Roman yazmağı öyrədən kitablardansa bu yazını oxuyun

Roman yazmağı öyrədən kitablardansa bu yazını oxuyun
28 iyun 2013
# 12:09

Kulis.Az Svetlana Turanın tərcüməsində Anatoli Matviyenkonun litkritika.by saytında verilmiş məqaləsini ixtisarla təqdim edir.

“Romanı necə yazmalı” kitabları haqqında

Kağız üzərində çap olunmuş işlərimin sayının çoxluğuna baxmayaraq, mən “şedevr” yazmağın sirrini bildiyimi deyə bilmərəm. Ona görə də bu sahədə kiməsə dərs keçmək istəməzdim. Mən hələ ki, yaradıcı axtarışdayam. Amma öz ilk təcrübələrim, nəşriyyatlar və redaktorlarla ünsiyyət mənə başlanğıc mərhələdə daha çox yol verilən səhvləri müəyyən etməyə imkan verir. Bəzi məsləhətlərim sizə çox sadə görünəcək, lakin mən il yarım öncə əlyazmalarımı ürəyim əsə-əsə nəşriyyatlara yollayarkən çox şeydən xəbərsiz idim.

Özümü heç də sizdən üstün tutmaq fikrim yoxdur, sadəcə, müasir şərtləri nəzərə alaraq dırmıq aləti haqqında bəhs edəcəyəm.

Ən üzdə olandan başlayaq. İnternet böyük miqdarda informasiyanı, o cümlədən ədəbi materialları əhatə edir. İlk baxışdan hər şey çox sadə görünür. Bu sahənin dahilərinin məsləhətlərinə əməl et və qızıl açar cibindədir... Dap! Dırmıq alnına birinci kərə dəydi.

İstənilən adekvat adam “Kitabı necə yazmalı” mövzusunda bir neçə kitab oxuduqdan sonra bu kitabların əsas məqsədinin yeni başlayan yazarlara real kömək etmək deyil, kütləvi şəkildə tiraj olunaraq öz müəlliflərinə pul qazandırmaq olduğunu anlayacaq.

Ona da diqqət edin ki, mən yazıçılardan deyil, yeni başlayan müəlliflərdən danışıram. Ona görə də bəzi terminləri indidən müəyyən edək. Ədəbiyyat kütləvi yaradıcılıqdır. Şöhrət və böyük tiraj, həm də onların nəticəsi olaraq böyük pullar yazmağa başlayan hər kəsin arzusuna çevrilir. “Redaktorlar mənim mətnimi anlayacaq qədər inkişaf etməyiblər” kimi çığırtılar istedadsız qrafomanların özlərinə təsəlli etmək cəhdləridir.

2013-cü ilin fevral ayına kimi hərəsi 24 min tirajla çap olunmuş beş kitabım və redaktorlar tərəfindən qəbul olunmuş bir neçə əlyazmam olduğu üçün mən yeni başlayan yazıçı hesab olunuram. Nə vaxt ki, kitablarım yenidən nəşrə gedəcək bax o zaman yazıçı sözündən əvvəl gələn “yeni başlayan” sözləri aradan qalxacaq.

Uğurlu və məşhur yazıçıların il ərzində ümumilikdə 1 milyon nüsxədən çox kitabı satılır və həmin yazıçılar maddi cəhətdən yaxşı təmin olunurlar. Söhbət, əlbəttə ki, rusdilli yazıçılardan gedir. İngilis-amerikan yazıçıları haqqında danışarkən tirajın sayı onlarla milyonu keçir.

Təbii ki, söhbət nəşriyyat hesabına çap olunmuş kitablardan gedir. Çünki öz pulların və ya sponsorun köməyi ilə istənilən mətni çap etdirmək olar, hətta “Mən yay tətilimi necə keçirdim” inşasını da. Əlyazmanın internetdə çıxması müsbət olsa da, böyük bir iş deyil.

Yazıçılıq sənətindən bəhs edən kitablarda çox vaxt o qədər də xoş olmayan özünəvurğunluq olur. Sanki qələm ustadları gənc müəllifin başına sığal çəkərək deyir: mənim kimi dahinin paxıllığını çək. Mənim kimi işlə və yeni “Bentli”n üçün yer saxlatdır. Bir halda ki, mənim kitabımı oxuyursan, deməli, xoşbəxtlik quşu sənə sarı uçur. Ona görə də həmin kitablarda verilən tövsiyələrə tənqidi yanaşmaq və öz başınla düşünmək lazımdır.

Gülməli səslənsə də, əvvəlcə Word proqramında heç olmasa 12-20 min işarəlik bir hekayə yazmaq lazımdır ki, sonradan vəsaitlərə girişəsən. Ayağı bir dəfə də olsun suya dəyməyən bir insanın üzgüçülük haqqında oxumasının mənası nədir ki?! Fikrimcə, mədəni insan və gələcək yazıçıların böyük əksəriyyəti heç bir vəsait oxumadan heç olmasa bir hekayə yazacaq, sonradan isə vəsait və dərsliklərə əl atıb öz ilk işindəki çatışmazlıqları axtaracaqlar.

Uzun axtarışlardan sonra içində daha faydalı məsləhətlər olan kitab kimi Ceyms Freyin “Dahiyanə romanı necə yazmalı” kitabını tapa bildim. Belarus müəlliflərindən Olqa Qromıkonun “Öz əllərinlə raket düzəlt” kitabını məsləhət görərdim.

Rus yazıçılarından Elvira Baryakinanın bu sahədə ayrıca saytı və orada yerləşdirilmiş xeyli məsləhətləri var. O, məşhur qadın romanları müəllifi olsa da, öz əsərləri bir o qədər də uğurlu deyil. Amma yazıçılıq haqqında yaxşı məsləhətlər verə bilir. Bu məsləhətlərin çoxu pulludur. Ancaq onlardan ötrü pul köçürməyə dəyməz, çünki elə həmin saytda belə kitabların en sayda siyahısı vardır. Bu siyahıdakı kitabların heç olmasa yarısını oxumaq, ən azı, bir il vaxt alar.

Fantastik janrda yazmaq istəyənlər üçün Sergey Çekmayevin məsləhətləri faydalı ola bilər.

Yuri Nikitinin kitabları isə sanki daş-qaşlı tutacağı olan dırmığa bənzəyir. O, ikinci nəşr görmüş “Necə yazıçı olmalı” kitabının müəllifidir. Kitabda gənc yazıçılara ünvanlanan lağlağı normal məsləhətlərdən çoxdur.

Nə isə gəlin nəticələr çıxaraq:

1. Əgər sizin hələ də nəşriyyat hesabına kağız üzərində çap olunmuş əsəriniz yoxdursa, özünüzü yazıçı hesab etməyin. Özünü aldatma ilə məşğul olmayın.

2. Ən aşağı tirajla bir-iki əsəriniz çıxdıqdan sonra adınızın əvvəlindəki “yeni başlayan” kəlmələrini yığışdırmağa tələsməyin. Yazıçı elə qəribə məxluqdur ki, onun əsərlərini təkrar-təkrar oxumaq istəyi olmalı və kitabları təkrar nəşrə getməlidir.

3. Hələ heç bir şey yazmamış ədəbiyyat texnikası ilə bağlı kitabları oxumağa girişməyin.

4. Oxuduqlarınıza o dəqiqə inanmayın, hər şeyə tənqidi yanaşın, hətta mənim məsləhətlərimə də.

# 8478 dəfə oxunub

Müəllifin son yazıları

# # #