Sən də getdin, deyinirəm arxanca – Sonuncu Orxandan YENI ŞEIRLƏR

Sən də getdin, deyinirəm arxanca – Sonuncu Orxandan <span style="color:red;">YENI ŞEIRLƏR
19 sentyabr 2016
# 16:00

Kulis.Az gənc şair Sonuncu Orxanın yeni şeirlərini təqdim edir.

Zeytun ağacları altında

Abbas Kirostaminin eyniadlı filmindən təsirlənərək

Sevmək dağla, daşla danışmaqdır
Özünlə savaşmaqdır.
Bir az qorxmaq, bir az da qorxusuz olmaqdır.
Ümidli olmaqdır... hər açılan çiçəyə.
Ümid həm də
Həm də Tahirəni sevməkdir Hüseynin diliylə
Uzağı yaxına gətirməkdir
Hüseynin gözüylə.
Sevmək
Həm də bir az Tahirə,
bir az Hüseyn olmaqdır.
Həm də, həm də
Zeytun ağacları altında
Günəşi gözləməkdir.

Böyümək

Biz elə bilirdik ki dəniz dəniz deyil
Adamları batırmaq üçündür.
Sözlər ürəyimizi ovutmaq üçün yox
Vərəqə yazılmaq üçündür.
Biz elə bilirdik yanan şamlar
Bir şair ilhamı
Bir şair təsəllisi yox.
Qaranlığı aydınlatmaq üçündür.
Biz elə bilirdik ki.
Qadınlar ana olmaq
Kişilər ata olmaq üçündür
Biz elə bilirdik ki dünya əlimiz boydadır!

Hamı gedər səndən

Sevgilin də tərk edib gedər səni.
Bütün sadiq olanlar kimi.
O da bezər hamı kimi...
Sözdən, şeirdən.
Üzündən, gözündən... əlindən, ayağından.
Bir qarnı ac, bir qarnı tox halından.
Bezər sevgilin və günün birində çıxıb gedər.
Atan da, anan da bezər səndən
Dost da, qardaş da.
Böyük adam olmadın deyə
Şair oldun, şair oldun
Adam olmadın deyə
Hamı gedər səndən.
Allah da, bəndə də.
Bəs səni,
Səni kim ovudar?!

Atlar keçir içimdən

Gecə uzanır
Siqaretim sönür
Ürəyim döyünür.

Atlar keçir içimdən
Atlar keçir
Atlar keçir yorğa yerişnən... və itir uzaqlarda.

Gecə uzanır
Əlim başımda... əlim ürəyimdə.
Uzaqdan atlar keçir
Atlar keçir
Atlar keçir yorğa yerişnən... və itir uzaqlarda

***

sən də getdin nə olsun,

Mən ki sağam hələ də.

Kitabları, filmləri sevirəm

Şeir yazıb xoşbəxt oluram hələ də.

sən də getdin nə olsun

Axşamları darıxmıram, yaxşıyam.

Üzülmürəm, sıxılmıram, sakitəm.

Deyinirəm arxanca: “təki xoşbəxt olasan.”

Sən də getdin nə olsun... Nə olsun heç bilmirəm,

İndi bulud kimiyəm... dolmuşam dünya boyda

indi həsrət çəkirəm... indi yaxşı deyiləm.

İçirəm... içirəm ki yaxşı olum, biləsən!

# 1215 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #