Müstəqilliyimizin elan olduğu binadan REPORTAJ

Müstəqilliyimizin elan olduğu binadan REPORTAJ
28 may 2014
# 07:45

Qədim bina, iki yüz illik tarixə şahid olmuş ağ divarlar... Daş-divarın danışıb özünü ifadə eləmək imkanı olmasa da, binaya daxil olanda içəridəki memarlıqdan və divarlardakı lövhələrdən hər şey aydın olur.

Söhbət Cənubi Qafqaz regionunun hər üç dövlətinin müstəqilliyinə şahid olmuş tarixi binadan gedir. 1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin sonuncu iclası keçirilir, həmin iclasda Gürcü milli şurası tərəfindən Gürcüstanın müstəqilliyi elan edilir. Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirir. İclasda müvəqqəti Milli Şura elan olunur və M.Ə. Rəsulzadə Milli Şuranın sədri təyin olunur.

Mayın 28-də Milli Şuranın 26 nəfər üzvünün iştirakı ilə keçirilən birinci iclasında 24 səslə Azərbaycanın istiqlaliyyətinin bərpa edilməsi haqda qərar qəbul edilir. O vaxtı Qafqaz Canişinliyinin binası adlandırılan bu tikilidə həm Gürcüstanın, həm Azərbaycanın, bir müddət sonra isə Ermənistanın müstəqilliyi elan olunur.

Hazırda Tiflis Milli Gənclər Sarayı (Tbilisi National Youth Palace) adlanan və iki əsrdən artıq yaşı olan bina Tiflis şəhəri Rustaveli prospekti, 6 ünvanında yerləşir. XIX əsrin əvvəllərində inşa edilən binada bir neçə dəfə yenidənqurma işləri aparılıb. 1802-ci ildə tikilən bina 1807-ci ildə sökülərək yenisi ilə əvəz olunur və bu tikili Rusiya klassizminin görkəmli nümunəsi sayılır. Müxtəlif vaxtlarda təmir olunan binanın daxili ilə yanaşı xarici görünüşü də tamamilə dəyişdirilir. 1818-ci ildə dağıdılan bina bu dəfə tam başqa formada, Braunmüller memari üslubunda yenidən tikilir. 1845-1847-ci illərdə akademik, memar Nikolay Semenov Tiflisə dəvət olunur və binada növbəti fundamental dəyişiklik baş verir. 1865-ci ildə İsveç memarı Otto Simenson əsaslı rekonstruksiya işlərinə başlayır, nəhayət 1869-cu ildə bina hazırkı vəziyyətinə gətirilir.

Uzun illər mühüm məsələlər bu binada müzakirə olunub. Nəhayət Cənubi Qafqaz regionu dövlətlərinin müstəqillikləri və 3 il sonra, 1921-ci ildə SSRİ qurulanda Gürcüstan Sovet hökuməti də bu binada fəaliyyətə başlayır. 1941-ci il mayın 2-dən etibarən Pioner və gənclərin sarayı kimi istifadəyə verilir. Bu tarixdən etibarən bina uşaqlar, gənclər üçün təhsil və əyləncə mərkəzinə çevrilir.

Uşaqlar burda rəqs, aktyorluq kimi incəsənətin bir sıra sahələri üzrə dərslər alırlar. Bina Tiflis şəhərinin Qərb hissəsində, Gürcüstan Parlamenti binasının yanında yerləşir. İçəri daxil olanda bəzi yerlərdə yüngül restavrasiya işləri aparıldığını görmək olar, amma orijinallığa toxunulmayıb, 4 dəfə aparılmış əsaslı təmirə rəğmən binanın daxili və xarici görünüşü dəyişdirilməyib.

Bina 3 mərtəbədən ibarətdir, birinci mərtəbənin memarlıq görünüşü sadədir, burda olan otaqlar da böyük deyil. Tikiliş vaxtı əsas ağırlıq ikinci mərtəbənin üstünə salınıb. Say etibarilə ən çox otaq və böyük zallar burdadır, Azərbaycanın müstəqilliyinin elan olunduğu zal da bu mərtəbədə yerləşir. Bina haqqında məlumat verən mərkəzin direktoru Ketevan Peikrişvili binanın güscüstanlı gəncləri üçün fəaliyyət göstərdiyini deyir, amma vaxtaşırı Cənubi Qafqaz regionu dövlətləri arasında yarışlar da burada keçirilir. Hər iki dövlətin əlamətdar günü səbəbilə 26-28 may tarixlərində Azərbaycan və Gürcüstan yeniyetmələri arasında şahmat turniri keçirilir.

Binanı gəzdirən direktor bizə M. Ə. Rəsulzadə və Milli Şuranın üzvlərinin binaya daxil olduğu əsas yolu, hələ də qırmızı xalı ilə bəzənən pilləkənləri və hər iki ölkənin müstəqilliyinin elan olunduğu, vacib iclasların keçirildiyi zalları göstərdi. Əvvəllər Milli Şura rəhbərlərinin masaları qoyulan yerdə indi böyük bir səhnə var, üzvlərin masalarının yerində isə sıra ilə düzülmüş oturacaqlar.

Həmin zal indi mərkəzin konsert və tədbirlərini keçirmək üçün istifadə olunur. Bu zalda və ikinci mərtəbənin girişində üzərində Azərbaycan, gürcü və ingilis dilində “1918-ci ildə Mayın 28-də Azərbaycan Milli Şurası bu zalda ilk Azərbaycan Demokratik Cümhuriyyətinin müstəqilliyini elan etmişdir” yazısı əks olunan ağ rəngdə lövhə asılıb. İkinci böyük zal “Güzgülü zal” adlanır. Orijinallığı qorunan zalda divarlar və tavan başdan-başa, irili-xırdalı çoxlu sayda güzgülərlə bəzədilib. Bu zalda binadakı rəqs məktəbinə məxsus böyük bir pianinodan başqa heç nə yoxdur. Xalq Cümhuriyyəti qurulan vaxtı Milli Şuranın üzvləri istifadə etdikləri əsas girişlə bu zala daxil olurdular. Təsadüf və ya sonrakı restavrasiyaların nəticəsi olduğunu öyrənə bilmədiyimiz bir detal da həmin zalın pəncərələrində əks olunan 8 guşəli ulduzlardır.

Binanın bir neçə əsrlik tarixə şahidlik edən digər böyük bir otağı da kitabxanasıdır. Direktorun otağının divarında binanın 1800-cü illərdə daxildən və xaricdən çəkilmiş orijinal rəsmlərini görmək mümkündür. Bina Cənub və Qərb tərəflərdən geniş bağla əhatə olunub, direktorun dediyinə görə bağda olan ağacların hamısı binadan da yaşlı, bir neçə əsrdən qalan ağaclardır. İki əsrdən artıq bir tarixə və bu tarixin yaddaşına həkk olunmuş hadisələrə şahidlik edən bu ağ binadan indi günün əksər saatlarında musiqi sədaları eşidə, pəncərədən rəqs edən uşaqları görə bilərsiniz.

Şahnaz Əhmədova

Fotolar Orxan Əzimindir

# 3531 dəfə oxunub

Oxşar xəbərlər

Sevdiyi qıza görə sürgün edilən şair - Onun Azərbaycana gəlişinə kim mane oldu?

Sevdiyi qıza görə sürgün edilən şair - Onun Azərbaycana gəlişinə kim mane oldu?

21:00 18 sentyabr 2024
O, sinifdə ayaqqabılarını niyə çıxarmışdı? - Nərimanovun ölümdən xilas etdiyi, Stalinin maşın bağışladığı dahi

O, sinifdə ayaqqabılarını niyə çıxarmışdı? - Nərimanovun ölümdən xilas etdiyi, Stalinin maşın bağışladığı dahi

17:00 18 sentyabr 2024
"FTB məni izləyir..." - O niyə özünə qəsd etmişdi?

"FTB məni izləyir..." - O niyə özünə qəsd etmişdi?

12:00 24 avqust 2024
Yaddaşını itirib qala tikən bakılı - Yamin qalasından reportaj

Yaddaşını itirib qala tikən bakılı - Yamin qalasından reportaj

09:30 20 avqust 2024
Müsəlmanlar niyə sünnət edilir? - Məkkədən reportaj - IV HİSSƏ

Müsəlmanlar niyə sünnət edilir? - Məkkədən reportaj - IV HİSSƏ

12:00 13 avqust 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə suiqəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə suiqəsd etmişdi?

15:00 9 avqust 2024
# # #