Biz çox vaxt oxuduğumuz əsərlərin janrı haqqında düşünmürük. Bizi daha çox maraqlandıran əsərin mahiyyətidir. Lakin başqalarına oxuyub bəyəndiyimiz hər hansı əsər haqqında məlumat vermək istədikdə “Bəs əsər hansı janrdadır?” sualı ilə qarşılaşırıq və həmin an anlayırıq ki, oxuduğumuz bədii nümunələrin janrını bilməyin öz əhəmiyyəti var.
Oxuduğun əsərin hansı janrda yazıldığını bilmək həm də əsəri daha dərindən dərk etməyə kömək edir.
Son zamanlar dünya ədəbiyyatında bir çox yeni cərəyanlar və janrlar yarandığı üçün oxucular onları əksər hallarda səhv salırlar. Hal-hazırda ən çox səhv salınan – fantastika və fentezi janrlarıdır.
Əslində, fentezi lap əvvəldən fantastikanın bir istiqaməti olub, sonradan isə ayrıca bir janr kimi öz təsdiqini tapıb.
Fantastikanın tarixi çox qədimdir. Homerin “Odisseya” poemasında fantastik elementlər olduğuna görə bu əsəri fantastika janrının ilk nümunəsi hesab edirlər. Amma əslində, elə həmin əsərin özündə fentezi elementləri daha çoxdur.
Hər iki sözün kökü eynidir: fentezi “fantaziya, xəyal etmə, xəyal qurma”, fantastika isə “qeyri-adi, fantastik” deməkdir.
İlk növbədə fantastikanın nə olduğunu aydınlaşdıraq.
Fantastika adətən gələcəyi, qeyri-adi texnoloji inkişafı, başqa planetlərdəki varlıqları təsvir edən, bir də bütün bunların fonunda həm realistik, həm də romantik mənzərə yarada bilən ədəbiyyat janrıdır. Fantastlar öz əsərlərində daim yeni texnologiyalar, robotlar “icad” etməyə, insanlığın gələcəyini öncədən görməyə cəhd edirlər.
Fantastikanın fentezi, magik realizm, elmi fantastika, qorxu və s. istiqamətləri vardır. Onların arasında fentezi məşhur ingilis yazıçısı Con Tolkinin sayəsində ayrıca bir janr kimi inkişaf etmiş, elmi fantastika isə fantastika janrının əsas istiqamətlərindən biri olmuşdur.
Ona görə də fantastikanın köklərini çox qədimlərdən başlayaraq Homer, Diogen, Apuley, Petroni kimi antik şairlərin, Kretyen de Trua, Tomas Melori, Ariosto kimi orta əsr yazıçılarının, Miqel Servantes, Fransua Rable, Tomas Mor, Tomazzo Kampanella, Frensis Bekon, Con Milton, Dante kimi renesans dövrü ədiblərinin, Conatan Svift, Sirano de Berjerak, Tobias Smollet, Hans Kristian Andersen (uşaq fantastikası), İohann Höte, Moris Meterlink, Aleksandr Blok kimi XVII-XIX əsr klassiklərinin əsərlərində axtarsalar da, fantastika janrı bu günkü şəklini məhz XIX-XX əsrlərdə elmi fantastikanın inkişafı ilə aldı.
Bu, ilk növbədə, fransız yazıçısı Jül Vernin əsərləri ilə başlandı. Daha sonra Herbert Uells, Artur Konan Doyl, Aleksandr Belyayev, Aleksey Tolstoy və daha gec nəslin nümayəndələri – Rey Bredberi, Ayzek Əzimov, Robert Xaynlayn kimi yazıçıların əsərləri ilə daha da inkişaf etdi.
Həm fentezinin, həm də fantastikanın əsas mövzusu qeyri-real hadisələr, varlıqlar və paralel dünyalardır. Amma onları bir-birindən kəskin şəkildə fərqləndirən xüsusiyyətlər də vardır.
Fentezi janrında fantastikadan fərqli olaraq gələcək deyil, keçmiş, daha dəqiq desək, orta əsrlər dövrü təsvir olunur. Fantastika üzünü gələcəyə tutub onun necə olacağı haqda mülahizələr yürütdüyü halda, fentezi keçmişə baxır və onu fərqli prizmadan – elflər, əjdahalar, cırtdanlar, trollarla dolu sehrli bir dünya yaradır. Məhz bu xüsusiyyətinə görə bəzən fentezini nağıllarla eyniləşdirirlər.
Son dövrlərdə fentezinin “şəhər” istiqaməti də çox geniş yayılmışdır. Bu zaman yazıçı istənilən müasir şəhəri elə indiki dövrdə, lakin hansısa gizli, qeyri-real varlıqların iştirakı ilə təsvir edir.
Fentezi janrının elementlərinə ən qədim ədəbiyyat nümunələrində rast gəlsək də, onun bir janr kimi formalaşmasında Con Tolkin müstəsna rol oynamışdır. Tolkinin “Üzüklər hökmdarı”, “Hobbit, yaxud oraya və geriyə”, “Üzük qardaşlığı” kimi əsərlərindən sonra fentezi janrına maraq daha da artdı.
Tolkinlə bərabər Klayv Lyuis, Robert Hovard, Kristofer Paolini, Ursula le Quin, Stiven Kinq, Nil Qeyman fentezi janrında yazan məşhur yazıçılardır.
Hal-hazırda istər fantastika, istərsə də fentezi müasir dünya oxucusu tərəfindən sevə-sevə oxunur və dünya kinematoqrafiyasında bu janrlara tez-tez müraciət olunur.