev məni geri çağırdı, 12 günümüz qalmışdı..." - TARİXİ ŞƏXSİYYƏT
19 mart 2026
# 10:00

Kulis.az "Tarixi şəxsiyyət" layihəsi çərçivəsində Xalq yazıçısı Elmira Axunovanın teatr və kino rejissoru, ictimai və dövlət xadimi, Azərbaycanın Xalq artisti Yuli Qusmanla müsahibəsini təqdim edir.

Elmira Axundova – Əziz Yuli Solomonoviç, Polad Bülbüloğlunun yubileyi ilə əlaqədar Amerikadan Bakıya qısamüddətli səfəriniz çərçivəsində sizə əziz olan bir insan – Heydər Əlirza oğlu Əliyev haqqında söhbət etmək və xatirələrinizi danışmaq üçün vaxt ayıra bildiyinizə görə sizə təşəkkür edirəm. Səbirsizliklə söhbətinizi gözləyirəm ...

Yuli Qusman – Bu gün "Ulu Öndər", "görkəmli rəhbər", "böyük vətəndaş", "böyük azərbaycanlı", "vətənpərvər" və bu qəbildən olan başqa ifadələr geniş yayılıb. Lakin mənim fikrimcə, Heydər Əliyevin əsas xüsusiyyəti ondan ibarət idi ki, o, gələcək cəmiyyətin müjdəçisi idi – mənə elə bir bilik sahəsi məlum deyil ki, Heydər Əliyev həmin sahənin mütəxəssisləri ilə onlarla bərabər səviyyədə söhbət etməyə hazır olmasın. Mən onu Sov. İKP tarixindən dərs deyən müəllimlərin seminarında çıxış edəndə də, Bakıda Beynəlxalq Astronavtika Konqresində çıxış edəndə də görmüşəm. Elə təəssürat yaranırdı ki, sanki ilk kosmik gəmini akademik Korolyovla birlikdə Heydər Əliyev yaradıb. Üstəlik, o, hədsiz emosionallığa, demaqogiyaya varmadan çıxış edirdi. Sakitcə, yalnız məsələnin mahiyyəti barədə, əsl intelligent kimi. İstər Azərbaycan dilində olsun, istərsə də rus dilində. Mən ona baxaraq düşünürdüm: dünən Heydər Əliyeviç tarixçilərin qarşısında çıxış edirdi və o, müdrik tarixçi professora bənzəyirdi. Sonra astronavtların qarşısında çıxış edirdi və elə təəssürat yaranırdı ki, o, kosmosun gələcək fatehləri ilə bərabər «şaraşka»da («şaraşka» və ya «şaraqa» – məhbus mühəndis və konstruktorların çalışdığı həbsxana tipli elmi tədqiqat institutu və konstruktor bürosu – E.A.) ilk itlərin kosmosa göndərilmək üçün hazırlanması ilə məşğul olub. Onu televizor ekranında da görmüşdüm, həyatda da, çünki o vaxt mən gənc və çılğın fəal ictimai xadim idim. Ümumiyyətlə, hesab edirəm ki, mənim yaşıdlarım olan nəsil Heydər Əliyevin himayəsindən bəhrələnib. Təxminən 20 il əvvəl bir film çəkmək fikrinə düşmüşdüm. Film belə də adlanırdı: «Heydər Əliyevin himayəsində böyümüş nəsil» («Поколение крыла Гейдара Алиева»).

E.A. – Bəs onun kinematoqrafçılar qarşısında çıxışları? Sovet dövründə də, sonralar da ...

Y.Q. – Yadımdadır, hələ sovet dövründə bir festivalda Heydər Əliyev qonaqları qəbul edirdi. Biz də onunla bir katerdə üzürdük. Mən cavan oğlanam, SSRİ-nin hər yerindən gəlmiş məşhur incəsənət xadimlərini müşayiət edirəm. Heydər Əliyev ümumittifaq miqyaslı sənət ulduzu sayılan, məsələn, Tamara Makarova səviyyəli bir xanıma müraciətlə deyir: «Sizin bir rolunuzu xatırlayıram...» Sonra əsl peşəkar kino tənqidçisi kimi həmin rolu təhlil etməyə başlayır ... Bu, inanılmazdır. Axı, lazım gələndə polad kimi sərt xasiyyətli bu adam – Dövlət Təhlükəsizlik Komitəsinin generalı öz Vətənini müdafiə edərkən, Respublikanı, demək olar ki, sıfırdan başlayaraq qurarkən hər cür əzab-əziyyət görmüşdü. Ancaq polad kimi sərt xasiyyətli bu adam eyni zamanda, son dərəcə yumşaq bir ürək sahibi idi ... Özüm və valideynlərim haqda bunu deyə bilərəm ki, Heydər Əliyeviç atamla dost idi, gənclik illərində o da, Zərifə Əziz qızı da atamla və anamla ünsiyyət saxlayırdı. Əslində, kommunist diktaturası dövrü olan o illərdə Heydər Əliyev əsla diktatora bənzəmirdi.

