Lev Tolstoyun azərbaycanlı qohumu

Lev Tolstoyun azərbaycanlı qohumu
20 noyabr 2013
# 12:39

Zaman, 20 noyabr 1945-ci il.

Məkan, Almaniyanın Nürenberq şəhəri, Andlılar Məhkəməsinin Böyük Zalı...

Burda dünya tarixinin bəlkə də ən böyük və qalmaqallı məhkəmə prosesi gedir. Elə müttəhimlər kürsüsündə əyləşənlərin bəzilərinin adlarını çəkmək kifayət edir: Herman Qerinqa, İoaxim fon Ribbentrop, Vilhelm Keytel, Ernst Kaltenbrunner, Alfred Rozenberq, Hans Frank, Vilhelm Frik, Yulius Ştrayxer, Frits Zaukel, Artur Zeys-İnkvart, Rudolf Qess, Valter Funk, Erix Reder...

Bu adlar yəqin sizlərə nəsə dedi, artıq. Bəli, bunlar, habelə ələ keçməyən digər nasist liderləri bəşəriyyətə qarşı törətdikləri çoxsaylı cinayətlərə görə ittiham olunurdular. Və sonda layiqli cəzalarını aldılar da. Bu gün, yəni ayın 20-si əsrin məhkəməsi adlanan Nürenberq məhkəməsinin başlanmasından 68 il keçir. Əslində məqsədimiz bu məhkəmədən yazmaq deyil. Nürenberq məhkəməsinin başlaması tarixi ilə bağlı xəbəri oxuyanda diqqətimizi bir məqam çəkdi. Daha doğrusu bir ad: Ənvər Məmmədov. Özü də SSRİ XİN-in məhkəmədəki xüsusi təmsilçisi kimi. Necə deyərlər elə bu məqamı tutub həmyerlimizin kimliyi ilə maraqlandıq. Və məlum oldu ki…

1923-cü il avqustun 15-də Bakıda anadan olub. Deyilənə görə, atası Nazim Məmmədov repressiya qurbanı olub, ölümündən sonra ona bəraət qazandırılıb.

Balaca Ənvərin tərbiyəsilə ana nənəsi Sofya Andreyevna məşğul olub. Onun Lev Tolstoyun həyat yoldaşına qohumluğu da çatırmış.

Publisist Kamil Əşrəfoğlunun onun haqqında yazdıqlarından: “Hələ orta məktəb illərindən Ənvərin arzusu təyyarəçi olmaq idi, Bakı planer və paraşütçülər klubunda məşğul olurdu. Ancaq Vətən müharibəsinin başlanması onun həyat yolunu başqa səmtə yönəltdi. Bir neçə dili mükəmməl bildiyindən onu cəbhədən qaytarır, Bakıdakı hərbi tərcüməçilər məktəbinə göndərirlər”.

1943-cü ildə Ənvər Məmmədovu gözlənilmədən Moskvaya SSRİ Xarici İşlər Xalq Komissarlığına çağırırlar. Xarici İşlər Xalq Komissarı Molotov bayağı tərzdə “Bu tatara diplomatik ranq verib İtaliyaya məsul işə göndərməyə nə lüzum var?” deyib etiraz etməsinə baxmayaraq, Ənvər Məmmədovun italyan, fransız və alman dilində mükəmməl danışmağını, bacarığını nəzərə alaraq onu Xarici İşlər Xalq Komissarlığında işə götürür, sonra SSRİ-nin İtaliyadakı səfirliyinə attaşe göndərirlər. O vaxt Ənvər Məmmədovun cəmi iyirmi bir yaşı vardı...

Kamil müəllim yazır ki, Ənvər Məmmədov Nürenberq məhkəməsində tərcüməçi kimi iştirak edib. Hətta Stalinqradda məğlub olub əsir düşmüş feldmarşal Paulsun Moskvadan Nürenberq hərbi tribunalına gətirilməsi zərurəti yarana biləcəyini nəzərə alaraq Sovet nümayəndəliyi əvvəlcədən feldmarşalı təyyarəylə Almaniyaya aparmışdı. Onun gizlin yolla Amerikan zonasından keçirilməsini Ənvər Məmmədovla hərbi kəşfiyyat idarəsinin bir zabiti yerinə yetirmişdi.

Ənvər Məmmədovun öz xatirələrindən: “Nürenberq prosesində iştirak etmək arzum olub-olmadığını soruşdular. Tərcüməçi bürosunun rəis müavini olmalı idim. Çox arzulayırdım ki, həbsxana divarlarında o alçaq və qatilləri görüm. Çünki onların torpaqlarımızda nələr törətdiklərini görmüşdüm. Ona görə də nə qismində olursa-olsun orda olmaq istədiyimi bildirdim”.

Professor Fikrət Sadıqovun qeydlərindən: “Ənvər Məmmədov XİN-nin məhkəmədəki təmsilçisi idi. Həmin proses vaxtı orada qalmaqallı bir vəziyyət yaranıbmış. Çünki Nürenberq prosesi Soyuq müharibənin başlanğıc mərhələsi idi. Həmin vaxt Sovet İttifaqı ilə Amerika arasında müəyyən qarşıdurma var idi. Ənvər Məmmədov da bu qarşıdurmanın faktiki olaraq şahidi olub. Məhkəmə prosesində o, Sovet tərəfindən marşal fon Paulusun tərcüməçisi olub. Onun verdiyi cavabları Ənvər Məmmədov tərcümə edib. Bu hadisədən sonra o, böyük rəğbət qazanıb. Bu təşviqata səbəb olmuş proses idi. Həmin marşal isə demək olar ki, alman faşizminin iç üzünü açıb”.

Müharibədən sonra isə tale gənc Ənvəri jurnalistikaya gətirir. O, “Sovetskiy soyuz” jurnalının baş redaktoru olur. Sonradan Moskva Beynəlxalq Radiosunun Amerika, Kanada və Latın Amerikası redaksiyasının baş redaktoru vəzifəsinə təyin olunan Ənvər müəllim tezliklə Beynəlxalq radioya rəhbərlik edir. 1962-ci ildə SSRİ Televiziya və Radio Verilişləri Komitəsinin sədr müavini vəzifəsinə təyin olunur. Və 26 il bu vəzifəni icra edir. Kamil müəllim yazır ki, demokratik ruhlu, azad təfəkkürlü bir insan kimi tanınan Ənvər Məmmədovun gəlişiylə Mərkəzi Televiziyada yeni abı-hava duyulmağa başladı. Yeni-yeni maraqlı proqramlar efirə yol tapdı.

Sədr müavini olsa da, demək olar ki, bütövlükdə televiziyanı Ənvər Məmmədov idarə edirdi. Onlarla proqram, o cümlədən “Baharın on yeddinci anı”, “Həmişə təmizlikdə” və neçə-neçə televiziya filmi məhz Ənvər müəllimin bilavasitə köməyilə çəkilmiş, mavi ekrana yol tapmışdı. Valentin Zorin, Vladimir Dunayev, Aleksandr Bovin, İqor Fesunenko kimi nəhəng jurnalistlər, beynəlxalq miqyasda yaxşı tanınan nüfuzlu siyasi icmalçılar Ənvər Məmmədovun rəhbərliyi altında işləyirdilər.

Və bir maraqlı məqam: Deyilənə görə, 70-ci illərin sonunda Mixail Suslovun Ənvər Məmmədovu SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsinə təyin etmək fikri olub. Suslov yaxşı bilirdi ki, sədr – keçmiş diplomat Sergey Georgiyeviç Lapin jurnalist kimi yaxşı tanınsa da, Mərkəzi Televiziyanın əsas ağırlığı Ənvər Məmmədovun çiynindədi. Sergey Lapinin Leonid İliç Brejnevlə yaxın dostluğu Suslova bu təyinatı həyata keçirməyə imkan verməyib.

Nahaq yerə onu indinin özündə də sovet televiziyasının əfsanəsi adlandırmırlar. Düzdür, Qorbaçovun təhrikiylə televiziyadan uzaqlaşsa da, jurnalistikaya indiyədək sadiqdir. Təsadüfi deyil ki, 90 yaşlı Ənvər müəllim indinin özündə belə RİA Novosti agentliyində məsləhətçi kimi çalışır. Və hələ də əfsanə olaraq qalır. Canlı əfsanə…

# 4469 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #