Bu gün tanınmış şair, yazıçı, Əməkdar mədəniyyət işçisi, Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin doğum günüdür.
Kulis.az müəllifi ürəkdən təbrik edir və şeirlərini təqdim edir.
YASTIQ
Doğulan kimi
Başının altına yastıq qoydular.
Oturan kimi
Böyrünə-başına yastıq qoydular.
Yeridi - düzdülər keçdiyi yola.
Sonra noğul yastığı,
Sonra nağıl yastığı.
Başı üşüyəndə papağı yastıq,
Əli üşüyəndə bayrağı yastıq,
Qəbri üşüyəndə torpağı yastıq.
Ağrıyan dişinə yastıq qoydular
Ləngiyən işinə yastıq qoydular
Axırda yastığa öyrəncəlilər
Çarxın gərdişinə yastıq qoydular.
Çarxın gərdişinə yastıq qoydular
Yuxulatdı bu adamı,
Günün günorta çağında
Yuxu tutdu bu adamı.
… Yatıb yuxuda gördü ki,
ipək yastığı daşlaşıb,
ayağına dolaşıb.
Addımını ha atır, ata bilmir,
Ayağını ha dartır, darta bilmir.
Yastıq çəkir onu quyutək.
Ayağı balacalaşır,
Boyu balacalaşır.
… Diksinib ayıldı yuxudan.
Başı yastıqdan düşmüşdü.
Çəkdi yastığı başının altına…
FUTBOL OYNADIĞIM YADIMDAN ÇIXIB
Yüz yol yıxılardım, dəyib daşlara,
əllərim, qollarım yaralanardı.
Gah dizim, dirsəyim paralanardı.
Süzülüb axardı tər dabanımdan.
İndi unutmuşam,
O günüm, o çağım yadımdan çıxıb.
Son dəfə
Futbol oynadığım yadımdan çıxıb.
O gündən bəriyə nəyim qalıb ki?
Bu qollar, ayaqlar mənimki deyil.
Qovulan o toplar mənimki deyil,
Dirəklər, dayaqlar mənimki deyil.
Vurulan topların, dəyən daşların
Daha sızıldamır yeri canımda.
Daha yüyürmürəm yıxılanacan,
On il, on beş ilin
təri canımda.
On il, on beş ildi topsız-filansız,
Yenə də yıxılan, əzilən mənəm.
Amma yıxılanda dizim qanamır,
Amma yıxılanda qolum əzilmir.
Çünki yıxılıram ürəyi üstə,
Futbol oynamağı yadırğayandan.
QİSAS
Adamı göyə qaldırıb
Sonra ki, yerə vururlar.
Elə bir sıfır artırıb
Sonra sıfıra vururlar.
Gedir, qalmır izi, tozu,
Hər gələn bir yerə yozur,
Adını lap başdan pozub
Lap, lap axıra vururlar.
Kündə kimi ovxalayıb,
Əzib, büküb, buxovlayıb,
Qışda buz üstə tullayıb,
Yay vaxtı qıra vururlar.
DÖNDÜM
Səndən qıraqda həyat yox,
Desələr də vardı – döndüm.
Qaçdı ağzımın ləzzəti,
Damağımın dadı, döndüm.
Nə cadular, nə ovsunlar,
Gücləri yox, saxlasınlar.
Məni ən gözəl oyunlar,
Əyləncələr yordu, döndüm.
Bir nəfəs qalmadı canda,
Dörd bölündüm darıxanda –
Qol bir yanda, baş bir anda
Mənəm – məğlub ordu, döndüm.
Qala - Adam
Hər adamın sığınmağa
Bir qalası olsun gərək.
Bu qaynaşan pis gözlərdən
Bir xilası olsun gərək.
Nicat yoxdu bolca vardan -
Hündür divar, dik hasardan!
Adamı daş adamlardan
Qala - Adam alsın gərək!
Bu gələn gözəl, əladı
Yeriyən, gəzən qaladı.
Bəlkə də təzə bəladı
Dinsin görək, gəlsin görək!!!
BİR DƏ GƏLMƏYƏCƏK...
Elə möcüzələr yaratmısan ki,
Elə dəqiqələr yaşatmısan ki,
Olmayıb heç onun yüzdə biri də
Nə mənim dünyamda,
nə bu dünyada.
Sən elə telləri qırıb getmisən,
Sən elə yaralar vurub getmisən,
Təpəri yoxdu ki, dözüb dayansın,
Nə mənim dünyamın,
nə bu dünyanın.
Qəfil gəlişinlə suç eləmisən
Sənsiz keçən ömrü puç eləmisən
Vurmayıb heç zaman belə qar-yağış
nə mənim dünyamı,
nə bu dünyanı.
Bilmədim iblissən, ya mələk, Qadın,
Ətri, gözəlliyi çiyələk Qadın.
Bir də gəlməyəcək sənintək Qadın
Nə mənim dünyama,
nə bu dünyaya.
O
Baxma ki, sakit dayanıb,
Qəfildən götürər səni!
Qoparıb dostdan, tanışdan
Evindən itirər səni.
Qaldırıb göyün qatına,
Mindirər şahlıq atına.
Dad gətirib həyatına,
Cənnətə yetirər səni.
Əlində yarağın qalmaz,
Dəftərin, varağın qalmaz,
Heç nəyə marağın qalmaz,
İşini bitirər sənin.
Quruyarsan bulaq kimi,
Bezər, doyar uşaq kimi,
Bir qırıq oyuncaq kimi
Qaytarıb gətirər səni!
GƏL
Nəyə lazım artıq zəhmət, əziyyət? -
Orda onu, burda məni tovla gəl.
Adımızı eyni yerdə qeyd elə,
İkimizə eyni mesaj yolla gəl.
... Fikir vermə, zarafatdı sözlərim,
Yenə gülsün, işıq saçsın gözlərin!
Qayıt yenə əvvəlkitək şipşirin,
Dillərində bir şan təmiz balla gəl.
Olan oldu, keçən keçdi, qəzaydı,
Tanrı gərək elə belə yazaydı.
İndi daha beyin açıq, göz aydın,
Geri boylan, vallah qayıt, vallah, gəl.
NƏ FƏRQİ...
Gedirsənsə, nə fərqi var, ya səssiz,
ya sözümü, baxışımı yozub get.
Nə fərqi var, azad burax, çox inan,
ya da yoxla, addımımı pusub get.
Bu sevginin nənnisində biz uşaq,
bitibdisə ha sarmaşaq, qovuşaq.
Fərqi yoxdu, ya candərdi barışaq,
ya da inci, ya da çığır, küsüb get.
Nə iblisim, nə mələyim deyilsən,
ümid dolu gələcəyim deyilsən.
İndən sonra ta gərəyim deyilsən,
fərqi yoxdu, ağlayıb get, susub get.
SƏNƏ GÖRƏDİR - SƏBƏBİ SƏNSƏN
Özümü hamıdan güclü sanmağım,
Durduğum yerdəcə qanadlanmağım,
Mənim sevinməyim, ya şadlanmağım
Hamısı, hamısı sənə görədir.
İndi ucadadır yeri taxtımın,
Qızıl dövranıdır indi vaxtımın
Sınıq taleyimin, bağlı baxtımın
Açılan qapısı sənə görədir.
Qalmayıb qəlbimin daha gileyi,
Qəmli çəmənimin açıb çiçəyi
Payızın ortası yazın gəlməyi -
Bu bahar havası sənə görədir.
Ancaq uçulur dam - sən olmayanda
Dərdə dözmür adam sən olmayanda
Hamını sancıram sən olmayanda
Ruhumun davası sənə görədir.
ŞUŞA
Min şəhər adı var dillər əzbəri,
Adların ən üstün adıdı Şuşa.
Musiqi notudur cüt hecasıyla: Şu-Şa
Dilimin şəhdidir, dadıdı Şuşa.
* * *
Ciyərdə nəfəsdir, damarda qandır,
Ruha qanad verən sirli məkandır,
Bilib eşidəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa.
* * *
Qoynuna hər gələn yüz xəyal eylər,
Qıraqda qalanlar qeylü-qal eylər,
Birini coşdurar, birin lal eylər,
Tilsimdir, ovsundur, cadudur Şuşa.
2021