Bəylə müəllimin fərqi...

Bəylə müəllimin fərqi...
21 noyabr 2016
# 12:08

“Ay yoldaş, yola diqqətlə baxın”. “Ay yoldaş, bilmirsiz avtomobili burda saxlamaq qadağandır?”, “Ay yoldaş...”

Yəqin bildiniz ki, söhbət Sovet dönəmindən gedir. Sovet cəmiyyətində hamı “bərabərhüquqlu” insan, yoldaş idi. Müraciət formaları tarixin dumanlı şüşəsini də aydınladır, həmin dövr haqqında təsəvvür yaradır.

90-cı illərdə “bəy” müraciət şəkli əsrlərin o tayından geri qayıtdı. Hamı bir-birinə həvəslə “bəy” deməyə başladı.

“- A bəy, səncə bu işin axırı necə olacaq?

- Hansı işin, a bəy?

- Bu azadlıq xülyasını deyirəm. Səncə təsəvvürlərimiz gerçək olacaqmı?”

Həmin dövrdə azadlığımız uğrunda mübarizə aparırdıq. Meydanlar azadlıq fədailəriylə dolurdu. Fərd və millət olaraq bir yerdəydik. Hətta insanlar toy məclislərində də “Koroğlu” uvertürasını sifariş edərək əllərini yuxarı qaldırıb mübarizliyini, azadlıq istəyini bəyan edirdi. Parlaq dövr idi. Nəyə nail olduq və ya nail olmadıq, bu başqa məsələ, bir millət azadlığı uğrunda necə savaşar, necə mübarizə edər, bunu öyrəndik. “Bəy” həmin dövrləri yaşadır.

“ - Məllim, necə kilo çəkim?

- 1 kilo ondan çək. Amma pulunu maaş günü verəcəm. Müəllimlərin pulunu hələ verməyiblər...

- Məllim, qurbandı sənə. Amma çox ləngitmə, qadan alım. Bizim dükanda da işlər yaxşı getmir.”

Nə isə, tarixə çox da aludə olmayaq. Zatən hər gün bir tarixdir. Məni bu tarixi dövrlərin içindən ayrılıb tale payımıza düşən müraciət formaları düşündürür. “Yoldaş”, “bəy”, “məllim”...

“-A kişi, nə var yolun ortasında durmusan, çəkilsənə.

- Ay qardaş, vallah burda maşın saxlamazlar, gediş-gəliş yoludu, uşaqlar burda oyun oynayır...

- Ay kişi, başımı xarab eləmə, gözüm aydın, uşaqlar burda oynayırmış! 200 minlik maşınımı burda saxlamayacam ki, nə var nə var cındırından cin hürkən adamlar burdan gəlib-keçirmiş! Olmaya gözün maşınımı götürmür?”

Sizi bilmirəm, bu müraciət formaları məni həmişə düşündürür. Kontekstdən çıxarıb bir də ayrıca hər xitab şəklini gözdən keçirirəm, yerlərini dəyişirəm bəzən, məsələn “ay qardaş”ın yerinə “ay kişi”ni qoyuram və ya əksinə. Qəribə mənzərələr yaranır. Görünür müraciət formalarının əhəmiyyəti biz düşündüyümüzdən də böyükdür. Bu sözlər onları dilə gətirən adamlar haqqında da təsəvvür yaradır.

Türkiyədə “əfəndim” xitabı var. Xüsusilə yaşlı adamlara “əfəndim” deyə müraciət olunur. Necə də gözəldir. Şişirdilməyən hörmət-izzət var bu sözdə. Deyən də razı, eşidən də.

Nazim Hikmətin şeirini xatırladır bu “əfəndilər”...

Uşaqlara qıymayın, əfəndilər,

Buludlar adam öldürməsin...

“- Qaga, ay qağa, məni də özünlə ova apar da.

- Ay uşaq, sənin ova getmək vaxtındı? Get dərslərini oxu.”

Bir vaxtlar, xüsusilə kənd yerlərində böyük qardaşa “qağa” deyilərdi. Böyük qardaşa adıyla müraciət etmək eyib idi. “Qağa” indi unudulmaq üzrədir. Nə üçün? Bilmirəm. Bəlkə də ailə içində böyük-kiçik məsələləri keçmiş həssaslığını itirdiyi üçün...

Çağdaş ailə münasibətlərində “qağanın” yeri görünür.

Türkiyə ailələrində “abi” də, “abla” yaşayır. Təkcə ailədəmi? Xeyr, insan qonşusuna, tanışına, dostuna, yoldaşına, təsadüfən müraciət etməli olduğu bir kişiyə, yaxud qadına “abi”, “abla” deyir. Bu sözlər insanlar arasındakı səmimiyyəti, doğmalığı artırır. Bir söz sehrlər yaradır.

Müqayisə etmək istəmirəm, amma Anadoluda, xüsusilə yaşlı ər-arvadların bir-birlərinə müraciətlə dediyi “bəy” və “xanım” sözləri könlümü oxşayır. Adama elə gəlir ki, belə ailələrdə umu-küsü olmaz. Bir-birlərinə belə nəzakətlə üz tutan insanların dilindən acı söz çıxmaz.

Bəs bizdə necədir?

“- Ay arvad, nə bişirmisən, gətir görək, acından öldük.

- Ay kişi, bir az səbrini bas, onca dəqiqəyə hazırdı.”

Xüsusilə köhnə həyat-məişətimizin yadigarları olan xitab formaları. İlk baxışda qeyri-etik heç nə yoxdur. Amma “ay kişi”nin yerinə “bəy”, “ay arvad”ın yerinə “xanım” deyilsə nə qədər estetik görünər!

Sizi bilmirəm, bu müraciət formaları həmişə düşündürür məni. Kontekstdən çıxarıb hər birini ayrıca gözdən keçirirəm. Sözdə güzgü kimi əks olunan tarixi mərhələləri də görə bilirəm beləcə. Bəzən bu sözlər məni alıb aparır, uzun-uzun xəyallara dalıram...

“- Məllimə, sonuncu dayanacaqdır ha, düşə bilərsən...”

# 1903 dəfə oxunub

Oxşar xəbərlər

Qorxulu günlər, yuxusuz gecələr... - Onun haqqında niyə nalayiq məqalə yazılmışdı?

Qorxulu günlər, yuxusuz gecələr... - Onun haqqında niyə nalayiq məqalə yazılmışdı?

09:00 31 yanvar 2025
Brejnev Xruşovu istefa ərizəsi yazmağa necə məcbur edib? - Ovda cızılan çevriliş planı

Brejnev Xruşovu istefa ərizəsi yazmağa necə məcbur edib? - Ovda cızılan çevriliş planı

09:00 30 yanvar 2025
O, həyat yoldaşı ilə niyə evlənmişdi? - Yad yataqda, yad şəhərdə vəfat edən dahi

O, həyat yoldaşı ilə niyə evlənmişdi? - Yad yataqda, yad şəhərdə vəfat edən dahi

16:00 29 yanvar 2025
On yaş böyük kişiylə ailə quran qızlar, yeraltı hamam və ermənilər - 9 türkün şəhid olduğu kənddən reportaj

On yaş böyük kişiylə ailə quran qızlar, yeraltı hamam və ermənilər - 9 türkün şəhid olduğu kənddən reportaj

12:00 29 yanvar 2025
Pulsuz sülh olmaz! - Tanrı mənimlə görüşə hazırdırmı?

Pulsuz sülh olmaz! - Tanrı mənimlə görüşə hazırdırmı?

09:00 24 yanvar 2025
Həyat yoldaşım Azərbaycan həsrətiylə alışır... - Yarım əsrdən sonra vətənə qayıdan məzun

Həyat yoldaşım Azərbaycan həsrətiylə alışır... - Yarım əsrdən sonra vətənə qayıdan məzun

17:00 23 yanvar 2025
# # #