Mən o kişini sevirəm - Günün şeiri

Mən o kişini sevirəm - Günün şeiri
5 noyabr 2025
# 11:00

Bu gün tanınmış şair Rəbiqə Nazimqızının doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və "Günün şeiri" layihəsindən onun "İbrahim peyğəmbərə" şeirini təqdim edir.

Nə qolları övlad həsrətiylə göynəyən Sara,
nə oğlu qucağında səhralara duşmüş Həcər anlar məni.
Yalnız sən, İbrahim,
təkcə sən bilərsən...
Mən torpağa bənzəyirəm,
yetirə də bilərəm,
gəzdirə də,
içimdə basdıra da bilərəm hər şeyi.

Dənizdən çox,
qarmaqdakı yemə gələn balıqların sevincinə kövrəlirəm,
balıqçının torunda inci tapmaq ümidinə ağrıyıram.
Hərdən təlxək kimi güldürürəm ,
hərdən timsah kimi ağlayıram.
Saman çöpünü
çöplüyündə boğulanlara saxlayıram.

Mən göylərdən yox,
göylərin özünü istəyirəm,
uçmaq yox,
qucaqlamaq istəyirəm göy üzünü -
qollarım boş qalmasın deyə.
Heç nə istəmirəm,
nə borc, nə hədiyyə...

Mən o kişini sevirəm -
həyatı arxasınca sürüyən adamı.
Hərdən ürəyimi kükrədən,
Hərdən qollarımda kiriyən adamı...
Günahımdan qalxan düzəldirəm,
dəbilqə kimi başımda gəzdirirəm onu,
silah kimi tuşlayıram yad ünvanlara .
Mən hara, məsumluq hara...

Mən iki dəfə qadın oluram -
sevəndə -
dünyanı soyunub
əllərini geyinəndə sevgilimin
gizli-gizli.
Qulağımdan silinəndə başqa səslər,
təmizlənəndə...
Bir də hər ay sonu ,
intizarla gözləyəndə qadınlığın haray çəkib
məni dağa-daşa salan ağrısını.
Ayıbımdan qızaranda üstüm-başım,
kirlənəndə... sevinirəm...
Bax o anda, İbrahim,
içimdən bir hiss keçir -
mən qatiləm -
bətnimdəcə doğulmamış
arzuları
parça-parça öldürürəm...

# 1591 dəfə oxunub

Oxşar xəbərlər

"Gəlib mən alardım sənin könlünü..." - Davud Nəsib

"Gəlib mən alardım sənin könlünü..." - Davud Nəsib

14:50 25 avqust 2026
"Bu uşaqlar Leyli-Məcnun eşqindən doğulmuş işıqlardı..." - Fikrət Qocanın şeirləri

"Bu uşaqlar Leyli-Məcnun eşqindən doğulmuş işıqlardı..." - Fikrət Qocanın şeirləri

10:45 25 avqust 2026
"Sevmək nə imiş, bir gün anlayarsan..." - Ümit Yaşar Oğuzcan

"Sevmək nə imiş, bir gün anlayarsan..." - Ümit Yaşar Oğuzcan

11:30 22 avqust 2026
"Bu dünyada qorxulu heç kəs yoxdur: Səndən savayı..." - Çuvaş şairdən şeirlər

"Bu dünyada qorxulu heç kəs yoxdur: Səndən savayı..." - Çuvaş şairdən şeirlər

16:30 21 avqust 2026
"Hər şeyi gözəl edən köksündəki ürəkdir..." - Yeni şeirlər

"Hər şeyi gözəl edən köksündəki ürəkdir..." - Yeni şeirlər

17:10 20 avqust 2026
"Di gəl ki, ürəyimdə ölümün də yeri var..." - Salvatore Kvazimodonun şeirləri

"Di gəl ki, ürəyimdə ölümün də yeri var..." - Salvatore Kvazimodonun şeirləri

14:10 20 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər