Kulis.az Arzu Arzulunun şeirlərini təqdim edir.
Gözəllik tapman üçün
Gözəl olman gərəkdir.
Hər şeyi gözəl edən
Köksündəki ürəkdir.
Yaxşılıq et, yaxşıyla
Qarşılaşsın əməlin!
Sınaq et dostu, yarı,
Güvən olsun təməlin!
Çalış ki, qəbul eylə
Hər kəsi olduğu tək.
Onda nə haqq itəcək,
Nə vicdan göynəyəcək.
MƏNİ TƏRK ETMƏ, ANA!
Məni bihuş eyləyən
Qoxun cənnət alması,
O mənalı gözlərin
Həyatımın aynası.
Ən rahat məkanımdır
Qollarının arası.
Parçalama aynamı,
Qıyma isti yuvama!
Hələ böyüməmişəm,
Məni tərk etmə, ana!
Sənə gündüz etdiyim
Gecələri borcluyam.
Qəddini kaman edən
Sərt illəri borcluyam.
Milyonlarla nələri,
Necələri borcluyam.
Hələ başlamamışam
Faiz artan borcuma
Baxma yaşa, boyuma,
İnan, böyüməmişəm.
Yalvarıram, əbədi
Ayrılıb getmə, ana!
Məni tərk etmə, ana!
PAYIZIMDAN SƏTİRLƏR
Ömrümüz payızdan qışa doğrudur,
Sıramız azalır hər addımbaşı.
Dünən başda duran əziz dostların
Bu gün nəsibidir soyuq başdaşı.
Əsmə, dəli xəzri, girmə bağçama,
Tökmə payız adlı son yarpaqları.
Yayımı, yazımı ötürdüm hədər,
Payızım qoy gün tək parlasın barı,
Olsun həyatımın kəhrəba qaşı.
Demirəm əbədi yaşayım, durum,
Varlığım şad etsin qohum-qardaşı.
Əlvida edəndə fani dünyaya,
Etibarlı dostlar töksün göz yaşı,
Qəlbini ağrıdan, içini didən
Kədər-sevgisindən qoysun baş daşı.
SÖZÜM QIZI OLAN ATALARADIR
Sözüm qızı olan atalaradır:
Tanrım qadınları yaranışından,
Ata sevgisinə möhtac yaradır.
Bu qoca bəşərin təməli qadın,
Təməlin təməli ata əlində.
Analar əsasdır desək də, lakin
Güvənin qaynağı ata dilində.
Atadır qızının ilk qəhrəmanı,
Sehrli nağılı, həyat romanı.
Hər kəsə inamı, eşqi, gümanı
Atayla bağlıdır körpəliyindən.
Sevin qızınızı, üzü solmasın,
Sevinci bol olsun, gözü dolmasın.
İyrənc sevdalara fəda olmasın,
Qalmasın zərbədən xal ürəyində.
Sevin qızınızı, üzü solmasın,
Sevinci bol olsun, gözü dolmasın.
İyrənc sevdalara fəda olmasın,
Qalmasın zərbədən xal ürəyində.
Əgər istərsəniz olsun bəxtəvər,
Gül açsın arzusu, çəkməsin kədər,
Sevin qızınızı dünyalar qədər,
Dost kimi əl tutun hər gərəyində.
