Kulis.az Şahanə Müşfiqin "Kişi adı ilə yazan qadınlar" yazısını təqdim edir.
Demək olar ki, bütün dövrlərdə qarşılaşdığımız əsas mübahisələrdən biridir cinsi ayrı-seçkilik məsələsi. Şərqdə qadına ilk dəfə seçmək və seçilmək hüququ verən məmləkətin varisləri - bugünki insanımız belə hələ də qadın və kişi problemlərini həll edə bilməyib. Hətta bu mübahisəni bir az da genişləndirərək ədəbiyyata qədər çatdırıblar: kişi yazıçı güclüdür, yoxsa qadın yazıçı? Təbii ki, çox zaman da cavablar kişilərdən yana olur. Onlara görə, kişilər ağıllıdırlar, savadlıdırlar, güclüdürlər, geniş düşüncəlidirlər.
Bəlkə də dünyada qadın yazarların özünü kişi adı ilə tanıtmasının səbəblərindən biri də budur. Düşünün ki, bir qadın gecə-gündüz əsər yazır, beyninin, ürəyinin məhsulunu ortaya qoyur. Amma son nəticədə kitabın üz qabığında onun yox, özünə təxəllüs kimi seçdiyi bir kişi adı, ya da adının baş hərfləri olur. Beləcə oxucu müəllifin kişi olduğunu düşünür. Tənqidçilər yazıçının “kişi təfəkkürü”ndən danışır, naşirlər kitabın satış şanslarını hesablayır, cəmiyyət isə qadının yazdıqlarına başqa gözlə baxır.
Ədəbiyyat tarixində bu, təsadüfi hadisə deyil. Qadınların yazıçı kimi qəbul edilmədiyi, yaxud onların yazdıqlarının “qadın ədəbiyyatı” adı altında daha aşağı qiymətləndirildiyi dövrlərdə bir çox qadın müəllif əsərlərini kişi adı ilə çap etdirmək məcburiyyətində qalıb. Onların bəziləri sonradan öz adları ilə məşhurlaşsa da, bəzilərinin həqiqi kimliyi yalnız illər sonra üzə çıxıb.
“Karrer Bel” əslində kim idi?
1847-ci ildə İngiltərədə “Ceyn Eyr” adlı bir roman çap olunur. Müəllif olaraq üz qabığında Karrer Bel (Currer Bell) adı qeyd olunur. Oxucu üçün bu ad kişi də ola bilər, qadın da. Amma müəllifin əsl adı Şarlotta Brontedir. Şarlotta Bronte ilk romanını kişi adı ilə çap etdirmişdi.

Onun bacıları Emili və Enn də yazıçı idilər. Onlar da özlərinə kişi adı kimi səslənən təxəllüslər seçmişdilər: Ellis Bell və Acton Bell. Bu, sadəcə ədəbi oyun deyildi.
Brontelər qadın yazıçıya münasibətin necə olduğunu yaxşı bilirdilər. Şarlotta Bronte sonralar nəşriyyat dünyasında qadın yazıçının qarşılaşdığı münasibətdən açıq şəkildə danışırdı. Onların kişi təxəllüsü seçməsinin səbəblərindən biri əsərlərinin əvvəlcədən “qadın tərəfindən yazılıb” damğası ilə qiymətləndirilməsinin qarşısını almaq idi.
“Ceyn Eyr”in qəhrəmanı isə bu seçimin nə qədər mühüm olduğunu göstərən obrazlardan biridir. Ceyn sakit, itaətkar və taleyinə razı qadın deyil. O, öz fikri, istəyi olan ləyaqətli bir insandır. Bəlkə də XIX əsrin oxucusuna belə bir qadını “kişi adı” ilə təqdim etmək daha asan idi.
Fransanın ilk qadın yazıçısı - Jorj Sand
Fransanın ilk qadın yazıçısı kimi tanınan Amantine Aurore Lucile Dupin ədəbiyyat tarixinə Jorj Sand adı ilə daxil oldu. O, XIX əsrin Fransasında kişi təxəllüsü ilə yazmaqla kifayətlənməmişdi. Kişi geyimində görünməsi və sərbəst həyat tərzi ilə də dövrünün sosial normalarına meydan oxuyurdu.
Sand üçün təxəllüs bir növ ədəbi pasport idi. O, özünü yalnız qadın yazıçı kimi deyil, müstəqil müəllif kimi təqdim etmək istəyirdi və bunu bacardı.
Onun romanları geniş oxucu kütləsi tərəfindən maraqla qarşılandı. Ədəbi dairələrdə ciddi nüfuz qazandı. Amma maraqlıdır ki, oxucular onun qadın olduğunu bildikdən sonra Sandın şəxsi həyatı da yaradıcılığı qədər müzakirələrə səbəb oldu. Bu da başqa bir problemi ortaya çıxarırdı. Belə ki, qadın yazıçının əsəri haqqında danışmaq əvəzinə, onun paltarı, sevgililəri, xarakteri və şəxsi həyatı haqqında danışmaq, deyəsən, bütün dövrlər üçün xarakterik olub.
“Corc Eliot” adı altında yaşayan qadın
Məşhur ingilis yazıçısı Meri Enn Evans ədəbiyyat tarixində Corc Eliot adı ilə tanınır. “Middlemarch”, “Silas Marner” və “The Mill on the Floss” və s. kimi əsərlərin müəllifi olan istedadlı ədib özünə niyə kişi adı seçmişdi?

Çünki qadın yazıçıların qarşılaşdığı stereotiplərdən yayınmaq istəyirdi. Dövrün ədəbi mühitində qadın müəlliflər haqqında az-çox eyni və heç də xoş olmayan təsəvvürlər vardı. Evans isə ciddi, intellektual romanların müəllifi kimi qəbul edilmək istəyirdi. “Corc Eliot” adı ona bu imkanı verirdi.
Amma onun seçiminin başqa tərəfi də vardı. Meri Enn Evans yalnız kişi adı ilə yazan qadın deyildi. O, cəmiyyətin qadın üçün müəyyən etdiyi həyat modelindən də kənara çıxmışdı. Ədəbiyyatda olduğu kimi, şəxsi həyatında da dövrünün sərhədlərini aşmışdı. Bu baxımdan “Corc Eliot” sadəcə təxəllüs deyil, onun özünə yaratdığı yeni kimlik idi.
Kimliyini gizləmək ehtiyacı…
XIX və XX əsrlərdə dünyanın müxtəlif ədəbi mühitlərində qadın müəlliflər oxşar problemlərlə qarşılaşıblar. Bəzi qadınlar kitablarını kişi adı ilə çap etdirib, bəziləri adlarının yalnız baş hərflərindən istifadə edib, bəziləri isə ilk əsərlərini anonim yayımlayıblar.
Məqsəd çox vaxt eyni olub: insanlar müəllifin adına, kimliyinə diqqət vermədən öncə əsəri oxusunlar. Çünki qadın müəllifin adı əsərin özündən əvvəl oxucunun beynində hökm yarada bilərdi. Belə görünür ki, yaradırmış da…
Bu hekayənin daha müasir nümunələrindən biri “Harri Potter” seriyasının müəllifi C.K. Roulinqdir. Əsl adı Coan Roulinq olan müəllifin kitabı çap olunarkən naşirlər kitabın üz qabığında yalnız “J.K. Rowling” adının görünməsini istəyiblər. Səbəb isə kişi oxucuların qadın tərəfindən yazılmış kitabı almağa daha az meylli ola biləcəyi ilə bağlı kommersiya hesablaması idi.
Burada vəziyyət əvvəlki əsrlərdən fərqlidir. Roulinq özünü kişi kimi təqdim etmirdi. Amma müəllifin qadın olduğunu ilk baxışdan göstərməyən bir ad seçilmişdi.
Sonralar isə o da özünə kişi adı ilə təxəllüs götürməyə qərar verir. Belə ki, o, Kormoran Strayk detektiv romanlar seriyasını Robert Qalbreyt adı altında yazıb. Deməli, ədəbiyyat bazarı dəyişsə də, müəllifin cinsinin oxucu davranışına təsir göstərə biləcəyi düşüncəsi uzun müddət yaşamaqda davam edib.
XIX əsrdə qadından gözlənilən yazı daha çox “zərif”, “həssas”, “ailəvi” və “əxlaqlı” hesab edilirdi. Qadın siyasi, fəlsəfi, seksual və sosial məsələlərdən yazanda isə onun yazdıqları daha sərt süzgəcdən keçirilə bilir, hətta cüzamlı kimi inkar edilirdi. Kişi yazıçının “cəsarəti” adlandırılan şey qadın yazıçının “ədəbsizliyi” sayıla bilirdi. Kişinin “azad ruhu” qadında “əxlaqsızlıq” kimi qiymətləndirilirdi. Kişinin yaratdığı seksual obraz “realizm” adlandırıldığı halda, qadının eyni mövzuya müraciət etməsi “qadınlıq sərhədlərini aşmaq” idi. Belə bir mühitdə kişi təxəllüsü sadəcə gizlənmək deyildi. Bu, bəzən əsərin özünü qorumaq üsulu idi.
Amma tarix heç nəyi gizli saxlamır, zaman özü ən dürüst tarixçidir. Öz əsərlərini qorumaq, düşüncələrini oxuculara daha sərbəst çatdıra bilmək üçün qadın kimliklərindən imtina edən yazıçıları tarixdə yenə də o əsərlər əbədiləşdirdi. Onların seçdikləri kişi adları bir vaxtlar onları qoruyan maska idisə, sonradan ədəbiyyat tarixinin ən məşhur təxəllüslərinə çevrildi.
Bəlkə də bu hekayələrin ən ağrılı tərəfi odur ki, qadınlar yazmaq üçün əvvəlcə öz kimliklərini gizlətməli olublar. Amma əsərlər zamanın hökmündən daha uzun ömürlü oldu. Bu gün “Ceyn Eyr”i oxuyarkən onun müəllifinin qadın olması heç kimə qəribə gəlmir.
“Middlemarch”ın müəllifinin qadın olması romanın intellektual gücünü azaltmır. Jorj Sandın qadın olması onun ədəbi mövqeyini zəiflətmir. Əksinə, onların həyat hekayələri əsərlərinin mənasını daha da dərinləşdirir. Çünki bu kitablar həm də qadınların ədəbiyyatda özlərinə yer açmaq mübarizəsinin sənədləridir.
Bir vaxtlar kitabın üz qabığında qadın adının görünməsi maneə idi. Bu gün həmin qadınların adları ədəbiyyat tarixinin üz qabığına çevrilib.