Şaumyanın Mart qırğını ilə bağlı Leninə dəhşətli etirafı

Şaumyanın Mart qırğını ilə bağlı Leninə dəhşətli etirafı
31 mart 2021
# 12:14

Ermənilərin azərbaycanlılara qarşı ədavəti özünün tarixi ilə yaxşı məlumdur. Tarix boyu torpaqlarımızın işğalı niyyəti ilə yaşayan bədnam qonşularımız bunun üçün istənilən fürsətdən istifadə ediblər.

XX əsrin əvvələrində, çar imperiyasının süqutundan sonra qarmaqarışıq dövrlərdə erməni siyasətbazları müxtəlif siyasi donlara bürünərək Azərbaycana qarşı olan çirkin məqsədlərini həyata keçirməyə cəhd ediblər. Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasına aparılan yolda xalqımızın apardığı mübarizəyə erməni daşnaklarının və siyasətbazlarının necə mane olduğu bu gün üzdə olan tarixi faktlardır.

Bu tarixi sənədlər Azərbaycan xalqını böyük geopolitik savaşa sürükləyərək onun sərvətlərini hərraca çıxarmaq istəyən, soyqırıma məruz qoyan Bakı Sovetinin və onun erməni-daşnak rəhbərlərinin apardığı xain siyasətini ifşa edir.

Bu gün həmin dəhşətli hadisənin -1918-ci il 31 mart soyqırımının 103 ili tamam olur.

Sovet Rusiyasının rəhbəri Vladimir Leninin Qafqazdakı canişini, fövqəladə komissar səlahiyyətli Stepan Şaumyan və onun rəhbərlik etdiyi Bakı Soveti cidd-cəhdlə Azərbaycanın müstəqilliyinə mane olmağa çalışırdı. Bakıda Rusiyanın xeyir-duası ilə baş verən hadisələrdə başlıca məqsəd Bakını ölkənin digər hissələrindən ayırmaq və bununla da Azərbaycanı paytaxtsız qoymaqla onun bütünlüyünə imkan verməmək idi. Azərbaycan əhalisi bolşevikləri dəstəkləmirdi, ölkənin istər ziyalı, istərsə də sadə vətəndaşları arasında milli özünüidarə ideyası daha populyar idi. Təsadüfi deyil ki, 1917-ci il noyabrın 2-də Bakıda Şaumyanın ali hakimiyyət orqanı elan etdiyi Bakı Sovetinin əsas arxalandığı qüvvə yerli vətəndaşlar yox, Bakıda yerləşən rus hərbi qarnizonu idi.

1918-ci il fevralın 14-də Leninin Şaumyana göndərdiyi teleqram bu baxımdan əhəmiyyətlidir. Lenin yazırdı ki, “Sizin qəti siyasətiniz bizi çox sevindirir. Bacarıb həmin siyasəti indiki çox çətin vəziyyətin tələb etdiyi çox ehtiyatlı bir diplomatiya ilə birləşdirin”.

Bu “diplomatik” tövsiyənin fəsadları özünü çox gözlətmədi. Bakıdakı mart qırğını, Bakı Sovetinin erməni daşnak hərbi birləşmələri ilə birgə hərəkət planı və Bakı neftinin Rusiyaya ötürülməsi kimi hadisələr üçün bu teleqram razılıq aktı oldu.

Mart qırğını – əvvəlcədən düşünülmüş soyqırımı!

1918-ci ilin mart qırğını Bakı Sovetinin xain avantürası idi. Bakıda və Azərbaycanın digər yerlərində milli hisslərin sürətlə artması, Azərbaycanlıların öz ölkələrinə sahib çıxmaq istəyinin ön plana çıxması bolşevikləri çıxılmaz vəziyyətə salırdı. Onlar buna yol verməməyi qərara almış, yaranmaqda olan milli kimlik və dövlətçilik xəttini nəyin bahasına olursa-olsun dağıtmaq və şəhəri birbaşa Rusiyaya tabe etdirmək xətti tutmuşdular.

1918-ci ilin martın 15-də, Bakı Sovetinin iclasında “Zaqafqaziyada işlərin vəziyyəti haqqında” məruzəsində Şaumyan həyasız bir soyuqqanlılıqla deyirdi ki, “Bakı Soveti Rusiya Xalq Komissarları Sovetinin açıq elan etmiş olduğu vətəndaş müharibəsinin Zaqafqaziyada başlıca dayağı və mərkəzi olmalıdır”.

“Dikaya Divizaya”nın tərksilah eidilməsi mart qırğınları üçün bəhanə oldu – bolşeviklər təxribata əl atmaqla bu faciə üçün zəmin qazandılar.

Mart qırğınından sonra Rusiya Xalq Komissarları Sovetinə göndərdiyi məktubda Şaumyan yazırdı ki, “Bakıda sovet hakimiyyəti müsəlman millətçi partiyalarının müqaviməti nəticəsində daim havadan asılı vəziyyətdə idi. …Onların qələbəsi Zaqafqaziyanın Rusiya üçün itirilməsi demək olardı… Buna görə də bizim süvari dəstəmizin üzərinə ilk silahlı basqın cəhdindən istifadə edib bütün cəbhə boyu hücuma başladıq”.

Bu etiraf dəhşətli bir siyasətin konturlarını açır. Rusiyaya azərbaycanlı olmayan Bakı lazım idi, çünki “sovet hakimiyyəti qurmaq” adı altında Azərbaycan bölgələrinə gedən erməni-bolşevik güruhu yerli əhalidən dəstək görmürdü. Onlar başqa millətlərin köməyi ilə oyuncaq “sovet hakimiyyəti” elan etməyə məcbur olurdular. Qubadakı soyqırım, Muğan Sovet Respublikası avantürası məhz rusların və ermənilərin əli ilə ortaya atılmışdı.

“Beynəlmiləlçi və ideyalı kommunist” Şaumyan öz məqsədinə çatmaq üçün sinfi düşmən elan olunmuş daşnaklarla razılaşma imzalamaqdan belə utanmamışdı. Bakıda azərbaycanlı əhalinin cəzalandırılması məhz daşnakların əli ilə həyata keçirilirdi.

Bakı Soveti 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır və təxminən 7 min əsgəri müxtəlif yerlərdən Bakıya gətirir. Bundan başqa “Qırmızı Qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Erməni dəstələri mzsəlmanların evinə basqın edərək onları vəhşicəsinə öldürməyə başlayırlar. Həmin soyqırım zamanı 12 mindən artıq azərbaycanlı qanına qəltan edilir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir. Mart soyqırımında təkcə Bakıda 12 mindən çox azərbaycanlı öldürülmüşdü.

Bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri yalnız Bakı ilə bitmir. Onlar Quba, Şamaxı,Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımı davam etdiriblər. Qatil S. Lalyansın dəstələri 3-16 aprel tarixində Şamaxı əhalisinə divan tutur. Onun Yerli ermənilərin köməyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinin erməni ordusu tərəfindən dağıdılıb. Təxminən 8 mindən artıq insan öldürülüb. Bunların 1653 nəfəri qadın 965 nəfəri uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə cəmi 1700 nəfər adam qalmışdı.

Ermənilərin 1918-ci il mart və aprel aylarında Şamaxı və ona bitişik kəndlərində törətdikləri qətliamı sübüt edən çoxlu sayda arxiv materialları var. Bu materiallar arasında 22 noyabr 1918-ci ildə Təcili Araşdırma Komisisyasının başçısı A.Xassməmədovun ADR-in Ədliyyə Nazirinə Şamaxı şəhəri və ona bitişik kəndlərinin dağıdılması, əhalinin öldürülməsi barədə məlumat, həmin komissiyanın bu məqsədlə komissiya başçısına verdiyi məlumatı, çinayətkar şəxslərlə bağlı təcili məhkəmə işinin başlanması haqqında komissiyanın 12 iyul 1919-cu il tarixli qərarını göstərmək olar. Həmin soyqırımı əks etdirən faktlar isə 7 cild, 925 səhifədən ibarətdir.

Quba qəzasında hadisələr də eyni istiqamət üzrə cəryan edirdi. Aprel ayında Quba qəzasına göndərilən Hamazasp ona “Xəzər dənizindən Şahdağadək olan ərazidə müsəlmanları məhv etmək əmrinin” verildiyini bildirir. Onun başçılıq etdiyi daşnak-bolşevik dəstələri Quba qəzasında 122 kəndi yandırmışdılar. Ermənilər tərəfindən törədilən bu soyqırım zamanı 30 mindən artıq adam öldürülüb. Qırğının əsas təşkilatçılarından olan S. Şaumyan RSFSR XKS-ə 1918-ci ildə yazdığı məktubunda həyasızcasına etiraf edir-“Daşnakstyunun 3-4 minlik milli hissələri bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik”.

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni bolşevik -daşnak guruhu 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdu. Vəziyyət o qədər qəliz idi ki, Bakı Sovetini dəstəkləyən Müsəlman Sosialist Partiyaları Bürosu təcili olaraq Erməni Milli Komitəsini buraxmağa, bu komitəyə tabe olan silahlı qoşunları Bakıdan çıxarmağa çağırırdı. Vəziyyətin böhran həddinə çatdığını anlayan Şaumyan, Leninin tövsiyə etdiyi kimi, “diplomatiya” oyunu qurdu. 1918-ci ilin aprelin 20-də İnqilabı Müdafiə Komitəsi yaradıb ermənilərin komitəsini ləğv etməyi təklif etdi. Amma bütün bunlar gözdən pərdə asmaq üçün idi – bu qurum da, erməni qoşunları da sona qədər Bakıda fəaliyyət göstərdilər. Məşum mart soyqırımında onlar öz qanlı missiyalarını məharətlə yerinə yetirdilər. 100 minlərlə soydaşımız mart soyqırımının qurbanı oldu.

1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul etdi.

Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb.

Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

X.Səfəroğlu
azpost.az

# 5167 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
#
#
# # #