Kitab ala bilmədiyim şəhər

Kitab ala bilmədiyim şəhər
8 iyul 2014
# 11:55

Svetlana Turan

Balaca bir küçə təsəvvür edin. Kənarında səki. Küçə boyunca uzanan bir neçə mərtəbəli evlər. Evlərin aşağı mərtəbəsi dükanlardı. Küçənin hər iki başında kitab dükanını təsəvvür edin. İndi də beş belə küçə, yox, düz on, yox-yox, lap iyirimi, otuz belə küçə təsəvvür edin. Hamısının da hər iki qurtaracağında kitab dükanı olsun. Bu küçələrin şəhərinə ad vermək gərək. Qoy adı Tehran olsun...

Küçəsinin bir başından girəndə kitab görüb o biri başından çıxanda yenə kitab gördüyüm Tehran. Hər kitab dükanın ön rəflərinə müxtəlif ölçülərdə Quran düzülüb.

Dükanlarının arxa rəflərində düzülmüş uşaq kitablarından başı çadralı balaca qızların boylandığını, adlarını oxuya bilməsəm də, şəkillərindən birinin Lenindən, digərinin Stalindən, üçüncüsünün Brejnevdən, onlardan bir az aralı qoyulmuş dördüncü kitabın isə Stiv Cobsdan bəhs etdiyini, ayrıca rəfdə dünya ədəbiyyatının məşhur əsərlərinin farscaya tərcümə olunmuş nümunələrini görürəm. Hər bir kitab gözəl tərtib olunub və keyfiyyətlə üzlənib. Hamısı mənə gülümsəyir. Mən də onlara baxıb gülümsəyirəm. “Sizi necə alım?! Eynən bu ölkənin sakinləri kimi, üzünüzü tanıyıram, amma dilinizi bilmirəm”.

Tehran – kitablarına valeh olduğum şəhər. Tehran – kitab dükanlarının sayına təəccüb etdiyim şəhər. Tehran – bircə kitabını belə almadığım şəhər...

Kitab dükanından çıxıram. Gedib anama yaylıq alıram. Sonra qızlarım üçün süni daşlardan düzəldilmiş qolbaqlar alıram. Satıcılar ingilis dilini yaxşı bilir. Al-verin sonunda onlara sonda hər iki tərəfin başa düşdüyü sözü deyirəm: “Təşəkkür”. Cavabında “Mersi” eşidirəm.

Ürəyim dözmür. Yenə kitab dükanına girirəm. Kitab ala bilmirəm. Mənası yoxdur. Qeyd kitabçası alıram. Bununla da, özümü sanki kitab alıbmış kimi hiss edirəm. Kassaya yaxınlaşıram. Pulu ödəyirəm. Kassa arxasında əyləşmiş gözəl fars qızı mənim “təşəkkürüm”ə gülümsəyərək “mersi” ilə cavab verir.

Bakıya qayıdandan sonra anam hal-əhval tutduqdan sonra soruşur:

- Heç fars dilində söz öyrəndin?

Deyirəm:

- Hə.

- Nə söz?

- Sənə maraqsız olacaq. Gəl ondansa, sənə Sergey Dovlatovdan balaca bir hissə danışım.

- Yenə başladın Dovlatovdan?

- Balacadır. Özü də onun “Qeyd kitabçaları”ndan.

- Yaxşı, danış.

- Bax necə yazıbsa, elə də danışacam:

“Qonşunun balaca oğlu yay tətilində Ukraynaya istirahətə getmişdi. Qayıdandan sonra ondan soruşduq:

Ukrayna dilini öyrəndin?

- Öyrəndim.

- Onda ukraynaca bir şey de.

- Məsələn, “mersi””.

# 3247 dəfə oxunub

Müəllifin son yazıları

# # #