Qarabağ xanlığının tarixinə fərqli baxış - Əhməd bəy Cavanşir Vaqifin faciəsini necə təqdim etmişdi?

Qarabağ xanlığının tarixinə fərqli baxış - Əhməd bəy Cavanşir Vaqifin faciəsini necə təqdim etmişdi?
2 mart 2026
# 10:00

Bu gün tarixçi, şair, Pənahəli xan Sarıcalı-Cavanşirin nəticəsi, Həmidə xanım Cavanşir-Məmmədquluzadənin atası Əhməd bəy Cavanşirin doğum günüdür.

Kulis.az bu münasibətlə Ə. B. Şükürzadənin yazısını təqdim edir.

Əhməd bəy Cavanşir ölümündən bir az əvvəl öz tərcümeyi-halını yazmış və qızı Həmidə xanıma vermişdi. Lakin, təəssüf ki, bu əlyazmasını nə Mirzə Cəlil Məmmədquluzadənin (Molla Nəsrəddin)1 şəxsi arxivindən, nə də Əhməd bəyin kağızları arasından tapmaq bizə müyəssər olmadı. Ehtimal ki, bu sənəd Həmidə xanım Tbilisiyə köçüb gedəndən sonra və ya 1905-1906-cı illərdə Qarabağda baş verən hadisələr zamanı məhv olmuşdur.

"Riyazül-aşiqeyn" kitabının müəllifi Məhəmmədağa Müctəhidzadə Qarabağ şairlərinin şeirlərini və qısa tərcümeyi-hallarını yazarkan Əhməd bəy haqqında çox az danışır və onun şeirlər məcmuəsindən ancaq bir beyt misal gətirir. Halbuki Müctəhidzadə Əhməd bəy haqqında müfəssəl məlumat verə bilərdi, çünki o, həm müəlliflə, həm də onun savadlı qızı ilə şəxsən tanış idi.

Azərbaycan ədəbiyyatı nümunələrini toplayanlardan biri olan Firudin bəy Köçərli "Asari-Əhməd bəy Cavanşir" əsərinin müqəddiməsində çapa hazırlamaqda olduğu "Azərbaycan türklərinin ədəbiyyatı" kitabında Əhməd bəyin həyatı və fəaliyyəti haqqında müfəssəl məlumat verəcəyini vəd etmiş, lakin bu dörd cildlik tədqiqatında onun haqqında bir kəlmə də olsun danışmamışdı. Buna baxmayaraq, başqa müəlliflərə nisbətən Firudin bəy Köçərli Əhməd bəy haqqında az-çox dəyərli məlumat verə bilmişdir.

Əhməd bəy Cavanşir 1828-ci il martın 2-də keçmiş Şuşa qəzasının Kəbirli nahiyəsindəki Kəhrizli kəndində anadan olmuşdur. Qarabağ mahalının kameral siyahısından məlum olur ki, Əhməd bəyin atası Cəfərqulu bəyin xüsusi malikanəsi olan Kəhrizli kəndi dövlətə məxsus bütün vergi və mükəlləfiyyətlərdən azad edilmişdi.

Mehrəli bəyin nəvəsi və Məhəmməd bəyin oğlu olan Cəfərqulu bəy Qarabağ xanədanına mənsub bütün imtiyaz və güzəştlərdən istifadə etmək hüququna malik idi. Əhməd bəyin ikinci babası Mehrəli bəy qarabağlı İbrahim xanın doğma qardaşı və həm də xanlığa sahib olmaqda onun qorxulu rəqibi idi. Qarabağ xanlığı uğrunda feodal müharibələrinin təfsilatına keçməzdən əvvəl İbrahim xanın hansı şəraitdə hakimiyyət başına gəlməsi və onun qardaşı Mehrəli bəyin vətəndən dərbədər düşməsi haqqında qısa məlumat verək.

Pənah xan Qarabağdan İran hakimi Kərim xan Zəndin (1750-1779) yanına getməzdən əvvəl Qarabağın idarə olunmasını kiçik oğlu İbrahimxəlil ağaya tapşırır. Onunla birlikdə şahın tələbi üzrə Şirazda şahın iqamətgahında olarkən Mehrəli bəyin Qarabağda hakimiyyəti ələ keçirmək istəməsi haqqında bəzi xəbərlər alır. Mərkəzləşmiş dövlət yaratmağa çalışan Pənah xan ölümündən sonra xanlığın parçalanmasından ehtiyat edirdi. Buna görə də o, Qarabağ xanlığını idarə etmək üçün Kərim xan Zənddən, formal da olsa, bir fərman alır. İbrahimxəlil ağa Kərim xandan aldığı fərmanla1 Şuşaya gəlmiş, lakin Mehrəli bəy tərəfindən yaxşı qarşılanmadığı üçün atasını gözləməyi qərara alır.

Pənah xan heç bir vəsiyyət etmədən 1759-cu ilin yayında Şiraz şəhərində qəflətən vəfat edir. Pənah xanın ölüm xəbərini eşidən hər iki qardaş Qarabağda hakimiyyət uğrunda qanlı müharibəyə hazırlaşır. İbrahimxəlil ağa şahın fərmanına əsaslanaraq özünü Qarabağ xanlığının qanuni varisi hesab edirdi. Mehrəli bəy isə öz yaxın adamlarına arxalanaraq hakimiyyət başında qalmağı qət etmiş və qonşu xanlıqlarda özünə müttəfiq axtarmağa başlamışdı. Hər iki qardaş özbaşına silahlı dəstələr toplayaraq bir-birinin tərəfdarlarını qırır, qonşu xanlıqlarla hərbi ittifaqlar bağlayır, öz məqsədlərinə çatmaq üçün daha güclü feodallarla qohumluq münasibəti yaradırdılar. Uzun və qanlı çarpışmalardan sonra İbrahimxəlil ağa Dağıstan hakimi Ümmə xandan güclü kömək alaraq qardaşını sıxışdırır və özünü Qarabağın xanı elan edir (İbrahimxəlil ağa sonralar Ümmə xanın qızı ilə evlənmişdir). Bu hadisə 1760-cı ildə olmuşdu. Bu vaxtdan etibarən İbrahimxəlil ağanın adı rəsmi sənədlərdə "xan" (İbrahim xan) və "Qarabağın hakimi" kimi çəkilir.

Mehrəli bəy isə Qarabağı tərk etməyə və İbrahim xana düşmən müttəfiqlər axtarmağa məcbur olur. Ölkənin hakimiyyət uğrunda bir-biri ilə uzun-uzadı qanlı müharibələr aparan müstəqil və yarımmüstəqil xırda feodal xanlıqlara parçalandığı bir dövrdə belə bir müttəfiqi tapmaq çətin deyildi. Azərbaycan torpaqlarını birləşdirməyə çalışan qubalı Fətəli xan (1736-1786) Qarabağlı İbrahim xanı özünün ən qorxulu düşməni hesab edirdi. Öz məqsədinə çalışan Mehrəli bəy üç dəfə Qarabağ xanlığının mərkəzi olan Şuşaya hücum edib Ağdama qədər gələn, lakin heç bir nəticə əldə edə bilməyərək geri qayıdan Fətəli xanla yaxınlaşmışdı. Mehrəli bəy qubalı Fətəli xanın bütün hərbi səfərlərində fəal iştirak etmişdi. Buna görə də Fətəli xanın düşmənləri, eyni zamanda Mehrəli bəyin də düşmənləri hesab olunurdu. Hələ 1767-ci ildə Şamaxı xanlığının hakimləri Məhəmməd Səid xan və Ağası xan qardaşları qubah Fətəli xan tərəfindən Şamaxıdan qovulmuşdular. Bundan bir qədər sonra onlar Şamaxını geri qaytarmaq məqsədi ilə keçmiş düşmənləri olan şəkili Məhəmmədhəsən xanla ittifaq bağlayırlar. Lakin Fətəli xan onları ikinci dəfə məğlub edir. Məhəmmədhüseyn xan Nuxada qalır, Ağası xan isə Kür sahilində Katavən kəndində gizlənir. Bu hadisədən sonra Məhəmməd Səid xanın oğlanları qarabağlı İbrahim xana pənah gətirdilər. Lakin feodal ara müharibələri bununla qurtarmadı.

1779-cu ildə Çələbi xanın oğlu Əbdülqədir xan qəflətən Nuxanı işğal edərək Məhəmmədhüseyn xanı öldürdü. Onun oğlu Məhəmmədhəsən xan isə İbrahim xanın yanında gizlənməyə məcbur oldu. 1784-cü ildə Fətəli xanla Əbdülqədir xanın Qarabağ xanlığı üzərinə hərbi səfəri ilə müharibə yenidən qızışdı. Bu zaman İbrahim xanın azad etdiyi Məhəmmədbəsən Nuxanı işğal edərək, Əbdülqədir xanı və onun yeddi oğlunu öldürdü.

Məhəmmədhəsən xan, Ağası xan və Məhəmməd Səid xan öz aralarında ittifaq bağlayaraq Fətəli xana qarşı çıxdılar. 1785-ci ildə Fətəli xanın onlarla apardığı müharibənin qızğın vaxtında Mehrəli bəy Fətəli xanın xüsusi tapşırığını yerinə yetirmək üçün Bakıdan qayıdarkən yolda şamaxılı Ağası xanın oğlu Əhməd bəy tərəfindən öldürüldü. Mehrəli bəyin ölümündən sonra müharibəni onun oğlu Məhəmməd bəy davam etdirdi.

Bu vaxtlar, yəni 1785-ci ildə, təqribən 23 yaşında olan Məhəmməd bəy haqqında narrativ mənbələr demək olar ki, heç bir məlumat vermir. O öz uşaqlığını İbrahim xana düşmən münasibət bəsləyən yaxın qohumlarının yanında keçirmişdir. İbrahim xanın düşmənləri Məhəmməd bəyin şəxsində öz mənafelərini əks etdirən bir hakimi görürdülər. Buna görə də onlar Məhəmməd bəydən bərk yapışmışdılar. Lakin o vaxtlar İbrahim xanı hakimiyyətdən salmaq və onu Məhəmməd bəylə əvəz etmək çox da asan deyildi; buna görə də müxalifət əlverişli şərait gözləyirdi.

Dəhşətli 1797-ci il yaxınlaşırdı. Ağa Məhəmməd şahın dəstələri Qarabağa soxulmuşdu. Aclıq və qıtlıq bütün ölkəni bürümüşdü. Talan olunmuş kəndlilər kütləvi surətdə öz yurdlarını tərk edirdilər. İbrahim xan öz yaxın adamları ilə Car-Balakənə qaçmışdı. Heç bir müqavimətə rast gəlməyən Ağa Məhəmməd şah Şuşaya daxil oldu. Lakin o, 8 gün sonra öldürüldü. Bəzi müəlliflər göstərirlər ki, Ağa Məhəmməd şah Şuşanı alandan sonra Məhəmməd bəyi, İbrahim xanın qəddar düşməni olduğu üçün, Qarabağa hakim təyin etmişdi. Mötəbər mənbələr bu ehtimalı təsdiq etmir.

P.Q.Butkov göstərir ki, şah Qacar “Azərbaycan xanlarının gizli məsləhəti ilə öldürülmüşdür". Ola bilsin ki, bu sui-qəsdin iştirakçılarından biri də, Əhməd bəy Cavanşirin dediyi kimi, Məhəmməd bəy olmuşdur. Bu ehtimal həqiqətə daha çox yaxındır. Belə ki, Məhəmməd bəy xarici işğalçılara qarşı mübarizəyə qalxmış və hətta şahın kəsilmiş başını əmisi İbrahim xana göndərmişdi.

İşğalçılar qovulduqdan sonra isə o, İbrahim xanın Şuşada olmamasından istifadə edib, hakimiyyəti ələ keçirmiş və özünü Qarabağın hakimi elan etmişdi. Məhəmməd bəy hakimiyyəti öz əlində saxlamaq üçün əmisinin tərəfdarlarını məhv etməyə başladı.

Azərbaycanın görkəmli şairi və dövlət xadimi Molla Pənah Vaqif və onun oğlu da bu niyyətin qurbanı oldu. Məhəmməd bəy hakimiyyət başında çox qala bilmədi. İbrahim xan Şuşaya qayıtdıqdan sonra o, Məhəmmədhəsən xana pənah apararaq Şəki xanlığına getdi. Şəki xanı Məhəmməd bəyi aldadaraq həbs etdi və Şirvan xanı Mustafa xan Məhəmməd bəydən atasının və qardaşının intiqamını almaq arzusunda idi. 1797- ci ilin sonunda Məhəmməd bəy Şamaxı yaxınlığında Mustafa xan tərəfindən öldürüldü.

Məhəmməd bəyin oğlu Cəfərqulu bəy Qarabağ xanlığı tarixində heç bir rol oynamamışdır. O, özünün xüsusi kəndi olan Kəhrizlidə oturaraq, başqa bəylər kimi, öz malikanəsini idarə edirdi. Cəfərqulu bəy öz əmisi Əsəd bəyin Zəhra xanım adlı qızı ilə evlənmiş və bu izdivacdan 1828-ci il martın 2-də Əhməd bəy anadan olmuşdur. Əhməd bəy ilk təhsilini Kəhrizli kəndində almış və burada ancaq ana dilini öyrənmişdi. Məlum olduğu üzrə, Azərbaycanın Rusiya ilə birləşdirilməsindən sonrakı ilk dövrlərdə maarif sistemində heç bir dəyişiklik olmamışdı. Şəhərlərdə mədrəsə, kəndlərdə isə mollaxanalar qalmaqda davam edirdi.

Əhməd bəy 15 yaşına qədər mollaxanada oxumuşdur. Bu dövrdə çar hökuməti Azərbaycanda və bütün Zaqafqaziyada bir sıra islahatlar keçirməyə məcbur oldu. Ölkədə siyasi pərakəndəliyə son qoymaqda müəyyən rol oynamış olan komendant üsul-idarəsi artıq öz dövrünü keçirmişdi. XIX əsrin 40-cı illərində verilən inzibati və məhkəmə islahatları, komendantlıq sisteminin ləğv olunması və nəhayət, Rusiyada hökm sürən qanun-qaydaların Azərbaycanda tətbiqi yerli feodalların əksəriyyəti arasında narazılığa səbəb oldu. Bu narazı bəylər və ağalar öz şəxsi mənafeləri üçün hətta ölkədə genişlənməkdə olan kəndli hərəkatından da istifadə etməyə cəhd edirdilər.

Çarizmin yerlərdə ictimai dayağı sarsılmağa başlamışdı. Halbuki bu dövrdə ayrı-ayrı xalq çıxışlarını boğmaq üçün çar hökumətinə etibarlı ictimai istinad lazım idi. Ona görə də hökumət yerli feodallara qarşı öz münasibətini dəyişdirməli oldu. Yerlərdə ictimai istinad yaratmaq üçün yerli bəylərdən və ağalardan etibarlı adamların seçilməsi və istənilən tədbirlərin onların köməyi ilə həyata keçirilməsi qərara alındı. Bütün bu tədbirlər hakim siniflər üçün qabaqcıl rus mədəniyyəti ilə tanış olmağa əlverişli şərait yaratdı.

Ehtimal ki, Əhməd bəyin ailəsi də vəziyyəti nəzərə almış və onu rus dilini öyrənmək üçün rus məktəbinə düzəltməyi məsləhət görmüşdü. 1843-cü ildə qarabağlı Mehdiqulu xanın xahişinə görə, çar I Nikolay Əhməd bəyi Peterburqa tələb edir və onu dövlət hesabına Pavlov kadet korpusuna qəbul edir. O vaxtlar Pavlov məktəbinə yalnız dvoryan uşaqlarını qəbul edirdilər. İzdihamlı Peterburq mühitinə düşən Əhməd bəy Cavanşir rus dilini öyrənməyə ciddi səy göstərir və məktublarından göründüyü kimi, bu dili mükəmməl surətdə öyrənə bilir.

1848-ci ildə Əhməd bəy Pavlov korpusunu bitirib Konstantin Nikolayeviç adına Qusar alayına təyin olunur və 1854-cü ilə qədər hərbi xidmətdə qalır. 1853-cü ildə Krım müharibəsi başlandı. Məlum olduğu kimi, Azərbaycanın geniş xalq kütlələrinin hüsn-rəğbəti Rusiyanın tərəfində idi. Qasım bəy Zakirin oğlu Nəcəfqulu bəy və qardaşı oğlu İskəndər bəy könüllü olaraq cəbhəyə getmişdilər. Qafqaz cəbhəsində rus soldatları ilə çiyin-çiyinə 2000 nəfərə qədər azərbaycanlı döyüşürdü.

Əhməd bəyin olduğu Qusar alayı Sevastopol altında vuruşurdu. Döyüş meydanında göstərdiyi igidliyə və qoçaqlığa görə Əhməd bəy ordenlə təltif edilmiş və ona ştabrotmistr rütbəsi verilmişdi. Lakin, Əhməd bəyə orduda uzun müddət xidmət etmək nəsib olmadı, çünki o, hələ 1850-ci ildə Əli bəy Sultanovla1 iştirak etdiyi dueldə qolundan yaralanmış olduğu üçün 1854-cü ildə tamamilə hərbi qulluqdan getməyə məcbur oldu. 1854-cü ildə Əhməd bəy öz doğma kəndi olan Kəhrizliyə gələrək burada təsərrüfat işləri ilə məşğul olmağa başlayır.

Rus ordusundan istefaya çıxmış və Peterburq təhsili almış zabit köhnə kənddə yeni qaydalar yaratmaq istəyirdi. Buna görə də o, xalq arasında "urus Əhməd bəy" ləqəbini almışdı. XIX əsrin 60-cı illərinin sonunda Əhməd bəy Vərəndə mahalının murovu vəzifəsinə təyin edilir; bu zaman o, həm də taxıl yerlərini sulamaq üçün Arazdan su çıxartmaq işi ilə məşğul olurdu. Uzun əziyyətdən sonra Əhməd bəy 8 verst uzunluğunda bir arx qazdırır və onu Mil düzündəki qədim Gavur arxı ilə birləşdirir. Azərbaycanı Rusiya sənayesinin xammal mənbəyinə çevirməyə çalışan çar hökuməti heç bir vəsait sərf etmədən yerlərdə suvarma işlərini yaxşılaşdırmağa və beləliklə də, çoxlu xammal əldə etməyə çalışırdı. Ona görə də Qafqaz canişinliyi idarəsi hələ XIX əsrin 60-cı illərinin axırlarında Mil düzündəki suvarma işlərini qaydaya salmaq üçün bir neçə dəfə xüsusi komissiyalar göndərmişdi. Lakin tərkibində hətta hollandiyalı suvarma mütəxəssisləri də olan bu komissiyalar heç bir qəti tədbir görə bilmədilər.

Çünki bu layihələrin həyata keçirilməsi "küllü miqdarda xərc tələb edirdi". Qarabağın yerli bəyləri də Gavur arxını "...arx və arxın suvardığı bütün torpaqların 99 il ancaq onların istifadəsində" qalması şərti ilə bərpa etmək istəyirdilər. Lakin onların da cəhdi heç bir nəticə vermədi. Nəhayət, 1866-cı ildə Əhməd bəy, Zərgar, Dilağarda, Yağhvənd və Şahsevən camaatının köməyi ilə, cüzi bir məbləğdə və hökumətlə heç bir formal əlaqə yaratmadan həmin arxı qazdırmağa başladı və Arazdan çıxarılan suyu məşhur Gavur arxı ilə birləşdirmək kimi çətin bir məsələni həll etdi.

Sonrakı məktublaşmadan aydın olur ki, hökumət Əhməd bəyin təcrübə və təşəbbüsünü nəzərə alaraq, göstərilən kanalı yenidən bərpa etmək üçün daha bir təşəbbüs göstərdi və bu məqsədlə 1879-cu ildə xüsusi bir komissiya Əhməd bəyin iştirakı ilə Mil düzünü yoxladı. Komissiya Əhməd bəyin və mühəndis Bexmanın fikri ilə razılaşaraq Gavur arxını bərpa etməyi qərara aldı. Bu məqsədlə 1881-ci ildə plan layihəsi hazırlandı. Lakin bu layihə kağız üzərində qaldı. Suvarma məsələsi ətrafında gedən məktublaşmalar göstərir ki, Əhməd bəy su təsərrüfatı sahəsində böyük təcrübəyə malik idi.

Əhməd bəyin öz mülkündə qazdırdığı kəhrizlər də suvarma sahəsində çalışan bir çox tədqiqatçıların nəzər-diqqətini cəlb etmişdi. 1883-cü ildə Əhməd bəyin qonağı olmuş mühəndis Veys fon-Veyssenqof yazır ki, "Qarabağ mülkədarı Əhməd bəy Cavanşir uzun illər boyu apardığı müşahidələrin nəticələri və qazandığı təcrübə ilə məni tanış edərək, qazdırdığı kəhrizlərlə ətraflı surətdə tanış olmağa mənə imkan yaratdı".

XIX əsrin 70-ci illərində Əhməd bəy hakim sinif nümayəndələrindən kimin həqiqətən bəy silkinə mənsub olduğunu müəyyən etmək məqsədilə yaradılmış Şuşa bəy komissiyasının tərkibinə daxil olur. Bu komissiyanın fəaliyyəti haqqında ətraflı surətdə danışmadan, qeyd etmək lazımdır ki, bəy və ağaların əksəriyyəti vergi və mükəlləfiyyətlərdən azad olmaq üçün saxta sənədlər (xan fərmanları, təliqələr və s.) düzəldərək özlərinin bəy silkinə mənsub olduqlarını sübut etməyə çalışırdılar. Lakin Əhməd bəy bu saxtakarlığa qarşı müqavimət göstərirdi ki, bu da komissiya üzvlərinin narazılığına səbəb olurdu.

Ona görə də F.Köçərlinin göstərdiyi kimi, Əhməd bəyin düşmənləri onu həbs etdirib, bir neçə vaxt həbsxanada saxlatdırdılar. Əhməd bəy ömrünün son günlərini Kəhrizli kəndində keçirərək tarix və ədəbiyyata aid kitabları mütaliə edir, müxtəlif əsərlər yazır və tərcümə ilə məşğul olurdu. Əhməd bəy 1903-cü il yanvarın 9-da, 75 yaşında ikən vəfat etmiş və öz vəsiyyətinə görə Kəhrizli kəndində dəfn edilmişdir.

* * *

Öz peşəsi ilə Əhməd bəy nə tarixçi, nə də ədəbiyyatçı idi. O, Peterburqdakı Pavlov korpusunda təhsil alaraq rus ordusu zabiti kimi imperiyanın müxtəlif şəhərlərini gəzərək qabaqcıl rus mədəniyyəti ilə yaxınlaşmışdı.

Şübhə yoxdur ki, o, Peterburqda olarkən orada yaşayan məşhur şair və yazıçılarla da tanış olmuşdu. Əhməd bəy Puşkini, Lermontovu, Jukovskini sevir, rus şairlərinin əsərlərini tərcümə edir, tarixi əsərlər və hətta şeirlər yazırdı. Kəhrizli kəndində onun zəngin bir kitabxanası da var idi.

Əhməd bəy Puşkinin "Balıqçı və balıq nağılı"nı, Lermontovun "Mtsıri", "Bəhs", "Üç xurma ağacı", "Terekin sovqatı", "Hacı Abrek", Jukovskinin "Yay axşamı", "Yatmış şahzadə qız" və s. əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.

Bunlardan başqa, Əhməd bəy "Kavkaz" və "Новое обозрения" qəzetlərinə müxtəlif mövzularda məqalələr də yazırdı. Əhməd bəy həmçinin uşaqlar üçün nəşr olunmuş mənzum bir əsərin də müəllifidir. O öləndən sonra həmin əsər "Asari-Əhməd bəy Cavanşir" adlandırılmışdır.

Həmidə xanım yazır ki, o, (Əhməd bəy - Ş.Ə.) ölümqabağı həmin əsərin uşaqlar üçün nəşr edilməsini məndən xahiş etmişdi. Senzura həmin kitabın nəşrinə icazə vermişdi. Lakin atamın pulu olmadığından əsəri çap edə bilməmişdi. Mənə "Qeyrət" mətbəəsi sahibi Mirzə Cəlil Məmmədquluzadəyə müraciət etməyi məsləhət gördülər. Mən əlyazmasını Mirzə Cəlilə verərək çap etməsini təklif etdim. O, əsəri oxuyub bəyəndikdən sonra nəşrinə başladı.

Tbilisidə "Qeyrət" mətbəəsində çap olunan bu əsərin cildində Həmidə xanımın xahişi ilə "Bu kitabın satılmasından əldə edilən gəlir mərhum Əhməd bəyin adına olan müsəlman qız məktəblərinə məxsusdur" sözləri yazılmışdı. "Asari-Əhməd bəy Cavanşir" şeriyyəti etibarı ilə müəllifi bir şair kimi xarakterizə etmir. Şeir qaydalarına riayət edilməyərək yazılmış bu əsərdə toplanan "Sevdiməli", "Ay və gün", "Güc məndədir, güc məndə", "Qazı namaz üstədir" və başqa bu kimi doqquz mənzum hekayədə nəsihətamiz sözlərlə elatın həyat və məişəti təsvir edilir. Əhməd bəyin başqa bir görkəmli əsəri - 4 cilddən ibarət olan və bizə gəlib çatmayan "Türk zərb-misallar məcmuəsi"dir. Bu məcmuənin məzmunu haqqında Həmidə xanım yazır: "...əvvəlcə Azərbaycan zərb-misala oxşar olan rus misalı (Dalın əsərindən) yazılmışdı. Əsər çapa hazır idi". Əhməd bəyin bütün əsərlərindən bizim üçün ən mühüm olanı 1883-cü ildə Şuşada yazılmış "Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair" adlı əsərdir.

Bu əsər ilk dəfə 1884-cü ildə Tiflisdə , sonra isə 1901-ci ildə Şuşada nəşr olunmuşdur. Bu dövrdə yaşamış Azərbaycan tarixçilərinin (Mirzə Yusif Nersesov, Rzaqulu bəy Mirzə Camal oğlu, Mir Mehdi Xəzani, Həsənağa xan Qaradaği, Həsən Əfəndi Əlqədəri və başqaları) əsərləri bir qayda olaraq kompelyativ xarakter daşımaqla yerli xronika şəklində yazılırdı.

Əhməd bəyin əsəri də, demək olar ki, o dövrün xronistlərindən fərqlənmir. Müəllif özü etiraf edir ki, bu oçerkin yazılmasında onun istifadə etdiyi əsas mənbələr Mirzə Camalın, Mirzə Adıgözəlin və Axund Mir Mehdinin yazıları, habelə müxtəlif tayfa və qəbilələr haqqında rəvayətlər olmuşdur. Kitabın axırında müəllif "Закафгазье от 1803 по 1806 r." adlı əsərin müəllifi olan N.Dubrovinin də adını çəkir.

Əhməd bəyin özündən əvvəlki müəlliflərdən üstünlüyü bundan ibarətdir ki, o, zəngin kitabxanaya malik olduğundan rus tarixçilərinin əsərlərindən istifadə edə bilmişdi. Cəsarətlə demək olar ki, rus xalqının mütərəqqi, demokratik fikirləri Əhməd bəyin dünyagörüşünə müsbət təsir göstərmişdi. Haqqında danışılan əsəri yazarkən Əhməd bəyin 55 yaşı var idi. Bu dövr 1870-ci il kəndli islahatından sonra Azərbaycan kəndində kapitalist və əmtəə-pul münasibətlərinin inkişafı, muzdlu əməyin tədricən kənd təsərrüfatının bütün sahələrinə daxil olması, feodal torpaq mülkiyyətinin dağılması dövrü idi. Kənd həyatında baş verən bütün bu dəyişikliklər Əhməd bəyə və onun əsərinə müəyyən təsir göstərməyə bilməzdi. Ona görə də "Qarabağ xanlığının 1747- 1805-ci illərdə siyasi vəziyyətinə dair" əsərinə diqqətlə və eyni zamanda tənqidi surətdə yanaşmaq lazımdır.

Əhməd bəy Nadir şahın fəaliyyətinə mənfi münasibət bəsləyirdi. O, ölkənin siyasi vəziyyətini düzgün xarakterizə edərək yazır ki, Nadir şahın öldürülməsindən sonra ölkə bir-birinə düşmən olan bir çox xanlıqlara parçalanmışdı. Əhməd bəy Pənah xanı idealizə edərək, onun fəaliyyətinə müsbət münasibət bəsləyir; onu igid və qoçaq bir dövlət xadimi hesab edərək, hətta Çingiz xan nəsli ilə müqayisə edir. Bununla belə, o, səhv edərək yazır ki, Adil şah rəsmi fərmanla Pənah xanı Qarabağ xanlığına hakim təyin etmişdi. Lakin Zənd sülaləsinin tarixnəvisi Məhəmməd Sadıq yazır ki, "Pənah xan hətta nominal halda belə İran dövlətinin onun üzərinə hakimiyyətini qəbul etməmişdi".

Müəllif öz ikinci babası Mehrəli bəyə dərin məhəbbət hissi ilə yanaşır. Onun fikrincə, Mehrəli bəy əlində şah fərmanı olduğu üçün mütləq hakimiyyət başında qalmalı idi. Əhməd bəyin babası Mehrəli bəyə bu cür birtərəfli yanaşması ondan irəli gəlir ki, vaxtilə xan nəslindən olan müəllif, hakimiyyətin İbrahim xanın əlinə keçməsi ilə əlaqədar olaraq, bəy zümrəsinə düşür və İbrahim xanın vərəsələrinin istifadə etdiyi güzəştlərdən mərhum olmuşdur. Ona görə də o, Məhəmməd bəyi Koroğluya bənzər "əfsanəvi" bir qəhrəman kimi tərifləyir və belə bir nəticəyə gəlir ki, İbrahim xan özünün yüksəlməsi ilə ancaq Məhəmməd bəyin qəhrəmanlığına minnətdardır. Əhməd bəy sözünə davam edərək yazır ki, "xalqı hədsiz tələbləri ilə taqətdən salan İbrahim xan öz dövrünü keçirmişdi və məmləkəti idarə etmək üçün daha zirək bir hakim lazım idi".

Əhməd bəyin fikrincə, belə bir hakim onun babası Məhəmməd bəy olmalı idi. Əhməd bəy üçün müsbət adamlardan biri də hər addımda Məhəmməd bəyin müdafiəçisi olub, sonralar Rusiyaya meyil göstərən qrupa rəhbərlik edən xanın oğlu Məhəmmədhəsən ağadır.

Qeyd etmək lazımdır ki, İbrahim xanın sarayında iki düşmən qrupun olması haqqında bizə Əhməd bəydən başqa heç kəs məlumat vermir. Müəllif bu iki qrup arasındakı ziddiyyətdən danışarkən Rusiyaya meyil edənlərin İran tərəfdarlarına qalib gəldiyini sevinclə qeyd edir. Əhməd bəyin əsərində Ağa Məhəmməd şahın Qarabağa hücumunun təsvirinə böyük yer verilir.

Müəllif İran şahının şəxsiyyətinə nifrətlə yanaşır və işğalçıların talançı hücumlarını böyük qəzəb hissi ilə təsvir edir. O yazır ki, hücumlar nəticəsində əhali dözülməz aclıq çəkmiş, ölkə xarabazarlığa çevrilmişdi. Elə buradaca Əhməd bəy tələsik qeyd edir ki, şah Qacarın öldürülməsində təkcə Məhəmməd bəy böyük xidmət göstərmişdir.

Əhməd bəy Qarabağın tarixini 1805-ci ilə qədər, yəni İbrahim xanın Kürəkçay sahilində Sisianovla görüşünə qədər davam etdirmişdir. Məlum olduğu üzrə, həmin yerdə Qarabağ xanı rus imperatorunun sadiq təbəəsi olacağına and içmişdi. Bununla da müəllif Qarabağ haqqındakı təsvirini bitirir.

"Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair" adlı bu əsər faktların çoxluğu və onların izahı etibarı ilə Qarabağ tarixini öyrənmək üçün bir vəsait kimi qəbul edilə bilər. Lakin qeyd etmək lazımdır ki, bütün yerli xronistlərə xas olan nöqsanlara baxmayaraq, Əhməd bəyin bu qiymətli əsərinin dəyərini azaltmaq düzgün olmazdı. Əgər o dövrdə Azərbaycan tarixinin kifayət qədər öyrənilməməsini və tarixi biliklərin zəif inkişaf etmiş olduğunu nəzərə alsaq, Əhməd bəyin 1747-ci ildən 1805-ci ilə qədər Qarabağın siyasi tarixini təsvir edən belə bir əsəri yazmaqla göstərdiyi təşəbbüsün əhəmiyyəti aydın olar.

# 184 dəfə oxunub

Oxşar xəbərlər

Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman: Abbasqulu bəy Şadlinski kim idi?

Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman: Abbasqulu bəy Şadlinski kim idi?

15:00 24 fevral 2026
Daşnakların qara siyahısındakı daxili işlər naziri - Onun qatili Torlokyan cəzadan necə yayındı?

Daşnakların qara siyahısındakı daxili işlər naziri - Onun qatili Torlokyan cəzadan necə yayındı?

10:00 18 fevral 2026
Çürümüş cəsədə tac qoyub əlini öpdürən kral - Sevgililər Gününün bilmədiyiniz qanlı tarixi

Çürümüş cəsədə tac qoyub əlini öpdürən kral - Sevgililər Gününün bilmədiyiniz qanlı tarixi

12:00 14 fevral 2026
"Ya rüşvət verməliyəm, ya da fahişəlik etməliyəm..." – Stalinə yazılan məşhur məktubun gizlinləri

"Ya rüşvət verməliyəm, ya da fahişəlik etməliyəm..." – Stalinə yazılan məşhur məktubun gizlinləri

14:50 12 fevral 2026
"Bizə hüquq verməyən istibdadınızı yıxacağıq" - 1917-ci ildə kişilərə meydan oxuyan o qadın kim idi?

"Bizə hüquq verməyən istibdadınızı yıxacağıq" - 1917-ci ildə kişilərə meydan oxuyan o qadın kim idi?

10:00 12 fevral 2026
İntihara aparan monoqrafiya - Bağırovun hansı sözündən sonra ona qarşı  düşmәnçilik kampaniyası başlanmışdı?

İntihara aparan monoqrafiya - Bağırovun hansı sözündən sonra ona qarşı düşmәnçilik kampaniyası başlanmışdı?

10:00 11 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər