Oğlunu sellofana bükdürüb basdırmışdı ki, üstünə yağış yağmasın... - Bir qəzanın anatomiyası

Oğlunu sellofana bükdürüb basdırmışdı ki, üstünə yağış yağmasın... -  Bir qəzanın anatomiyası
22 oktyabr 2024
# 15:00

Kulis.az Bəxtiyar Qaracanın "Qarabağ xatirələri" yazısının ikinci hissəsini təqdim edir.

Birinci hissə burada


...O səbəbdən mən şikayətçi ola bilmədim, yəni qardaşımın qanını ala bilmədim. Atamsa onun - bu qəzanı törədənin azadlıqda qaldığını sonacan bilmədi...

Hər şey bir zənglə başladı: “Əmi, nə vaxt gəlirsən? Hamı gedib öz qəbrini tapıb qaydaya salır. Əmimin yerini bizə göstərərdin..”

Söhbət bir il əvvəl tamamilə işğaldan azad olan yurdumuza gedib 33 il əvvəl Moskvadakı işini atıb Bakıya gələn, burda da qərar tutmayıb doğma yurda - Qarabağa can atan, elə bu yolda da canından olan kiçik qardaşımın məzarını axtarıb tapmaqdan gedirdi. Məsələ bundaydı ki, o dəfnə ürək eləyib gedə bilməmişdim. Getmədiyim üçün də məzar yerini bilmirdim...

Xocavəndə gedirik. Şuşaya uzanan Zəfər yolundan ayrılıb köhnə bir yola düşürük. Vaxtilə Ağdamdan Xocavəndə, ordan da Füzuliyə gedən yoldur. Yanından keçdiyimiz Veysəlli kəndi yadıma rəhmətlik Nemət Veysəllini salır. Məndən fərqli olaraq o, azad olan kəndini görə bilmədi. Yasında oğlunu gördüm, elə bil sağıydı, özüydü, ağır-ağır gəzirdi baş çəkməyə gələnlərin arasında... Nədənsə günəş imkan vermir ki, onun burda keçən uşaqlıq, gənclik illərini göz önünə gətirim. Mənə elə gəlirdi ki, heç onun uşaqlığı olmayıb. Elə həmişə belə olub - bu yaşda, bu başda, bu dərddə. Amma mən son dəfə gördüyüm, danışdığım Nemət Veysəlliyə baxıb onun bu dağda-daşda necə bir uşaq olduğunu təsəvvürümə gətirmək istəyəndə maşın bir çökəyə düşdü, fikirlərim qarışdı. Bir yandan da bu günəş... Sağa-sola, hara dönməyimizdən asılı olmayaraq, sanki dayanıb ancaq mənə baxır, az qala düz gözümün içindən də o yana işıq salır, mənim yanımdakılardan, yaxınlardan gizlətməyə çalışdıqlarımı gizlətməyə imkan vermir.

Bu yaxın, həm də uzaq yolu gedə-gedə düşünürəm ki, qardaşım təhsil aldığı, işlədiyi Moskvada qalıb Qarabağa, öz yurduna, torpağına qayıtmasaydı, bəlkə, bütün bu yaşananlar da olmayacaqdı?

Amma neyləmək olar: bizi Qarabağdan, kəndimizdən, ev-eşiyimizdən zorla çıxarsalar da, o kəndi, o yurdu, o dağı-daşı bizim içimizdən nə erməni çıxara bildi, nə zaman...

Onun 6-7 yaşında kənddə qaçıb yüyürdüyü, qayğısız, bəxtəvər günləri heç cür yadımdan çıxmır. Məktəbə getmək istəmirdi. At çapırdı, qoyun-quzu otarırdı, atasını-anasını sevindirirdi. Mən buna mane oldum. Məcbur elədim, onu faktiki atamın-anamın əlindən alıb məktəbə verdim. Sonra əsgərliyə getdi. O vaxt mən Moskvada oxuyurdum. O da gəlib orada Kənd Təsərrüfatı Akademiyasına daxil oldu. Mən Bakıya qayıtdım, o da orada qalmaq istəmədi. Çətinliklə onun iş yerini Bakıya dəyişdirə bildim. Allah Nəbi Muxtarovdan razı olsun. Kənd Təsərrüfatı Nazirliyində işləyirdi o vaxt. Getdim yanına, xahiş elədim, çağırdılar Bakıya. Kaş ki çağırmazdılar... Amma burada da qalmaq istəmədi. İşini buraxıb getdi Qarabağa, Xocavəndə, Xocalıya... Elə o gün oradan qayıdanda bu hadisə baş verdi.

Yanımda həyat yoldaşım, dörd bacım və qardaşlarımın balaları... Onların da ataları artıq bu dünyada deyillər. Onu nədənsə qoymadıq evlənsin. Evlənsəydi, bu uşaqların arasında, bəlkə, onunku da olardı. Əzab dolu suallar bitmir ki, bitmir...

Balaca bir təpəyə sığınan, ot-ələf basan qəbiristanlığa çatırıq. Ermənilər yaxın kəndlərimizdən birinin nisbətən düzənlikdə yerləşən qəbiristanlığını yerlə-yeksan eləyiblər. Bizmki nisbətən yaxşı qalıb – dağıdılan qəbirlər, sındırılan başdaşları burada nə vaxtsa həyatın, ağrı-acının olduğunu yada salır...

Üstündə qardaşımın cavan şəkli boylanan qəbrə yaxınlaşırıq. Amma məlum olur ki, qardaşım oğlunun bir neçə gün əvvəl gəlib tapdığı məzar bizimki deyil. Bacılarımın hərəsi bir söz deyir. Bura deyilsə, bəs hansıdır? Məni ancaq bu düşündürür. Bir neçə gün əvvəl məsələ sanki həll olunmuşdu. Amma indi hər şey təzədən başlayır. Başqa sahiblənə biləcəyimiz məzar da yoxdur. Hamı mənə baxır - biz neyləyəcəyik? Özümü günahkar bilirəm - onda gəlsəydim, dəfndə iştirak etsəydim, bütün bunlar olmazdı yəqin...

Dağılan qəbirlərin arasında bibimin köhnə qəbri də var. Ona baxıram, əmim Qaranı xatırlayıram. İkinci Cahan savaşına gedib qayıtmadı. Heç nəyi qalmadı - nə övladı, nə qəbri, nə ağrısı... Adını kiçik əmim nəvəsinə verdi – o da İkinci Qarabağ müharibəsində şəhid oldu. Nədənsə adlar ölüb dirilə bilir, adamlarsa yox... Qəbirlər arasında gəzdikcə yadıma Əli Kərim düşür: O bunun qəbri üstdə ağlar öz qəbri bilib, bu onun qəbri üstdə ağlar öz qəbri bilib...

Zəng edirlər yaşlı qohumlara. Xeyri yoxdur. Hərə bir şey deyir. Biz bilmiriksə, onlar hardan biləcək? Elə bu vaxt balaca bacım imdadımıza çatdı. Bibimin başdaşı sındırılan məzarına baxıb:

- Qardaş, mənim yadımdadır, - dedi.

- Biz onun üstünə gələndə anamız burda oturub ağlaya-ağlaya bibimin qəbrinə baxıb deyərdi:

- Qumru, Familəti sənə tapşırıram... Burdan o qəbrə baxdığımız yadımdadır.

Bunu deyib elə bir yerdə dayanır ki, orada ümumən qəbirdən-filandan əlamət belə yoxdur. Durduğu yerin yanında ermənilərin qoyub getdiyi böyük bir çala var. Tankı, topu gizlətmək üçün qazıblar. Bilirdilər ki, bizimkilər məzarlığa güllə atmayacaqlar. Atdıqları torpaq isə ətrafı görünməz edib. Ürəyim ağrıyır: ermənilərin hər atdığı gülləyə ilk səksənən mənim qardaşım olub, demək. Qəbiristanlığın ətrafındakı üzümlükləri qırıb ermənilər hər tərəfdə nar bağları salıblar. Hara baxıramsa, onları görürəm. Yaşıl yarpaqların arasından görünən narlar mənə nədənsə bu dəfə yaranı, qanı, ağrı-acını xatırladırdı...

Yaxşı ki, uşaqlar bel də götürüblər özləriylə. Qorxa-qorxa, ehtiyatla həmin yeri ermənilərin tökdüyü torpaqdan təmizləməyə başlayırlar. Bir azdan salafan qalıqları çıxır qabağımıza. Bacım az qala sevinir:

- Buradır. Yadımdadır, dəfndən sonra möhkəm yağış yağırdı. Anam heç cürə sakitləşə bilmədi ki, o, yağışın altındadır. Gecəynən o sellofanı qardaşlarım gətirib onun üstünə çəkdilər.

Sonrası daha kədərli və daha üzüntülü... Sanki hər qatda bir ağrı-acının, bir müsibətin üstünü açırıq. Bir azdan qırmızı parça qırıqları görünür. Bu, artıq o faciənin əlamətidir. Dəfndən sonra nakamlıq əlaməti olaraq qəbrin üstə çəkilən qırmızı parçadır. İnamımız artır. Deməli, ona doğru gedirik. Uşaqlar az qala əlləriylə torpağı qazırlar. Bir azdan beton dirəklər, dəmir borular üzə çıxır. Dayanırıq, tapa bildik deyəsən...

Böyük bacım danışır ki, işğaldan əvvəl son dəfə atam olub burda. Anam atama verdiyi yeməyi o da hər gün gətirib oğlunun üstünə qoyurmuş... Ermənilər gələndə də burdaymış. Geri çəkilən əsgərlərimizdən biri: “Əmi, tez ol, erməniləri saxlaya bilmədik, gəlirlər”- deyib onu buralardan aralayıb. Sonralar atam bu hadisəni xatırlayarkən deyərdi: - Üzü Beyləqana sarı qaçan adamlara qoşulub qoyun-quzu da sel kimi axıb gedirdi. Sanki onlar da kimlərin gəldiyini bilirdi...

Müstəntiqin dediyindən belə çıxırdı ki, böyük qardaşım həmin vaxt yolda qəza nişanlarını qoysaydı, bəlkə də, bunlar olmayacaqdı. Bəlkə də... İndi bu yazını yazarkən o vaxt çətinliklə əldə etdiyim yazı makinamı qardaşımı sorğu-sualları ilə incitməsin deyə həmin müstəntiqə “bağışla”dığımı xatırlayıram. Təkcə incitmək yox, tutmasınlar, cinayət işi açmasınlar deyə. Ailəmizə ikinci dərdi yaşatmasınlar deyə. Atam ən kiçik oğlunu itirməklə bərabər hamımızdan çox istədiyi böyük oğlunun da tutulmağına heç cür dözə bilməyəcəkdi. O səbəbdən biz, yəni mən şikayətçi ola bilmədim. Yəni qardaşımın qanını ala bilmədim. Atamsa onun - bu qəzanı törədənin azadlıqda qaldığını sonacan bilmədi. “Tutublar, iş gedir”, - dedim hər soruşanda... İndi onun Beyləqandakı qəbrindən torpaq götürüb qardaşımın qəbrinə səpəndə də dedim: “Bağışla. Mən başqa yolunu tapa bilmədim. Onda həm səni, həm qardaşımı qorumaq istədim...”

Nədənsə inanıram ki, qardaşlarımın son yaşantıları həmin makinada yazılıb. Qardaşımın ölüm kağızı da...

Məzarlıqdan ayrılıb dağılan kəndimizə doğru gedə-gedə hamımız uşaq kimi sevinirik. İtirdiyimizi tapdığımıza sevinirik. Elə bil qardaşımızı qaytarıb yenidən bizə veriblər. “Kəndimiz” demişkən, buna kənd demək mümkünmü? Zəngilanın, Ağdamın, Kəlbəcərin, Füzulinin, Cəbrayılın... halını görənlər bunu asanlıqla təsəvvür edə bilərlər. O faciələrin davamı burdaydı. Bəlkə də, bizdəki faciələrin təkrarı oralarda yaşandı. Çünki işğal, demək olar ki, bu balaca kəndlərdən başlayıb şəhərlərə doğru addımladı.

Dağılan evlərə, ot basan yollara baxıb bir vaxt zəlzələdən sonra Şamaxıya dönən şairin hüznlü misraları yadıma düşür:

Qürbətdə deyirdin ki, Zülali, vətənim var...

Ensin gözünə qara su, Ağsu vətən oldu....

Amma burda həm də bir xoşbəxtlik vardı. Buranı, axır ki, illər sonra mənim və yaxınlarımın ixtiyarına vermişdilər. Səbəkarlara minnətdarıq. Qəribədir, bu gün bu məkanda bizdən başqa heç kim yoxdur. Başqa vaxtlar, bəlkə belə sükutdan qorxa bilərsən, amma indi yox. Evimizin divarları arasından qalxan ağaclara, bir də hər yanı bürüyən nar kollarına baxıram. Sanki bu yer, bu yurd bizimlə ancaq nar dilində danışmaq istəyirdi. Bir yandan da bu günəş...

Xaraba yurd yerində dolaşa-dolaşa ilk yazıma gələn rəyləri xatırlayıram: “Ağdamda bizim soyuducuda ağac bitmişdi...”, “Mənim qardaşım da 25 yaşında əlimizdən getdi...”, “Bir roman təsirində yazı...”, “Yadımdadır, ilk bizə gəldiyiniz gün: mən danışıb ağladıqca siz də ağladınız...”, “Bu da bir ağıdır, ağacların da dəli ola biləcəyi bir ağı...”, “Yazını oxuduqca çox təsirləndim, çünki bu faciə mənim el-obamın və kəndimin faciəsi di...”

Bundan sonrasını hər kəsin təxəyyülünə, ruhuna, qəlbinə tapşırıb, çətinliklə də olsa, günəşi özümdən aralayıb birtəhər mənə baxan evimizə sarı getməyə çalışıram, həm də indi mənim kimi minlərlə insanın dərdini, hüznünü, kədərini Şəhriyardan yaxşı kiminsə ifadə edə bilməyəcəyinə əminliklə bu günümə şükr edib sabahıma təsəlli verirəm:

Qalalar darmadağın, sərbaz ölüb, səngəri boş

Dirilərdən də dəxi yağı gedibdir - dəri boş...

Şəhriyar kəndə gəlib, kənd uşağının yeri boş...

Mən görənlər hamı getmiş, hamı itmiş, batmış,

İşləyib axırda yorulmuş, yatmış...

# 2433 dəfə oxunub

Oxşar xəbərlər

Ermənilərin Novxanıya hücumu - Məşhur axundu niyə güllələmişdilər?

Ermənilərin Novxanıya hücumu - Məşhur axundu niyə güllələmişdilər?

09:00 28 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
#
#
# # #