E.A. – Bəlkə, o yalnız sənət adamları ilə, yaradıcı insanlarla rəftarında belə «yumşaq xasiyyətli» olurdu? Hər halda məmurlarla münasibətlərdə Heydər Əliyev daha sərt idi.

Y.Q. – Heydər Əliyev haqsızlığa qarşı çox sərt, layiqli insanlara, layiqli davranışa, layiqli işə münasibətdə isə mülayim adam idi. Bir dəfə Siyasi Büronun üzvü Mixail Andreyeviç Suslovu gördüm – mən Sov.İKP 24-cü qurultayı münasibətilə təşkil olunan konsertin rejissorlarından biri idim – bu adama yaxınlaşmaq belə istəmirdim. Çünki onun sifətində açıq-aydın yazılmışdı: «Yaxın gəlmə!». Heydər Əliyev isə cazibədarlıq nümunəsi idi.

Bir dəfə, – mən özüm bu hadisənin şahidi olmuşam, – Brejnevin Bakıya gəlişi münasibətilə Lenin meydanında bir konsert hazırlamışdıq, qəflətən yaşlı bir qadın qaça-qaça meydandan, mühafizəçilərin yanından keçib Heydər Əliyevə bir məktub verdi. Heydər Əliyev dedi: «O qadını buraxın, gəlsin!» Məktubu aldı, qadını qucaqladı, onunla söhbət etdi. Halbuki oradakı mühafizəçilərin sayı-hesabı yox idi!

E.A. – Yuli Solomonoviç, yəqin ki, sizin yaddaşınızda Heydər Əliyevlə bağlı əhvalatlar və epizodlar çoxdur. Gəlin onlardan danışaq, çünki sizin xatirələrinizdə mənim oxucularımı ən çox maraqlandıran həmin əhvalatlardır.

Y.Q. – Mənim bir qaydam var. Mən həyatda həmişə – Elmira, istəyirsən, inan, istəyirsən, inanma – hər kəslə eyni şəkildə danışıram. İstər səninlə, yəni dostumla, istərsə də bu dünyanın güc sahibləri ilə. Bir dəfə Bakıda Mstislav Rostropoviçin gəlişi münasibətilə ziyafət təşkil edilmişdi. Mən «Tema» proqramını çəkirdim. Beş ildən çox Rusiya televiziyasının Birinci kanalında göstərilən bu proqram ən yüksək reytinqli proqramlardan biri idi. Yadındadırsa, əvvəlcə onun aparıcısı Vlad Listyev idi, sonra bəndəniz aparıcılıq etməyə başladı. Bu hadisə təqribən 90-cı illərin ikinci yarısında olub. Mən tribunaları «Tema» proqramında olduğu kimi, amma açıq havada – Kirovun keçmiş abidəsi ətrafında quraşdırdım. Bu dəyirmi meydançada Bakıya möhtəşəm bir mənzərə açılır. Birdən, tamamilə gözlənilmədən, Prezident çəkiliş meydançasına gəlir. Bu, əlbəttə ki, dövlət aktı idi. Çünki onun qonağı – əslən bakılı olan, öz nailiyyətləri ilə doğma şəhərinə şərəf gətirən görkəmli musiqiçi idi. Heydər Əliyev də tədbirə hazırlığın vəziyyəti ilə tanış olmağa, eyni zamanda tədbirdə iştirak etməyə gəlmişdi. Məndə belə təəssürat yarandı ki, bu adam sadəcə öz dostlarına baş çəkməyə gəlib, kefi də sazdır. Bir sözlə, proqram çox səmimi, hər kəs üçün yaddaqalan oldu.

Prezident elə həmin gün Rostropoviçin şərəfinə şam yeməyi təşkil etdi. Tədbirdə Tamara Sinyavskaya ilə Müslüm Maqomayev, bizim bəzi korifeylər iştirak edirdi. Ziyafət əla keçdi, sonda hamı getməyə başlayanda mən iqamətgahın qarşısındakı pillələrin üstündə Heydər Əliyevin yanında idim. Avtomobillər işə salınır, kortej yola düşməyə hazırdır. Birdən mənim dinc durmayan dilim soruşur: «Heydər Əliyeviç, maşınınız varmı? Yoxsa sizi apara bilərəm» (Mən qəhqəhə ilə gülməyə başlayıram, Yuli Solomonoviç isə hekayəsini davam etdirir – E.A.). Cənab Prezident də eynilə sənin kimi, qəhqəhə ilə gülməyə başlayır. Onun yaxşı zövqü vardı, zarafatı çox incəliklə hiss edirdi.

E.A. – Bəli, bu kiçik epizod Heydər Əliyevə xas olan heyrətamiz sadəliyi və eyni dərəcədə heyrətamiz yumor hissini bir damla suda olduğu kimi əks etdirir.

Y.Q. – Mənim üçün kifayət qədər gərgin olan daha bir epizod haqqında danışmaq istəyirəm. Axı Leonid İliç Brejnevin Bakıya hər iki səfərini rejissor kimi təşkil edən mən idim.

E.A. – Nə danışırsınız? Mən bunu bilmirdim. Axı o vaxt siz rejissor kimi hədsiz populyar idiniz – «Üç musketyor»u və «Lamançlı»nı xatırlamaq kifayətdir, KVN (ŞHK – Şən və Hazırcavablar Klubu) komandasının kapitanı olmağınız da öz yerində. Şübhəsiz ki, Heydər Əliyevin sizə simpatiyası vardı...

Y.Q. – Saxta təvazökarlıq olmasın, deyə bilərəm ki, Heydər Əliyevin mənə münasibəti çox gözəl olub. Birini sevəndə isə bunu gizlətməzdi. Bir məqam da var: O, Bakıya, Azərbaycana ürəkdən bağlı olan insanlara çox həssas münasibət bəsləyirdi. Məni bağışlayın, ailəm 1830-cu ildən burada yaşayır, mübaliğəsiz deyə bilərəm ki, atamı və anamı bütün Bakı tanıyırdı. Əlbəttə, o mənə etibar edirdi. Təsəvvür edin ki, bizim KVN komandamız qalib gələndən sonra Bolqarıstana səfərə getmişdik. Heydər Əliyev məni həmin səfərdən geri çağırdı. Mən Bakıya uçdum, çünki Baş katibin gəlişinə həsr olunmuş bədii hissənin hazırlanması işləri pozulmuşdu...

Vəziyyəti qismən də olsa xilas etmək üçün cəmi 12 gün vaxt qalırdı. Biz gecə-gündüz meydanda işləyir, möhtəşəm teatr tamaşası üçün müxtəlif səhnəciklər hazırlayırdıq. Lenin meydanında bir-biri ilə müqayisədə nisbətən böyük və nisbətən kiçik ölçülü, nisbətən hündürdə və nisbətən aşağıda yerləşən 12 dəyirmi meydança vardı. Bu meydançalarda uşaq ansamblları, milli kollektivlər fasiləsiz olaraq bir-birini əvəz edir, daha sonra müxtəlif məkanlara keçir və bütün bunlar sonu görünməyən mənzərəli kaleydoskop halında birləşirdi.

Bu da baş məşq. Sabah Brejnev və onun bütün böyük komandası gələcək. Mən tribunada tək dayanmışam, aşağıda şəhər partiya komitəsinin birinci katibi qorxuya düşmüş halda gəzir. Budur, Heydər Əliyev tribunaya qalxır, mənə yad adam kimi baxır və salamlaşmadan deyir: «Göstərin!». Mən ondan, tribunanın dərinliyində quraşdırılmış nümayiş sxeminə yaxın getməsini xahiş edirəm. O yorğun-yorğun gedir, mən də onun arxasınca... Ürəyimdə isə özümü söyürəm: «Sən nə axmaq adamsan, Yulik. Heç kimə güvənmək olmaz. Sən gecə-gündüz dəridən-qabıqdan çıxırsan, amma gör səninlə necə rəftar edirlər. Heç salamlaşmağı da lazım bilmədilər».

Mən nümayiş sxeminə yaxınlaşdım, Heydər Əliyev mənə baxdı və birdən dedi: «Qulaq as, Yulik, bağışla, səni tanımadım. Elə yorulmuşam ki, lap əldən düşmüşəm, hətta səni də tanımadım». Yaxınlaşıb məni qucaqlayır. Mən fərəhlənmiş halda gələcək nümayişin maketini ona göstərirəm.

Çoxdan gözlədiyimiz gün gəlib çatdı, mən damda dayanıram. Deməliyəm ki, mən bütün bu böyük izdihamı bayraqlarla idarə edirdim: qırmızı bayraq – gedirsən, ağ bayraq – dayanırsan, rəngbərəng bayraq – çəpik çalırsan və sair. Axı o vaxt indiki kimi elektron idarəetmə vasitələri yox idi. Kortej yaxınlaşır. Sən nəhəng kütlələri idarə edəndə və onlar tamamilə mexaniki piksellərdən ibarət yüz minlik izdihama çevriləndə onlar üçün fərqi yoxdur – Brejnev, Əliyev, lap Lenin olsun, çünki onlar yalnız bir nəfərə – damda dayanıb əlində bayraqlar tutmuş tənha balaca adama tabedirlər.

Bu tədbir bütün dünyaya yayımlanır, şəhərdə onlarla kamera quraşdırılıb... Mən baş verənlərin hamısını mikrofonda eşidirəm – məndə bir ötürücü qurğu vardı, buna görə də aşağıda baş verənlərin hamısını mikrofonda eşidirdim. Heydər Əliyev Baş katibdən 5-6 pillə qalxmasını xahiş edir, o isə deyir: «Mən qalxa bilmərəm, Heydər. Yorulmuşam. Yaxşısı budur, evə gedib istirahət edək». Baş katib maşına minir, sonra da onu müşayiət edənlərin hamısı, mühafizəçilər və başqaları. Amma meydandakı adamlar belə asanlıqla gedə bilməzlər – onlar sadəcə bir-birini ayaqlayarlar. Axı onlar şəhərin müxtəlif guşələrindən bu meydana dəstə-dəstə gəlir və dəstə-dəstə gedirdilər.

Sözün qısası, birinci şəxslər maşınlara minib gedirlər, aşağıda şəhər partiya komitəsinin katibi qanı qaralmış halda gəzişir. «Vremya» proqramının əfsanəvi baş redaktoru Kaleriya Kislova isə aşağıda televiziyanın balaca «sığırçın yuvası»ndan intizarla mənə baxır. Və mən ciddi bir qərar qəbul edirəm: «Başlayırıq!». Biz öz verilişimizə başlayırıq: Rəşid Behbudov oxuyur, neftçilər qılınc «təqdim edirlər», konsert kollektivləri rəqs edir və sair və ilaxır. Bütün bunlar tamamilə boş tribunanın qarşısında baş verir. Lera dahiyanə bir gediş edir: axı bütün şəhər boyu kameralar quraşdırılıb. Və o, şadyanalıq edən meydandan çəkilmiş səhnələri maşınların korteji ilə montaj edir. Meydanda mənzərə kaleydoskopda olduğu kimi daim dəyişdiyi üçün elə təsəvvür yaranır ki, Baş katib parlaq bir bayrama çevrilmiş şəhərdə maşınla gəzir. Ümumiyyətlə, nəticə çox təsirli oldu.

Axşam evə qayıdanda Kaleriyanın mərkəzi televiziya ilə hansı təsvirləri göstərdiyini bilmədiyim üçün, süpürgəçilərin işlədiyi boş meydanda əlimdə bayraqları tutmuş halda var-gəl edir və başa düşürəm: işimiz bitdi!

E.A. – Niyə? Axı hər şey yaxşı qurtardı.

Y.Q. – Necə yəni yaxşı qurtardı? Axı meydanda nə Əliyev vardı, nə də Brejnev. Biz bütün bunları kimdən ötrü təşkil etmişdik? Evə gəlirəm, arxamı divara söykəyib divanda uzanıram və dərhal yuxuya gedirəm, çünki, demək olar ki, bir həftə yatmamışam. Səhər xəbər tutdum ki, bütün telekanallarda fasiləsiz olaraq, Brejnevin Bakıda maşınla gəzməsi göstərilir, elə mənzərə yaranırdı ki, bəşəriyyət tarixində heç vaxt belə şey olmayıb. Sanki onun keçdiyi hər məkanda heyrətamiz dərəcədə gözəl və rəngarəng bir hadisə baş verir. Kaleriya hər şeyi dahiyanə montaj edib. Deyirlər, ertəsi gün səhər Brejnev xəbərlərə baxıb və ürəkdən heyran qaldığını bildirib: «Qulaq as, Heydər, bizi nə yaxşı qəbul ediblər! Amma mən heç nəyi xatırlamıram. Təşkilatçıları təltif etmək lazımdır». Və hamımız orden, medal, fəxri fərman aldıq. Halbuki axşam düşünürdüm ki, bu uğursuzluğa görə hamımızı həbs edəcəklər.

E.A. – Bəli, inanılmaz əhvalatdır... İndi isə gəlin, geriyə, sizin ilk filminizi çəkdiyiniz vaxta qayıdaq. Qalmaqal qopmuşdu, çünki Mərkəzi Komitənin mədəniyyət şöbəsinin müdirinin fikrincə, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş bir filmdə, mənəvi prinsiplər pozulmuşdu. Buna görə sizi hətta Mərkəzi Komitənin Birinci katibinin yanına çağırmışdılar.

Y.Q. – Bəli, bu da maraqlı əhvalatdır. Mən Rüstəm İbrahimbəyovun «Qum üzərində ev» pyesi əsasında «Bir ailə üçün bağ evi» adlı film çəkmişdim. Filmdə baş rolları mənim dostum İqor Kvaşa və Larisa Xələfova ifa ediblər. Müasir kinoda gözlənildiyi kimi, ümumiyyətlə, qəbahət sayılmayan bir epizod daxil etdik – ümumi planda, pərdə arxasında, Lara Xələfova duş qəbul edir. Əynində heç nə yoxdur. Hərçənd kadrda yalnız qeyri-müəyyən cizgilərdən başqa heç nə görünmür. Lakin kinostudiyanın direktoru Cəmil Əlibəyov, yuxarıdan verilən göstərişə əsasən, bu kadrı kəsdi. Rüstəm İbrahimbəyov bundan xəbər tutdu və Teatr Xadimləri İttifaqında filmin premyerasında çıxış edərək məmurların hərəkətlərindən hiddətləndiyini bildirdi. Qalmaqal qızışdı, əhvalat Heydər Əliyevə çatdı. O, filmə baxmaq üçün onun surətinin iqamətgaha çatdırılmasını tələb etdi. Mən, əlbəttə, qorxdum, məyus oldum. Rüstəm isə başqa məsələ: o, demək olar ki, həmişə döyüşə hazır idi. Nə isə, bizi partiyanın Mərkəzi Komitəsinə, «Birinci»nin yanına çağırırlar.

Rüstəmlə mən «Azərbaycanfilm»in rəhbərliyi ilə birlikdə Birinci katibin yanına gedirik. Gözəl insan, yazıçı, Rüstəmin böyük qardaşı Maqsud İbrahimbəyov da dəvət edilib. Masanın yuxarı başında Heydər Əliyev əyləşib, onun yanında kinematoqrafiya naziri, sonra Rüstəm və mən. Heydər Əliyevlə üzbəüz Maqsud oturub, bizdən arxada, ikinci sırada Kinostudiyanın direktoru Cəmil Əlibəyov, Mərkəzi Komitənin mədəniyyət şöbəsinin müdiri Azad Şərif və daha bir nəfər. Mən həyəcandan donub qalmışam.

Heydər Əliyev deyir:
– Bu filmə baxdım. Məncə, yaxşı film alınıb. Bu sizin ilk filminizdir? – mənə müraciət edərək soruşdu.
– Qorxuram ki, birinci və sonuncu olsun, – deyə avtomat kimi cavab verirəm.
O güldü:
– Nəyə görə? Çəkəcəksən. Axı yaxşı filmdir.
Arxa sırada əyləşən Azad Şərifin sifəti gömgöy olur.
Heydər Əliyev isə sözünə davam edir:
– Mənə deyirdilər ki, bu, az qala porno filmidir. Nə danışırsınız? Bu nəinki porno, heç soft-erotika da deyil.

Biz təəccübdən az qala əyləşdiyimiz stuldan yıxılacaqdıq. Heç təsəvvür edə bilməzdik ki, Mərkəzi Komitənin Birinci katibi belə terminləri bilir...

E.A. – Onun müxtəlif gözəl istedadlara malik olmasını dəfələrlə yəqin etmişəm.

Y.Q. – Bir dəfə ali kinematoqrafiya kursları ilə əlaqədar onun yanına getmişdim, orada yüksək vəzifəli şəxslər vardı. Məndən soruşdu: «Sən KVN-dəki bütün qələbələrinə görə nə istərdin?». Bu o demək idi ki, ya avtomobil, ya mənzil, ya da bağ istəmək lazımdır. Mən dedim: «Heydər Əliyeviç, mən Moskvada ali ssenarist və rejissorlar kurslarında, Rüstəm və Maqsud İbrahimbəyovların təşkil etdiyi Azərbaycan emalatxanasında ikinci ali təhsil almaq istərdim».

Məsələ burasındadır ki, mən tibb üzrə təhsil almışam və hətta serebral ateroskleroz mövzusunda dissertasiya müdafiə etmişəm. Ancaq o zaman kino ilə məşğul olmağı qərara almışdım və bunun üçün respublikadan göndəriş lazım idi.

Heydər Əliyeviç, mənim fikrimcə, təəccübləndi. Və oradakı adamlara dedi:
– Baxın. Onun KVN komandası iki dəfə Sovet İttifaqı çempionu, özü həmin komandanın kapitanı və Çempionlar Kubokunun sahibidir. Azərbaycanımızı şöhrətləndirib. Ancaq o, kino barədə «sayıqlayır» və ona kinodan başqa heç nə lazım deyil. Nə deyirəm, oğlum, get oxu!

Beləliklə, Heydər Əliyevin xeyir-duası ilə Moskvaya getdim, orada 2 il Daneliya və Trauberqin kursunda oxudum. Sonra 1973-cü ildə Bakıya qayıtdım və 1988-ci ilə qədər «Azərbaycanfilm» Kinostudiyasında quruluşçu rejissor vəzifəsində çalışdım.

E.A. – Bəli, çox səmimi hekayədir. Belə çıxır ki, sizin kinoya gəlişinizdə də Heydər Əliyeviçin iştirakı olub. Heyrətamiz insandır! Mümkünsə, son sual: Siz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra da onunla görüşürdünüz. O, sovet dövründə olduğu kimi eyni Əliyev idi? Yoxsa nədəsə dəyişmişdi?

Y.Q. – Heydər Əliyev parlamentin sədri seçildiyi zaman qardaşım və mən Bakıda idik. Mixail mənə dedi: «Ona zəng vur, təbrik et!». Əvvəlcə razılaşmadım, dedim ki, indi bu adamı narahat etməyimiz yaxşı çıxmaz. Sonra qərara gəldim və zəng vurdum. Axı mənim nəzərimdə hər zaman yer üzündə ən beynəlmiləl şəhər olmuş Bakıya həmin gəlişimdə burada gördüklərim məni karıxdırmışdı. Təəssüf ki, Xalq Cəbhəsinin gəlişindən sonra hər şey dəyişmişdi. Bu barədə fikrimi Heydər Əliyevə deməyə çalışdım. O mənə qısaca cavab verir: «Yulik, narahat olma, yenə əvvəlki kimi olacaq. Hamısını düzəldəcəyik».

Və o öz vədini yerinə yetirdi!

İnsan həyatı elə qurulub ki, bəzi adamlar dünyasını dəyişəndən sonra heykəllər, çoxcildlik nəşrlər, hava limanları, kosmik gəmilər, dərsliklər şəklində və sair formalarda yaşayır. Amma əksəriyyət, təəssüf ki, əbədiyyətə qarışaraq əriyib gedir, yəni sadəcə yox olur. Ancaq Heydər Əliyeviç əsrlər boyu xalqımızın ruhu və ürəyi kimi qalacaq...

E.A. – Təşəkkür edirəm, əziz Yuli Solomonoviç, Bakıya sevginizə və Heydər Əliyevin xatirəsinə ehtiramınıza görə sağ olun.

# 229 dəfə oxunub

Oxşar xəbərlər

Anar:  "Heydər Əliyev bizi dissident olmağa qoysaydı, indi, bəlkə..." - TARİXİ ŞƏXSİYYƏT

Anar: "Heydər Əliyev bizi dissident olmağa qoysaydı, indi, bəlkə..." - TARİXİ ŞƏXSİYYƏT

10:00 12 mart 2026
Vilayət Quliyev:  "Heydər Əliyev Xameneinin sözlərinə əsəbiləşib dedi ki, a kişi..." - "TARİXİ ŞƏXSİYYƏT" layihəsi

Vilayət Quliyev: "Heydər Əliyev Xameneinin sözlərinə əsəbiləşib dedi ki, a kişi..." - "TARİXİ ŞƏXSİYYƏT" layihəsi

10:00 6 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər