Səfəvilər, milli kimlik və tarixə qeyri-profan yanaşma haqqında - Elvüsal Məmmədov

Səfəvilər, milli kimlik və tarixə qeyri-profan yanaşma haqqında - Elvüsal Məmmədov
21 avqust 2026
# 10:00

Kulis.az fəlsəfə doktoru, şərqşünas Elvüsal Məmmədovun "Səfəvilər, milli kimlik və tarixə qeyri-profan yanaşma haqqında" yazısını təqdim edir.


Son günlərdə Səfəvilər sülaləsi, xüsusən Şah İsmayıl Xətainin Azərbaycan tarixi və Azərbaycan kimliyi baxımından yerinin müəyyənləşdirilməsi ətrafında müzakirələr, o cümlədən publisistik mübahisələr səngimək bilmir.

Səfəvilər ətrafında gedən bugünkü mübahisə təkcə tarix haqqında mübahisə deyildir; bu, həm də mübahisə edən tərəflərin tarixə milli və məzhəb əsasında yanaşan maraqlarının toqquşmasıdır. Çünki hər tərəf məsələyə təkcə tarixi faktlar əsasında baxmır; həmin faktları özünün milli kimlik anlayışı, məzhəb mənsubiyyəti, siyasi yaddaşı və dünyagörüşü ilə təqdim və izah edir. Nəticədə eyni tarixi şəxsiyyətin müxtəlif “prototip”ləri meydana çıxır (Şah İsmayıl Xətai kifayət qədər mürəkkəb tarixi fiqurdur, odur ki ona münasibətdən baxışların haçalanması təkcə subyektiv olmayıb, həm də tarixi gerçəkliyin doğurduğu obyektiv nəticədir).

Tərəflər arasında mövcud olan bu fikir ayrılığı onların məsələyə baxış bucaqları fərqli olduğu müddətcə davam edəcək, hətta daha da dərinləşəcəkdir. Belə ki, tərəflərin məsələyə münasibətdə çıxış etdikləri öz anlayışları, öz paradiqmaları və öz nöqteyi-nəzərləri vardır. Lakin məsələyə baxışda əsas rol oynayan iki mühüm amili xüsusilə qeyd etmək olar: a) milli mənsubiyyət amili; b) məzhəb mənsubiyyəti amili.

Gedən müzakirə və mübahisələri sosial şəbəkələrdə müşahidə etdikdə, tərəflərin məzhəbi kimliyini və sosial şəbəkələrdəki fəaliyyətini nəzərə aldıqda belə qənaətə gəlmək olar ki, Səfəvilər ətrafında gedən mübahisələrdə məzhəb məsələsi daha təsirli və müəyyənedici amillərdən biri kimi çıxış edir.

Hər halda, biz antaqonist mövqelərdən ibarət bu mozaikanı aşağıdakı kimi təsvir etməyə cəhd göstəririk:

I. Milli kimlik baxımından

1) Səfəviləri Azərbaycan və Türk dünyası tarixinin tərkib hissəsi hesab edənlər;
2) Səfəviləri Azərbaycan milli kimliyi ilə əlaqələndirməyənlər (xüsusən Şimal Azərbaycan kimliyinə yad hesab edənlər).

II. Məzhəb kimliyi baxımından

1) Səfəviləri şiəlik və onun siyasi tarixində müsbət qiymətləndirənlər (məzhəb kimliyi nöqteyi-nəzərindən Azərbaycana aid edənlər; şiəlik və müasir vilayəti-fəqih İranının siyasi-mədəni həyatında oynadığı rol baxımından müdafiə edənlər);
2) Səfəviləri Sünni dünyasından ayrılmanın və məzhəb zəminində parçalanmanın baiskarı kimi qiymətləndirənlər.

Deməli, bir qrup Səfəviləri Azərbaycan və Türk dünyası tarixinin ayrılmaz hissəsi hesab edir. Başqa bir qrup Səfəviləri, ilk növbədə, şiəlik tarixinin mühüm siyasi fiquru kimi qiymətləndirir və onların Azərbaycan tarixindəki yerini məhz bu kontekstdə müəyyənləşdirir. Digərləri Səfəviləri Azərbaycan milli tarixindən kənarda görür və onlara daha çox İran siyasi tarixinin parçası gözü ilə baxırlar. Başqa bir mövqedə isə Səfəvilərin Azərbaycanın türk etnosu arasında şiəliyi yaymaları faktı ön plana çıxarılır və bu proses sünni Türk dünyasından ayrılma kimi qiymətləndirilir.

Beləliklə, eyni Şah İsmayıl bir tərəfdə türk, Azərbaycan və Türk dünyasının tarixi siması kimi təqdim olunur. Başqa tərəfdə isə o, şiəlik, səfəvilik, İran dövlətçilik ənənəsi və məzhəbmərkəzli siyasi tarix kontekstində izah edilir. Üçüncü nöqteyi-nəzər isə onun fəaliyyətini Azərbaycanın sünni əhalisinə qarşı mübarizə, şiələşdirmə, məzhəblərarası fərqlərin sərtləşməsi baxımından qiymətləndirilir.

Milli kimlik nöqteyi-nəzərini qabardanlar arasında da yeknəsək yanaşma müşahidə olunmur. Müasir Azərbaycan kimliyini Şah İsmayılın türk kimliyi ilə birbaşa assosiasiya edənlərlə bu kimliyin siyasi başlanğıcını Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələndirənlərin eyni milli kimlik anlayışından çıxış etdiyini söyləmək çətindir.

Azərbaycan dedikdə indiki Azərbaycan Respublikası ərazisini nəzərdə tutanlarla, Azərbaycan adını indiki İranın cənubuna qədər uzanan, Türkiyənin, İraqın, Gürcüstanın, Rusiya və Ermənistanın müəyyən ərazilərini də əhatə edən “Böyük Azərbaycan” ideyası kontekstində işlədənlərin də eyni təsəvvürə malik olduğunu düşünmək mümkün deyildir.

Məsələ eyni kontekstdə səsləndirilən fərqli fikirlərin fonunda daha da mürəkkəbləşir: “Şah İsmayıl Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirdi” – deyənlər tarixə “Şah İsmayıl müxtəlif sülalələrin idarə etdiyi İran coğrafiyasına Əhəmənlər, Sasanilər dövründəki siyasi bütövlüyü qaytardı” – deyən paniranistlərin gözü ilə baxmırlar. Birincilər Azərbaycan dövlətçiliyinin, ikincilər isə İran dövlətçiliyinin maraqlarından çıxış etdiyi aydındır.

Şah İsmayılı müasir Azərbaycan kimliyi ilə assosiasiya edənlərin arqumentlərini onun fəaliyyətində məzhəb amilini qabardanların arqumentləri ilə eyni xanada toplamaq çətndir. “Şah İsmayıl türkdür, deməli, Türk dünyasının böyük oğludur” – deyənlərlə “Şah İsmayıl Azərbaycan coğrafiyasında yaşayan türklərin mühüm hissəsini şiələşdirməklə onları sünni Türk dünyasından ayırdı” – deyənlərin barışması da qeyri-mümkün görünür.

Çıxışları və yazılarında Şah İsmayılı reduksionistcəsinə Azərbaycan kimliyinin, az qala, yeganə fiquru kimi təqdim edənlərin mövqeyi ilə bu kimliyin və bu tarixin formalaşmasında başqa dövlətlərin: Şirvanşahların, Ağqoyunluların, Azərbaycan Atabəylərinin..., digər tarixi fiqurların rolunun da vurğulanmasına çağırış edənlərin mövqeyi üst-üstə düşə bilərmi?

Tarixə, xüsusən Şərqin orta əsrlər tarixinə baxışda elmi-akademik meyarların hələ də kifayət qədər müəyyənləşməməsi bugün Səfəvilər ətrafında eyni xalqın ziyalıları və digər nümayəndələrinin antipodlaşmasına, cəbhələşməsinə səbəb olur.

Nəzərə alsaq ki:

a) Tarixi, tarixi şəxsiyyətləri, dövlətləri və sülalələri məzhəbəsaslı qiymətləndirdikdə, yəni siyasi xadimlərin və tarixi fiqurların məzhəb kimliyini ön plana çıxardıqda, onların fəaliyyətində məzhəb izlərini qabartdıqda, yaxud məzhəb mənsubiyyətini əsas müəyyənedici meyara çevirdikdə;
b) Dini-məzhəb kimliyi ilə tarix yazan orta əsr dövlətləri və şəxsiyyətlərində müasir milli kimlik axtardıqda və milli kimlik ideologiyasını onların üzərində qurduqda (Müasir milli kimlik kateqoriyalarını Orta əsrlərin siyasi və dini reallıqlarını mexaniki şəkildə tətbiq etmək özlüyündə ayrıca metodoloji problemdir);
c) Tarixi, tarixi şəxsiyyətləri və onların fəaliyyətini ideologiya, din, məzhəb və tabu halına gətirdikdə;
ç) Tarixə səhvlər və doğruların baş verdiyi insan fəaliyyətinin səhnəsi kimi deyil, günahsız tanrıların panteonu — Olimp panteonu kimi baxdıqda bugünkü mənzərə yaranır!

Etiraf etmək lazımdır ki, çoxəsrlik müsəlman tarixi həm də məzhəbəsaslı fəaliyyət və məzhəblərarası rəqabətin meydana çıxardığı tarixdir. Müsəlman tarixi və tarixşünaslığı, hər şeydən əvvəl, müxtəlif dövrlərdə və müxtəlif formalarda ideoloji və sektant təsirlərə məruz qalmış, bir sıra hallarda reduksionist yanaşmanın məhsulu kimi çıxış etmişdir. Bu ənənə tarixə münasibətdə hələ də davam edir. Bugün də tarixə sülalə salnaməçisi, məzhəb mirzəsi, keçmişin apologetiki gözü ilə baxan, siyasəti, ideologiyanı və praqmatizmi doqmalaşdıran şəxslər mövcuddur.

Tarixə profan fəaliyyət sahəsi kimi baxmalıyıq!
Tarixə tarix gözü ilə baxmalıyıq. Tarixi yazan da, tarixi yaradan da insandır.
İnsan isə səhv edir, yanılır, maraqlardan çıxış edir, hakimiyyət uğrunda mübarizə aparır, bəzən böyük işlər görür, bəzən cinayətlər törədir. Ona görə də tarixi şəxsiyyətləri yalnız qəhrəmanlaşdırmaq və ya “şeytanlaşdırmaq” sağlam yanaşma olmazdı. Metodoloji yanaşma budur: insan fəaliyyəti təftişə, tənqidə və yenidən qiymətləndirməyə açıq olmalıdır.
Müsəlman olmaq müsəlman tarixində baş vermiş xoşagəlməz halları etiraf etməyimizə əngəl olmamalıdır. Çünki tarix din, vəhy ola bilməz. Tarix insan oğlunun fəaliyyəti nəticəsində zaman və məkanın antropogen formada dəyişdirilməsidir. Vəhy və din (dini fikir deyil, dinin özü!) isə tarix deyil və vəhyin normativ gerçəkliyi insan fəaliyyətinin tarixi dəyişkənliyindən fərqlidir.

Bu gün eyni ölkənin övladlarının, xüsusən dini-məzhəb zəminində, tarixə və tarixi sülalələrə münasibətdə bir-biri ilə çəkişməsi, bir-birini düşmən elan etməsi narahatlıq doğurur. Unutmayaq: insanlar hansısa elmi və ya bilik məsələsini isbatlamaq üçün bir-birini kəsməzlər, özlərini fədaiyə çevirməzlər. Amma hansısa dini və ya məzhəb məsələsini isbatlamaq üçün bunu edərlər.

Tarix və din anlayışlarını fərqləndirmək lazımdır.
Tarixi siyasi ideologiyanın, siyasiləşmiş dini-məzhəb fəaliyyətinin xidmətinə vermək tarixçilik deyildir!
Lütfən, tarixə tarix gözü ilə baxaq, tarixi din və doqma halına gətirməyək!
Dinin, məzhəbin buna ehtiyacı yoxdur.

Biz tarixi hadisələri tarix kimi xatırlayaq, amma onu dinə çevirməyək. Çünki bu, dinin nisbiləşməsi, personlaşması və əşyalaşması ilə nəticələnəcəkdir. Tarixi hadisələri tarix kimi xatırlamaq, onları öyrənmək, araşdırmaq, tənqid etmək və yenidən qiymətləndirmək lazımdır.

Din tarixə istiqamət vermək üçün mövcuddur, tarix dinə istiqamət vermək üçün deyil!

P.S. Yazının qələmə alınması eyni xalqın övladları arasında yaranan təfriqə və parçalanmanın səbəbi kimi tarixə doqmatik-ideoloji baxışın təhlükəsinə diqqəti çəkmək məqsədi daşıyır.

P.S.S. Bugün biz tarixə deyil, indimizə və gələcəyimizə baxaraq, bir-birimizə münasibət bəsləməliyik. Bugün bizim indiki və gələcək maraqlarımızı, Azərbaycan dövlətinin maraqlarını əsas götürərək birləşməyimiz, bir olmağımız lazımdır. Qoy indimiz və gələcəyimiz bizi birləşdirsin, keçmişimiz bizi ayırmasın!


# 118 dəfə oxunub

Oxşar xəbərlər

"Alnıma qoşa güllə çaxsaydı, bundan yaxşı olardı..." - Heydər Hüseynovun qarşısında hansı məsuliyyəti daşıyırıq?

"Alnıma qoşa güllə çaxsaydı, bundan yaxşı olardı..." - Heydər Hüseynovun qarşısında hansı məsuliyyəti daşıyırıq?

14:00 15 avqust 2026
İmperator ordeni qazanan ilk azərbaycanlı general və maarifçi - Ona niyə ciddi nəzarət edirdilər?

İmperator ordeni qazanan ilk azərbaycanlı general və maarifçi - Ona niyə ciddi nəzarət edirdilər?

10:00 14 avqust 2026
Rus ordusunun ilk və yeganə müsəlman general-adyutantı - Kəngərlilər nəslindən olan Hüseyn xan Naxçıvanski kim idi?

Rus ordusunun ilk və yeganə müsəlman general-adyutantı - Kəngərlilər nəslindən olan Hüseyn xan Naxçıvanski kim idi?

10:00 9 avqust 2026
Mal-qara otararkən 2000 illik sikkə tapdı

Mal-qara otararkən 2000 illik sikkə tapdı

14:50 4 avqust 2026
1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

10:00 1 avqust 2026
Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

12:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər