Məmməd Əmin Ərəblinski haqqında: Sağ olanda qramofon idi, ölüb ustad oldu ARAŞDIRMA

Məmməd Əmin Ərəblinski haqqında: Sağ olanda qramofon idi, ölüb ustad oldu ARAŞDIRMA
25 iyun 2013
# 15:33

Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və Hüseyn Ərəblinski - ədəbiyyatımızda, mədəniyyətimizdə, bir sözlə tariximizdə çəkisi ağır üç şəxsiyyət...

Ayrı yollarda addımlayan üç nəhəng...

1914-cü ilin 14 dekabr tarixində Məhəmməd Əmin Rəsulzadə “İqbal” qəzetinin 813-cü nömrəsində Nəriman Nərimanovun “Nadir şah” tamaşası ilə bağlı məqalə yazır. Hacı Zeynalabdin Tağıyevin teatrında müsəlman dram artistləri tərəfindən səhnələşdirilən tamaşa haqqında resenziya yazan Rəsulzadə məqalənin ilk abzasındaca tamaşanın adı ilə bağlı açıq tənqidə keçir:

“Əsər haqqında söz söyləmək öylə biliyoruz ki, artıqdır. Çünki, bu əsər çox kərə oynanmışdır. Bildiyimiz bir şey varsa, o da budur ki, drama dəstəsinin bu cəhətlərinə baxan kimsə, bir azca özbaşına və qeydsizdir. Məsəla, əsərin ünvanı “Nadir şah” ikən elannamələrdə “Nadir şah Əfşar” və proqrammada isə “Nadir şah Əfşar və yaxud İranın kəbiri-inqilabı” yazılmışdır. “Nadir şah Əfşar” sözü daha mövzun imiş və yain ki, “böyük inqilab”, yaxud “kəbiri-inqilab” təbiri müddiaya müvafiq imiş kimi mülahizələrmi işin içərisinə daxil olmuşdur? Bilmiyoruz. Fəqət bu qədər biliriz ki, “Əfşar” bir tayfa adıdır. Nadir şahı kiçik bir tayfaya nisbətləndirməklə onun aləmşümul olan əhəmiyyəti artmaz. Biləks o qədər böyük bir şöhrət, kiçik bir dairəyə soxulmuş olar. Bu, buna bənzər ki, böyük Tolstoyun adı çəkilərkən Yasnaya Polyananı deməyi də lazım görəsiniz. Halbuki Yasnaya Polyana Tolstoyu deyil, Tolstoy onu şöhrətləndirmişdir. Öylə də Nadir şah Əfşar tayfasına mənsub olduğu üçün məşhur olmamış, biləks Əfşar tayfası ona nisbətlə məşhur olmuşdur”.

Tamaşada Nadir şah Əfşar obrazını görkəmli aktyor Hüseyn Ərəblinski canlandırır. M. Ə. Rəsulzadə isə H. Ərəblinskinin qüsurlarını bir-bir qeyd edir:

“Eyibsiz gözəl olmaz. Bu gecə də eybsiz deyil idi. Nə qədər mütəəssifiz ki, eyibləri saydığımız sırada başda kəndisindən ən çox müvəffəqiyyət gözlədiyimiz Hüseyn Ərəblinski cənablarından başlamaq məcburiyyətindəyiz. Hüseyn get-gedə məəttəəssüf artmaqda olan bir xasiyyətlərindən naşi layiqli bir Nadir şah tipi verə bilmədi. Artistlərdə əsab çox dəfə həssas olur. Fəqət Ərəblinski bir parça əsabdan ibarətdir. Başladımı, haman bir boyuna bağırıb-çağırıb gediyor. Bir “qramofonizm” hasil ediyor. Ax bu “qramofonizm” olmasaydı da Ərəblinski də bir az aram və bir az “intenasyon-səsini dəyişdirmək” olsaydı o vaxt şəksiz ki, faciənin baş rolu olduqca mükəmməl çıxacaq və yanımızda oturan müəllif cənabları, bu dəfə ki, müşahidəsinin əksi olaraq yazarkən təsəvvür elədiyi Nadiri haman görə biləcəkdi”.

M. Ə. Rəsulzadə daha sonra yazır: “Nadirin atdan düşməsinə də irad tuturlardı. Nadir atın sağ tərəfindən düşdü. Bunun əlbəttə biz heç də fərqinə varmaz və bunu aktyora bağışlardıq. Yalnız yanımızda möhtərəm dağıstanlılardan bir-ikisi vardı. Bunlar heç bir növlə bu səhvi Nadirə bağışlaya bilmirlərdi. Nadir kimi bir sərəsgər minicilik bacarmasınmı?.. Bu fitrətən cəngavər və minikci olan dağıstanlıların hissiyatına toxunuyordu”.

Məqalədə görkəmli teatr xadiminin nöqsanları ilə bərabər nümayiş etdirdiyi ustalıq haqda da bir neçə cümlə yazılıb: “Fəqət bu nöqsanları ilə bərabər vəzifəsinin oyun və şəriyyəti tərəfinə aid qismlərində Ərəblinski həqiqətən də mərəkə ediyordu. Qələnin alınması və buradakı komanda o qədər şairanə və o qədər ustadanə idi ki... hətta bunun müqabilində yuxarıda zikr olunan dağıstanlılar haman aktyorun minicilik qüsurunu əfv etməyə hazır idilər”.

Azərbaycan teatr tarixində silinməz iz buraxan Abbas Mirzə Şərifzadə də publisistin diqqətindən kənarda qalmır: “Dramanın ikinci qüvvəti hesab olunan Şərifzadə cənabları bu dəfə də bəd oynamadılar. Fəqət ona da deməliyik ki, səsinin qeyri-təbiiliyinə indidən baxsın, çarəsini düşünsün, yoxsa o da Ərəblinski kimi ikinci bir “qramofonizm” vücuda gətirəcəkdir”.

Nə qədər qəribə olsa da, M. Ə. Rəsulzadənin tənqid etdiyi H. Ərəblinski məhz birincinin əsasını qoyduğu, 1918-ci ildə Azərbaycanda hakimiyyətə gələn Müsavat partiyasının dövründə öldürüldü. Bir əsrə yaxındır ki, araşdırmaçılar Ərəblinskinin qatili haqda fikir istehsal edir. Hüseynqulu Sarabski də “Köhnə Bakı” əsərində Ərəblinskinin qətlinin məhz Müsavat hökumətinin üzərində qaldığını yazır. Hər kəs bir iddia irəli sürür. Ancaq fakt faktlığında qalır ki, Hüseyn Ərəblinski 1919-cu ildə öldürülüb. Məmməd Əmin Rəsulzadə aktyorun dəfnində söylədiyi nitqdə Ərəblinskinin vətən və millət üçün göstərdiyi xidmətləri qeyd etmiş, onu məharətli ustad kimi xarakterizə etmişdi.

Tarixin ironiyası bu olsa gərək. Rəsulzadə Ərəblinskini Nərimanovun əsərində oynadığı rola görə tənqid etmişdi. Ərəblinskinin həyatının, Rəsulzadənin isə Azərbaycandakı siyasi karyerasının bitdiyi yerdə elə Rəsulzadənin doktor Nəriman bəy deyə müraciət etdiyi Nərimanovun yüksəlişi başladı...

# 2794 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #